Məhkəmə qərarları › İş №2-1(112)-2258/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2258/2025

01.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2258/2025 01.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ İşin halları İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2024-ci il tarixli ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixdə 3-17-1/2-Ə-158015/2024 nömrəli cavab məktubunda bildirmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin iddiaçıya dair xx.xx.2023-cü il tarixli Ç-16/23 nömrəli arayışında xx.xx.1994 - xx.xx.1995-ci il və xx.xx.2003 - xx.xx.2016-cı il tarixləri arasındakı dövrlər ərzində həmin müəssisədə presləyici vəzifəsində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəsisədəki iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı güzəştli iş stajı təsdiq edən hər hansı sənədin mövcud olmadığı müəyyən edilmişdir. Bu fakt "xxxx" ASC-nin 2 aprel 2024-cü il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Göstərilən səbəbdən də, iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd edilənləri nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 58 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, onun, İddiaçı xx.xx.2016-cı il tarixədək 35 il ümumi stajı, 12 il 11 ay 20 gündən artıq xüsusi stajı vardır. Belə ki, iddiaçı “Azərxalça" istehsalat müəssisəsinə daxil olana qədər xx.xx.1980 - xx.xx.1981-ci illərdə texniki-peşə məktəbində təhsil almışdır. xx.xx.1981-ci ildən xx.xx.1982-ci il tarixə kimi “Azərxalça” istehsalat müəssisəsində 3-cü dərəcə ilə xalçaçı olaraq işə qəbul olmuşdur. xx.xx.1982-ci il - 1 nömrəli sexə 1 - ci dərəcə ilə işə yığıcı olaraq qəbul edilmişdir. xx.xx.1982-ci il ikinci dərəcəli yığıcı olaraq işləmişdir (xx.xx.1990-cı il tarixdə zavodun adı dəyişdirilib “Tərəqqi’' olmuşdur), xx.xx.1990-cı il "xxxx" sexə ikinci dərəcəli yığıcı olaraq keçirilmişdir. (“Tərəqqi" “Bakmetplast” zavoduna çevrilmiş və eyni vəzifəyə keçirilmişdir) xx.xx.1994-cü il öz xahişi ilə işdən azad edilib həmin tarixdə “Bakmetplast" zavodunun ləğv edilməsi ilə əlaqədar olaraq "xxxx" zavodunun 2 nömrəli filialına ikinci dərəcəli yığıcı qəbul edilmişdir. xx.xx.1994-cü ildə “Şəfa” kiçik müəssisəsinə keçirilməklə işdən azad olunmuş və xx.xx.1995-ci il tarixə kimi "xxxx" zavodundan 2 nömrəli filiala 3-cü dərəcə ilə presləyici keçirilmişdir. xx.xx.2003-cü ildən xx.xx.2010-cu il tarixə “Metalmədəniməişət" Cəmiyyətin 3 nömrəli Presləyici keçirilmiş və əvvəlki iş yeri və vəzifəsi saxlanılmaqla qapaq metal və plastik qulu və sazlama sexinə keçirilmişdir. (xx.xx.2016 tarixli 01 nömrəli əmrə əsasən “Almet" ASC adlandırılmışdır) xx.xx.2016-cı ildə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı 58 yaş 6 aydan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdeh orqana müraciət etmiş, lakin iddiaçıya imtina məktubu ilə bildirilmişdir ki, iddiaçının xx.xx.1994-xx.xx.1995-ci illər arasındakı dövr ərzində “Alimet" ASC-də presləyici peşəsində işlədiyi qeyd olunsa da, adı çəkilən müəsisədə iş stajına aid məlumatların yerində dəqiqləşdirməsi zamanı güzəştli iş stajını təsdiq edən hər hansı sənədin sözü gedən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan kran maşinistləri (krançılar) vəzifəsinə aid deyil. İmtina məktubu ilə pensiyanın təyin edilməsindən imtina qanunsuzdur. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və bildirmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli Ç-16/23 nömrəli arayışında xx.xx.1994- xx.xx.1995-ci il və xx.xx.2003- xx.xx.2016-ci il tarixləri arasındakı dövrlər ərzində həmin müəssisədə presləyici vəzifəsində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisədə iddiaçının iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı güzəştli iş stajını təsdiq edən hər hansı sənədin mövcud olmadığı müəyyən edilmişdir. Eyni zamanda qeyd olunan bu fakt "xxxx" ASC-nin 2 aprel 2024-cü il tarixli birgə Akt ilə də təsdiq edilmişdir. Göstərilən səbəbdən İddiaçı güzəştli iş stajı mövcud olmamışdır. "xxxx" ASC tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli Ç-16/23 nömrəli, xx.xx.2024-cü il tarixli Ç-12/24 nömrəli, xx.xx.2024-cü il tarixli Ç-13/24 nömrəli arayışları təqdim edilmiş və həmin arayışlarda müəssisə barədə, eyni zamanda iddiaçının işlədiyi dövrlər üzrə məlumatlar təqdim edilmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli birgə Aktında müəssisənin arxivində 1994-cü ildən sonrakı dövrlər üzrə sənədlərin tapılmadığı və müvafiq sənədlərin söküntü altında qaldığı qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixdə müəssisənin arxivində sənədlərin mövcud olmamasına baxmayaraq xx.xx.2024cü il tarixdə iddiaçıya müvafiq arayışların verilməsi həmin sənədlərin mötəbərliyinə şübhə doğurur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etdi. İİİ Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia ərizəaindən görünür ki, iddiaçı hazırda ona 58 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. İşdə olan 410949 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X2 ilə X5 xx.xx.1995-ci il tarixində nikah bağlamışlar. Nikahdan sonra arvada Əliyeva soyadı verilmişdir. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə Bakı şəhərində doğulmuş, onun 58 yaşı xx.xx.2023-cü il tarixdə tamam olmuşdur. Həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – Qanun) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin Qeydinə əsasən həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2-ci bəndinə əsasən 1 iyul 2022 - 30 iyun 2023-ci il tarixə qadınların yaşa görə əmək pensiyası hüququ 63 yaşdan, 1 iyul 2023 - 30 iyun 2024-cü il tarixə isə 63 il 6 aydan yaranır. Beləliklə, qanunvericiliyin istinad olunan normalarından görünür ki, iddiaçının 58 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixə aşağıdakı şərtlərin hamısı birlikdə olduğu halda şəxsə (qadınlar üçün) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilər:

1. 58 il 6 ay yaşının tamam olması;

2. azı 25 il sığorta stajına malik olması;

3. 25 il sığorta stajının azı 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması. İş materiallarından görünür ki, göstərilən tələblər iddiaçı tərəfindən qismən ödənilir. Belə ki, işdən görünür ki, iddiaçının 58 yaşı xx.xx.2018-ci il tarixdə tamam olsa da, həmin tarixə qadınlara güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş tələbi 58 il 6 ay olmuşdur. Deməli, iddiaçıya 58 yaşdan deyil, 58 il 6 ayının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilər. Ümumi sığorta stajı ilə bağlı tələbə gəldikdə işdə olan Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1980-ci il tarixində 84 nömrəli Texniki Peşə Məktəbinin “Xalçanın əl ilə istehsalı” ixtisasına qəbul olmuş və xx.xx.1981- ci il tarixində həmin ixtisası əyani formada bitirmişdir. Onun adına yazılmış №5147 nömrəli attestat təhsii müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir. Həmçinin iddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı 1.12.1980 - xx.xx.1981-ci il texniki-peşə məktəbində təhsil almış, xx.xx.1981-ci ildən xx.xx.1982-ci il tarixə kimi “Azərxalça” istehsalat müəssisəsində 3-cü dərəcə ilə xalçaçı, xx.xx.1982-ci il - 1 nömrəli sexə 1 - ci dərəcə ilə işə yığıcı olaraq qəbul edilmiş, xx.xx.1982-ci il ikinci dərəcəli yığıcı olaraq işləmiş (xx.xx.1990-cı il tarixdə zavodun adı dəyişdirilib “Tərəqqi’' olmuşdur), xx.xx.1990-cı il "xxxx" sexə ikinci dərəcəli yığıcı olaraq keçirilmiş, (“Tərəqqi" “Bakmetplast” zavoduna çevrilmiş və eyni vəzifəyə keçirilmişdir) xx.xx.1994-cü ildə öz xahişi ilə işdən azad edilib həmin tarixdə “Bakmetplast" zavodunun ləğv edilməsi ilə əlaqədar olaraq "xxxx" zavodunun 2 nömrəli filialına ikinci dərəcəli yığıcı qəbul edilmiş, xx.xx.1994-cü ildə “Şəfa” kiçik müəssisəsinə keçirilməklə işdən azad olunmuş və xx.xx.1995-ci il tarixə kimi "xxxx" zavodundan 2 nömrəli filiala 3-cü dərəcə ilə presləyici keçirilmiş, xx.xx.2003-cü ildən xx.xx.2010-cu il tarixə “Metalmədəniməişət" Cəmiyyətin 3 nömrəli Presləyici keçirilmiş və əvvəlki iş yeri və vəzifəsi saxlanılmaqla qapaq metal və plastik qulu və sazlama sexinə keçirilmişdir. (xx.xx.2016 tarixli 01 nömrəli əmrə əsasən “Almet" ASC adlandırılmışdır) xx.xx.2016-cı ildə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2022-ci ildə "xxxx" MMC-yə təmizlik işçisi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 maddəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Əminə Qulu qızı X3 təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun 58 yaşının tamam olduğu tarixə ümumi iş stajı 25 il (xx.xx.2006-cı il tarixinədək 15 il 11 ay (xx.xx.1980-xx.xx.1981-ci il (əyani təhsil aldığı dövr), xx.xx.1981 -xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1995-ci il, xx.xx.2003-xx.xx.2003-cü il, xx.xx.2004-xx.xx.2004-cü il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 9 il 1 ay) təşkil edir. Göründüyü kimi, artıq xx.xx.2023-cü il tarixə iddiaçının 25 il ümumi iş stajı olmuş, bu hal cavabdeh tərəfindən qəbul edilmiş və mübahisələndirilməmişdir. Deməli, iddiaçının 58 il 6 ayının tamam olduğu xx.xx.2024-cü il tarixə də 25 il stajı mövcuddur. İddiaçının xüsusi iş stajına gəldikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. İşdə olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, Ç-16/23 nömrəli arayışından görünür ki, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətində (İdarədənkənar statusa malik olan “Tərəqqi” Təsərrüfat Assosiyasının və ”Metalmədəniməişət” ASC-nin hüquqi varisi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarına əlavənin 35-ci Ümumi peşələr bölməsindəki plastik kütlədən məmulatların presləyiciləri peşəsinə uyğun olan termoplastavtomat sexində plastmas presləyicisi vəzifəsində 13 il 11 ay 21 gün işləmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən plastmas presləyicisi vəzifəsində işlədiyi dövr: 1. xx.xx.1994 - xx.xx.1995-ci illər - İdarədənkənar statusa malik olan “Tərəqqi” Təsərrüfat Assosiyasının 2 №-li plastmas sexinə 3-cü dərəcəli presləyici vəzifəsinə keçirilmişdir (Əmr 39/k, xx.xx.1994); 2. xx.xx.2003-xx.xx.2016-cı illər - ”Metalmədəniməişət” ASC-nin 3№-li plastmas sexinə 1-ci dərəcəli presləyici vəzifəsinə işə qəbul edilmişdir (Əmr 20, xx.xx.2003). "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, Ç-12/24 nömrəli arayışında isə göstərilmişdir ki, hazırki "xxxx" ASC-nin 1936-cı ildə kiçik müəssisədən ibarət olub xalq istehlakı mallarını istehsal etmişdir. YS Nazirliyinin 12.11.78-ci il tarixli 485 saylı əmrinə əsasən "xxxx" zavodunun adı "xxxx" zavodu adlandırılmışdır. YS Nazirliyinin 01.11.82-ci il tarixli 178 saylı və zavodun 04.01.83-ci 83-çü il 2 saylı əmrlərinə əsasən "xxxx" zavodu "xxxx" istehsal birliyinə çevrilmişdir. YS Nazirliyinin 24.05.84-çü il tarixli 5 saylı və zavodun 31.05.84-cü 123 saylı əmrləri ilə "xxxx" İB "xxxx" zavoduna çevrilmişdir. 04.01.90-ci il saylı əmrə əsasən "xxxx" zavodu “Tərəqqi” elmi istehsal birliyinin baş zavodu adlanmışdır. Azərbaycan SSR-i Nazirlər sovetinin 01.11.90-ci il tarixli 504 saylı sərəncamına əsasən “Tərəqqi” EİB-nin tərkibinə İdarədənkənar statusa malik “Tərəqqi” təsərrüfat assosiasiyasının baş zavodu "xxxx" olduğu üçün onun tərkibində olan zavodlarının arxivi orda yerləşir. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin 25 dekabr 2001-ci il tarixli 297 № li Sərəncamı ilə Azərbaycan Respublikası İdarədənkənar statusa malik “Tərəqqi” təsərrüfat assosiasiyasının tabeliyində olan ünvan 1 ünvanında yerləşən "xxxx" zavodu, "xxxx" acıq şəhmdar cəmiyyətinə çevrilmişdir. Hal-hazırda "xxxx" ASC X1 xx.xx.2015-ci il tarixli qərarı və xx.xx.2016-cı il tarixli 01 №-li əmrə əsasən "xxxx" ASC adlandırılmışdır. Azərbaycan Respublikası "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, Ç-11/24 nömrəli arayışdan görünür ki, X5 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) "xxxx" ASC-də (hüquqi varisi "xxxx" ASC ) aşağıdakı kimi işləmişdir: 01 dekabr 2003-cü ildə "xxxx" ASC-nin 3 №-li sexinə 1-ci dərəcəli presləyici qəbul edilmişdir (Əmr № 20, xx.xx.2003-cü il); 01 aprel 2010-cu ildə struktur dəyişikliyi ilə əlaqədar əvvəlki əmək şəraiti saxlanılmaq şərti ilə qapaq metal və plastik qutu sexinə keçirilmişdir (Əmr № 19,xx.xx.2010-cu il); 21 noyabr 2016-cı ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir və istifadə etmədiyi 63 təqvim günü əmək məzuniyyəti pul ilə əvəz edilmişdir (Əmr № 25, xx.xx.2016-cı il). İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı-12 il 11 ay 20 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri plastmas presləyicisi olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bəndinin vəzifə koduna uyğundur. Azərbaycan Respublikası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən 35. Ümumi peşələr- plastik kütlədən məmulatların presləyiciləri güzəştli şərtlərlə pensiya hüququ verən işlərə aid edilmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisə onun barəsində güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair arayış vermiş, həmin arayışda onun plastmas sexində presləyici vəzifəsində işlədiyi dövrün güzəştli olmasını təsbit etmişdir, hansı ki, həmin vəzifə yuxarıda qeyd edilən qanunvericilikdə təsbit edilmişdir. İşdən görünür ki, cavabdeh bu arayışı qəbul etməmiş, bu zaman iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı güzəştli iş stajını təsdiq edən hər hansı sənədin mövcud olmadığına və bu faktın xx.xx.2024-cü il tarixli aktla təsdiq edildiyinə istinad etmişdir. İş materiallarına əlavə edilən İddiaçı xx.xx.1982- xx.xx.2016-cı illər ərzində "xxxx" zavodunda işləməsinə dair xx.xx.2024-cü il tarixli həmin aktdan görünür ki, cavabdehin əməkdaşı Eyvaz Əhmədov və "xxxx" ASC-nin hüquqşünası Səltənət İsmayılovanın iştirakı ilə tərtib edilmiş akta əsasən "xxxx" müəssisəsi Yerli Sənaye Nazirliyi tabeçiliyində mədəniməişət məmulatları istehsalı ilə məşğul olmuşdur. Müəssisənin arxivində müəssisənin 1994-cü ildən sonrakı dövrə aid sənədlər tapılmamışdır. Bildirildiyinə görə, ərazidə söküntü işləri aparıldığı zaman sənədlər söküntü altında qalmışdır. Məhkəmə cavabdehin bu dəlili ilə aşağıdakılara görə razılaşmır. Belə ki, birincisi, yuxarıda qeyd edildiyi kimi qanunverici güzəştli iş stajı ilə bağlı işəgötürənin arayışını zəruri etmiş, iddiaçı həmin arayışı cavabdehə təqdim etmiş, arayışda Azərbaycan Respublikası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilən koda istinad olunmuşdur. İkincisi, cavabdehin özünün təqdim etdiyi sığortaolunan hesabından çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən iddiaçıya yanvar 2006-sentyabr 2016-cı illərdə məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. İddiaçının əmək kitabçasında xx.xx.2003-xx.xx.2016-cı illərdə "xxxx" ASC-də işlədiyi göstərilmiş, caavbdeh bu halı qəbul etmişdir. Lakin hər hansı bir əsas olmadan iddiaçının həmin dövrdə güzəştli şərtlərlə işləməsini qəbul etməmişdir. Məhkəmə qeyd edir ki, İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda cavabdeh iddiaçının güzəştli iş stajının olmadığını iddia etmiş, bu halı sübut etmək vəzifəsi onun üzərinə düşsə də, bununla bağlı hər hansı bir mötəbər sübutu təqdim etməmiş, inzibatui icraat zamanı bu halın araşdırılması ilə bağlı qanunla üzərinə düşən vəzifəni də yerinə yetirməmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (maddə 24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (maddə 24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (maddə 24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (maddə 24.4). Həmçinin həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, işəgötürən tərəfindən verilən arayış iddiaçının güzəştli iş stajını təsdiq edən mötəbər sənəd kimi qəbul edilməli, onun 2003-2016-cı illərdə işlədiyi presləyici vəzifəsi güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir (xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliyə əsasən). Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir (xx.xx.2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia qismən təmin edilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar