Məhkəmə qərarları › İş №2-1(112)-2253/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2253/2023

28.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2253/2023 28.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsinin (vəkili) və cavabdehin nümayəndəsinin iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı xx.xx.2014-cü il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyini cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ümumi iş stajının 20 ildən, güzəştli iş stajının isə 10 ildən çox olduğuna istinad edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini arzulayır. İddiaçı güzəştli şərtlərlə pensiya verilməsi barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən onun müraciəti üzrə rəsmi cavab verilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı X2 cavabdeh Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək ona 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin müraciət ərizəsinə yalnız şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının, əmək kitabçasının tərcüməsinin, əmək haqqı barəsində arxiv arayışının və təhsil haqqında sənədin surəti əlavə edilmişdir. Filial tərəfindən təqdim olunmuş sənədlərin natamam olması, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı) tələblərinə uyğun qaydada zəruri sənədləri tam şəkildə təqdim olunduqdan sonra müraciətə yenidən baxılacağı barədə 07 fevral 2022-ci il tarixli "güzəştli şərtlərlə pensiya təyinatı üçün sənədlərin təqdim olunması haqqında” məlumat xarakterli məktub ünvanlanmışdır. Həmin məktubda aşağıdakı sənədlərin tam formada təqdim olunması zəruri hesab edilmişdir: şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun surəti; ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin əsli; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının əsli. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) və digər zəruri sənədlər iş materiallarına əlavə olunmalıdır. Həmin zəruri sənədlər inzibati orqana təqdim olunduqdan sonra sonuncu tərəfindən qəbul edilmiş qərarla razılaşmadığı halda inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ mövcud olacaqdır. Lakin göründüyü kimi, iddiaçı X1 ünvanlanmış “güzəştli şərtlərlə pensiya təyinatı üçün sənədlərin təqdim olunması haqqında” 07 fevral 2022-ci il tarixli məktub məlumat xarakteri daşıyır. Həmin məktub imtina məzmunlu olmadığından iddiaçının yuxarıda qeyd edilən tələblə bağlı birbaşa məhkəməyə iddia ərizəsi ünvanlaması tələbin mümkünsüz hesab edilməsinə gətirib çıxarır. Qeyd olunanlara əsasən cavabdeh hazırki iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbinin mümkün hesab edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, işin faktiki hallarından göründüyü kimi iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Göründüyü kimi hazırkı iddia növ etibarı ilə AR İPM-nin 2.2.3-cü maddəsində göstərilən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia (öhdəliyin icrası haqqında iddia) tələbinə dair hesab edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan növ iddialar üzrə mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının inzibati orqana qarşı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi tələb olunur. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 9-cu hissəsinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, öhdəliyin icrası haqqında iddialarda tələb olunan mümkünlük şərti kimi inzibati orqana əvvəlcədən müraciət edilməsi zəruridir. Lakin istər cavabdehin nümayəndəsinin izahatından və yazılı etirazından, istərsə də iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər toplusundan aydın olur ki, qeyd olunan tələblə bağlı cavabdehə ilkin olaraq müraciət olunmuş, lakin həmin müraciətə cavab məktubunda qeyd olunan hallar, yəni sənədlərin əsilləri ilə birgə müraciət etməsi müəyyən olunmamışdır. Göründüyü kimi öhdəliyin icrası ilə əlaqədar iddia ilə bağlı tələb olunan mümkünlük şərtinin mövcudluğu müəyyən edilməmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktub – iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina kimi qiymətləndirilə bilməz. Belə ki, inzibati icraat materiallarından göründüyü kimi iddiaçı ona güzəştli şərtlərlə pensiya verilməsi istiqamətində köməklik göstərilməsi üçün aidiyyəti üzrə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə baxmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısını səciyyələmiş, həmin sənədlər baxıldıqdan sonra isə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə baxılacağı bildirilmişdir. Göründüyü kimi cavabdehin “Güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün müvafiq sənədlərin təqdim edilməsi haqqında” məktubu imtina xarakteri daşımır. Əksinə bu məktub inzibati orqanın inzibati icraatı düzgün aparılmasını əks etdirən dəlildir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 23.1-ci maddəsinə əsasən inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Normanın tələbləri onu göstərir ki məsləhətlərin və zəruri məlumatların verilməsi inzibati orqanın daşıdığı vəzifələrdən biridir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məsləhət xarakterli məktub iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərin təqdim edilməli olmasından bəhs etmişdir ki, bununla da inzibati orqan inzibati icraat çərçivəsində yardım göstərmişdir. Həmin məktubun imtina məktubu olmamasını təsdiq edən digər bir hal isə odur ki, məktub özü-özlüyündə inzibati aktın ehtiva etdiyi xüsusları daşımır. Belə ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyun 2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı inzibati aktın məzmunu da nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında həmçinin qeyd olunmuşdur ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: - inzibati orqan tərəfindən qəbul edilməli; - ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; - ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; - hakimiyyət tədbiri olmalıdır. İnzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ünvanladığı məktub şəxs üçün hər hansı hüquqi nəticə yaratmır, əksinə onu inzibati orqana hansı sənədlər ilə müraciət etməsini özündə əks etdirən məlumat xarakteri daşıyır. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, iddiaçı məlumat xarakterli məktubu aldıqdan sonra aidiyyəti sənədləri ilə birlikdə cavabdeh inzibati orqana müraciət etmədiyindən iddiaçının hazırki tələbinə baxılması mümkünlük şərtləri baxımından mümkün deyildir. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə izah edir ki, iddiaçı hazırki iddia tələbində nəzərdə tutulmuş öhdəliyin həvalə edilməsi (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) ilə bağlı cavabdeh inzibati orqana müraciət etdiyi (məlumat xarakterli məktubda göstərilən sənədlər əlavə olunmaqla) təqdirdə, onun eyni tələblə məhkəməyə müraciət etmək hüququ istisna edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar