Məhkəmə qərarları › İş №2-1(112)-2257/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2257/2022

04.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2257/2022 04.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Rüfət oğlunun, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı diplomun tanınması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Təhsildə X1rşı “diplomun tanınması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin məzmunundan göründüyü kimi iddiaçı hesab edir ki, diplomun tanınması ilə bağlı müraciətə cavabdeh tərəfindən əsassız olaraq imtina edilmişdir. Belə ki, iddiaçının ilkin müraciəti zamanı bildirilmişdir ki, onun apostil ilə bağlı hər hansı problemi yaranmamış, qanunvericilikdə müəyyən olunmuş qaydada dövlət rusumu ödənilərək, o, müraciətini təsdiq etmək hüququna malik olmuşdur. İddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə dövlət rüsumunun ödənilməsi həyata keçirilsə də, cavabdeh inzibati orqan tərəfindən Y.K.Qabilovun təhsilin “açıq öyrətim” formada olması əsas götürülərək, müraciətin təmin olunmasından imtina olunmuşdur. Halbuki, “Təhsil haqqında” Qanunun 13.1.3-cü maddəsində təhsil formalarına – distant (məsafədən) təhsilalma forması aid edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz vermiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Belə ki, iddiaçının “əyani-qiyabi” (axşam) təhsilalma gorması üzrə təhsil aldığı müəyyən edilmişdir. Halbuki, həmin təhsil forması Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 13-cü maddəsində təhsilalma formalarında nəzərdə tutulmamışdır. Göründüyü kimi iddiaçıya məxsus olan diplomun tanınmasına hüquqi əsas olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbini təmin edilməsini və “X4” Universitetinin hüquqşünas ixtisası üzrə 2/вюб (vyub) nömrəsi ilə qeydə alınmış 15 iyun 2018-ci il tarixli, 107704 ******* nömrəli bakalavr dərəcəsi üzrə diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-nin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddianın müddət ilə bağlı mümkünlük şərtinin ödənilməsinə münasibət bildirir və hesab edir ki, müddət ilə bağlı şərt ödənilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubunda qeyd olunmuşdur ki, onun diplomun tanınması ilə bağlı müraciəti olmuş, həmin müraciət üzrə 03.07.2019-cu il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.10.2012-ci il tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”na daxil olan “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsinin (nostrifikasiyası) onlayn yoxlanılması” elektron xidmət vasitəsilə əlavədə qeyd olunmuş məlumat verilmişdir. İddiaçının cavabdehə əvvəllər (2019-cu ildə) müraciət etdiyinə və cavabdehə hazırkı müraciətin əvvəlkinin təkrarı olduğuna gəldikdə, müraciətin təkrarlığına dair məsələnin həlli hazırkı halda məhkəmənin səlahiyyətinə aid deyil. Belə ki, iddiaçı “təkrar” müraciəti məhkəməyə deyil, inzibati orqana edib. Həmin müraciətin təkrarlığını müəyyən etmək və onun hüquqi taleyini həll etmək də müraciətin edildiyi inzibati orqana aiddir. “İnzibati icraat haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən, ərizə səlahiyyətli inzibati orqan tərəfindən aşağıdakı hallarda baxılmamış saxlanıla bilər: 34.1.1. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizə vermiş şəxs (şəxslər) barəsində və ərizədə göstərilmiş həmin əsaslar üzrə həmin inzibati orqan və ya müvafiq yuxarı inzibati orqan tərəfindən əvvəllər qərar qəbul olunduğu müəyyən edildikdə; Hazırkı halda, cavabdeh inzibati orqan “təkrar” hesab etdiyi müraciətin “İnzibati icraat haqqında” Qanunun 34.1.1-ci maddəsində nəzərdə tutulmuş əsasla baxılmamış saxlanmasına dair hər hansı qərar qəbul etməyib. Cavabdeh özünün əvvəlki 03.07.2019cu il tarixli cavab məktubuna istinadla iddiaçının sonuncu müraciəti üzrə onun arzuladığı inzibati aktı qəbul etməkdən imtina edib. İddiaçı da məhkəmədən onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoymağı tələb edir. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, analoji iş üzrə Ali Məhkəmə tərəfindən qəbul edilmiş 2-1(102)-1373/2021 saylı, 14.09.2021-ci il tarixli qərarından göründüyü kimi, kassasiya instansiya məhkəməsinin müddət ilə bağlı çıxış etdiyi prizma məhz inzibati orqan tərəfindən təkrar müraciətlərə baxılarkən baxılmamış saxlanılma barədə qərarın qəbul edilib-edilməməsindən, həmçinin şəxsin təkrar müraciətinə baxılarkən ilki müraciətdə qeyd olunan imtina əsaslarının göstərilməsindən irəli gəlir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının 11.03.2019-cu il və 19.08.2021-ci il tarixli müraciətlərinin (bu müraciətlərin təkrarlığına görə) baxılmamış saxlanmalarına dair qərar qəbul etmədiyindən, cavabdehin 2021-ci il 30 avqust tarixli cavab məktubu iddiaçının tələb etdiyi inzibati aktın qəbulundan 2019-cu il 03 iyul 2019-cu il cavab məktubundakı məzmunda imtinası kimi qiymətləndirilməli, məcburetmə haqqında iddianın verilməsi üçün İPM-in 38.2-ci maddəsində təsbit olunmuş müddətin axımı cavabdehin 2021-ci il 30 avqust tarixli cavab məktubunun iddiaçıya verildiyi vaxtdan hesablanmalıdır. Beləliklə,cavabdehin imtina məktubu 30.08.2021-ci il tarixə aid olduğundan və iddiaçı iddia ərizəsi ilə məhkəməyə 02.09.2021-ci il tarixdə müraciət etdiyindən, iddia müddət ilə bağlı mümkünlük şərtlərini ödəmiş olur. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: -X4 Universiteti tərəfindən verilmiş 15.06.2018-ci il tarixli diplomun surətindən görünür ki, iddiaçı “Hüquqi işlər” ixtisasını bitirmiş və ona bakalavr ali ixtisas dərəcəsi verilmişdir. -X4 Universiteti tərəfindən verilmiş 15.06.2018-ci il tarixli diploma əlavədən görünür ki, iddiaçının “Hüquqi işlər” ixtisası üzrə aldığı təhsil “əyani-qiyabi” formasında həyata keçirilmişdir. İddiaçı qeyd olunan diplomun tanınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə Azərbaycan Respublikasının mövcud təhsil qanunvericiliyində əyani-qiyabi təhsilama formasının nəzərdə tutulmaması səbəbi ilə müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iddia tələbinə qiymət verməzdən öncə, iddiaçının aldığı təhsillərin ölkə ərazisində tanınması üçün hansı əsasların olmasına münasibət bildirir. Təhsil hüququnun və həmin hüququn həyata keçirilməsi aşağdaki qanunvericilik normaları ilə tənzimlənir. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: -13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilir. -27.4-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; -29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; -44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 05.09.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın 1.2-ci maddəsinə əsasən ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Eyni zamanda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.1-ci bəndinə əsasən Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli , 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: 3.6-cı bəndinə əsasən Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Sadalanan normaların məzmunundan da görünür ki, hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır. Bununla bağlı qeyd edilməlidir ki, təhsilin məzmunu hər hansı bir təhsil müəssisəsində həyata keçirilən təlim prosesinin sonunda təlim alanın əldə etməli olduğu biliklərə, bacarıqlara, vərdişlərə və formalaşdırılması nəzərdə tutulan şəxsi keyfiyyətlərə qoyulan tələblərə müəyyən edilən bir anlayışdır. Nəzərə alınmalıdır ki, normativ hüquqi aktlarda xarici dövlətlərin ali təhsil sahəsində kvalifikasıyanın tanınması ilə bağlı müəyyən şərtlər, mənfi rəyin verilməsi üçün isə müvafiq əsaslar mövcud olmuşdur ki, hazırki iddia tələbi üzrə həmin əsasların olması müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili”Qaydalarının: -1.6-cı maddəsinə əsasən, bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir. “Təhsil haqqında” Qanunun normalarına əsasən dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun tətbiq edilməsinə dair Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli № 156 saylı Fərmanına əsasən, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 №-li qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın 5.4-cü bəndinə əsasən, ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi həm də təhsilin formasının Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş tələblərə uyğunluğun yoxlanılmasıdır. Yuxarıda istinad edilən normativ aktların müddəalarından göründüyü kimi “Təhsil haqqında” Qanunda və həmin Qanunun tətbiqi ilə bağlı normativ xarakterli aktlarda əyani-qiyabi təhsilalma forması bilavasitə qanunvericilikdə təsbit olunmamışdır. Eyni zamanda qanunvericilikdə əyaniqiyabi formada təhsil formasının ölkə ərazisində qanunla yol verilən təhsil formalarından birinə - əyani forma və ya qiyabi formaya uyğunlaşdırılması ilə bağlı da normativ əsas müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, tədris forması didaktik kateqoriya kimi təhsil prosesinin təşkilinin xarici tərəfini əks etdirir. Bu, təlimin məqsədlərindən, məzmunundan, metod və vasitələrindən, maddi şəraitdən, təhsil prosesinin iştirakçılarının tərkibindən və onun digər elementlərindən asılıdır. Qeyd olunmalıdır ki, bir çox ölkələrdə təhsil formalarının növləri fərqlidir. Belə ki, Rusiya Federasiyanın Təhsil haqqında Qanunun 17-ci maddəsində təhsil müəssisələrində əyani-qiyabi təhsilalma forması nəzərdə tutulmuşdur. Buna baxmayaraq qeyd olunmalıdır ki, hər nə qədər də bu növ təhsilalma forması digər xarici ölkələrdə (iddiaçının bakalavr təhsil aldığı Rusiya Federasiyasında) müəyyən olunsa da, Azərbaycan Respublikasında təhsil hüququnu tənzimləyən qanunvericilikdə əyani-qiyabi təhsilalma forması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının mövcud təhsil qanunvericiliyində əyani-qiyabi və ya qiyabi-əyani təhsilalma forması nəzərdə tutulmadığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə uyğun olaraq, bu tip təhsilalma formaları üzrə xaricdə ali təhsil almış şəxslərin aldıqları ixtisasların ölkə ərazisində tanınması mümkün deyildir. Bu mövqeyidən irəli çıxaraq məhkəmə bildirir ki, iddiaçının diplomundan və diploma əlavədən də göründüyü kimi, onun “Hüquqi işlər” ixtisası üzrə aldığı təhsil əyani-qiyabi (axşam) tədris formasında olduğundan, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən ekspert qrupu tərəfindən onun diplomunun tanınmasından imtina olunması əsaslı olmuşdur. Beləliklə də müəyyən edilir ki, cavabdeh inzibati orqan tərəfindən ekspert qrupunun rəyinə əsasən iddiaçının diplomunun tanınmasından və ona ekvivalentlik şəhadətnaməsinin verilməsindən imtina edilməsi işin hallarına, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olmuşdur. Odur ki, iddiaçının diplomun tanınması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin iddiaçının diplomunu tanımaqdan imtinası qanunvericiliyə, o cümlədən Qaydaların 1.6-cı bəndinə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. Cavabdeh Qaydaların 3.6-cı bəndi ilə müəyyən edilmiş qaydada təhsilin məzmununun uyğunluğu haqqında ekspertiza keçirdikdən və Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğunu yoxladıqdan sonra həmin Qaydaların 3.7-ci bəndinə əsaslanaraq, iddiaçının diplomunun tanınmasından imtina etmişdir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar