Məhkəmə qərarları › İş №2-1(112)-2260/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2260/2025

30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2260/2025 30.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın və plan-ölçünün verilməsi” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində mülkiyyət hüququ üzrə ona məxsus torpaq sahəsinə dair çıxarışın və torpaq sahəsinin plan-ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. İddiaçının hüquqi varisi X1 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı-həyat yoldaşı İddiaçı 04 yanvar 2025-ci il tarixdə vəfat etməsini nəzərə alaraq onun hüquqi varisi kimi işə cəlb edilməsi barədə qərardad qəbu edilməsini xahiş etmişdir. Ərizəyə əlavə edilmiş 7 saylı Bakı “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, qeyd olunan ərizə təmin edilməməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 58.1-ci maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. MPM-in 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Göründüyü kimi, mövcud qanunvericiliyə görə daşınmaz əmlaka hüquqların qeydiyyata alınmasını və bu barədə reyestrdən çıxarışın verilməsini hüququ olan şəxsin ərizəsinin (müvafiq hüquqmüəyyənedici sənədlərlə birlikdə) inzibati orqan kimi qeydiyyat orqanına təqdim olunması ilə şərtləndirilir və həmin orqanda aparılan inzibati icraat məhz hüququ olan şəxsin ərizəsi əsasında başlanır. Hazırkı iş üzrə mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı müvafiq sənədlər mərhum İddiaçı adına tərtib edildiyindən, yəni hüquq sahibi məhz İddiaçı olduğundan, iddiaçı hüquq varisi ilə əvəz edildiyi halda, hüquq münasibətinin obyekti dəyişir və “mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması” kimi deyil, qanunvericiliyin tələbi baxımından, “hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” məzmununda ayrıca mübahisə yaranır. Çünki qanunvericilik daşınmaz əmlaka hüququ qeydiyyata alınmadığı halda, şəxs öldükdən sonra onun vərəsəsinin qeydiyyat orqanından daşınmaz əmlaka hüququ təsdiq edən çıxarış deyil, yalnız əmlaka mərhumun hüququnun olmasına dair arayışın alınması ilə bağlı müraciət etmək hüququnu verir. Hansı ki, həmin arayış əsasında alınmış vərəsəlik sənədləri əsasında sonradan vərəsənin hüququ qeydiyyata alına və bu barədə reyestrdən çıxarış verilə bilər. Ona görə də, daşınmaz əmlaka hüququn qeydiyyatı ilə bağlı qeydiyyat orqanına hüququ olan şəxsin etdiyi müraciətlə həmin şəxs öldükdən sonra onun vərəsəsinin müvafiq müraciəti eyni ola bilməz. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı vəfat etdiyindən və mübahisə edilən hüquq münasibəti üzrə hüquq varisliyinə yol verilmədiyindən, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı qanun və ya vəsiyyət üzrə vərəsəsinin mübahisə predmeti olan torpaq sahəsi üzərində hüququn ölmüş şəxsə məxsus olmasına dair arayış verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmək, imtina verildiyi halda müvafiq iddia tələbi ilə cavabdehə qarşı iddia irəli sürmək imkanı vardır. İPM-in 81.1-ci maddəsinə görə inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apelyasiya qaydasında apelyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. İPM-in 85.1-ci maddəsinə görə şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim edildiyi vaxtdan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə tərəflər Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verə bilərlər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar