Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2255/2020 20.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, Teymur Rauf oğlu İsmayılovun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, işləmir),сavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası-iqtisadçı, pensiya sektorunun məsləhətçi vəzifəsində işləyir) iştirakı ilə, iddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Suraxanı rayon şöbəsinə qarşı “çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının hüququ yarandığı vaxtdan təyin edilməsi və ödənilməmiş fərqin birdəfəyə ödənilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Suraxanı rayon şöbəsinə qarşı “Əmək pensiyaları haqqında ”Azərbaycan Respublikasının Qanunun xx.xx.2009-cu ilədək qüvvədə olan 8.1-ci maddəsinə əsasən ona dörd uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etdiyindən və azı 5 il sığorta stajına (13 il16 gün iş stajına) malik olduğundan 50 yaşının tamam olduğu xx.xx.2007-ci ildən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının 26 iyun 2007-ci ildən başlayaraq indiyədək ödənilməli olan ümumi fərq məbləğinin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1957-ci ildə Ermənistan Respublikasının Masis rayonunun Şorlu kəndində doğulmuşdur. Ermənistan Respublikasında yaşayarkən 4 (dörd)uşaq doğub onları 8 yaşınadək tərbiyə etmişdir. Məlum Qarabağ hadisələri ilə əlaqədar ailəsi ilə birlikdə qaçqın düşərək Bakı şəhərinə gəlmişdir. Həmin vaxtdan da Bakı şəhərində yaşayır. 4 uşaq doğub onları 8 yaşınadək tərbiyə etdiyinə görə 26 iyun 2007-ci ildə 50 yaşında əmək pensiyasına çıxmalı idi. Lakin həmin vaxt Ermənistan Respublikasının Masis rayonunun Şorlu kəndində “Sverdlov” adına sovxozda işlədiyinə dair bütün sənədlər qaçqın düşdüyünə görə Ermənistan Respublikası ərazisində qaldığı üçün təqdim edə bilməmişdir.Ona görə də həmin vaxt və sonralar pensiyaya çıxa bilməmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 02 noyabr 2018-ci il tarixli, 2(010)-5620/2018 nömrəli qətnaməsi ilə hüquqi fakt müəyyən olunması barədə iddiaçının ərizəsi təmin edilmiş, və xx.xx.1975-ci ildən xx.xx.1988-ci ilədək olan müddət ərzində Ermənistan Respublikasının Masis rayonunun Şorlu kəndində adına sovxozda işlədiyi iş illərinin iddiaçıya əmək pensiyası hüququ verən əmək (sosial sığorta)stajı kimi müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kolegiyasının 30 yanvar 2019-cu il tarixli, 2(103)- 2014/2019 nömrəli qətnaməsi ilə Suraxanı rayon məhkəməsinin 02 noyabr 2018-ci il tarixli 2(010)-5620/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2019-cu il tarixli, 2(102)-3727/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 yanvar 2019-cu il tarixli, 2(103)-2014/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh inzibati orqan əmək stajının 13 il 16 gün, yaşı 60 olduğunu nəzərə alıb xx.xx.2019-cu ildən əmək pensiyası təyin etmişdir. Lakin iddiaçı 4 uşaq doğub onları 8 yaşınadək tərbiyə etmiş ana kimi 50 yaşının tamam olduğu 26 iyun 2007-ci ildən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2019-cu il tarixli 18/********** nömrəli məktubla imtina cavabı vermişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Suraxanı rayon şöbəsindən iddiaya dair etirazın bildirilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya etiraz təqdim edilməmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, iddianın əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. İddiaçı tərəfindən iddia tələbini təsdiq edən sübut qismində məhkəməyə şəxsiyyət vəsiqəsinin, doğum haqqında şəhadətnamələrin, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 02 noyabr 2018-ci il tarixli, 2(010)-5620/2018 nömrəli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 yanvar 2019-cu il tarixli, 2(103)-2014/2019 nömrəli qətnamələrin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2019-cu il tarixli, 2(102)-3727/2019 nömrəli qərarın surətləri, cavabdehin imtina məktubu təqdim edilmişdir. Cavabdeh məhkəməyə iddiaçıya aid pensiya işini təqdim etmişdir. Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, iddiaçı xx.xx.1957-cı il doğulmuşdur, o, dörd uşaq (qızı 1976-ci il təvəllüdlü Aytəkin, oğlu 1977-ci il təvəllüdlü Tehran, oğlu 1979-cu il təvəllüdlü Mehman,oğlu 1983-cü il təvəllüdlü Abbas) anasıdır, cavabdeh tərəfindən iddiaçının xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən, məhkəmə qərarları ilə təsdiq edilmiş 13 il 16 gün əmək stajı nəzərə alınmaqla iddiaçıya xx.xx.2019-cu il tarixindən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda iddiaçı ona “Əmək pensiyaları haqqında” Qanunun 11 noyabr 2009-cu ilədək qüvvədə olan 8.1-ci maddəsinə əsasən ona 50 yaşından, yəni xx.xx.2007-ci il tarixdən əmək pensiyanın təyin edilməsi, və həmin tarixdən indiyədək ödənilməli ümumi fərq məbləğinin birdəfəyə ödənilməsini tələb edir. Məhkəmə iddia tələbi ilə əlaqədar aşağıdakıları qeyd edir. Аzərbаycаn Rеspublikаsındа vətəndаşlаrın əmək pеnsiyаsı hüquqlаrının yаrаnmаsının əsаslаrını, bu hüquqlаrın həyаtа kеçirilməsi qаydаlаrını və əmək pеnsiyаsı təminаtı sistеmini hаl-hаzırdа müəyyən еdən nоrmаtiv аkt «Əmək pеnsiyаlаrı hаqqındа» Аzərbаycаn Rеspublikаsının Qаnunudur . Həmin Qаnunun 8.1-ci mаddəsinin 2010-cu ilin yanvarın 1-dək qüvvədə olmuş redaksiyasına əsаsən, dörd uşаğ dоğub оnlаrı səkkiz yаşınаdək tərbiyə еtmiş və аzı 5 il sığоrtа stаjı оlаn qаdınlаrın 50 yаşınа çаtdıqdа yаşа görə əmək pеnsiyаsı hüququ vаrdır. İddiaçının 50 yaşı həmin qanun norması qüvvədə olduğu dövrdə, yəni xx.xx.2007-ci ildə tamam olmuşdur, həmin dövrə qədər 5 ildən artıq sosial sığorta stajı olmuşdur və həmin dövrə qədər 4 uşağı səkkiz yaşına qədər tərbiyə etmişdir. “Əmək pensiyaları haqqında”Qanunun 31.1.-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Cаvаbdеh DSMF-nin Suraxani rаyоn şöbəsi iddiaçıya çoxuşaqlı ana kimi yаşа görə əmək pensiyasını xx.xx.2019-cu il tarixdən ömürlük təyin еtsədə, pensiyanın iddiaçının istədiyi kimi pensiya hüququ yarandığı tarixdən, yəni xx.xx.2007-ci il tarixdən, təyin etməkdən imtina etmişdir. “Əmək pensiyaları haqqında”Qanunun 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir.. Həmin Qanunun 32.1-1.-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyası müraciət edilən 29 iyul 2019-cu il tarixdən əvvəlki üç il üçün, yəni 29 iyul 2016-ci il tarixdən təyin edilməklə qanun ilə müəyyən edilmiş qaydada ödənilməlidir. Azərbaycan Respublikasının İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası 29 iyul 2016-ci il tarixdən təyin edilməsi və ödənilməmiş məbləğ fərqin ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Suraxanı rayon şöbəsinin üzərinə qoyulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2-ci, 33-cü, 68-ci, 69-cu, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı 29 iyul 2016-ci il tarixdən təyin edilməsi, 29 iyulun 2016-ci il tarixdən xx.xx.2019-cü il tarixədək odənilməyəm fərq məbləğinin ödənilməsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fоndunun Suraxanı rаyоn şöbəsinə həvalə edilsin. İddia qalan hissəsində rədd edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-2255/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2255/2020
20.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver