Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2265/2022 16.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «qeyri-yaşayış binası üzərində hüquqların qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «qeyri-yaşayış binası üzərində hüquqların qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şosesi 35 km, 1 ünvanında yerləşən 535,2 kv.m ümumi sahəsi olan bir mərtəbəli qeyriyaşayış binası (153 saylı yanacaq doldurma məntəqəsi) dövlət əmlakının özəlləşdirilməsi proqramına uyğun olaraq İddiaçı tərəfindən 2002-ci ildə özəlləşdirilərək həmin daşınmaz əmlak üzərində xüsusi mülkiyyət hüququ əldə edilmişdir. Bununla bağlı onun adına həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq şəhadətnamə verilmişdir. Sonradan qeyri-yaşayış binası ilə bağlı aidiyyəti dövlət təşkilatı tərəfindən iddiaçıya MH ******* nömrəli reyestrdən çıxarış və 20 may 2008-ci il tarixdə tərtib edilən texniki pasport verilmişdir. Respublikanın müvafiq ərazilərində aparılan yol infrastrukturunun, o cümlədən Bakı-Salyan şosesinin genişləndirilməsi zamanı adiyyəti dövlət orqanları tərəfindən yanacaq doldurma məntəqəsinin başqa yerə köçürülməsi bildirilmişdir. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 16 may 2008-ci il tarixli 264 nömrəli sərəncam verilmişdir. Həmin Sərəncama əsasən iddiaçıya məxsus qeyriyaşayış binasının köçürülməsi məqsədi ilə 0,88 ha torpaq sahəsi ayrılmışdır. İddiaçıya məxsus yanacaqdoldurma məntəqəsinə torpaq sahəsinin ayrılması və köçürülməsi ilə əlaqədar Bakı ŞİH tərəfindən 12266 nömrəli inşaat pasportu tərtib edilərək təsdiq edilmişdir. Həmçinin qeyri-yaşayış binasının təyinatının yanacaq doldurma məntəqəsi olmasını nəzərə alınmaqla yeni sahəyə köçürülməsi barədə 0003002-MQYDM-TX,İY-002 saylı işçi layihə işlənərək adiyyəti orqanlarda təsdiq edilmişdir. Bununla yanaşı qeyriyaşayış binasının yeni sahəyə köçürülməsi ilə bağlı eskiz layihə hazırlanaraq yerli icra hakimiyyətinə təqdim edilmişdir. Bundan sonra həmin qeyri-yaşayış binası iddiaçının öz vəsaiti hesabına yeni əraziyə köçürülmuşdür. Qeyri-yaşayış binası tikilərək tam hazır olduqdan sonra 10 oktyabr 2009-cu il tarixdə yerli icra hakimiyyəti kimi Bakı şəhəri Qaradağ RİH tərəfindən təsdiq edilmiş akta əsasən istismara qəbul edilmişdir. İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binasını öz vəsaiti hesabına ayrılmış torpaq sahəsinə köçürməsinə baxmayaraq bu vaxtadək yerdəyişmə ilə bağlı yeni reyestrdən çıxarış ala bilməmişdir. İddiaçı daşınmaz əmlak üzərində olan hüquqlarının dövlət qeydiyyatına alınması məqsədi ilə zəruri sənədləri toplayaraq cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh 3 avqust 2021-ci il tarixli məktubla həmin əmlaka iddiaçının hüquqlarının qeydiyyatından imtina etmişdir. Hazırda iddiaçının tələbinin əsas mahiyyəti ondan ibarətdir ki, o qanunvericiliyə əsasən qeyri-yaşayış sahəsi üzərində hüquqlarını dövlət qeydiyyatına aldırmaq istəyir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşmar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (139-1.1.9) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair (139-1.1.9.2) çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (8.0.9.2) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair – çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. Aparılan yol infrastrukturunun, o cümlədən Bakı – Salyan şosesinin genişləndirilməsi zamanı iddiaçıya adiyyəti dövlət orqanları tərəfindən yanacaq doldurma məntəqəsinin başqa yerə köçürülməsi, hətta ona köçürülmə xərci və əlavə kompenaiya ödəniləcəyi bildirimişdir. Qeyd olunduğu kimi, iddiaçının qeyri-yaşayış sahəsinin köçürülməsi üçün Bakı ŞİH tərəfindən 16 may 2008-ci il tarixli 264 nömrəli sərəncamla torpaq sahəsi də ayrılmışdır, sonradan 12266 nömrəli inşaat pasportu tərtib edilərək təsdiq edilmişdir. Hesab edilir ki, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinasında göstərilən arqumentlər tam əsasızdır. İddiaçı qeyri-yaşayış sahəsini ona təqdim edilmiş və ayrıc aktında göstərilmiş torpaq sahəsinin hüdudlarına köçürmüşdür. Ona ayrılmış torpaq sahəsinin üç tərəfi boşdur və hər hansı tikinti mövcud deyil. Bundan əlavə iddiaçı hesab edir ki, ona məxsus qeyri-yaşayış sahəsinə dair yeni çıxarış ona ayrılmış torpaq sahəsinin hüdudları daxilinə düşən hissəsinə verilməlidir. Hətta müəyyən olunsa ki, hansısa tikilinin bir hissəsi ilə bağlı uyğunsuzluq var o, halda kənarlaşma müəyyən edilən hissə ilə imtina ilə razılaşacaq. Əslində hər hansı kənarlaşma mövcud deyil. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi nəzərə almamışdır ki, obyektin istismara qəbul olunması barədə aktla bağlı iddiaçıya hər hansı irad bildirilə bilməz. Çünki ki, qeyd edilən sənədin tərtibində və ya təsdiqlənməsində iddiaçının hər hansı öhdəliyi yoxdur. Hətta həmin dövrdə bütün istismara qəbu edilən tikililərə də iddiaçıya təqdim edilən istismara qəbul aktının eynisi verilirdi. İddiaçı ümumiyyətlə dövlət orqanı tərəfindən tərtib və təsdiq edilən sənədə etimadla yanaşmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Artıq 12 ildən çox müddət keçdikdən sonra yerli icra hakimiyyəti orqanının tərtib və təsdiq etdiyi sənədin məzmunundakı uyğunsuzluğa istinad edərək iddiaçının hüquqlarının dövlət qeydiyyatından imtina edilməsi qanunsuzdur. İddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin köçürülməsi zamanı mövcud məziyyətə uyğun olaraq müvafiq layihə çəkdirilmiş və yerli icra hakimiyyətinə təqdim edilmişdir. Cavabdeh layihənin olmadığına istinad etsə də, ən azı istismara qəbul aktına diqqət yetirildikdə, istismara qəbul aktının təsdiq edildiyi və əmlakın istismara qəbul edilən zamanı tikintinin layihəsinə istinad edildiyi görünür. Aktın məzmunundan da görünür ki, layihə mövcud olmuş və istismara qəbul zamanı istinad edilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasının 25, 60-cı maddələrinə, İPM-in 2.2.3, 4, 45, 69-cu maddələrinə əsaslanaraq, məhkəmədən İddiaçı Bakı ŞİH-in 16 may 2008-ci il tarixli 264 nömrəli sərəncamı ilə ona ayrılmış 0,88 ha torpaq sahəsinə köçürülmüş bir mərtəbəli qeyri-yaşayış binasının (153 saylı yanacaq doldurma məntəqəsinin) üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin qeyri-yaşayış binasına dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış 3 noyabr 2021-ci il tarixli məktubunda iddia ilə bağlı aşağıdakılar bildirilir: - İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə 10 iyun 2021-ci il tarixli ərizə ilə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan qeyri-yaşayış binasının bir hissəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsindən kənarda yerləşir və həmin sahə dövlət mülkiyyətində olan ərazidir. Bundan əlavə, qeyri-yaşayış binasına dair tikintiyə icazə və razılaşdırılmış layihə təqdim edilməmişdir. Həmçinin təqdim edilmiş qeyri-yaşayış binasının istismara qəbul aktı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 dekabr 2008-ci il tarixli 272 nömrəli qərarına uyğun təsdiq edilməmişdir. Qeyd olunanlarla yanaşı qeydiyyatdan keçmiş daşınmaz əmlak söküldüyü üçün obyektin məhvi ilə bağlı ərizə təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə vətəndaşa 3 avqust 2021-ci il tarixli məktub ünvanlanmışdır. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 dekabr tarixli 272 nömrəli qərarının 3.6.4-cü bəndinə əsasən qəbul komissiyasının tərkibinə sifarişçinin, podratçının, subpodratçının, layihəçinin, istismarçının, Fövqəladə Hallar Nazirliyi X10 Xidmətinin, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin və tələb olunan hallarda Sənayedə X3 və X7 Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, yerli icra hakimiyyəti (şəhərin tərkibində olan rayonlar üzrə həm şəhər, həm də rayon icra hakimiyyəti) və ya bələdiyyə orqanının, kommunal xidmətləri göstərən təşkilatların (qaz, su, elektrik və kanalizasiya) və tələb olunan hallarda digər müvafiq təşkilatların nümayəndələri daxil edilməlidir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 47,4.2-ci maddəsinə əsasən sifarişçi tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqında» Azərbaycan Respublikası Qanununun 8.0.10.1, 11.1-ci maddələrinə əsaslanaraq, İPM-in 48.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, iddianın təmin olunmaması məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçının Bakı ŞİH-in 16 may 2008-ci il tarixli 264 nömrəli sərəncamı ilə ona ayrılmış 0,88 ha torpaq sahəsinə köçürülmüş (tikilmiş) bir mərtəbəli qeyri-yaşayış binasının (153 saylı yanacaq doldurma məntəqəsinin) üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin qeyri-yaşayış binasına dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 15 yanvar 2008-ci il qeydiyyat tarixli MH seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şossesində istifadədə olan 0,0626 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 535,2 kv.m ümumi, 171,3 kv.m əsas, 363,9 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (153 saylı yanacaq doldurma stansiyası) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 1160 nömrəli vərəqində qeydiyyat alınmışdır. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 15 may 2008-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şossesi 1 ünvanında yerləşən qeyri-yaşayış binasına (153 saylı yanacaq doldurma stansiyası) dair İddiaçı adına texniki pasport tərtib edilmişdir. İş materiallarından görünür ki, Bakı ŞİH başçısının 26 may 2008-ci il tarixli 264 nömrəli sərəncamı ilə Qaradağ RİH başçısının 22 fevral 2008-ci il tarixli 5/153 saylı razılıq məktubu və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin "xxxx" ASC-nin 14 aprel 2008ci il tarixli 4/02-1507 saylı rəyi nəzərə alınaraq, İddiaçı məxsus Bakı ŞİH başçısının 5 avqust 1994-cü il tarixli 1084 saylı sərəncamı ilə Qaradağ rayonu, Sahil qəsəbəsinin qərb hissəsində yanacaq doldurma məntəqəsinin tikintisinin layihələndirilməsi üçün ayrılmış torpaq sahəsi Sahil qəsəbəsində X9 cənub hissəsində təyinatı dəyişdirilmədən, 0,88 ha torpaq sahəsi ilə əvəzləşdirilərək icarə əsasında İddiaçı oğllunun istifadəsinə verilmişdir. Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən həmin torpaq sahəsinin ayrıc aktı tərtib edilmişdir (08/148 nömrəli). İş materiallarından görünür ki, Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsi tərəfindən İddiaçı Bakı şəhəri, Sahil qəsəbəsi, X9 cənub hissəsində təyinatı yanacaq doldurma məntəqəsi olmaqla 12266 nömrəli “Torpaq sahəsinin ayrılmasına dair İnşaat Pasportu” tərtib edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinə ünvanlanmış 15 iyul 2008-ci il tarixli məktubunda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qaradağ rayonu, Sement Zavodunun cənub hissəsində avtomobillərə yanacaq doldurma məntəqəsinin layihələndirilməsi məqsədilə təqdim olunmuş sxem əsasında ümumi sahəsi 0,88 ha torpaq sahəsinin vətəndaş İddiaçı istifadəsinə ayrılmasına aşağıda qeyd olunan şərtlər daxilində etirazı olmadığını bildirmişdir: - sahənin yaxınlığından keçən magistral kommunikasiya xəttlərinin (avtomobil və dəmir yolları) qanunvericiliklə müəyyən olunmuş mühafizə zonası tələblərinə ciddi riayət edilməsi; - ayrılması nəzərdə tutulmuş ərazidə aparılacaq tikinti işlərinin layihə sənədlərinin Dövlət ekoloji ekspertizasına təqdim olunması; - kommunikasiya xəttləri birləşmələrinin aidiyyəti orqanlarla əvvəlcədən razılaşdırılması; - layihələndirmə mərhələsində ərazidə abadlaşdırma və yaşıllaşdırma işlərinin nəzərdə tutulması; - Qeyd: razılıq yalnız layihələndirmə işləri üçün əsasdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiya Mərkəzinin 16 iyul 2008-ci il tarixli məktubu ilə Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin qərb hissəsində vətəndaş İddiaçı məxsus yanacaq doldurma məntəqəsinin tikintisinin layihələndirilməsi üçün ayrılan torpaq sahəsi haqqında 16 iyul tarixli 04-30/89-25 saylı rəyi təqdim olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı Bakı ŞİH-in 16 may 2008-ci il tarixli 264 nömrəli sərəncamı ilə Qaradağ rayonu Sahil qəsəbəsinin qərb hissəsində yanacaq doldurma məntəqəsinin tikintisi üçün icarəyə ayrılmış 8.800 kv.m torpaq sahəsi ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən 29 dekabr 2008-ci il tarixdə “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin qərb hissəsində İddiaçı məxsus yanacaq doldurma məntəqəsinin yeni sahəyə köçürülməsi barədə işçi layihə “Azərkimya” Dövlət Layihə İnstitutu tərəfindən tərtib edilmiş və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X3 və Dağ-mədən X4 qeydə alınmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində Bakı ŞİH başçısının 16 may 2008-ci il tarixli 264 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsində müvafiq layihə üzrə inşa edilmiş maye-qaz və yanacaq doldurma məntəqəsinin istismara qəbul edilməsi barədə akt aidiyyəti orqanların nümayəndələri ibarət qəbul komissiyası tərəfindən qəbul edilmiş və Bakı şəhəri Qaradağ RİH tərəfindən təsdiq edilmişdir. Aktda qəbul komissiyasına Bakı ŞİH başçısının 16 may 2008-ci il tarixli 264 nömrəli sərəncamının, 12266 nömrəli İnşaat Pasportunun və obyektin layihəsinin təqdim olunduğu göstərilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 02 nömrəli 6 yanvar 2022-ci il tarixli mütəxəssis rəyində aşağıdakılar bildirilir: - Yanacaq doldurma məntəqəsinin əməkdaşının iştirakı ilə mütəxəssis tərəfindən yerinə araşdırılarkən naturada təqdim olunan torpaq sahəsinin koordinatları GPS aləti ilə qeydə alınaraq kameral şəraitdə “Google Yer” proqramının ortofoto görüntülərinə əsasən dəqiqləşdirildi. Dəqiqləşmə zamanı məlum oldu ki, İddiaçı Bakı ŞİH-in 16 may 2008-ci il tarixli 264 nömrəli sərəncamı ilə təqdim olunan ərazidə yanacaq doldurma məntəqəsinin tikilisi üçün 0,88 ha torpaq sahəsi ayrılmışdır. Sonradan 1 sentyabr 2008-ci il tarixdə Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən həmin torpaq sahəsinə “Ayrıc aktı” hazırlanmışdır. Bundan sonra sözügedən 0,88 ha torpaq sahəsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən 29 dekabr 2008-ci il tarixdə “Torpaq sahəsinin planı və ölçüsü” sənədi hazırlanmışdır. Baxış zamanı o da müəyyən oldu ki, “Torpaq sahəsinin planı və ölçüsü” sənədində və rəyə əlavə edilmiş 2020-ci ilədək olan ortofoto görüntülərində qeyd olunmuş əsas döngə nöqtələrinin koordinatlarından kənara düşmüş, başqa şəxslər tərəfindən quraşdırılmış yüngül konstruksiyadan ibarət tikililər ərizəçinin nümayəndəsinin bildirdiyinə görə 2020-ci ilin əvvəllərində sökülmüşdür. Yuxarıda qeyd olunan sənədlərə əsasən ayrılmış 0,88 ha torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatları GPS aləti vasitəsi ilə naturada dəqiqləşdirilərkən məlum oldu ki, yanacaq doldurma məntəqəsi həmin koordinatların hüdudları daxilində yerləşir; - (nəticə hissəsi) İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, X9 cənub hissəsində olan mövcud yanacaq doldurma məntəqəsi həmin məntəqəyə Bakı ŞİHin 16 may 2008-ci il tarixli 264 nömrəli sərəncamı ilə ayrılmış 0,88 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.9.2) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Göründüyü kimi, mövcud qanunvericilik normaları Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə mindiyi 1 yanvar 2013-cü il tarixədək inşa edilmiş qeyri-yaşayış binalarına hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas kimi aşağıdakı sənədləri nəzərdə tutur: torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Qaradağ rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Cavabdeh inzibati orqan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisə Bakı şəhərinin Qaradağ rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, bu mübahisəyə İPM-in 8.1.1-cü maddəsinin tələblərinə uyğun baxılmalıdır. Odur ki, işə baxmaqda müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Qaradağ rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: Hazırkı işin hallarına görə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şossesində istifadədə olan 0,0626 ha torpaq sahəsində yerləşən yanacaq doldurma məntəqəsi İddiaçı mülkiyyətində olmuş və həmin qeyri-yaşayış binası daşınmaz əmlakın dövlət reyestrində müvafiq qaydada qeydiyyata alınmışdır. Lakin sonradan səlahiyyət orqan kimi Bakı ŞİH-in sərəncamı ilə həmin qeyri-yaşayış binası üçün ayrılmış torpaq sahəsi müvafiq ərazidə avtomobil yolunun layihələndirilməsi ilə əlaqədar 0,88 ha ölçüdə digər torpaq sahəsi ilə əvəzləndirilərək, qeyd olunan torpaq sahəsi icarə əsasında iddiaçının istifadəsinə ayrılmışdır. Bundan başqa, ayrılmış torpaq sahəsinə müvafiq dövrdə aidiyyəti səlahiyyətli təşkilat kimi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu tərəfindən iddiaçının adına “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. Qeyd olunmalıdır ki, iddiaçıya məxsus qeyri-yaşayış binasının layihələndirilməsi barədə səlahiyyətli qurum kimi Bakı ŞİH tərəfindən 16 may 2008-ci il tarixli sərəncam verilməsi və aidiyyəti təşkilatların müsbət rəyləri alındıqdan sonra digər səlahiyyətli qurum Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tikilinin inşaat paspotunun tərtib edilməsi özlüyündə tikintiyə icazə sənədini ehtiva edir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının mülkiyyətində olmuş əvvəlki qeyri-yaşayış binasının – yanacaq doldurma məntəqəsinin sökülməsi və müvafiq ərazidə eyni təyinatlı yeni tikilinin inşası zərurəti onun özünün təşəbbüsü və iradəsindən irəli gəlməmişdir. Eləcə də məhkəmə vurğulayır ki, məhkəmə icraatında təsdiq olunmuş “Tikilinin istismara qəbul aktı” müvafiq dövrdə səlahiyyəti olan orqan, yəni Qaradağ RİH tərəfindən təsdiq olunmuş və həmin aktda Bakı ŞİH-in 16 may 2008-ci il tarixli sərəncamına, inşaat pasportuna və eskiz layihəyə istinad olunmuşdur. Bakı ŞİH-in həmin sərəncamı və tikilinin istismara qəbul aktı ləğv edilmədiyindən, qüvvədə olduğundan, mötəbər sübut kimi qiymətləndirilir. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçı əvvəki yanacaq doldurma məntəqəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədi, 1 yanvar 2013-cü il tarixədək yerli icra hakimiyyəti orqanının ona həmin ərazidə yeni yanacaq doldurma məntəqəsinin layihələndirilməsi və bununla əlaqədar torpaq sahəsinin ayrılması barədə sərəncamını və yeni tikilinin “layihəyə istiadən” təsdiqlənmiş istismara qəbul aktını təqdim etdiyi halda hüquqların qeydiyyatını aparan orqan kimi hazırkı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən onun həmin qeyri-yaşayış binasına mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlətr reyestrində qeydiyyata almalı idi. İddiaçının təqdim etdiyi tikilinin layihəsinin Qaradağ RİH tərəfindən təsdiq olunmuş surəti məhkəmə icraatında təqdim olunmasa da, adıçəkilən qurumun təsdiq etdiyi tikilinin istismara qəbul aktında həmin layihəyə istinad olunması layihənin təsdiqini inkarolunmaz edir. Qeyd olunanlarla yanaşı diqqət yetirilməlidir ki, iş üzrə iddiaçı tərəfindən təqdim olunmuş müvafiq mütəxəssis rəyində inşa olunmuş tikilinin onunla bağlı ayrılmış torpaq sahəsindən kənarda yerləşməşdiyi təsdiqini tapır. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi isə, bu halı təkzib edən hər hansı tutarlı sübut, dəlil gətirməmişdir. Müvafiq səlahiyyətli orqan kimi Qaradağ RİH tərəfindən “Tikilinin istismara qəbul olunması barədə” aktın təsdiq olunması da bu xüsusatla bağlı cavabdehin mövqeyinin əsaslı olmadığı qənaəti yaradır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı Bakı ŞİH-in 16 may 2008-ci il tarixli 264 nömrəli sərəncamı ilə ona ayrılmış 0,88 ha torpaq sahəsinə köçürülmüş (tikilmiş) bir mərtəbəli qeyri-yaşayış binasının (153 saylı yanacaq doldurma məntəqəsinin) üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin qeyri-yaşayış binasına dair reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Bakı ŞİH-in 16 may 2008-ci il tarixli 264 nömrəli sərəncamı ilə ona ayrılmış 0,88 ha torpaq sahəsinə köçürülmüş (tikilmiş) bir mərtəbəli qeyri-yaşayış binasının (153 saylı yanacaq doldurma məntəqəsinin) üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin qeyri-yaşayış binasına dair reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2265/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2265/2022
16.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver