Məhkəmə qərarları › İş №2-1(112)-2263/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2263/2022

11.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2263/2022 11.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, Üçüncü şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X5, Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinə qarşı (3-cü şəxs: Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti) “şəhidlik statusu barədə arayışın verilməsi” tələbinə dair tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı siyahıya daxil edilmə və s tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 03.09.2021-ci il tarixli qərardadı ilə hazırki iş üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehin əsl cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsi ilə əvəz edilməsini, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini, iddia tələbinin “X8 şəhid statusunun verilməsi barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” formasında icraata qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 10.12.2021-ci il tarixli qərardadı ilə ərizənin icraata qəbul edilməsi, cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əsl cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsi ilə əvəz edilməsi; Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi; iddia tələbi “X8 şəhid statusunun verilməsi barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” formasında icraata qəbul edilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ölən qardaşının vərəsisi kimi tanındığdan, ona şəhid statusuna dair arayışın verilmişin xahiş edir və bu halı onunla əsaslandırır ki, X3 oxudğu vaxtda, yəni 27 noyabr 1991-ci il tarixd Hərbi Komissarlığda hərbi qeydiyyata alınmış və 1992-ci ildə Şuşa şəhərinin müdafiəsinə könüllü olaraq getmişdir. “Daşaltı əməliyyatı”nda qəlpə yarasından həlak olmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəflərin fikirləri dinlənilmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kmi cavabdehin iddiaya cavab verməli olub-olmaması inzibati məhkəmə icraatında iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünün yoxlanılması çərçivəsində müəyyən edilməli, cavabdeh iddiaya cavab verməli olan inzibati orqandırsa iddianın digər mümkünlük şərtləri də ödəniləcəyi təqdirdə işə mahiyyəti üzrə baxılmalı, iddiaya cavab verməli olmayan inzibati orqandırsa bununla bağlı dəqiqləşdirmə aparılması, düzgün cavabdehin müəyyən edilməsi üçün tədbirlər görülməli, əks təqdirdə iddia cavabdehin düzgün müəyyən edilməməsi səbəbindən mümkün sayılmamalıdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, cavabdeh iddia tələbinin yönəldiyi şəxsdir. İddianın irəli sürülməsi, adətən, cavabdehin özünün hərəkət və ya hərəkətsizliyi ilə bağlı olur. Başqa sözlə desək, iddiaçının hüquqlarının pozulma ehtimalı yarandığı anda, iddiaçı həmin hüquqlarının müdafiəsi və ya bərpası üçün müvafiq olaraq cavabdeh qismində inzibati orqanı göstərək iddia ilə məhkəməyə müraciət edir. Zəruri olan hal isə ondan ibarətdir ki, Məhkəmə irəli sürülmüş tələb üzrə inzibati orqanın cavabdehlik daşıyıbdaşımamasını müəyyən etməlidir. Hazırkı iş üzrə cavabdehin iddiaya cavab verməli olan orqan olub-olmaması istiqamətində yoxlama aparılmış və cavabdehin hazırkı iş üzrə cavabdeh qismində çıxış etməsinin yolverilməzliyi səbəbindən iddianın mümkün sayılmaması nəticəsinə gəlinmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi, iş üzrə iddiaçının hüquqi marağı qardaşı X8 şəhid statusunun verilməsi barədə arayışın verilməsindən ibarətdir. Hazırki iddia tələbi üzrə cavabdeh kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinə yönəlmişdir. Məhkəmə hazırki cavabdeh inzibati orqanın mübahisəli məsələ üzrə cavabdehlik daşımaması ilə bağlı aşağıdakilara diqqət çəkir. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın: -1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. -1.2.6. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar şəhid hesab edilirlər. -4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X4 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi, qanunvericiliyin tələblərinə uyğun olaraq mülki vətəndaş, könüllü və ya hərbi qulluqçu olmasından asılı olmayaraq şəxs Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən və vəfatı müvafiq sənədlərdən biri kimi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq edilən şəxs şəhid hesab edilir və müvafiq səlahiyyətli orqan bununla bağlı arayışı təqdim etməlidir. Arayışın təqdim edilməsində səlahiyyətli olan birdən çox inzibati orqanlar mövcuddur. Nəzərə alınmalıdır ki, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X1 Xidməti, X4 Dövlət Agentliyi özündə xidmət etmiş şəxslərlə bağlı şəhidlik statusunun verilməsində səlahiyyətlidir. Digər hərbi qulluqçularla bağlı səlahiyyət bölgüsü isə hərbi qulluqçunun zabit, gizir və ya digər hərbi qulluqçu olmasından asılı edilmişdir. Əgər şəxs zabit və ya gizirdisə bu zaman səlahiyyətli orqan qismində Müdafiə Nazirliyi çıxış edəcəkdir. Digər hərbi qulluqçuların şəhid olması ilə bağlı isə səlahiyyətli orqan qismində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri çıxış edir. Göründüyü kimi, qanunvericilik şəhidlik statusu barədə arayışın verilməsini birdən çox inzibati orqanın səlahiyyətlərinə vermişdir ki, bu zaman həmin səlahiyyətin hansı inzibati orqana məxsus olmasının müəyyən edilməsi məhz ölən şəxsin hərbi rütbəsindən, həmçinin mülki vətəndaş olub-olmamasından asılı etmişdir. Məhkəmə diqqətə çatdırır ki, hazırki mübahisə üzrə cavabdehin müəyyən edilməsi üçün mühüm olaraq hərbi qulluqçuların anlayışına, hərbi qulluqçu statusuna malik olan şəxslərin əhatə dairəsinə, həmçinin iddiaçının ölən qardaşının mülki vətəndaş olubolmaması istiqamətində araşdırma aparılmalıdır ki, bu istiqamətdə qiymətləndirmənin aparılması aşağıda göstərilmiş qanunvericiliyin müddəaları ilə həyata keçirilir. Belə ki, “Hərbi qulluqçuların statusu” haqqında Azərbaycan Respublikasının Qanunun:

1. Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun: 2.0.1. hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir; 2.0.2. hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir; 2.0.9. hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar.

26. Hərbi qulluqçular və hərbi vəzifəlilər əsgər (matros), çavuş, gizir (miçman) və zabit heyətlərinə, zabit heyəti isə kiçik, baş və ali zabit heyətlərinə bölünür. Məhkəmə diqqətə çatdırır ki, hərbi qulluqçu anlayışının özündə ehtiva etdiyi xüsusi xarakter onun həqiqi hərbi xidmətdə olması ilə əlaqəlidir. Nəzərə alınmalıdır ki, hərbi qulluqçular vəzifələrə görə əsgər (matros), çavuş, gizir (miçman) və zabit heyətlərinə, zabit heyəti isə kiçik, baş və ali zabit heyətlərinə bölünürlər. Bəhs edilən normaları hazırki iddiaya tətbiq etdikdə məhkənin formalaşdırdığı mövqeyi odur ki, iddiaçının iddia etdiyi məsələ hazırki cavabdeh qismində çıxış edən inzibati orqan ilə yaranmışdır. Belə ki, məhkəmə icraatı zamanı ünvanlanmış sorğulara cavab məktublarından məlum olur ki, X9 1990-1992-ci illərdə Bakı 2 saylı Baza Tibb Məktəbində təhsil almış, tələbə olduğu dövrdə Qarabağ döyüşlərinə könüllü olaraq qatılmış və 31 mart 1992-ci ildə Şuşa şəhəri ətrafında gedən döyüşlərdə həlak olmuşdr. Həmçinin, 01.05.1969-cu il təvəllüdlü Lerik rayonu, Bülüdül kəndində anadan olmuş X6 adı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon Şöbəsində arxiv qeydiyyat sənədlərində qeydiyyatdan keçmir. Göründüyü kimi, iddiaçının hazırki tələb ilə şəhid adının verilməsini xahiş etdiyi şəxs (qardaşı) hərbi qulluqçu statutusuna və hərbi vəzifəyə malik olan şəxs deyildir. Başqa sözlə desək, həmin şəxs Şuşa şəhəri ətrafında gedən döyüşlərə həlak olsa da, o, həmin dövrdə mülki vətəndaş hesab edilirdi.Beləliklə, bu münasibətlərindən irəli gələn mübahisələr üzrə cavabdehlik daşıyan orqan müvafiq rayon (şəhər) icra hakimiyyəti orqanıdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2-1(102)-1061/2020 saylı iş üzrə qəbul etdiyi 08.09.2020-ci il tarixli qərardan da görünür ki, Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlara münasibətdə şəhid hesab edilməsi üçün arayışın verilməsi müvafiq olaraq rayon (şəhər) icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Əlavə olaraq qeyd olunur ki, məhkəmə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halları iddiaçı ilə müzakirə etmiş, iddiaçı iddia ərizəsinin nəzərə alınaraq iş üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb həmin hissədə mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. İddiaçıya hazırki tələb ilə bağlı səlahiyyətli yerli icra hakimiyyəti orqanına müraciət etmək hüququ izah edilir. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar