Məhkəmə qərarları › İş №2-1(112)-2259/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2259/2024

17.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2259/2024 17.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya 60 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. O, xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək 119 nömrəli X5 Peşə Məktəbində əyani təhsil almışdır. xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. İddiaçı 1983-cü ildə əmək fəaliyyətinə başlamış, xx.xx.2014-cü il tarixdən bugünədək “X3” trestinin logistika bölümünün vulkanquraşdırma sahəsində vışka quraşdıran peşəsində işləyir. İddiaçının 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixinədək ümumi iş stajı 43 il 11 gün, güzəştli iş stajı isə 34 il 10 ay 12 gün təşkil edir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin cavabdeh iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az olması əsası ilə bunu etməkdən imtina etmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Ərizədə göstərilmişdir ki, cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçıya hüququnun yarandığı xx.xx.2023-cü il tarixindən aylıq 488,68 manat, xx.xx.2024-cü il tarixdən isə aylıq 543,41 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Nəticə etibarilə işin mahiyyəti üzrə mübahisə olmadığından iş üzrə icraata xitam verilməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, həmçinin bildirdi ki, o 1991-ci ildən əmək fəaliyyəti ilə məşğuldur. 60 yaşdan ona pensiya düşür. Cavabdeh tərəfindən ona xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə razı deyil, odur ki, iddia tələbini müdafiə edir və ona 60 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək bildirdi ki, iddiaçıya hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən pensiya təyin edilib. Çünki onun güzəştli stajı, yəni 12 il 06 ay 2023-cü ilin iyul ayında tamamlanır. Buna görə də həmin ilin avqust ayından ona pensiya təyin edilib. Onun güzəştli stajının mübahisələndirildiyi bir dövr 1991ci ildən 2011-ci ilə qədər işlədiyi “Qum adası” Dəniz qazma İşlər idarəsində işlədiyi dövrdür. Həmin dövr metal sahəsinə aid olmadığı üçün həmin dövr güzəştli staja aid edilməyib. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. 03 mart 2023-cü il və 15 avqust 2023-cü il tarixli imtina məktublarında göstərilmişdir ki, araşdırma zamanı, 2014-cü ilin iyun, 2015-ci ilin oktyabr, 2016-cı ilin sentyabr, 2018-ci ilin yanvar və fevral, 2019-cu ilin iyul, 2020-ci ilin may və iyun, 2022-ci ilin aprel, 2023-cü ilin fevral və iyul ayları üzrə iddiaçının işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində (11 ay) sığorta ödənişləri öz əksini tapmadığı müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan ayları iddiaçının iş stajına daxil etmək mümkün deyil. Mərkəzi Filiala təqdim olunan SOCAR-ın “X3” Trestinin iddiaçıya dair 04 aprel 2022-ci il tarixli arayışında həmin müəsssisənin “Qum Adası” X6 idarəsində xx.xx.1991-xx.xx.2011 ci il tarixləri arasındakı dövr ərzində Kran gəmisində takelajçı, xx.xx.2013-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində Qazmaservis və Logistika İdarəsində top drayv, yasslar və hidrogenişləndiricilərə xidmət sexində təmirçi çilingər vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi “Qum Adası” X6 və Qazmaservis və Logistika İdarələrinin fəaliyyət sahələri sözügedən arayışda istinad olunan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş Siyahıda nəzərdə tutulan metal emalı (11) sahəsinə aid deyil. Qeyd edilən səbəblərdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 7 ay 19 gün (xx.xx.1984xx.xx.1885-ci il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1989-xx.xx.1990-cı il tarixləri arasındakı dövrlər və xx.xx.2014-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üzrə 8 il 6 ay 27 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2023-cü ilin iyul ayı üzrə ödənilməli olan məcburi dövlət sosial sığorta (1 ay) ödənişləri öz əksini tapmamışdır. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına aid edilmədiyi üçün qeyd olunan məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi ayları onun iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (12 il 5 ay 18 gün (xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1989-xx.xx.1990-cı il tarixləri arasındakı dövrlər və xx.xx.2014-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq “SOCAR” “X3” trestinin xx.xx.2024-cü il tarixli arxiv arayışında göstərilmişdir ki, “SOCAR”-ın xx.xx.2007-ci il tarixli, 51 saylı və xx.xx.2007-ci il tarixli, 60 saylı əmrləri ilə “X3” tresti yaradılmışdır “Qum adası” X6 İdarəsi trestin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2010-cu il tarixli 148 saylı əmri ilə “Qum adası” X6 İdarəsi yenidən təşkil edilərək, onun madditexniki bazasında birbaşa trestə tabe olan, hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi Qazmaservis və Logistika İdarəsi yaradılmışdır. SOCAR-ın xx.xx.2013-cü il tarixli, SOCAR/13-1000/01/SM-05-000034 saylı əmrinə əsasən “X3“ trestinin Qazmaservis və Logistika İdarəsi ləğv olunaraq Logistika bölümü kimi fəaliyyət göstərmişdir. “X3“ trestinin “Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqında” xx.xx.2021 -ci il tarixli, SOCAR **********00040020A00070 saylı əmrinə əsasən “Logistika” və “Tamponaj” istehsalat bölümləri “Qazmaservis” İstehsalat bölümü kimi fəaliyyət göstərir. xx.xx.1962-ci il təvəllüdlü İddiaçı həqiqətən “Qum adası“ X6 İdarəsində xx.xx.1991-ci ildən xx.xx.2011-ci ilədək Kran gəmisində 4-cü dərəcəli takelajçı peşəsində, xx.xx.2011-ci ildən xx.xx.2014-cü ilədək Top drayv, yasslar və hidrogenişləndiricilərə xidmət sexində 5-ci dərəcəli təmirçi çilingər peşəsində işləmişdir. xx.xx.2014-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən başqa işəgötürənlə Əmək Müqaviləsi bağladığı üçün işdən azad edilmişdir. Ümumi iş stajı 22 il, 09 ay, 02 gün təşkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 11000000 X.Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı və 21300000 Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı təsdiq edilmiş qərarda, Azərbaycan Respublikası Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən Neft sahəsinə aid olan hissəsində arayışda qeyd olunmuş peşələrə aid kod aşkar olunmadığı üçün güzəştli arayış təqdim edilməmişdir. İşdə olan cavabdehin “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-2057/2023 nömrəli qərarından görünür ki, iddiaçıya hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən aylıq 488,68 manat, xx.xx.2024-cü il tarixdən isə 543,41 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Peşə Təhsili üzrə Dövlət Agentliyinin 06 may 2022-ci il tarixli, D-233/25 nömrəli arayışına əsasən, iddiaçı həqiqətən xx.xx.1978-ci il tarixdə 119 nömrəli X5 Peşə Məktəbinin “Rəngsaz” ixtisasına qəbul olmuş və xx.xx.1981-ci il tarixdə həmin ixtisası əyani formada bitirmişdir. Onun adına yazılmış B №820307 nömrəli diplom Təhsil Nazirliyi tərəfindən həmin təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir. HЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. ИТ-İ № ******* nömrəli, 23 iyul 1983-cü il tarixli əmək kitabçasının iş yerindən təsdiq edilmiş surətinə əsasən iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək H.Əliyev adına X2 işləmiş, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək “Nijnetagil” metallurgiya kombinatında odadavamlı materiallar istehsalının bişirmə-presləmə sexində işləmiş, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Rusiya Federasiyasında tam əyani formada təhsil almışdır. xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək Nijnetagil metallurgiya kombinatında odadavamlı materiallar istehsalının bişirmə-presləmə sexində işləmiş, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək Nijnetagil metallurgiya kombinatında odadavamlı materiallar istehsalının bişirmə-presləmə sexində işləmiş, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək Sovxozda fəhlə işləmişdir. xx.xx.1991-ci il tarixdən xx.xx.2011-ci il tarixədək “Qum adası” X6 İdarəsində Kran gəmisində takelajçı peşəsində işləmiş, xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü tarixədək “Qum adası” X6 İdarəsində təmirçi çilingər peşəsində işləmiş, xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək “Qum adası” X6 İdarəsində takelajçı peşəsində işləmişdir. xx.xx.2014-cü il tarixdən hal-hazıradək “X3” trestinin Logistika bölümünün Vulkanquraşdırma sahəsində vışka quraşdıran peşəsində işləyir. “Yevraz” tərəfindən verilmiş ФО НТМК/ 692 nömrəli dəqiqləşdirici arayışda göstərilmişdir ki, iddiaçı Nijnetagil metallurgiya kombinatında tam iş günü ilə tam iş həftəsi rejimində daimi əsaslarla işləmişdir: xx.xx.1984-cü il tarixindən xx.xx.1984-cü il tarixinədək - odadavamlı materiallar istehsalının bişirmə- presləmə sexində; xx.xx.1984-cü il tarixindən xx.xx.1985-ci il tarixinədək - odadavamlı materiallar istehsalının 2 nömrəli şamot məmulatları sexində bişirmə şöbəsinin yarımfabrikatları və hazır məmulatlarının çeşidləyicisi (2060000a-18673, Siyahı 2, SSRİ Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş güzəştli pensiya təminatının 5-ci fəsli). xx.xx.1986-cı il tarixindən xx.xx.1987-ci il tarixinədək - odadavamlı materiallar istehsalının maqnezit məmulatlar sexində presləmə şöbəsinin tədarüklərin, kütlənin və hazır məmulatlar üzrə çıxarıcı-düzücü (2060000a-19058, Siyahı № 2, Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş güzəştli pensiya təminatının 5-ci fəsli). xx.xx.1989-cu il tarixindən xx.xx.1990-cı il tarixinədək - odadavamlı materiallar istehsalının 2 nömrəli şamot məmulatları sexində bişirmə şöbəsinin yarımfabrikatlar və məmulatların çeşidləyicisi (2060000a-18673, Siyahı № 2, Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş güzəştli pensiya təminatının 5-ci fəsli). Qeyd edilən dövrlərdə güzəştli işdən ayrılmadan işləmişdir. xx.xx.1992-ci il tarixindən V.İ.Lenin adına Nijnetagil metallurgiya kombinatı Tagilstroy rayon administrasiyasının xx.xx.1992-ci il tarixli 229 saylı qərarı ilə “Hijnetagil metallurgiya kombinatı” Açıq tipli səhmdar cəmiyyəti ("xxxx" ATSC) kimi qeydiyyatdan keçmişdir. xx.xx.1996-cı il tarixindən "xxxx" ATSC Tagilstroy rayon administrasiyasının xx.xx.1996-cı il tarixli 558 saylı qərarı ilə “Hijnetagil metallurgiya kombinatı” Açıq səhmdar cəmiyyətinə ("xxxx" ASC) çevrilmişdir. xx.xx.2011 -ci il tarixindən “Hijnetagil metallurgiya kombinatı” Açıq səhmdar cəmiyyəti ("xxxx" ASC) "xxxx" ASC-nin Səhmdarlarının növbədənkənar ümumi yığıncağının xx.xx.2011-ci il tarixli qərarına əsasən “YEVRAZ Nijnetagil metallurgiya kombinatı” açıq səhmdar cəmiyyəti ("xxxx" ASC) adlandırılmışdır. xx.xx.2016-cı il tarixindən “YEVRAZ Nijnetagil metallurgiya kombinatı” açıq səhmdar cəmiyyətinin ("xxxx" ASC) tam və qısa firma adı “YEVRAZ Nijnetagil metallurgiya kombinatı” səhmdar cəmiyyətinə ("xxxx" SC) dəyişdirilmişdir. “Sığorta pensiyaları haqqında” 400-FZ saylı xx.xx.2013-cü il tarixli RF Federal Qanununun 28-ci maddəsinə müvafiq olaraq müəssisə sığorta pensiyasının müəyyən edilməsi və ödənilməsi üçün təqdim edilən sənədlərdə olan məlumatların düzgünlüyünə, eləcə də icbari pensiya sığortası sistemində fərdiləşdirilmiş uçotun aparılması üçün təqdim edilən məlumatların düzgünlüyünə grə məsuliyyət daşıyır. Əsas: Ştat cədvəli 1984-1987-ci illər, 1989-1990-cı illər.1984-İ987-Cİ illər, 1989-1990-cı illər üzrə nəzarət tabelləri. 1984-1987-ci illər, 1989-1990-cı illər üçün odadavamlı məmulatlar istehsalının texnoloji prosesi. SOCAR-ın xx.xx.2022-ci il tarixli arayışında göstərilmişdir ki, iddiaçı, həqiqətən SOCAR “X3” trestinin müxtəlif idarələrində əmək şəraiti ağır və zərərli hesab edilən peşələrdə işləyib. “Qum adası” X6 idarəsi üzrə: xx.xx.1991-ci ildən xx.xx.2011-ci ilədək Kran gəmisində takelajçı; (2150300a—18451) Qazmaservis və Logistika İdarəsi üzrə: xx.xx.2011-ci ildən xx.xx.2013-cü ilə dək Top drayv, yasslar və hidrogenişləndiricilərə xidmət sexində təmirçi çilingər; xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilədək İstehsalat dispetçer xidmətində takelajçı peşələrində işləyib. xx.xx.2014-cü ildən hal-hazıradək "X3" trestinin Logistika bölümünün (xx.xx.2021-ci ildən Qazmaservis İstehsalat bölümü adlandırılıb) Vışkaquraşdırma sahəsində vışka quraşdıran peşəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarına 2 nömrəli siyahıya əsasən, Kran gəmisində takelajçı (2150300a—18451 “gəmi takelajçı lari”) peşəsi üzrə xx.xx.1991 -ci ildən xx.xx.2006-cı ilədək güzəştli əmək stajı 14 il, 8 aydır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarına əsasən, xx.xx.2006-cı ildən xx.xx.2011-ci ilədək Kran gəmisində takelajçı (siyahı 11.6 "gəmi takelajçıları”), xx.xx.2014-ci ildən hal-hazıradək vışka quraşdıran peşələri üzrə (siyahı 10.1) güzəştli əmək stajı - 13 il, 02 aydır. Əsas: əmək kitabçası. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilmişdir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd edilən müddəalarından görünür ki, xx.xx.2021-ci ildən sonra kişilər üçün əmək pensiyası hüququ verən yaş həddi 65 yaş müəyyən edilir. Əgər kişilər həmin dövrə qədər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıda nəzərdə tutulmuş işlərdə 12 il 6 ay işləmiş olsalar, onlara pensiya yaşı 5 il azaldılmaqla yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı onun altmış yaşının tamam olduğu xx.xx.2022-ci il tarixində 25 ildən artıq ümumi stajı, 12 il 6 aydan artıq isə güzəştli stajı olduğunu iddia edərək ona həmin tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini xahiş edir. Belə olan halda iddiaçı həmin tarixdə ümumi əmək stajının ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Cavabdeh tərəfindən iddiaçının ümumi stajının 25 ildən artıq olması mübahisələndirilmir. Lakin cavabdeh iddiaçının “Qum Adası” X6 idarəsində xx.xx.1991xx.xx.2011 -ci il tarixləri arasındakı dövr ərzində “Kran gəmisində takelajçı”, xx.xx.2013xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində “Qazmaservis və Logistika İdarəsində top drayv, yasslar və hidrogenişləndiricilərə xidmət sexində təmirçi çilingər” vəzifələrində işlədiyi dövrləri güzəştli staj kimi nəzərə almayaraq, onun güzəştli stajının 11 il 7 ay 19 gün təşkil etdiyini bildirmiş və tələbin təmin edilməsindən imtina etmişdir. Buna baxmayaraq iddiaçının sonuncu çalışdığı peşənin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olması səbəbindən onun güzəştli stajının tamam olduğu xx.xx.2023-cü ildən əmək pensiyası təyin etmişdir. Məhkəmə sorğusuna cavab olaraq “SOCAR” “X3” trestinin xx.xx.2024-cü il tarixli arxiv arayışında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda iddiaçının “Qum adası“ X6 İdarəsində xx.xx.1991-ci ildən xx.xx.2011-ci ilədək çalışdığı “Kran gəmisində 4cü dərəcəli takelajçı” və xx.xx.2011-ci ildən xx.xx.2014-cü ilədək çalışdığı “top drayv, yasslar və hidrogenişləndiricilərə xidmət sexində 5-ci dərəcəli təmirçi çilingər” peşələrinə uyğun kod aşkar edilmədiyi üçün güzəştli arayışın təqdim edilməsindən imtina edildiyi bildirilmişdir. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçıya ünvalandığı imtina məktubu ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi baxımından nəticə etibarilə qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur . Bu səbəbdən cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar