Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2264/2022 27.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddianın mümkünlüyü məsələsinə 27 aprel 2022-ci il tarixdə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun barəsində tərtib olunmuş qərarın qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya xx.xx.2021-ci il tarixli hüquqi yardım məktubu göndərilərək iddia ərizəsinin müvafiq tələblərə uyğunlaşdırılması, həmçinin müvafiq sübutların təqdim edilməsi və qanunvericilikdə nəzərdə tutulmuş müvafiq prosessual hərəkətlərin edilməsi iddiaçıya təklif edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının “İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı xx.xx.2020-ci il tarixli **********026000 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il tarixli hüquqi yardım məktubu ilə, həmçinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məhkəmə iclaslarında iştirak edən iddiaçıya İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilərək qanunvericiliyin tələbləri izah edilərək nəzərdə tutulmuş müvafiq prosessual hərəkətlərin edilməsi təklif edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə növbəti məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın mümkün sayılaraq təmin edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəfin izhatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********026000 nömrəli qərarın ləğv edilməsi tələbi ilə mövcud qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi İddiaçı barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020ci il tarixli **********026000 nömrəli qərar qəbul etmişdir. İş materiallarından və iddiaçının izahatından müəyyən edilir ki, iddiaçının xx.xx.2013-cü il tarixli ərizəsi əsasında İddiaçı ilə vergi orqanı arasında elektron sənəd mübadiləsi haqqında müqavilə bağlanılmışdır. İddia ərizəsindən də görünür ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2020-ci il tarixli **********026000 nömrəli qərar iddiaçının elektron poçt ünvanına göndərilmişdir. İş materiallarından görünür ki, məhkəmə xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məhkəmə iclaslarında iştirak edən iddiaçıya hüquqi yardım göstərərək, həmçinin iddiaçıya xx.xx.2021-ci il tarixli hüquqi yardım haqqında məktub göndərərək və məhkəmə iclasını xx.xx.2022-ci il tarixə təyin edərək, müvafiq prosessual hərəkətlərin edilməsi üçün iddiaçı tərəfə kifayət qədər şərait yaratmışdır. İddiaçı iddia ərizəsində və öz izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixli **********026000 nömrəli qərara əsasən vergi məbləği hesablanaraq ödənilməsi üçün ona elektron poçtla göndərilmişdir. Ofisin kompüteri həmin ərəfədə (pandemiya ilə əlaqədar) iş dayandığı üçün ofisdə qalmış və ona görə gələn məktublara baxılmamışdır. Vergi xidmətinin əməkdaşları isə iddia edərək bildirirlər ki, onun elektron ünvanına rəsmi məktub şəklində müvafiq bildirişləri və qərarı göndərmişlər. Bir də ki, məktub Lev Tolstoy, ev 5/112, dalan 16-da əvvəl kirayədə yaşadığı ünvana göndərilib. Ona görə də məktub vaxtında ona çatdırılmayıb. Lazım olan sənədləri Bakıxanovda olan vergi idarəsindən xx.xx.2021-ci il tarixdə almışdır. Alan kimi, məsələlərlə tanış olub, hesablanmış cərimə məbləği ilə razılaşmayaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iddiaçının iddia müddəti ilə bağlı gətirdiyi dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin baxılmamış saxlanılması haqqında” xx.xx.2020-ci il tarixli **********928900 nömrəli Qərarından görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edərək, kameral vergi yoxlamasının nəticələri ilə razı olmadığını bildirərək, 2019-cu il üçün gəlir vergisi üzrə hesablanmış vergi məbləğin ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan “İnzibati şikayətin baxılmamış saxlanılması haqqında” xx.xx.2020-ci il tarixli **********928900 nömrəli Qərarından görünür ki, həmin qərarda iddiaçının hazırkı iddia ilə mübahisələndirdiyi xx.xx.2020-ci il tarixli **********026000 nömrəli qərar barəsində məlumat verilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli **********840500 nömrəli məktubla bildirmişdir ki, xx.xx.2020-ci il tarixli **********928900 saylı qərar, xx.xx.2020-ci il tarixli **********441300 nömrəli məktubla İddiaçı (VOEN: **********) elektron qutusuna göndərilmişdir. Elektron informasiya sitemindən çıxarış məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan Elektron informasiya sitemindən çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixli **********928900 saylı qərarın göndərilməsinə dair xx.xx.2021-ci il tarixli **********441300 nömrəli məktub xx.xx.2021-ci il tarixdə iddiaçının elektron poçt ünvanına göndərilmiş və iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə elektron qaydada oxunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddiaya mübahisələndirmə (İPM-in 2.2.1-ci maddəsi) iddia növü kimi baxıldığından, iddiaçı mübahisələndirdiyi qərarların ləğv edilməsi ilə bağlı həmin qərarların mövcudluğundan məlumatlı olduğu vaxtdan 30 gün müddətində məhkəməyə müraciət edə bilərdi. İş materiallarında olan mübahisələndirilən qərardan görünür ki, həmin qərarlarda qanunvericiliyə uyğun olaraq vergi ödəyicisinin şikayət etmək hüquqları izah edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının mübahisələndirilən qərarın məzmunundan ən geci xx.xx.2021-ci il tarixdə məlumatlı olması, həmin qərarın ləğv edilməsi tələbinə dair müvafiq iddia ərizəsi ilə yalnız xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etməsi və bununla da, iddiaçı tərəfindən mübahisələndirmə haqqında iddia növü üçün xüsusi mümkünlük şərtlərindən birinə, yəni prosessual müddətə əməl etməməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Beləliklə, iddiaçı mübahisələndirilən inzibati aktların ləğv edilməsi tələbinə dair müvafiq ərizə ilə mövcud qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair“ 28 dekabr 2015-ci il tarixli Qərarında qeyd edilmişdir: “ mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır... Qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər... T.İdrisov birinci instansiya məhkəməsinə ərizəsində və kassasiya şikayətində iddiaçı N.Quliyev tərəfindən iddia qaldırmaq üçün tələb edilən müddət şərtinə əməl olunmamasını qeyd etmişdir. Lakin işə baxan apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən bu hala lazımi hüquqi qiymət verilməmişdir. Həmin məhkəmələrin bu cür yanaşması da Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərinə cavab verən hesab edilə bilməz.” Göründüyü kimi, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********026000 nömrəli qərarın ləğv edilməsinə dair iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-2264/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2264/2022
27.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver