Məhkəmə qərarları › İş №2-1(112)-2251/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2251/2024

09.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2251/2024 09.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X14 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı ünvan 1 ünvanda yerləşən 12 mərtəbəli 2 girişli yaşayış binasında birinci giriş 2 mərtəbə dörd otaqlı 3 saylı mənzilə dövlət reyestrində İddiaçı Məməd qızının adına qeydiyyata alınması və çıxarışın verilməsi qərarın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın Heydər Əliyev adma X32nda laborant işləyir. 2007-ci ildə növbəlilik əsasında Q.Qarayev prospekti 115 ünvanında zavod tərəfindən inşa edilmiş binada mənə dörd otaqlı mənzil verilmişdir. Həmin ərəfədə həyat yoldaşı Şıxəliyev Qadir ağır formada xəstəlikdən vəfat etdiyi üçün mənzili sənədləşdirə bilməmişdir. 2016-cı ildə Bakı şəhəri Nizami rayonu İcra hakimiyyətinə mənzilin sənədləşdirilməsi üçün müraciət etmişdir. İcra hakimiyyətində bildirilmişdir ki, 2009-cu il 1 oktyabr tarixindən sonra orderlərin verilməsi qüvvədə olan mənzil qanunvericilyinin tələblərinə zidd olduğu üçün həmin tarixdən sonra verilən orderlər qəbul edilmir. Nizami rayon İcra hakimiyyəti həmin mənzildən mülkiyyət hüququnun tanınması üçün sərəncam verdi. Mənzili özəlləşdirmək üçün tələb olunan sənədləri toplayaraq əmlakın özəlləşdirməsi və Asand xidmət müəssisələrinə müraciət etmişdir. Hər iki müəssisədə bildirilmişdir ki, İcra hakimiyyətinin verdiyi sərəncamla mənzil özəlləşdirilmir orderdə lazımdır. Sonradan hüquq xidmətləri ilə bağlı müraciət etdiyi bir şəxs tərəfindən sənədlər toplanılmış və göstərilmiş ünvanla bağlı çıxarışın alınması üçün müraciət edilmişdir. xx.xx.2021-ci il tarixli qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrində 3947 nömrəli reyester kitabının 368926 nömrəli vərəqində qeydiyyata alınmış ünvan 2 ünvanında yerləşən mənzilə Nizami rayonu İcra hakimiyyətinin başçısının 25 saylı, xx.xx.2016-cı il tarixli sərəncamına əsasən ona “Dövlət” mülkiyyətində olan mənzili istifadə hüququ üzrə verilmişdir. Azərbaycan Respublikasının Bakı şəhəri Nizami rayonu İcra hakimiyyətinin başçısının 25 saylı, xx.xx.2016-cı il tarixli sərəncamına əsasən Heydər Əliyev adma ünvan 4 ünvanda inşa etdirdiyi 12 mərtəbəli 2 girişli yaşayış binasında birinci giriş 2 mərtəbə dörd otaqlı 3 saylı mənzilin verilməsi hissəsində zavodun müdriyyəti və həmkarlar ittifaqı komitəsinin xx.xx.2007- ci il tarixli 50 saylı protokolu ilə qəbul edilmiş qərarın təsddiq edilməsi və həmin mənzilin 9 nəfər ailə tərkibi ilə onun adına rəsmiləşdirilməsi qərara alınmışdır. Sərəncamdan da göründüyü kimi müvafiq protokollar və sərəncamda yuxarıda adı qeyd edilən ünvandakı mənzilin İddiaçı mülkiyyətinə verilməsi müəyyən edilmişdir. Lakin xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən çıxarışda adı qeyd edilən mənzilin onun deyil, dövlət mülkiyyətinə qeydiyyata alınması göstərilmişdir. Hal- hazırda mülkiyyət hüququmun müəyyən edilməsi üçün əmlak xidmətləri məkanına müraciət etsə də 40 gün ərzində ona heç bir cavab verilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli protokol qərardadı ilə iş üzrə iddia tələbi “Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 115 saylı ünvanda yerləşən 12 mərtəbəli 2 girişli yaşayış binasında birinci giriş 2 mərtəbə 4 otaqlı 78,15 kv.m olan 3 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı ünvan 5 ünvanda yerləşən 12 mərtəbəli 2 girişli yaşayış binasında birinci giriş 2 mərtəbə dörd otaqlı 3 saylı mənzilə dövlət reyestrində onun yəni İddiaçı qeydiyyata alınması və çıxarışın verilməsi qərarının qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2020-ci il, xx.xx.2021-ci il,xx.xx.2021-ci il və xx.xx.2023-cü tarixli ərizə ilə İdarəyə müraciət etmiş və müvafiq məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 115 ünvanında yerləşən 3 saylı mənzilinə dair İddiaçı adına verilmiş Bakı şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 25 saylı sərəncamı əsasında istifadə hüququ qeydiyyata alınmış, ********** qeydiyyat nömrəli, **********73- 05101-091001 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışla rəsmiləşdirilmişdir. Qeyd olunan mənzilə dair təqdim edilmiş sərəncam mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə uyğun deyil. Belə ki, Bakı şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 25 saylı sərəncamı xx.xx.2016-cı il tarixlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198- İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2021-ci il) əsasən Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 115 mənzil 3 İddiaçı xüsusi mülkiyyətindədir. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 25 saylı xx.xx.2016-cı il tarixli sərəncamına əsasən Heydər Əliyev adına ünvan 7 ünvanda inşa etdirdiyi 12 mərtəbəli, 2 girişli yaşayış binasında 1-ci giriş. 2-ci mərtəbə, sahəsi 78.15 kv.m olan 4 otaqlı 3 saylı mənzilin H.Şıxəlıyevaya verilməsi hissəsində zavodun müdiriyyəti və həmkarlar ittifaqı komitəsinin 24.01,2007-ci il tarixli 50 saylı protokolu ilə qəbul edilmiş qərar təsdiq edilmiş və həmin mənzil 9 nəfər ailə tərkibi ilə (özü, 1981-ci il təvəllüdlü oğlu X8, 1984-cü il təvəllüdlü oğlu X9, 1982-ci il təvəllüdlü gəlini X18, 1988-ci ii təvəllüdlü gəlini X5, 2008-ci il təvəllüdlü nəvəsi X10, 2014-cü il təvəllüdlü nəvəsi X11, 2009-cu il təvəllüdlü nəvəsi X12, 2016-cı il təvəllüdlü nəvəsi Şirin Vüqar qızı. Şıxəlizadə) 1960-cı il təvəllüdlü İddiaçı adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması təsdiq edildikdən sonra H.Şıxəliyevə ilə sosial kirayə müqaviləsinin bağlanılması aidiyyəti MKİS-ə havalə edilsin. Zığ yolu, 1/44a saylı özbaşına tikilmiş evdə İddiaçı oğlu X1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 38566/2023 **********66 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, ünvan 8 ünvanına dair sənədlərin surətinin verilməsi ilə bağlı müvafiq sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş ******* saylı xx.xx.2021-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı ünvan 9 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2021-ci il tarixli müayinə (baxış) aktından görünür ki, Q.Qarayev prospekti bina 115 mənzil 3 ünvanına dair torpaq sahəsinin sərhədləri və qonşuluqları İ giriş, soldan 1-ci qapı, 12 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 3/75-R59 saylı xx.xx.2011-ci il tarixli rəyinə əsasən 2009-cu il oktyabrın 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında yerli icra hakimiyyəti orqanları vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. 2009-cu il oktyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48.1-ci, 56.3-cü və 62-ci maddələrinə uyğun olaraq bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında verilir. Yaşayış sahələrinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqaviləsi ilə yaşayış sahələri müvafiq icra hakimiyyəti orqanının (yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları) və ya müvafiq bələdiyyə orqanının qərarına əsasən verilir. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanılır. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən təsdiq edilir. 2009-cu il oktyabrın 1-dək verilən yaşayış sahələrinin orderlə, bu tarixdən sonra isə yaşayış sahələrinin sosial kirayə müqaviləsinin birtipli forması təsdiq olunanadək yerli icra hakimiyyəti orqanlarının sərəncamı ilə (gələcəkdə müvafiq müqavilənin bağlanması şərti ilə) rəsmiləşdirilməsini məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 12613/2024 **********13 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, X3 adına ünvan 10, 3 saylı mənzil istifadə hüququ ilə qeydiyyata alınmışdır və hazırda istifadəsindədir (müvafiq sənədlərin təsdiq edilmiş surəti əlavə olunur). X3 adına sözügedən binada digər mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 24332/2024 **********32 saylı xx.xx.2024-cü il tarixli məktub ilə ünvan 10 ünvanında qeydiyyatdan keçmiş mənzillərə dair məlumat cədvəl şəklində, həmçinin həmin binada qeydiyyatdan keçmiş bir neçə mənzillərə dair müvafiq sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-52-13/2-823/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 115 saylı yaşayış binası və orada yerləşən 3 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla Nizami rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 5-16/2-979/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, “Milli arxiv fondu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən sənədlərin İcra Hakimiyyətinin müvafiq şöbəsində saxlanma müddəti 5 ildir. Həmin müddət bitdiyindən 2019-cu ilədək olan bütün sərəncam və onlara aid sənədlər daimi saxlanılmaq üçün Dövlət arxivinə təhvil verilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-48-2F/2-2110/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə vətəndaş İddiaçı barəsində Dövlət Arxivinin Bakı filialında saxlanılan Nizami rayon İH-nin arxiv fondu üzrə xx.xx.1998-ci il tarixli, 456 saylı sərəncamının təsdiq edilmiş ksero surəti 1 (bir) vərəqdən ibarət təqdim edilmişdir. Sərəncama heç bir sənəd əlavə edilməmişdir. Heydər Əliyev adına Bakı X30 Müdriyyəti və Həmkarlar İttifaqı Komitəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 456 saylı xx.xx.1998-ci il tarixli sərəncamına əsasən “Azərneftyanacaq” X2 Həcər Məmməd qızı və 5 nəfər ailə tərkibinə aid siyahı təsdiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Heydər Əliyev adına X32 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 14-2-7/2-852/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev pr. 115 saylı binanın l-girişli, ll-mərtəbə, sahəsi 78,15 kv.m olan 4 otaqlı, 3 N-li mənzilin X4 verilməsi ilə bağlı Heydər Əliyev adına X30 Həmkarlar İttifaqı Komitəsinin arxivində mövcud olan 24.01,2007-ci tarixli, 50 №li protokolundan çıxarışın təsdiqlənmiş surəti Sizə göndərilir. Heydər Əliyev adına Bakı X30 Müdiriyyət və Həmkarlar İttifaqı Komitəsinin birgə iclasının 50 №-li xx.xx.2007-ci il tarixli protokoldan görünür ki, Müdiriyyət və Həmkarlar İttifaqı Komitəsi qərara almışdır ki, 9 №-li sexin maşinisti İddiaçı mənzil Məcəlləsinin 36-cı maddəsi, “Qaydaların” 36. 38,5 bəndləri nəzərə alınaraq özbaşına tikili sökülmək şərti ilə aşağıdakı ailə tərkibinə müvafiq Q. Qarayev pr. 115 saylı binadan İ- giriş, İİ- mərtəbə, sahəsi 78,15 kv.m olan 4 otaqlı 3 № -li mənzil verilsin. Yaşayış orderinə daxil edilmişdir: İddiaçı - təvəllüdü 1960 -ci il - özü, X6 -təvəllüdü 1959-cu il - əri, X15 - təvəllüdü 1981-cü il - oğlu, X16 - təvəllüdü 1984-cü il - oğlu, X17 - təvəllüdü 1988 -ci il - oğlu, X19 - təvəllüdü 1982 -ci il - gəlini, X7 - təvəllüdü -1988 -ci il - gəlini. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə iddia ərizəsinə dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsi tətbiq oluna bilər. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 28-ci maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; - 148-ci maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. X25 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. xx.xx.1993-cü il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 -ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 4-cü madddəsinin tələbinə görə dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: - mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslərin ərizəsi. - və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); - mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Cavabdehin imtina əsası kimi Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 25 saylı sərəncamının xx.xx.2016-cı il tarixdə verilməsi qeyd edilmiş və hesab etmişdir ki, iddiaçı barədə hüquqmüəyyənedici sənəd olan sərəncam 2009-cu ildən sonrakı tarixli olmaqla “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən özəlləşməyə əsas vermir. Məhkəmə cavabdeh inzibati orqanın qeyd edilən mövqeyi ilə razılaşmır və hesab edir ki, iddiaçının iddia predmeti olan mənzil özəlləşdirmək hüququ xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin aşağıdakı normalarına əsasən yaranmışdır. Belə ki, xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin: - 28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər, həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR ittifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. - 31-ci maddəsinə əsasən mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər. Pensiyaya çıxması ilə əlaqədar həmin müəssisələrdən, idarələrdən, təşkilatlardan getmiş vətəndaşlar da onlarla bərabər surətdə uçota götürülürlər. SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində nəzərdə tutulmuş hallarda müəssisənin, idarənin, təşkilatın əmək kollektivinə bilavasitə xidmət göstərən tibb, mədəni-maarif və diger idarə və təşkilatların işçiləri də arzularına görə həmin əmək kollektivinin fəhlə və qulluqçuları ilə bərabər surətdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna götürülürlər. - 33-cü maddəsinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. - 36-cı maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda dayanan vətəndaşlara yaşayış sahəsi siyahılarla müəyyən edilmiş növbəlilik qaydasında, uçota götürülmə vaxtı əsas tutularaq və həmin yaşayış məntəqəsində istifadəyə verilən və boşalan mənzil sahəsinin həcmindən asılı olaraq verilir. Növbəlilik aşağıdakı qaydada müəyyən edilir: iş yerində uçota götürülmüş vətəndaşlar barəsində, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müəssisə, idarə və təşkilatın həmkarlar ittifaqı komitəsi ilə birlikdə müdiriyyət tərəfindən. - 37-ci maddəsinə görə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların müəssisələrdə, idarələrdə, təşkilatlarda uçotunun vəziyyətinə yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələri və müvafiq həmkarlar ittifaqı orqanları nəzaret edirlər. İş yerində uçota götürülmüş vətəndaşların siyahılarını yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi təsdiq edir. Siyahıda sonrakı dəyişikliklər haqqında müəssisə, idarə, təşkilat rəhbəri siyahını təsdiq etmiş icraiyyə komitəsinə məlumat verməlidir. 45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Sadalanan normalardan müəyyən olunur ki, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxslərin uçota götürülmə əsaslarından biri də iş yerində müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülmədir. İş yerində uçota götürülmüş vətəndaşların siyahılarını yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi təsdiq edir. Mənzillər müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və bu barədə müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Qeyd edilən normaların tələblərini hazırki işə tətbiq etdikdə müəyyən olunur ki, iddiaçı xx.xx.1997-ci il tarixdən mənzil uçotuna götürülüb. Həmin vaxtdan 2016-ci ilədək iddiaçı mənzillə təmin edilməyib. “Azərneftyanacaq” İB-nin müdiriyyəti və Həmkarlar İttifaqı Komitəsinin birgə iclasının xx.xx.1997-ci il tarixli 43 nömrəli protokoluna əsasən, iddiaçı 5 nəfər ailə tərkibi ilə mənzil növbəsinə götürülmüş, 2016-ci ildə təmin olunmuşdur. Həmin bina yaşayış təyinatlı olmaqla mənzil uçotunda olan işçilərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə inşa edilmişdir. Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 115 saylı ünvanda yerləşən 12 mərtəbəli yaşayış binasında sahəsi 78,15 kv.m olan 3 saylı mənzil Nizami Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Göründüyü kimi, iddiaçı xx.xx.1997-ci il tarixdən ailə tərkibi ilə birlikdə ARDNŞ üzrə mənzil növbəsinə götürülmüş, lakin işin faktiki hallarına əsasən mənzil iddiaçıya 19 il sonra 2016-ci ildə verilmişdir. İddiaçıya mənzil işlədiyi müəssisəinin müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilmiş, o iş yeri üzrə mənzil uçotundan çıxarılmış, yalnız bundan sonra ona təhvil verilmiş həmin mənzil Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 2016-cı il tarixli Sərəncamı ilə iddiaçının adına rəsmiləşdirilmişdir. Başqa sözlə, iddiaçının mənzillə təmin olunmağa qanuni gözləntisi olmuş və bu hüquqdan irəli gələn nəticələri yalnız 2016-cı ildə realizə edə bilmişdir. İddiaçının adına mənzilə dair 2009-cu ildən sonra rəsmiləşdirmənin aparılması onun mənzilə həmin vaxtadək qazanılmış hüququnu aradan qaldırmır. Beləliklə, iddiaçı xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxs kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyini təmin edən 03/2020 nömrəli 08 oktyabr 2020-ci il tarixli Qərardadında qeyd edilmişdir ki, qazanılmış hüquq - yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur. Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsi özündə qazanılmış daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirən mülkiyyət hüququnu qoruyur (latridis Yunanıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 54; Beyeler İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 100). Bu maddə, həmçinin şəxsin mülkiyyət hüququnun əldə edilməsinə dair “qanuni gözləntisi”ni də müdafiə edir (X21 S.A. və digərləri Belçikaya qarşı işi üzrə qərarı, § 31). Şəxsin ən azından mövcud (və ya qazanılmış) mülkiyyətinin və ya əmlakının, o cümlədən iddialarının reallaşacağına dair "qanuni gözləntisi" olduğunu iddia edə bildikdə, “qanuni gözləntilər” həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər (X20-Adam İİ Almaniyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 83). Sözügedən “gözlənti” mülkiyyətə dair qanunvericilik aktına və ya normalarına əsaslandıqda “qanuni” hesab olunur (Kopecky Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 45-52). Mülkiyyət maraqlarına aid "gözlənti" "qanuni" hesab olunması üçün sadəcə ümidə yox, daha konkret bir xarakter daşımalı və hüquq normasına və ya məhkəmə qərarı kimi digər hüquqi akta əsaslanmalıdır (Kopecky Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 49-50; Sentro Avropa 7 S.R.L. və di Stefano İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 173; Beläne Naqi Macarıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 75). Məhkəmə bu nəticəyə gələrkən o halı da nəzərə alır ki, 01 oktyabr 2009-cu ildən əvvəlki və sonrakı tarixlərdə verilmiş sərəncamlar (əgər 01 oktyabr 2009-cu ilədək mövcud olan əsasa söykənirsə) üzrə hüquqların qeydiyyata alınmasına fərq qoyulması, başqa sözlə eyni vaxtda mənzil növbəsinə götürülmüş şəxslərin, onların iradəsindən asılı olmayan hallardan irəli gələrək müxtəlif vaxtlarda mənzillə təmin edilmələri səbəbindən, sadəcə tarixə əsaslanmaqla ədalətli olmayan differensasiyanın aparılması eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının fərqləndirilməsinə gətirib çıxarır ki, bu da “İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə ziddir. Belə ki, həmin tarixdən yeni Mənzil Məcəlləsi tətbiq edilsə də, o tarixdən əvvəlki və sonrakı vaxtda verilmiş sərəncamlar predmet, tərəflərin hüquq və vəzifələri baxımından eynilik təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından müvafiq hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 115 saylı ünvanda yerləşən 12 mərtəbəli 2 girişli yaşayış binasında birinci giriş 2 mərtəbə 4 otaqlı, yaşayış sahəsi 78,15 kv.m olan 3 saylı üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 115 saylı ünvanda yerləşən 12 mərtəbəli yaşayış binasında sahəsi 78,15 kv.m olan 3 saylı üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar