Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2262/2023 09.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Bakı Şəhər İcra Hakimiyyətin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətnun cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia əriəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 29 oktyabr 2014-cü il tarixli, 520 saylı sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin xx.xx.2005-ci il tarixli, 02 saylı müraciəti əsasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli sərəncamı ilə Yasamal rayonu, H.Cavid küçəsi, 558-566-cı məhəllələrdə yaşayış binasının layihələndirilməsi və tikintisi üçün MMC-yə 1,7 ha torpaq sahəsi ayrılmış və həmin sahədə MMC tərəfindən baş plan üzrə 8 girişli, 16 mərtəbəli yaşayış binasının inşa edilməsi nəzərdə tutulmuşdur. Baş plan üzrə nəzərdə tutulan 8 girişdən 2 giriş inşa edilmişdir. Qalan 6 girişdən 4 giriş üçün nəzərdə tutulan ərazi, yəni 0,89 ha ərazi İddiaçı MMC-nin vətəndaşlara və vergiyə olan borcunun (7.793.587 (yeddi milyon yeddi yüz doxsan üç min beş yüz səksən yeddi) manat əsas borc və ******* (üç milyon iki yüz altı min dörd yüz on üç) manat faiz borcu) ödənilməsini təmin etmək üçün İddiaçı MMC, "xxxx" İKB ASC, "xxxx" MMC və digəriləri arasında “Borcun köçürülməsi və hüququn güzəşti haqqında” xx.xx.2013-cü il tarixli müqavilə şərtlərinə uyğun olaraq "xxxx" MMC-yə verilməsi üçün İddiaçı MMC tərəfindən razılıq məktubu verilmişdir. ”Golden Palace” MMC İddiaçı MMC tərəfindən razılıq məktubu verildikdən sonra, xx.xx.2013-cü il tarixli müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədən və səlahiyyəti olmayan şəxs tərəfindən xx.xx.2014-cü il tarixdə, 16/10 saylı məktubla Bakı ŞİHB-nə müraciət edərək İddiaçı MMC-yə məxsus 1.54 ha ərazidən eyni məqsəd üçün 0,89 ha ərazinin "xxxx" MMC-yə ayrılmasını xahiş edir. Bildiririlir ki, "xxxx" İKB ASC, "xxxx" MMC və digəriləri arasında “borcun köçürülməsi və hüququn güzəşti haqqında” xx.xx.2013-cü il tarixli bağlanmış müqavilə şərtləri "Nikoyl” İKB ASC, "xxxx" MMC tərəfindən yerinə yetrilməmişdir. Bu baxımdan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 04/11 və 05/11 №-li razılıq məktubları təsisçi tərəfindən xx.xx.2013-cü il tarixdə ləğv edilmiş və 27 dekabr 2013-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Hacıbala Abutalıbova İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2013cü il tarixli 04/11 və 05/11 № li razılıq məktublarının ləğv edilməsinə dair yazılı müraciət edilmişdir. Bakı ŞİHB-nın xx.xx.2014-cü il tarixli 520 saylı sərəncamı verilsə də, ərazinin bölgüsü ilə əlaqədar "xxxx" MMC məlumatlandırılmamış və onunla bağlanmış icarə müqaviləsi bu günədək dəyişdirilməmişdir. Bakı ŞİHB-nın xx.xx.2005-ci il tarixli sərəncamına edilmiş dəyşikliklərlə əlaqədar İddiaçı MMC-yə heç bir sənəd verilməmişdir. Hal-hazırda ünvan ünvanda İddiaçı MMC-yə məxsus 1.54 ha ərazi İddiaçı MMC-nin nəzarətində və istifadəsindədir və həmin ərazi üzrə vergi öhdəliyi bu gündə İddiaçı MMC tərəfindən ödənilir. Beləliklə, Bakı ŞİHB-nın xx.xx.2014-cü il tarixli, 520 saylı sərəncamı bu günədək İddiaçı MMC-yə verilməməsi, bilavasitə inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnmişdir. İddiaçı hesab edir ki, yuxarıda göstərilənlər və faktiki mübahisıli ərazinin İddiaçı MMC-nin istifadəsində olması, “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulması ilə bağlı Bakı ŞİHB tərəfindən qəbul edilən xx.xx.2014-cü il tarixli, 520 saylı sərəncamı qanunvericiliyin tələbinə zidd olduğundan etibarsız sayılmalıdır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra- İPM-in) 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə göndərilmişdir. Cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı "xxxx" MMC-ti məhkəmədə cavabdeh Bakı ŞİH-ə qarşı xx.xx.2014-cü il tarixli, 520 saylı sərəncamın etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırıb həmin sərəncamın etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC bundan əvvəl də eyni məzmunlu iddia ilə məhkəməyə müraciət edərək məhkəmədən həm yuxarıda qeyd edilən sərəncamın ləğv edilməsini və həm də sərəncamın etibarsız hesab edilməsini tələb etsə də, hər iki iddia məhkəmə qərardadları ilə mümkün sayılmamışdır. Məhkəmə sərəncamın ləğv edilməsi tələbini mümkün hesab etməyərək ona əsaslanmışdır ki, iddiaçı qanunla müəyyən edilmiş müddətləri ötürməklə məhkəməyə müraciət etmişdir. Cavabdeh hesab edir ki, iddiaçı eyni zamanda sərəncamın etibarsız hesab edilməsi ilə əlaqədar da məhkəməyə müraciətt etmə müddətini dəfələrlə ötürdüyündən hazırkı iddia tələbi də mümkün sayılmamalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddianın qeyri-mümkün hesab edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iddia ərizəsini və iş üzrə toplanmış materialları araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İPM-in: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 2.2.5-ci maddəsinə əsasən, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 36.1-cı maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı məhkəmə, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Sözügedən Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Eyni Qərarın 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd); Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərə həm də iddiaçının hüquqi marağının nədən ibarət olması, eləcə də iddianın qanunla müəyyən edilmiş müddətdə verilib-verilmədiyinin müəyyən edilməsi daxildir. Hazırkı iddia üzrə iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 29 oktyabr 2014-cü il tarixli, 520 saylı sərəncamının etibarsız hesab edilməsi tələbini məhkəmə qarşısında irəli sürmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 520 №li sərəncamının surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2014cü il tarixli, 16/10 saylı müraciətini və İddiaçı xx.xx.2013-cü il tarixli razılıq məktublarını nəzərə alaraq, Yasamal rayonu, H.Cavid prospekti, 558-566-cı məhəllələrdə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 126 saylı sərəncamı ilə yaşayış binasının tikintisinin layihələndirilməsi üçün İddiaçı MMC-yə ayrılmış 1,7 ha torpaq sahəsinin 0,89 ha hissəsi, eyni məqsədlə "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilmişdir. - İddiaçı tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısına ünvanlanan xx.xx.2013cü il tarixli, 08/11 nömrəli məktubda aşağıdakılar qeyd olunmuşdur: Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən “Araz-T.İ." Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2005-ci il tarixli, 02 saylı müraciəti nəzərə alınaraq Yasamal rayonu, H.Cavid küçəsi, 558-566-cı məhəllərdə 1,7 ha torpaq sahəsi yaşayış binasının layihələndirməsi və tikintisi üçün icarə əsasında şirkətimizə verildimişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli sərəncamına uyğun olaraq ilə Yasamal rayonu, H.Cavid küçəsi, 558-566-cı məhəllələrdə yaşayış binasının layihələndirilməsi və tikintisi üçün MMC-yə 1,7 ha torpaq sahəsi ayrılmış və həmin sahədə MMC tərəfindən Baş Plan üzrə 8 girişli 16 mərtəbəli yaşayış binasının inşa edilməsi nəzərdə tutulmuşdur. Baş Plan üzrə nəzərdə tutulan 8 girişdən 1 giriş inşa edilmişdir. Qalan 7 girişdən 4 giriş üçün nəzərdə tutulan ərazi, yəni 0.89 ha ərazi “Araz-T.İ." MMC-nin vətəndaşlara və vergiyə olan borcunun 11000000-00 (on bir milyon) manat ödənilməsini təmin etmək üçün İddiaçı MMC, "xxxx" İKB ASC, “Golden Palace" MMC və digəriləri arasında “Borcun köçürülməsi və hüququn güzəşti haqqında" xx.xx.2013-cü il tarixli müqavilə şərtlərinə uyğun olaraq “Golden Palace" MMC-yə verilməsi üçün İddiaçı MMC tərəfindən xx.xx.2013-cü il tarixli eyni məzmunlu 04/11 və 05/11 № li razılıq məktubları verilmişdir. Bildirirəm ki, "xxxx" İKB ASC, "xxxx" MMC və digəriləri arasında “Borcun köçürülməsi və hüququn güzəşti haqqında" xx.xx.2013-cü il tarixli bağlanmış müqavilə şərtləri “Nikoyl" İKB ASC, “Golden Palace" MMC tərəfindən yerinə yetrilməmişdir. Bu baxımdan “Araz-T.İ." MMC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 04/11 və 05/11 № li razılıq məktubları təsisçi tərəfindən xx.xx.2013-cü il tarixdə ləğv edilmişdir. Yuxarıda göstərilənlərə əsasən “Araz-Tİ" MMC tərəfindən xx.xx.2013-cü il tarixli eyni məzmunlu 04/11 və 05/11 № li razılıq məktublannı nəzərə almamağmızı və gələcəkdə "xxxx" MMC tərəfindən ediləcək hər hansı bir müraciət, tərəfinizdən qəbul edilməməsini Sizdən xahiş edirəm. Əlavə olaraq bir halı da diqqətinizə çatdmram ki, “Araz-Tİ" MMC-nin təsisçisi tərəfindən “Golden Palace" MMC-ə 0,89 ha torpaq sahəsinin verilməsinə dair təsisçinin tərəfindən heç qərar verilməmişdir. Bu halı da nəzərə almağınızı xahiş edirəm. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1 (102)-1978/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı MMC-nin Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “BŞİHB-nin xx.xx.2014-cü il tarixli, 520 nömrəli sərəncamının və ayrıc aktının ləğv edilməsi”nə dair iddiası Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(112)-283/2021 saylı Qərardadı ilə sərəncamın mübahisələləndirilməsi üçün iddia müddətinin ötürülməsinə istinad olunaraq mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-1517/2021 saylı Qərardadı və Ali Məhkəmənin yuxarıda qeyd ounan xx.xx.2021-ci il tarixli Qərarı ilə iddiaçı tərəfindən verilən apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, yuxarı instansiya məhkəmələri gəlinmiş nəticə ilə razılaşmışlar. Məhkəmə İPM-in 32.1-ci maddəsinə nəzər yetirərək qeyd edir ki, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən mümkünlük şərtlərinin yoxlanılması baxımından, ilk növbədə, iddianın növü ilə bağlı məsələyə aydınlıq gətirilməlidir. Hazırkı mübahisəyə münasibətdə iddia tələbi sərəncamın etibarsız sayılmasına yönəlmişdir. Başqa sözlə, iddia inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi təqdim olunmuşdur. Bununla bağlı nəzərə almaq lazımdır ki, inzibati aktların etibarsızlığının tanınması haqqında iddialar xüsusi rejimə və xüsusi mümkünlük şərtlərinə tabedir. Bu növ iddialar üzrə qanunverici tərəfindən konkret müddət məhdudiyyəti nəzərdə tutulmasa da, iddiaçının hüquqi marağı ən azı qısa müddət ərzində belə inzibati aktın yaratdığı hüquqi nəticələr görüntüsünün aradan qaldırılmasına yönəlməlidir. Yəni iddiaçı etibarsızlığın tanınmasında xüsusi müəyyən etmə marağına malik olmalı və bunu qısa müddət ərzində reallaşdırmalıdır. Bundan başqa, həmçinin nəzərə alınmalıdır ki, inzibati aktın etibarsızlığı yalnız qanunda birbaşa nəzərdə tutulmuş müəyyən şərtlər daxilində mümkündür. Bu səbəbdən, etibarsızlığın tanınması ilə bağlı qeyd edilən şərtlər (ən azı qısa müddət ərzində tanınma marağı) hazırkı mübahisəyə münasibətdə mövcud deyildir. Məhkəmənin fikrincə, hazırkı iddianın inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi təqdim olunması, əslində müddətlə bağlı mümkünlük şərtindən və müddət məhdudiyyətindən qaçmaq cəhdi kimi qiymətləndirilməlidir. Qeyd edilməlidir ki, iddianın mübahisə edilən sərəncamın etibarsızlığının tanınması haqqında iddia kimi təqdim olunmasına baxmayaraq, əslində qaldırılan iddia iddiaçının tələbinin məzmunu və xarakteri baxımından mübahisələndirmə haqqında iddia növünə aiddir. Lakin məlum olduğu kimi iddiaçı eyni sərəncamın ləğv edilməsi üçün əvvəllər inzibati məhkəmədə iddia qaldırmış, həmin icraat çərçivəsində iddiaya hüquqi qiymət verilmiş, mübahisə üzrə qəbul edilmiş məhkəmə aktları qanuni qüvvəsini almışdır. Yuxarıda istinad olunan normalara görə, mübahisələndirmə növündə iddiaların qaldırılması da iddia müddətinə bağlıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Hazırkı mübahisə üzrə nəzərə almaq lazımdır ki, iddiaçı mübahisə edilən sərəncam üzrə artıq bir neçə məhkəmə icraatı üzrə həmin sərəncamı mübahisələndirərək öz niyyətini həyata keçirmək marağında olmuşdur. Odur ki, məhkəmə hazırkı iş üzrə mübahisələndirilən inzibati aktın etibarsız hesab edilməsi addımını iddiaçı tərəfindən tükənmiş hüquqi müdafiə vasitələrinin davamı kimi qiymətləndirir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-2262/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2262/2023
09.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver