Məhkəmə qərarları › İş №2-1(112)-2265/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2265/2021

07.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2265/2021 07.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı Şahhüseyin oğlunun (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X2 (hüquq məsləhətçisi, ünvan 2 ünvanında qeydiyyatda olan), 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi X3 (böyük hüquq məsləhətçisi, ünvan 3 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı Şahhüseyin oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti cəlb olunmaqla) torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Şahhüseyin oğlu cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ticarət obyektinə çıxarışın verilməsi barədə qətnmə qəbul edilməsini xahiş etmişdir. İnzibati məhkəmə icraatında məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən qətnamə deyil, qərar qəbul edildiyi iddiaçının diqqətinə çatdırılaraq həmin hissədə iddia tələbini dəqiqləşdirmək təklif edilsə də, yazılı qaydada ərizə məhkəməyə təqdim edilməmişdir. İddiaçı şifahi qaydada məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 23.10.2021-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 3-cü şəxs qismində işə cəlb edilmişdir. 25 fevral 2021-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Samir Əliyev mərkəzi küçə 9 ünvanında yerləşən iddiaçıya məxsus qeyri-yaşayış binasına və torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 25.02.2021-ci il tarixli qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya 2004-cü il tarixdə Nizami rayonu ərazisində sökülmüş ticarət obyektinin əvəzi olaraq Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, aeroport yolunun yaxınlığında yerləşən ticarət obyektinin tikintisi ilə bağlı göstəriş verilmişdir. Suraxanı rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə 2004-cü ildə iddiaçıya torpaq sahəsi ayrılmış, həmin ildən Suraxanı rayon, Yeni Suraxanı qəsəbəsi aeroport yolunun yaxınlığında yerləşən ticarət obyektində fəaliyyət başlanmış və bu gün də davam edir. İddiaçı həmin ildən vergi ödəyicisi-sahibkarlıq fəaliyyəti ilə məşğul olur. O zaman o ərazidə obyekt tikəndə, ətrafada heç bir tikili olmamışdır. İndi dörd bir tərəfi qanunsuz və ya sənədləşdirilməsi yekunlaşdırılan tikililərdir. Dəfələrlə rayon və şəhər İcra Hakimiyyəti başçılarına ticarət obyektinin çıxarışının verilməsi üçün müraciətin və sənədləri rəsmi qaydada təqdim etsə də hər dəfə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etmədiyi bildirmişlər. Sonuncu dəfə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etmiş, lakin müracəti təmin edilməmişdir. Göstərilənlərə əsasən iddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı ona məxsus ticarət obyektinə dair çıxarışın verilməsi barədə iddiası etirazla qarşılanır. Cavabdeh bildirir ki, sözügedən məsələ ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi qaydada müraciət edilmiş, lakin ərizəyə qeyri-yaşayış binasına dair hüquqmüəyyənedici sənəd (müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı) əlavə edilməmişdir və göstərilən sahə elektron kadastr məlumatlarına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt ərazilərinə daxildir. Həmçinin torpaq sahəsinə dair yerləşmə sxemi təqdim edilməmiş və 434 nömrəli, 11.06.2004-cü il tarixli Suraxanı RİHB-ı tərəfindən verilmiş sərəncamda ayrılmış torpaq sahəsi 220.0 kv.m göstərilsə də, faktiki 742.5 kv.m təşkil etdiyindən əlavə sahə ilə bağlı sənəd əlavə olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. "Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. ‘Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın əsassız olduğundan rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi iddianın əsassız olduğundan rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 26.08.2020-ci il tarixli, ********** saylı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən ayrılmş torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt əraziləridir və yerləşmə sxemi təqdim edilməmişdir. Bundan başqa 434 nömrəli, 11.06.2004-cü il tarixli Suraxanı RlHB-ı tərəfindən verilmiş sərəncamda ayrılmış torpaq sahəsi 220.0 kv.m göstərilsə də, faktiki 742.5 kv.m təşkil etdiyindən əlavə sahə ilə bağlı sənəd əlavə olunmamışdır. Həmçinin qeyd edilən qeyri yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir. Qanunvericiliyə uyğun sənədlər təqdim edildiyi təqdirdə ərizəyə yenidən baxılacaqdır. Bildirişdə həmçinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8.0.9.2-ci və 8.0.10.1-ci maddələrinə istinad olunaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, hazırkı iddia tələbi üzrə iddiaçı iddia tələbinin yeganə əsası olaraq Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 434 saylı, 11.06.2004-cü il tarixli “torpaq sahəsinin ayrılması haqqında” Sərəncamına istinad etməklə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Samir Əliyev mərkəzi küçə 9 ünvanında yerləşən qeyri-yaşayış binasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulmasını tələb edir və bu halı onunla əsaslandırır ki, həmin əmlak ilə bağlı sərəncam olduğundan, onun qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqları yaranmış olur. Məhkəmə araşdırması dövründə X1 torpaq sahəsinin ayrılması barədə Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 434 saylı, 11.06.2004-cü il tarixli sərəncamının, həmin sərəncamın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti və həmin sərəncam əsasında ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi, sxemi (ayrıc aktı) məhkəməyə təqdim edilməsi sorğu əsasında Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialından tələb edilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialı tərəfindən məhkəmə sorğusuna cavab olaraq verilmiş 10 mart 2021-ci il tarixli məktub əsasında Suraxanı Rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə 11.06.2004-cü il tarixli, 434 saylı sərəncamının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Məktubda sərəncama heç bir sənədin əlavə edilmədiyi qeyd edilmişdir. Təqdim olunan Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının ticarət obyektinin tikilməsi üçün ayrılmış 11.06.2004-cü il tarixli 434 nömrəli sərəncamından görünür ki, iddiaçının müraciəti əsasında, həmçinin Bakı şəhər İcra Hakimiyyəti Baçşısının F-1/1 saylı 26 aprel 2004-cü il tarixli məktubunu nəzərə alaraq Bakı-Aeroport yolu ətrafında yeni tikilmiş məktəbin şimal hissəsində ticarət obyektinin tikilməsi üçün 120,00 kv.metr torpaq sahəsi ayrılmışdır. Qeyd olunan sərəncamın hazırda qüvvədə olubolmaması barədə sorğu Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə göndərilmiş, lakin sonuncu tərəfindən məhkəməyə daxil olan cavab məktubunda rayon icra hakimiyyətlərinin arxivlərinin Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialına təhvil verildiyindən qeyd olunan məlumatın verilməsinin imkan xaricində olduğu bildirilmişdir. Məhkəmə araşdırması zamanı imtinaya əsas olmuş halın müəyyənləşdirilməsi üçün Bakı-Aeroport yolu ətrafında yeni tikilmiş məktəbin şimal hissəsində ticarət obyektinin tikintisi üçün ayrılmış 120 kv.m torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi, həmin torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazinin koordinatları daxilində yerləşib-yerləşməməsi barədə rəyin məhkəməyə təqdim olunması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu göndərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanan arayışda qeyd olunan əraziyə baxış keçirilməklə naturada kordinatların müəyyən edilməklə ölçüldüyü, lakin hüquqmüəyyənedici və texniki sənədlərin (texniki pasport, torpaq sahəsinin planı və ölçüsünün) təqdim olunmamaması əsası ilə əlavə münasibətin bildirilməsinin mümkün olmadığı, həmin sənədlərin təqdim olunacağı təqdirdə müvafiq münasibətin bildirilməsinin mümkün olacağı qeyd edilmişdir. Cavabdeh tərəfindən 27 avqust 2021-ci il tarixdə məhkəməyə təqdim olunan yerli baxışın keçirilməsi haqqında məktubda qeyd olunmuşdur ki, elektron kadastr məlumatlarına əsasən ayrılmış torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olduğu və yerləşmə sxeminin təqdim edilmədiyi, bundan başqa 434 nömrəli, 11 iyun 2004-cü il tarixli Suraxanı İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş sərəncamda ayrılmış torpaq sahəsinin 220.0 kv.metr göstərilsə də, faktiki 742.5 kv.metr təşkil etdiyi qeyd olunmuşdur. Məhkəmə qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasının müvafiq hüquqmüəyyənedici sənədlər əsasında həyata keçirilməli olmasını nəzərə alaraq, mübahisəli tikili ilə bağlı obyektin tikintisinə icazə sənədinin və razılaşdırılmış eskiz layihəsinin olmadığını müəyyən etmişdir. Belə ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dən) inşa edilən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərar, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur Həmin Qanunun 8.0.10.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, tikinti obyektinin istismarına icazə sənədi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Şərh olunan qanunvericilyin müddəalarının tələblərindən göründüyü kimi, sözügedən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyat alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.9.2ci maddəsində və ya 8.0.10.1-ci maddəsində qeyd olunan sənədlər təqdim edilməlidir. O cümlədən, iddiaçının qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, tikilinin inşa edilməsinə icazə barədə qərar və tikinti obyektinin istismarına icazə sənədi olmalıdır. Lakin məhkəmə araşdırması dövründə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 11.06.2004-cü il tarixli 434 nömrəli sərəncamına əsasən iddiaçıya Bakı-Aeroport yolu ətrafında yeni tikilmiş məktəbin şimal hissəsində ticarət obyektinin tikilməsi üçün 120,00 kv.metr torpaq sahəsi ayrılasa da, qanunvericiliyin tələblərinə müvafiq olaraq qeyd olunan torpaq sahəsinin koordinatları müəyyən edilməməklə yanaşı, həmçinin iddiaçı tərəfindən məhkəməyə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, tikilinin inşa edilməsinə dair icazə barədə qərar və tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməmişdir. Qeyd olunan hallarla yanaşı həmçinin Məhkəmə araşdırması nəticəsində göndərilən müvafiq sorğulara əsasən qeyd olunan ticarət obyektinin sahəsinin istinad olunan sərəncamda əks olunan 120,00 kv.metr deyil, 742.5 kv.metr sahəni əhatə etdiyi, o cümlədən elektron kadastr məlumatlarına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olduğu müəyyən edilmişdir. Bununla bağlı Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikasının Qanununa və «Təhlükə potensiallı obyektlərin siyahısının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.05.2001-ci il tarixli 94 saylı qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlərin kateqoriyasına aid edilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, xüsusi mühafizə zonalarının hüquqi rejimi müvafiq normativ hüquqi aktlarla və digər sənədlərlə tənzimlənir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 62-ci maddəsinin məzmunundan göründüyü kimi isə sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri yaşayış və ictimai tikililər üçün ayrılması qadağandır və bu cür torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız kənd təsərrüfatı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. Həmin normada əks olunan əsaslardan isə hər hansı biri ilə bağlı müvafiq sənədlər iddiaçı tərəfindən nə cavabdehə, nə də məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Həmin Məcəllənin 50-ci maddəsinin 6-cı bəndinə əsasən torpaqların istifadəyə verilməsi qaydaları və şərtləri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır. Həmin Məcəllənin 65-ci maddəsinin 1-ci bəndinə əsasən «Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir», 5-ci bəndinə əsasən «Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir», 6-cı bəndinə əsasən «Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir», 8-ci bəndinə əsasən «Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir». Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İddiaçı qeyd olunan ticarət obyektinə dair mülkiyyət hüququqlarının qeydiyyata alınmasını tələb etsə də, lakin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, tikilinin inşa edilməsinə icazə barədə qərar və tikinti obyektinin istismarına icazə sənədini məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, ticarət obyektinə dair iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün əsaslar mövcud olmadığından cavabdeh tərəfindən imtina edilməsi əsaslı olmuşdur və iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar