Məhkəmə qərarları › İş №2-1(112)-2261/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2261/2025

01.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2261/2025 01.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksiz Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı “artıq ödənilmiş gömrük ödənişinin geri qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksiz Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehdən 5523,11 manat məbləğində pulun alınaraq iddiaçının hesabına ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və Latviyanın “X4 LLC” (VÖEN: LV**********4, Ünvan: Ogre şəhəri Latviya, "Ogre, Saules prospekts 5. LV-5001”) şirkəti arasında 05 aprel 2024-cü il tarixli xx.xx.2024 nömrəli “Nəqliyyat vasitəsinin alqısatqı” müqaviləsi bağlanmışdır. Bağlanmış müqaviləyə əsasən "xxxx" MMC şirkəti həmin şirkətdən invoys dəyəri 13.500 avro olan 1 ədəd “Es-Ge 5s0u” markalı (Vin: W09GLN5757EE32660) ağır yüklərin daşınması üçün işlənmiş yarımqoşqu almışdır. İnvoysda qeyd olunan və yarımqoşqunun dəyəri olan 13.500 euro məbləğ "xxxx" MMC-nin bank hesabından Latviyanın “X4 LLC”-nin bank hesabına köçürmə yolu ilə köçürülmüşdür. 01 iyul 2024-cü il tarixdə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində yarım qoşqunun gömrük rəsmiləşdirmə prosesi başlanmışdır. İlkin gömrük rəsmiləşdirmə zamanı malın gömrük dəyəri 30168,60 AZN olaraq qiymətləndirilmiş və nəticədə **********59713 saylı gömrük bəyannaməsinə əsəsən 7395,20 AZN ümumi gömrük rüsumları hesablanmış və həmin məbləğ iddiaçı şirkət tərəfindən ödənilmişdir. Daha sonra isə gömrük əməkdaşları tərəfindən heç bir əsaslı səbəb olmadan yarım qoşqunun 30168,60 AZN olan gömrük dəyəri qaldırılaraq, yarımqoşquya yeni 52795,05 AZN gömrük dəyəri təyin edilmiş və nəticədə **********59713 saylı gömrük bəyannaməsinə əsəsən 12918,31 AZN ümumi gömrük rüsumları hesablanmışdır. Aparılan bu yanlış hesablama və əsası olmayan səbəblərdən dolayı iddiaçı əlavə 5523,11 AZN ümumi gömrük rüsumları ödəmişdir. Gömrük əməkdaşlarından bunun səbəbini soruşduqda cavabında bildirmişlər ki, iddiaçının təqdim etdiyi sənədlərin onlar üçün heç bir hüquqi əsası yoxdur və yalnız onlar özlərinin təyin etdiyi gömrük dəyərinə uyğun olaraq ümumi gömrük rüsumları hesabayırlar. Əlavə olaraq qeyd edilir ki, problemlə bağlı xx.xx.2024-cü il tarixdə X3 Baş Gömrük İdarəsinə rəsmi məktub ünvanlanmış, lakin məktuba heç bir rəsmi cavab əldə edilməmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməni icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya dair yazılı münasibətdə (etiraz) bildirilmişdir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 221.1-ci maddəsinə əsasən apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin "Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla, müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı, o cümlədən elektron bildiriş təqdim edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən **********9713 sorğu nömrəli gömrük bəyannaməsi üzrə bəyan etdiyi istehsal tarixi xx.xx.2007-ci il olan (şassi/ban no:W09GLN5757EE32660) 1 ədəd “ES-GE 5S0U meydança tipli yarımqoşqu”nun dəyərinə düzəliş edilməsi barədə GDD********** nömrəli, xx.xx.2024-cü il tarixli bildiriş təqdim edilmişdir. Həmin bildirişdə MMC-yə onun hüquqları və vəzifələri barədə məlumat verilmiş, ona təqdim edilmiş gömrük dəyərinə düzəliş edilməsi üçün bildirişdə gömrük dəyərinə təklif edilən düzəlişlə razılaşmadıqda yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Həmçinin iddiaçı iddia ərizəsində Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə ünvanladığı məktubun hələ də cavablandırılmadığını bildirsə də, həmin müraciətə Baş İdarədə baxılmış və 3-33-3300/2- 000626/2024 nömrəli, 21,08.2024-cü il tarixli məktubla cavablandırılmış, eyni zamanda cavab məktubunda gömrük dəyərinə düzəliş edilən zaman “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin əsas götürüldüyü, ondan əvvəlki üsulların hansı səbəbdən əsas olaraq götürülmədiyi qeyd olunmuşdur. Nəzərə çatdırılır ki, iddia ərizəsində qeyd olunan nəqliyyat vasitələrinin dəyərinə düzəliş, məhz idxalatçının özü tərəfindən yuxarıda göstərilən üsullardan hər hansı birinə istinad edilmiş və bütün gömrük ödənişləri ödənilərək rəsmiləşdirmə başa çatdırılmışdır. Həmçinin iddiaçı gömrük orqanına təqdim etdiyi **********9713 sorğu nömrəli gömrük bəyannaməsinin 50-ci qrafasında gömrük bəyannamələrində göstərilən məlumatların düzgünlüyünü təsdiq etmiş və bundan sonra avtonəqliyyat vasitələri sərbəst dövriyyəyə buraxılmışdır. Eyni zamanda xüsusi olaraq bildirilir ki, Gömrük Məcəlləsinin 40.2-ci maddəsinə əsasən gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Gömrük Məcəlləsinin 267.1-ci, 269-cu maddələrində və “Gömrük ödənişlərinin qaytarılması Qaydaları"nın 2.1-ci, 4-cü bəndlərində qeyd olunanlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunan iddia tələbində əsaslandırılmadığından və gömrük orqanı tərəfindən gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verilmədiyindən iddia tələbi əsassızdır. Eyni zamanda xüsusi olaraq bildirilir ki, malın gömrük dəyərinin müəyyənləşdirilməsi zərurəti yarandıgda, mal sahibi və ya bəyannaməçi məcburi qərar çıxarılması üçün gömrük rəsmiləşdirilməsini aparan orqana müraciət edə bilər. Belə ki, Gömrük Məcəlləsinin 50.1-ci maddəsinə əsasən şəxs konkret mallar və əməliyyatlarla əlaqədar malların təsnifatını, gömrük dəyərini, mənşə ölkəsini və gömrük ödənişlərinin məbləğini əvvəlcədən müəyyənləşdirmək məqsədilə gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Gömrük orqanları həmin müraciət əsasında bu mallar və əməliyyatlarla əlaqədar malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin müəyyən edilməsi baxımından məcburi olan qərarlar qəbul edirlər. Eyni zamanda həmin Məcəllənin 299.4-cü maddəsinə əsasən də fiziki şəxs gömrük sərhədindən keçirmək istədiyi malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin əvvəlcədən müəyyənləşdirmək məqsədilə gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Həmin müraciət əsasında bu Məcəllənin 50-ci maddəsinə müvafiq olaraq malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin müəyyən edilməsi baxımından icrası gömrük orqanları üçün məcburi olan qərar qəbul edilir. Yuxarıda qeyd olunan Gömrük Məcəlləsinin 50-ci və 299.4-cü maddələrinin müddəalarının mənasından bəlli olur ki, xarici iqtisadi fəaliyyət aparıldığı təqdirdə, o cümlədən malların idxalı zamanı onların gömrük dəyərinin müəyyən edilməsi zəruridir, çünki həmin gömrük dəyərinə uyğun olaraq mallar bəyan edilməli və gömrük rüsumları ödənilməlidir. Bu prosedur zamanı maraqlı şəxs malları bəyan etməzdən əvvəl onların gömrük dəyərinin müəyyən edilməsi məqsədilə əvvəlcədən gömrük orqanına müraciət etdiyi halda, gömrük orqanı malın gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı məcburi olan qərar qəbul etməlidir. İddiaçı bununla bağlı gömrük orqanına müraciət etməmiş və vaxtında bu hüququndan istifadə etməmişdir. Gömrük qanunvericiliyinə uyğun olaraq gömrük ödənişləri düzgün hesablanmışdır. Beləliklə, yuxarıda qeyd edilən müvafiq qanunvericilik aktlarında göstərilənlər onu deməyə əsas verir ki, iddianın heç bir hüquqi əsası yoxdur, iddia əsassızdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinə uyğun məzmunda izahat verərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -İddiaçı MMC tərəfindən Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçı hazırkı tələbin təmin edilməsini cavabdehdən xahiş etmişdir. -“X4” LLC ilə alıcı İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, tərəflər arasında Latviya Respublikasının “X4” LLC” Şirkətindən dəyəri 13500 avro müəyyən edilmiş ağır yüklərin daşınması üçün işlənmiş yarım qoşqunun alqı-satqısına dair müqavilə bağlanmışdır. -“Azərbaycan Beynəlxalq Bankı” tərəfindən verilmiş 208OCT********** №-li debit haqqında bildirişdən görünür ki, İddiaçı MMC tərəfindən “X4” LLC Şirkətinə 13500 avro məbləğində ödəniş edilmişdir. -**********9713 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə “X4” LLC” tərəfindən göndərilmiş mənşə ölkəsi Almaniya Federativ Respublikası, göndərən ölkə Latviya Respublikası olan yarım qoşqu İddiaçı MMC tərəfindən qəbul edilmiş və gömrük rəsmiləşdirilməsi üçün xx.xx.2024-cü il tarixdə bəyannamə təqdim edilmişdir. Gömrük bəyannaməsinin 12-ci qrafasında ümumi gömrük dəyəri 30168,60 manat, 31-ci qrafasında Yarımdək: ES-GE 5S0U, ist.tarixi: xx.xx.2007, müh.həcmi: 0 sm3, şassi/ban no:W09GLN5757EE32660, 33-cü qrafasında malın kodu 871639 8000, 42-ci qrafasında invoys dəyəri 13500,00 manat, 45-ci qrafasında gömrük dəyəri 30168,60 manat, 46-cı qrafasında statistik dəyəri 17746,24 manat, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 0/1 seçilərək bəyan olunmuşdur. Bəyannamənin B qrafasında hesablama detallarının cəmi olaraq gömrük ödənişi cəmi 7395,20 manat müəyyən edilmişdir. Həmin bəyannamənin 50-ci qrafasından görünür ki göstərilən məlumatlar “İMEX-AZ GROUP" MMC ilə GB-də göstərilən məlumat təsdiq edilmiş və bəyan edilmişdir. -“Azərbaycan Beynəlxalq Bankı” tərəfindən verilmiş ********** nömrəli, ********** və ********** nömrəli mədaxil qəbzlərindən görünür ki, "xxxx" MMC tərəfindən avans-gömrük ödənişləri üzrə ümumilikdə 7395,2 manat ödənilmişdir. -**********9713 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə “X4” LLC” tərəfindən göndərilmiş mənşə ölkəsi Almaniya Federativ Respublikası, göndərən ölkə Latviya Respublikası olan meydança tipli yarım qoşqu İddiaçı MMC tərəfindən qəbul edilmiş və gömrük rəsmiləşdirilməsi üçün xx.xx.2024-cü il tarixdə bəyannamə təqdim edilmişdir. Gömrük bəyannaməsinin 33-cü qrafasında malın kodu 871639 8000, 42-ci qrafasında invoys dəyəri 135000,00 manat, 31-ci qrafasında MEYDANÇA TİPLİ YARİMQOŞQU: ES-GE 5 S0U is.tarixi: xx.xx.2007 müh.həcmi: 0 sm3 şassi/ban no: W09GLN5757EE32660, 45-ci qrafasında gömrük dəyəri 52795,05 manat, 46-cı qrafasında statistik dəyəri 31055,91 manat, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1/6 seçilərək bəyan olunmuşdur. Bəyannamənin B qrafasında hesablama detallarının cəmi olaraq gömrük ödənişi cəmi 12918,31 manat müəyyən edilmişdir. Həmin bəyannamənin 50-ci qrafasından görünür ki, göstərilən məlumatlar “İMEX-AZ GROUP" MMC ilə GB-də göstərilən məlumat təsdiq edilmiş və bəyan edilmişdir. -“Azərbaycan Beynəlxalq Bankı” tərəfindən verilmiş ********** nömrəli, ********** və ********** nömrəli mədaxil qəbzlərindən görünür ki, "xxxx" MMC tərəfindən avans-gömrük ödənişləri üzrə əlavə olaraq ümumilikdə 5523,11 manat ödənilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, İddiaçı ilə Latviyanın “X4 LLC” şirkəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə əsasında “X4 LLC” şirkətindən İddiaçı ünvanına daxil olmuş “meydança tipli yarımqoşqu” malının xx.xx.2024-cü il tarixdə **********9713 sorğu nömrəsi ilə gömrük rəsmiləşdirilməsi üçün həmin malın invoys dəyəri göstərilməklə müvafiq gömrük bəyannaməsi cavabdehə təqdim edilmişdir. Təqdim edilmiş gömrük bəyannaməsində malın gömrük rəsmiləşdirilməsi aparılmışdır. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra iddiaçı cavabdehə təqdim olunmuş müqavilə və invoysa əsasən malın dəyərinin qaldırılması, nəticədə onlar tərəfindən artıq ödəniş edilməsini göstərməklə, artıq ödənilmiş məbləğin geri ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. Bundan sonra iddiaçı yuxarıda göstərilən tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsinə əsasən, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir (İİ hissə). Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: -1.0.11-ci maddəsinə əsasən, gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. -1.0.12-ci maddəsinə əsasən, gömrük dəyəri – malların “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilən dəyəridir. -146.1-ci maddəsinə əsasən, gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir (146.2). -150.4-cü maddəsinə əsasən, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün tələb olunan elektron, yaxud kağız üzərində yazılı formalarda sənədlər gömrük orqanlarına gömrük bəyannaməsinin təqdim edildiyi vaxt verilməlidir; -153.4-cü maddəsinə əsasən, gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil; -162.2-cü maddəsinə əsasən, gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir; -220.1-ci maddəsinə əsasən, malların gömrük dəyəri bəyanetməni həyata keçirən şəxs tərəfindən bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada müəyyən olunur. -221.1-ci maddəsinə görə, apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı bildiriş təqdim edir. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanunun 7.4-cü maddəsinə əsasən, malların gömrük dəyərinin müəyyən edilməsi sadə və ədalətli meyarlara əsaslanmalı və gömrük dəyərləndirilməsinin prosedurları malların təchizat mənbələrindən asılı olaraq fərqlənməməlidir. Həmin Qanunun 7.4-cü maddəsinə əsasən, malların gömrük dəyərinin müəyyən edilməsi sadə və ədalətli meyarlara əsaslanmalı və gömrük dəyərləndirilməsinin prosedurları malların təchizat mənbələrindən asılı olaraq fərqlənməməlidir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. Həmin maddənin 2-ci hissəsində qeyd edilir ki, malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Həmin Qanunun malların sövdələşmə qiyməti adlanan 13.1-ci maddəsinə əsasən, gömrük ərazisinə gətirilən malların gömrük dəyəri, bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsi aparılmaqla, Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət sövdələşmə qiyməti hesab olunur, bu şərtlə ki: 13.1.1. alıcının dəyərləndirilən mallara dair sərəncam və ya istifadə hüququna məhdudiyyətlər nəzərdə tutulmasın (qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlər, malların təkrar satıla biləcəyi coğrafi ərazi məhdudiyyətləri, malların dəyərinə əhəmiyyətli dərəcədə təsir etməyən məhdudiyyətlər istisna olmaqla); 13.1.2. satış və ya malların qiyməti həmin mallara münasibətdə dəyəri müəyyən edilə bilməyən hər hansı şərt və öhdəliklərdən asılı olmasın; 13.1.3. alıcı tərəfindən mallara dair sərəncam verilməsindən və ya onların istifadəsindən satıcı birbaşa və ya dolayı yolla mənfəət əldə etməsin, əgər bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsinin aparılması mümkün deyilsə; 13.1.4. bu Qanunun 13.1.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, malların alıcısı və satıcısı əlaqəli şəxslər olmasınlar; 13.1.5. alıcı ilə satıcı əlaqəli şəxslər olduğu halda, onlar arasındakı münasibətlər mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymətə təsir etməsin və ya idxalatçı malların sövdələşmə qiymətinin bu Qanunun 13.7-ci maddəsinin tələblərinə cavab verdiyini sübut etsin. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən idxal olunan malların gömrük dəyərini bu Qanunun 13–17-ci maddələrinə əsasən müəyyənləşdirmək mümkün olmadıqda, gömrük dəyəri bu Qanunun 7.1-ci maddəsinə uyğun olaraq, beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə, habelə bu Qanunun gömrük dəyərləndirilməsinə dair müddəalarına uyğun vasitələrdən istifadə etməklə və gömrük ərazisində mövcud olan məlumatlar əsasında müəyyən edilir. İş materiallarından məlum olur ki, tərəflər arasında mübahisə yuxarıda qeyd olunan gömrük bəyannaməsinə əsasən iddiaçı tərəfindən gömrük ərazisinə gətirilən malın gömrük dəyərinin müəyyən edilməsi üsulu ilə bağlı yaranmışdır. İşin araşdırılan hallarından görünür ki, iddiaçı gömrük ərazisinə gətirdiyi malın gömrük dəyərinin “Gömrük tarifi haqqında” Qanunun 12.1.1-ci maddəsində təsbit olunmuş ilkin üsulla (malın sövdələşmə qiyməti ilə) müəyyən edilməsi üçün sənədləri cavabdehə təqdim etmişdir. Belə ki, müqavilənin tərkib hissəsi olan invoys və malı müşayiət edən invoys əsasında gömrük ərazisinə gətirilən malın gömrük dəyərini, Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan sövdələşmə qiymətini müəyyən etmək mümkündür. Lakin cavabdeh tərəfin mövqeyinə görə malların gömrük dəyərinin malların sövdələşmə qiyməti ilə müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də malların gömrük dəyəri həmin Qanunun tələbinə uyğun olaraq sonuncu üsulla- ehtiyat üsulu ilə müəyyən edilmişdir. Halbuki, istinad olunan Qanunun 13-cü maddəsində gömrük dəyərinin birinci üsulla, yəni malların sövdələşmə qiyməti ilə hesablanmasının mümkün olmadığı hallar göstərilmişdir. Başqa sözlə, ilk növbədə gömrük dəyəri malların sövdələşmə dəyərinin mümkünsüzlüyü sübuta yetirilməlidir ki, alternativ üsuldan istifadə etmək üçün zəmin yaranmış olsun. Çünki malların sövdələşmə qiymətinin gömrük dəyərinin müəyyən edilməsi baxımından əsas üsul olduğu “Gömrük tarifi haqqında” Qanunda birbaşa təsbit edilmişdir. Habelə, Qanunda əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər birinin ardıcıl olaraq tətbiq edilməsi göstərilmişdir. Cavabdeh isə istər inzibati icraat dövründə, istərsə də məhkəmə araşdırması zamanı nə birinci üsuldan, nə də digər alternativ üsullardan ardıcıl olaraq istifadə edilmənin qeyri-mümkünlüyünü əsaslandıra bilmiş, bu barədə hər hansı tutarlı sübut təqdim etməmiş, ümumi ifadələrdən istifadə etməklə mövqeyini əsaslandırmağa çalışmışdır. Cavabdeh gömrük orqanının digər dəlili ondan ibarətdir ki, İddiaçı malı bəyan etməzdən əvvəl onun gömrük dəyərin müəyyən edilməsi məqsədi ilə əvvəlcədən gömrük orqanına müraciət etməmiş, bununla da, vaxtında həmin hüququndan istifadə etməmişdir. Məhkəmə bildirir ki, “Gömrük ekspertizasının aparılması Qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli, 232 nömrəli qərarı ilə təsdiq edilmişdir. Sözügedən Qaydaların 4.1-ci bəndinə əsasən Gömrük Məcəlləsinin 322.1-ci maddəsində göstərilənlərin (o cümlədən malların gömrük dəyərinin təyin olunması) müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri gömrük ekspertizasının aparılması ilə bağlı gömrük laboratoriyasına yazılı və ya elektron formada müraciət etmək hüququna malikdirlər. Gömrük Məcəlləsinin 322.1-ci maddəsinə əsasən, gömrük ekspertizasının aparılmasının məqsədi aşağıdakılardan ibarətdir: 322.1.1. malların tərkibinin və texniki göstəricilərinin müəyyən edilməsi; 322.1.2. malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi; 322.1.3. malların mənşə ölkəsinin, emal prosesində hasilat normalarının, istehsal tarixinin və keyfiyyətinin müəyyən edilməsi; 322.1.4. ixrac nəzarətinə düşən malların ikili təyinatlı olmasının yoxlanılması; 322.1.5. malların kimyəvi və mineraloji tərkibinin müəyyən edilməsi; 322.1.6. ekoloji baxımdan təhlükəli, tərkibində ozondağıdıcı maddələr olan malların və tullantıların müəyyən edilməsi; 322.1.7. radiasiya təhlükəsi olan malların müəyyən edilməsi; 322.1.8. malların gömrük dəyərinin təyin olunması; 322.1.9. malların tarixi və sənətşünaslıq baxımından dəyərliliyinin müəyyən edilməsi. Həmin Məcəllənin 322.2-ci maddəsinə əsasən, Gömrük ekspertizası mallar üzərində gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdirilməsi aparılarkən, habelə malların təsnifatı ilə bağlı məcburi qərarların qəbul edilərkən, bu Məcəllənin 322.1-ci maddəsində göstərilənlərin müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda aparılır. İstinad edilən normaların tələblərindən göründüyü kimi, gömrük ekspertizası o halda təyin olunur ki, Gömrük Məcəlləsinin 322.1-ci maddəsində göstərilənlərin (o cümlədən, malların gömrük dəyərinin) müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunsun. Hazırkı işdə iddiaçıya məxsus malın dəyərinin müəyyən edilməsi üçün xüsusi biliklərin tələb olunduğuna, bu səbəbdən də gömrük ekspertizasının təyin olunmasını zəruri edən hallara dair hər hansı məlumat yoxdur. Deməli, bu hüquqdan iddiaçının istifadə etməsi üçün də zərurət və əsaslar olmamışdır. Əksinə, iddiaçı gömrük ərazisinə gətirdiyi malın gömrük dəyərinin “Gömrük tarifi haqqında" Qanunun 12.1.1-ci maddəsində təsbit olunmuş ilkin üsulla (malın sövdələşmə qiyməti ilə) müəyyən edilməsi üçün sənədləri cavabdehə təqdim etmişdir. Eyni zamanda, yuxarıda vurğulandığı kimi, həmin Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan və 12.1.1-ci maddəsində təsbit olunmuş ilkin üsulun, habelə 12.1-ci maddədə nəzərdə tutulan digər alternativ üsulların (12.1.2-12.1.5) tətbiqini istisna edən şərtlərin mövcudluğuna dair sübut da işdə yoxdur. Halbuki, cavabdeh inzibati orqan malların gömrük dəyərinin müəyyən edilməsi baxımından ətraflı araşdırma aparmaqla və digər yetərli sübutlarla fərqli nəticəyə gələ bilərdi. Cavabdehin digər dəlili iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsində malın gömrük dəyərini göstərilən üsullardan birinə istinad edərək sərbəst iradə ilə təsdiqləməsi və ödəməsi, nəticə etibarı ilə tərəflər arasında gömrük ödənişlərində hər hansı mübahisənin yaranmaması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, hətta iddiaçı gömrük dəyərinin müəyyən edilməsinin üsulunu sərbəst iradə ilə seçsə belə, inzibati orqan öz xidməti vəzifəsinə uyğun olaraq iddiaçı üçün əlverişli olan, “Gömrük tarifi haqqında” Qanunun 12.1.1-ci maddəsində təsbit olunmuş ilkin üsulun (malın sövdələşmə qiymətinin) iddiaçı barəsində tətbiqi üçün xidməti vəzifəsindən irəli gələn hərəkətləri (yardım etmə, məlumatlandırma, məsləhət vermə) etməli idi. Belə ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 23.2-ci maddəsinin (İnzibati orqan tərəfindən məsləhətlərin və zəruri məlumatların verilməsi) müddəalarının tələbinə görə, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Həmin Qanunun 24.1-ci maddəsinin tələbinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2-ci maddə). Cavabdeh inzibati orqanın maraqlı şəxsə yardım göstərilməsi, məsləhətlərin və zəruri məlumatların verilməsində ifadə olunan xidməti vəzifələrinə dair məcburi göstərişlər Gömrük Məcəlləsində də təsbit olunmuşdur. Belə ki, həmin Məcəllənin 40.4-cü maddəsinin tələbinə görə, gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər. Sadalanan xüsusatlara əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hətta bəyannamənin məzmunu bəyannaməçinin iradəsinə uyğun olduğu halda belə, bu, gömrük orqanını (onun vəzifəli şəxsini) “İnzibati icraat haqqında” Qanunun 23.2, 24.1, 24.2-ci maddələrində və Gömrük Məcəlləsinin 40.4-cü maddəsində təsbit olunmuş xidməti vəzifələrini icra etmək öhdəliyindən azad etmir. Məhkəmə cavabdehin bəyannamədəki məlumatların düzgünlüyünə görə iddiaçının məsuliyyət daşımasına dair dəlilinə münasibətdə qeyd edir ki, hər-hansı çatışmazlıq və ya uyğunsuzluğun olduğu hallarda bu barədə iddiaçıya bildiriş vermək, bununla bağlı onu yazılı və şifahi qaydada məlumatlandırmaq Gömrük Məcəlləsinin 70.1-ci maddəsinə əsasən gömrük orqanlarının vəzifələrinə aid edilmişdir. Belə ki, Gömrük Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, şəxsin və ya onun nümayəndəsinin bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının tələblərini, o cümlədən digər prosedurları pozmaqla malları idxal və ixrac etməsi, gömrük dəyərini düzgün bəyan etməməsi, gömrük güzəştlərindən təyinatı üzrə, yaxud düzgün istifadə etməməsi barədə kifayət qədər əsas olduqda, gömrük orqanlarının vəzifəli şəxsləri yazılı bildiriş göndərməklə onlardan bu Məcəllənin 70.2-ci maddəsində göstərilən müddəti əhatə edən müvafiq sənədlərin təqdim olunmasını tələb edirlər. Lakin cavabdehin bu məzmunda iddiaçıya hər hansı bildiriş verməsi, bununla bağlı onu hər hansı formada məlumatlandırmasına dair gömrük orqanı tərəfindən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli, 25 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 2.1-ci bəndinə əsasən, gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: 2.1.1. mallar qüsurlu olduqda; 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. Həmin Qaydaların, 5.1-ci bəndinə əsasən gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. Həmin Qaydalar 6.1-ci bəndinə əsasən Gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. Gömrük ödənişlərinin qaytarılması və ya bundan imtina edilməsi haqqında qərar şəxs tərəfindən ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün müddətində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır (6.2). Gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir (6.7). Tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti gömrük rüsumunun dövlət büdcəsindən qaytarılması məqsədi ilə ərizə daxil olduğu tarixdən 15 (on beş) gün müddətində gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına, 1 nüsxəsi ərizəçiyə göndərilir, 1 nüsxəsi isə gömrük orqanında qalır (6.8). Gömrük orqanı bu Qaydaların 6.2-ci bəndində qeyd olunan gömrük yığımlarının və haqqın qaytarılması haqqında qəbul etdiyi qərarın və ərizənin surətinin 1 (bir) iş günü müddətində Komitəyə göndərilməsini təmin edir (6.9). “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan gömrük rəsmiləşdirilməsi üzrə inzibati icraatı apararkən «İnzibati icraat haqqında» Qanunun 11, 16, 23 və 24-cü maddələrinin tələblərini pozmuş, bununla da hazırkı iddiaçıya münasibətdə əlverişli olmayan hərəkətlərə yol vermişdir. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı ilə Latviyanın “X4 LLC” şirkəti arasında bağlanılmış xx.xx.2024-cü il tarixli müqavilə əsasında, “X4 LLC” şirkəti tərəfindən iddiaçının ünvanına göndərilən mallara dair gömrük bəyannaməsinin rəsmiləşdirilməsi zamanı gömrük ödənişləri üzrə artıq ödənilmiş 5523,11 manat vəsaitin İddiaçınə qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksiz Mallar üzrə Baş Gömrük İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar