Məhkəmə qərarları › İş №2-1(112)-2256/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2256/2022

25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2256/2022 25.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, işləmir), iddiaçının nümayəndəsi, vəkili X1(Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, 6 saylı vəkil bürosunda vəkil işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilərək ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 746.1 kv.m olan fərdi yaşayış evinin çoxmərtəbəli yaşayış binası kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq iddiaçının adına çıxarışın verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilərək ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 746.1 kv.m olan fərdi yaşayış evinin çoxmərtəbəli yaşayış binası kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq iddiaçının adına çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 746.1 kv.m olan fərdi yaşayış evi dövlət reystrindən çıxarışa əsasən onun mülkiyyətindədir. Eyni zamanda evin altında yerləşən 0.06 ha torpaq sahəsi də çıxarışa əsasən onun mülkiyyətindədir. Fərdi yaşayış evinin daxilində rekonstruksiya işləri aparılaraq hər mərtəbəsində 4 ədəd olmaqla 12 mənzil yaradılmışdır. Hazırda daşınmaz əmlak çoxmərtəbəli yaşayış binası kimi istifadə edilir. Daşınmaz əmlakın çoxmərtəbəli yaşayış binası kimi qeydiyyata salınaraq yeni çıxarışın verilməsi üçün cavabdeh inzibati orqan olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq sənədlərlə müraciət etmiş, lakin ona imtina məktubu ilə bildirilmişdir ki, fərdi yaşayış evinin içində rekonstruksiya işləri aparılmış, hər mərtəbəsində 4 ədəd olmaqla 12 mənzilə çevirilmişdir; tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün nəzərdə tutulan sənədlər təqdim edilməmişdir. Torpaq sahəsi sənəd üzrə sahədən artıq olmaqla ümumi ərazi daxilində yerləşir, artıq torpaq sahəsi qonşu mülkiyyətində olan sahələrlə üst-üstə düşür .İddiaçı cavabdeh orqanın imtinasını əsassız hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı əsasında cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı qeyd edilən fərdi yaşayış evinin daxilində rekonstruksiya işləri aparılaraq nəticədə hər mərtəbədə 4 ədəd olmaqla, 12 ədəd mənzilə çevrilmişdir. Lakin, tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün nəzərdə tutulan sənədlər təqdim edilməmişdir. Bununla yanaşı, qeyd olunan ünvanda yerləşən torpaq sahəsi sənəd üzrə sahədən artıq olmaqla ümumi ərazi daxilində yerləşir. Artıq torpaq sahəsi qonşu mülkiyyətində olan sahə ilə ( -11562, X2) üst-üstə düşür. Bundan əlavə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Eyni zamanda, daşınmaz əmlaka yerində baxış zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 600.0 kv.m olsa da, faktiki 894.0 kv.iridir. Həmçinin, fərdi yaşayış evi hüquqmüəyyənedici sənəd üzrə 746.1 kv.m olsa da, faktiki 766.5 kv.m-dir. Bu səbəblərdən ərizənin icrası cavabdeh tərəfindən mümkün olmamış və bu barədə vətəndaşa **********75 saylı, 25.06.2021-ci il tarixli məktub ünvanlanmışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin 23.12.2020-ci il tarixli **********26-10301 nömrəli texniki pasportuna əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi, 8-ci döngə, ev 1 İddiaçı məxsus olaraq, üç mərtəbə, 11 otaq, 746 kv.m ümumi sahəsi, 347,0 kv.m yaşayış sahəsi, 399,1 kv.m. köməkçi sahəsindən, ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24.08.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ümumi sahəsi 746.1 kv metr olan (torpaq sahəsinin ölçüsü 0,06 ha) ünvan 1 ünvanında fərdi yaşayış evi və onun altında olan 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi iddiaçının adına qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin 25 iyun 2021-ci il tarixli, **********75 saylı imtina məktubuna əsasən, keçirilən baxış zamanı qeyd edilən fərdi yaşayış evinin daxilində rekonstruksiya işləri aparılaraq nəticədə hər mərtəbədə 4 ədəd olmaqla, 12 ədəd mənzilə çevrilmişdir. Lakin tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün nəzərdə tutulan sənədlər təqdim edilməmişdir. Bununla yanaşı, qeyd olunan ünvanda yerləşən torpaq sahəsi sənəd üzrə sahədən artıq olmaqla ümumi ərazi daxilində yerləşir. Artıq torpaq sahəsi qonşu mülkiyyətində olan sahələrlə üst-üstə düşür. Məhkəmə cavabdehin imtinasını aşağıda göstərilənlərə görə əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Həmin Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə uyğun olaraq mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1 maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. İşin faktiki hallarına əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun altında olan torpaq sahəsi üzrə iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin evin üç mərtəbəli tikili olduğundan, onun çoxmərtəbəli yaşayış binası kimi daşımaz əmlakın dövlət reystrində qeydiyyata alınaraq iddiaçının adına yeni çıxarışın verilməsi üçün bütün hallar mövcud olduğu halda cavabdeh bunu etməmişdir. Cavabdeh, üzərində iddiaçının xüsusi mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində alınmış, ümumi sahəsi 746 kv.m olan fərdi evinin qeydiyyat məlumatlarında müvafiq dəyişikliyin edilməsindən (onun çoxmərtəbəli bina kimi göstərilməsindən) imtinasını yaşayış evinin daxilində rekonstruksiya işlərinin aparılması ilə əsaslandırmışdır. Halbuki mövcud qanunvericilikdə şəxsin xüsusi mülkiyyətdə olan evin daxilində (onun mövcud təyinatının dəyişdirilmədən) yenidən qurma işlərinin aparılmasına həç bir məhdudiyyət, qadağa nəzərdə tutulmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuşdur. Belə ki, Qanununun 15.1-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə;15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə;15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda;15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda;15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə baxışı zamanı iddiaçının xüsusi mülkiyyəitində olan çoxmərtəbəli (üç mərtəbəli) binanın üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə göstərilmiş əsaslardan heç biri müəyyən olunmamışdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2 maddəsinə uyğun olaraq inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat–fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1.-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1.-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2.-ci maddəsinə əsasən, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1.-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İş üzrə toplanmış sübutlarla təsdiq olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 8-ci döngə ünvanında yerləşən fərdi yaşayış evinin çoxmərtəbəli yaşayış binası kimi daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsindən cavabdehin əsassız imtinası nəticəsində iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsi məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il il tarixli, 516 saylı Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.11 və 3.0.24 bəndlərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarışın verilməsi, tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsinin təmin edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vəzifəsi kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehin imtinası qanunsuz hesab edilərək ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 746.1 kv.m olan fərdi yaşayış evinin çoxmərtəbəli yaşayış binası kimi dövlət reyestrində qeydiyyata alınaraq iddiaçının adına çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə olunmalıdır. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 68-69-cu, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Cavabdehin imtinası qanunsuz hesab edilərək, İddiaçı adına ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 746.1 kv.m olan fərdi yaşayış evinin çoxmərtəbəli yaşayış binası kimi dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar