Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2257/2024 09.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “güzəştli şərtlərlə mənzil növbəsinə götürülmə” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək üçüncü dərəcəli müharibə əlili kimi onun və ailə üzvlərinin (atası və anası) mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1990-cı il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Hərbçi kimi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmişdir. İİ Qarabağ Müharibəsi başlandıqdan sonra döyüş əməliyatlarında iştirak etmişdir. 3-cü dərəcəli Qarabağ müharibəsi əlilidir. Bərdə rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 172 saylı sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcəli əlil olmuş şəxs kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota alınmışdır. Sonradan yaşayış yerini dəyişib ünvan 1 ünvanına qeydiyyata alındığına görə mənzil uçot işi Bərdə rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 40 saylı sərəncamına əsasən Suraxanı RİH-nə göndərilmişdir. Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 71 saylı sərəncamı ilə qərara alınmışdır ki, “Üçüncü dərəcəli müharibə əlili İddiaçı mənzil-uçot işi növbəyə alınma tarixi (xx.xx.2022-ci) saxlanılmaqla Suraxanı RİH-nə köçürülsün və növbədənkənar yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan vətəndaşların siyahısımna daxil edilsin.” O, ünvan 1 ünvanında özü və atası X5, anası X4 ilə birlikdə qeydiyatdadır və yaşayır. Lakin o, mənzil növbəsinə tək özü olmaqla götürülüb. Valideynləri ilə birlikdə mənzil növbəsinə götürülməsi ilə əlaqədar Suraxanı RİHnə müraciət etmişdir. Lakin Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən ona xx.xx.2023-cü il tarixli cavab məktubu ilə imtina verilərək, göstərilmişdir ki, müraciətinizin təmin edilməsi səlahiyyətlərimiz xaricindədir. Suraxanı RİH-nin imtinasını qanuna zidd və onun hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya xx.xx.2023-cü il tarixli, 5-20/2-2114/2023 nömrəli yazılı münasibətində qeyd edilmişdir ki, İddiaçı mənzil-uçot işi 1 nəfər ailə tərkibi ilə (özü) Bərdə rayonundan Suraxanı RİH-ə köçürülmüş və növbədənkənar yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan vətəndaşların siyahısına daxil edilmişdir. İddiaçının ailə üzvləri (atası və anası) xx.xx.2022-ci il tarixdən Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyata alındığından “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 17-ci bəndinin 3-cü hissəsinə əsasən onun mənzil-uçot işinə daxil edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehin ünvanına məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli, xxxxxxx0003 nömrəli qərarı ilə İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar təkrar, “müddətsiz” üçüncü dərəcə əlillik təyin edilmişdir. TSEK-in diaqnozu: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Odlu silah yaralanması (xx.xx.2020), sol sağrı, hər iki aşıq baldır oynağı nahiyyəsinin yumşaq toxumalarını dəlib keçən güllə yaralanmasına görə aparılmış yaraların birincili işlənməsindən sonrakı bərkimiş dəri çapıqları. Sol bud çanaq, diz, aşıq baldır oynağının neyrogen kontrakturası. Oynaqların kontrakturası, Sol bud çanaq, diz, aşıq baldır oynağının neyrogen kontrakturası. Əlilliyin müəyyən olunması meyarı: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.13. əlin və ya pəncənin iflici (G83.0-083.3); İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 5 Saylı Bakı “Asan Xidmət” X2 xx.xx.2023-cü il tarixli, 05/09İS/109717-23 nömrəli məktubunda qeyd edilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: xx.xx.1990-cı il təvəllüdlü İddiaçı, atası - xx.xx.1961-ci il təvəllüdlü X5, anası xx.xx.1961-ci il təvəllüdlü X4. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının “Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların mənzil uçota alınması haqqında” xx.xx.2022-ci il tarixli, 178 nömrəli sərəncamı ilə ehtiyata buraxılmış hərbi qulluqçu İddiaçı 1 nəfər ailə tərkibi ilə (özü) yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınması və güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına daxil edilməsi və mənzil uçotuna götürülmüş vətəndaş İddiaçı müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada mənzil kirayəsi haqqı (kompensasiya) ödənilməsi RİHBA-nın Sektor müdiri-baş mühasib G.Qorçiyeva tərəfindən təmin edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 225 nömrəli sərəncamı ilə ehtiyata buraxılmış hərbi qulluqçu İddiaçı mənzil-uçot işində dəyişiklik edilərək, mənzil növbəliliyində 3 nəfər ailə tərkibi ilə (özü, atası, anası) hesab edilməsi, RİHB-nin xx.xx.2022-ci il tarixli 178 saylı sərəncamından çıxarışın 3.1-ci bəndi qüvvədən düşmüş hesab edilməsi və qalan hissəsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının “Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli 225 saylı sərəncamının ləğv edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, 67 nömrəli sərəncamı ilə vətəndaş Quiiyev İsmayıl ilham oğlunun ehtiyata buraxılmış hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmasına dair Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 225 saylı sərəncamının ləğv edilməsi və onun hərbi qulluqçuların növbəlilik siyahısından çıxarılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bərdə Rayon İcra Hakimiyyətinin Başçısının Bərdə rayonunun Yeni Əyricə kəndində yaşayan üçüncü dərəcəli Vətən müharibəsi əlili İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinin köçürülməsi haqqında 02 mart 2023-cü il tarixli, 40 nömrəli sərəncamı ilə Bərdə rayonunun Yeni Əyricə kəndində yaşayan üçüncü dərəcəli Vətən müharibəsi əlili İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsindən çıxarılması, onun mənzil növbəsinin Bərdə rayon İcra Hakimiyyəti başçısının 172 nömrəli sərəncamına əsasən 08 dekabr 2022ci il tarixdən hesablanması nəzərə alınması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının “Vətəndaş İddiaçı mənzil uçot işinin yaşayış yeri üzrə köçürülməsi haqqında” xx.xx.2023-cü il tarixli, 71 nömrəli sərəncamı ilə üçüncü dərəcəli müharibə əlili İddiaçı mənzil-uçot işi növbəyə alınma tarixi (xx.xx.2022-ci) saxlanılmaqla Suraxanı RİH-ə köçürülməsi və növbədənkənar yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan vətəndaşların siyahısına daxil edilməsi qərara alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********15 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı, X5 və X1 adlarına Bərdə rayonu Yeni Əyricə kəndində 5 nəfər ailə üzvü ilə birlikdə 0.29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəsilə, 0.86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəsilə və 1.16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X5, xx.xx.1961-ci il təvəllüdlü X4 ünvan 3 ünvanında qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı Dost Mərkəzinin 23 noyabr 2023-cü il tarixli .3-17-7/2-Q-44874/2023 nömrəli Arayışında qeyd edilmişdir ki, X4 (FİN 3UC81SQ) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin altsistemlərinə (“Pensiya”, “Sosial ödənişlər”, “Ünvanlı yardım”) əsasən Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan 2-ci dərəcə əlilliyə görə xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək 130 (bir yüz otuz) manat məbləğində sosial müavinət almış, hal-hazırda heç bir növ əmək pensiyası, sosial müavinət, Prezident təqaüdü və ünvanlı dövlət sosial yardımı almır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı Dost Mərkəzinin 23 noyabr 2023-cü il tarixli 3-17-7/2-Q-44872/2023 nömrəli Arayışında qeyd edilmişdir ki, X5 (FİN:3UCWS9B) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin altsistemlərinə (“Pensiya”, “Sosial ödənişlər”, “Ünvanlı yardım”) əsasən Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan heç bir növ əmək pensiyası, sosial müavinət, Prezident təqaüdü və ünvanlı dövlət sosial yardımı almır. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi Mənzil-Kommunal İstismarı Sahəsinin xx.xx.2023-cü il tarixli, 756 nömrəli Arayışında bildirilmişdir ki, verilir İddiaçı ondan ötəri ki, həqiqətən Y/Günəşli y/s, 16 saylı evin 19 nömrəli mənzilində kirayə yaşayır. Atası: X5, anası: X4. Cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-20/2-Q-29/4-091/2-t/1/2023 nömrəli məktubunda bildirilmişdir ki, Ailə üzvlərinizin Sizin mənzil növbəliliyinizə əlavə edilməsinə köməklik göstərilməsi barədə ünvanladığınız ərizəyə Suraxanı Rayon İcra Hakimiyyətində baxılmışdır. Bildiririk ki ananız və atanız xx.xx.2022-ci il tarixdən Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyata alındığından “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 17-ci bəndinin 3-cü hissəsinə əsasən müraciətinizin təmin edilməsi Suraxanı RİH-in səlahiyyətləri xaricindədir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. iddia mьmkьn iddiadэr. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İşin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “müddətsiz” üçüncü dərəcə əlildir. İddiaçı Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 178 nömrəlii sərəncamı ilə ehtiyata buraxılmış hərbi qulluqçu kimi 1 nəfər ailə tərkibi ilə (özü) yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota götürülmüş, Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 225 nömrəli sərəncamı ilə ehtiyata buraxılmış hərbi qulluqçu İddiaçı mənzil-uçot işində dəyişiklik edilərək, mənzil növbəliliyində 3 nəfər ailə tərkibi ilə (özü, atası, anası) hesab edilmişdir. Daha sonra Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 67 nömrəli sərəncamı ilə vətəndaş İddiaçı İham oğlunun ehtiyata buraxılmış hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmasına dair Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 225 saylı sərəncamı ləğv edilmiş və o hərbi qulluqçuların növbəlilik siyahısından çıxarılmış, eyni zamanda Bərdə Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 172 nömrəli sərəncamı ilə iddiaçı üçüncü dərəcəli Vətən müharibəsi əlili kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Bundan sonra Bərdə rayonunun Yeni Əyricə kəndində yaşayan üçüncü dərəcəli Vətən müharibəsi əlili İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsindən çıxarılması, onun mənzil növbəsinin Bərdə rayon İcra Hakimiyyəti başçısının 172 nömrəli sərəncamına əsasən 08 dekabr 2022-ci il tarixdən hesablanmasının nəzərə alınması qərara alınmış, eyni vaxtda Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 71 nömrəli sərəncamı ilə İddiaçı mənzil-uçot işinin növbəyə alınma tarixi (xx.xx.2022-ci) saxlanılmaqla Suraxanı RİH-ə köçürülməsi və növbədənkənar yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan vətəndaşların siyahısına daxil edilməsi qərara alınmışdır. Beləliklə, hazırkı halda iddiaçı barəsində qüvvədə olan Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 71 nömrəli sərəncam əsasında müharibə əlili kimi 1 nəfər tərkibdə xx.xx.2022-ci il tarixdən hesablanmaqla növbədənkənar yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan vətəndaşların siyahısındadır. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı onun Suraxanı rayonu İcra Hakimiyyətində mövcud mənzil növbəliliyinə onun valideynlərinin əlavə edilməsidir. Başqa sözlə, iddiaçı mənzil uçot işində dəyişiklik edilərək özü ilə bərabər həm də valideynlərinin onunla birlikdə mənzil növbəliliyinə götürülməsi barədə sərəncam verilməsini xahiş edir. Cavabdeh qeyd edilən müraciətin təminindən imtina əsası kimi “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 17-ci bəndinin 3-cü hissəsini rəhbər tutaraq iddiaçının valdieynlərinin xx.xx.2022-ci il tarixdən Bakı şəhərində qeydiyyatda olmaqla son 5 il ərzində Bakı şəhərində yaşamadığına istinad etmişdir. Məhkəmə cavabdehin qeyd edilən mövqeyi ilə razılaşmır. İş materiallarından müəyyən olunur ki, iddiaçının valideynləri olan atası xx.xx.1961-ci il təvəllüdlü X5, anası xx.xx.1961-ci il təvəllüdlü X4 ünvan 3 ünvanında may 2022-ci ildən qeydiyyatdadırlar. Eyni zamanda iddiaçının valideynləri yerli Mənzil-Kommunal İstismarı Sahəsinin Arayışına əsasən İddiaçı ilə birlikdə faktiki olaraq Y/Günəşli y/s, 16 saylı evin 19 nömrəli mənzilində kirayə yaşayırlar. Mənzil Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: -30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. -50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). -51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. -51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. -51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. -56.1. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. -69.1. Kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. -69.2. Kirayəçinin yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin və kirayəyə verənin yazılı razılığı ilə digər vətəndaşları onunla birlikdə yaşayan ailə üzvləri kimi sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Kirayəyə verən vətəndaşların kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri kimi köçürülməsini o halda qadağan edə bilər ki, onların köçürülməsi nəticəsində müvafiq yaşayış sahəsinin ailə üzvlərinin adambaşına düşən ümumi sahəsi uçot normasından az olsun. -69.3. Vətəndaşların kirayəçinin ailə üzvləri kimi yaşayış sahəsinə köçürülməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsində kirayəçinin yeni ailə üzvünün qeyd olunması zəruriliyi hissəsində dəyişikliyə səbəb olur. Qüvvədə olan qanunvericliyin müddəlarına əsasən kirayəçinin ailə üzvlərinin kirayəçi ilə birlikdə mənzil növbəliliyinə qəbul edilmək, eyni zamanda kirayəçinin ailə üzvlərini sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Kirayəçinin ailə üzvlərinə kirayəçinin arvadı (və ya əri), uşaqları ilə bərabər eyni zamanda valideynləri də aiddir. Buna müvafiq olaraq mənzil uçotuna alınarkən və ya artıq uçota alınmış şəxsin onunla birlikdə yaşayan ailə üzvü hesab edilən şəxslərin mənzil növbəliyinə qəbul edilməsi üçün müvafiq inzibati orqana müraciət etmək, eləcə də barəsində olan sosial kirayə müqaviləsinin dəyişdirilməsini tələb etmək hüququ mövcuddur. Cavabdehin istinad etdiyi “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 17-ci bəndinin 3-cü hissəsində qeyd edilmişdir ki, ərizəçi ilə birlikdə Bakı şəhərində nə qədər yaşadıqlarından asılı olmayaraq onunla birlikdə pasport qeydiyyatına alınmış və onunla birlikdə yaşayan ər və ya arvad, habelə onların öhdəsində olan uşaqlar və səhhətinə görə qulluğa ehtiyacı olan əmək qabiliyyətini itirmiş valideynlər mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülə bilərlər. Ailənin birlikdə yaşayan digər üzvləri ərizəçi ilə birlikdə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna yalnız bu şərtlə qəbul edilirlər ki, son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və bunu pasport qeydiyyatı təsdiq etsin. Sadalanan hər iki normadan müəyyən olunur ki, qanunvericilik ərizəçi ilə birlikdə yaşayan şəxsləri iki kateqoriyaya ayırır:1. ərizəçinin ailə üzvləri və 2. ailənin digər üzvləri. Qeyd edilən hər iki kateqoriya şəxs üçün ortaq cəhət onların ərizəçi ilə birlikdə yaşaması və birgə təsərrüfat aparmasıdır. Qanunvericilik ailə üzvü və digər ailə üzvü anlayışlarını isə onların birinci dərəcə qohumluqları baxımından fərqləndirmişdir. Yuxarıda adıçəkilən norma səhhətinə görə qulluğa ehtiyacı olan əmək qabiliyyətini itirmiş valideynlərin ərizəçi ilə bilrikdə qeydiyyat tarixindən asılı olmayaraq uçota alına bilməsini müəyyən etsə də, lakin eyni zamanda səhhətinə görə qulluğa ehtiyacı olmayan əmək qabiliyyətli valideyni ailənin “digər üzvü” kateqoriyasına da aid etməmişdir Hazırda qüvvədə olan Mənzil Məcəlləsi də kirayəçi ilə birlikdə yaşayan valideynləri ailə üzvü hesab edərək mənzildən istifadə imkanları ilə bağlı kirayəçinin hüquqlarını onlara da şamil edir. Beləliklə, məhkəmə hazırkı halda iddiaçının ailə vəziyyətinin subay olmaqla faktiki olaraq valideynləri ilə birlikdə yaşadığını, valideynlərin aktiv əmək fəaliyyəti ilə məşğul olmadığı, onların qanunvericiliklə nəzərdə tutulmuş sosial imtiyaz və təqaüdlə təmin edilmədiklərini, qanunla valideynlərin “digər ailə üzvü” kateqoriyasına daxil olmadıqlarını, onların Bakı şəhəri ərazisində daimi qeydiyyatda olduqlarını, Mənzil Məcəlləsinin 51.3-cü maddəsinin tələbinə uyğun olaraq vətəndaşın uçotunun daimi yaşayış yeri olmayan yer üzrə də verilməsinin yol verilən olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı ailə üzvü olan valideynlərini onunla birlikdə mənzil növbəliliyinə götürülməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə bu nəticəyə gələrkən həm də cavabdeh inzibati orqanın bundan əvvəlki uçota alınma zamanı iddiaçının valideynlərinə onun ailə üzvü kimi yanaşaraq onunla birlikdə qeyd-şərtsiz uçota qəbul etdiyi və bu barədə xx.xx.2022-ci il tarixli, 225 nömrəli sərəncamla uçot işinə dəyişiklik etdiyini nəzərə alır və hesab edir ki, bu halda eyni tərəflər arasında uçota alınma ilə bağlı icraatın nəticəsində cavabdehin iki fərqli mövqe göstərməsi inzibati orqanın praktikasına və iddiaçının inzibati orqanın əvvəlki inzibati aktına yaranmış etimad hüququna birbaşa ziddir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, üçüncü dərəcə müharibə əlili kimi olan iddiaçının atası X5 və anası X1 onunla birlikdə yaşayış yeri üzrə güzəştli mənzil növbəlilyinə götürülməsi barədə sərəncamın verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Üçüncü dərəcə müharibə əlili kimi mənzil növbəliliyinə götürülmüş İddiaçı atası X5 və anası X1 onunla birlikdə yaşayış yeri üzrə güzəştli şərtlərlə mənzil növbəlilyinə götürülməsi barədə sərəncamın verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-2257/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2257/2024
09.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver