Məhkəmə qərarları › İş №2-1(112)-2258/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2258/2024

11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2258/2024 11.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun ünvan 1 ünvanına qeydiyyata alınması üçün lazımi hərəkətlərin icrası öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 177 saylı qərarına əsasən Bakı şəhəri, Xətai rayonu, Balaxan Süleymanov küçəsində 65 saylı evin yaxınlığında 240 kv.m, torpaq sahəsi fərdi yaşayış evin tikintisi üçün iddiaçıya ayrılmışdır. Qeyd olunan torpaq sahəsi ona veriləndən sonra, fərdi yaşayış evin tikinsinə başlamış və 2010-cu il tarixində evin tikintisi başa çatmışdır. Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinin xx.xx.2007 ci il tarixli 177 saylı qərarına əsasən Bakı şəhəri, Xətai rayonu, Balaxan Süleymanov küçəsində 65 saylı evin yaxınlığında 240 kv.m., torpaq sahəsi fərdi yaşayış evin tikintisi üçün iddiaçıya ayrılmışdır və evin tikintisi başa çatıb və qeyd olunan evin ünvanı ünvan 2çı AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə müraciət edərək ünvan reyestrindən arayış əldə etmişdir. Arayışda ünvan sahibi olaraq onun adı qeyd olunmuşdur və ünvan ünvan 4açı qeyd olunan ünvanda uzun illərdir yaşayır və bu faktı təsdiq edən Bakı Şəhər Xətai Rayon İcra Hakimiyyətinin Əhmədli Qəsəbəsi üzrə Nümayəndəliyindən daimi qeydiyyatda olmağıyla bağlı arayışı məhkəməyə təqdim etmişdir. Qeyd olunan ünvana yaşayış yeri üzrə qeydiyyata alınma üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Xətai Rayon Polis idarəsinə müraciət etmişdir. Lakin həmin müraciətə xx.xx.2023-cü il tarixli imtina məktubu ilə cavab verilmişdir. İmtinaya səbəb kimi yaşadığı yer üzrə müvafiq sənədlərin təqdim edilməməsi qeyd edilmişdir. İmtina məktubunda bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR qanununun 5-ci maddəsinə əsasən yaşadığım yerin müvafiq sənədləri təqdim edilməlidir. İddiaçı hesab edir ki, bu imtina əsassızdır. Belə ki, yuxarıda qeyd etdiyi kimi, torpaq sahəsi Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 177 saylı qərarına əsasən ona ayrılmışdır və həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirərək qeyd olunan evə qeydiyyat ünvanı əldə etmişdir. Tikinti başa çatdıqdan sonra uzun illərdi qeyd olunan ünvanda yaşayır və bu faktı təsdiq edən arayışı, həmçinin iddia ərizəsinə əlavə edilmiş digər sənədləri cavabdeh orqana təqdim etməsinə baxmayaraq faktiki yaşadığı ünvan üzrə qeydiyyata alınmasına imtina verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh inzibati orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı əvvəllər mübahisələndirilən ünvanda qeydiyyatda olduğunu, habelə həmin ünvanda ailəsi ilə birlikdə uzun illərdir yaşadığını qeyd edərək, iddia ərizəsinə uyğun məzmunda izahat verərək tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının Əhmədli qəsəbəsi, Balaxan Süleymanov küçəsi, ev 63V ünvanına qeydiyyata alınmasından imtina edilmiş və ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. -Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-2032 2007 №-li qətnaməsinin surətindən görünür ki, iddiaçı 2005-ci il sentyabrın 27-dən ünvan 6 ünvanında qeyiyyatda olmuşdur. -Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixdən ünvan 7 ünvanında, xx.xx.2011-ci il tarixdən ünvan 8ında qeydiyyatda olmuş, xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. -Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, ünvan 7 ünvanında qeydiyyatsız yaşayır. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: -1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. -2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. -3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. -5-ci maddəsinə (vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Məhkəmə, həmçinin iddianın təmin edilməsini, iddiaçının qeydiyyata alınmasını “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun məqsədi baxımından qiymətləndirərək bildirir ki, Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi şəxslərin qeydiyyata alınması icazə xarakteri daşımayıb və qanunvericiliklə müəyyən edilmiş hallar istisna etməklə heç bir hüquqi nəticə də yaratmır. Qanunun məqsədi dövlətin öz vətəndaşının faktiki yaşayış sahəsini müəyyən edilməsi, onların uçota alınması, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün şərait yaratmaqdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 1 daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alılnmasa da, ünvan rekvizitləri mövcuddur və iddiaçı qeyd edilən fərdi yaşayış evində faktiki olaraq yaşamaqla kommunal xidmətlərdən istifadə edir. Həmçinin, iddiaçı uzun müddət (1997-2011-ci illərdə) həmin ünvanda qeydiyyatda olmaqla yaşamış və hansı əsaslarla qeydiyyatdan çıxarılması barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı dəlil təqdim edillməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, işin faktiki hallarına fərdi yanaşdıqda, qeyd edilənlər iddiaçının həmin evlə kifayət qədər yetərli, uzunmüddətli və sabit dərəcədə davamlı bağlılığının olmasını ifadə edir. Bu baxımdan, iddiaçının qeyd edilən ünvanda faktiki olaraq yaşaması və əvvəllər də həmin ünvanda qeydiyyatda olması, eyni zamanda evin ünvan rekvizitinin mövcud olması təsdiqini tapdığından, müvafiq qeydiyyat “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində nəzərdə tutulmuş məqsədə uyğun hesab edilməlidir. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Eyni Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanına qeydiyyata alınması öhdəliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar