Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2265/2025 16.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Sabir oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş 346,61 manat dövlət vəsaitinin iddiaçının hesabına köçürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş 346,41 manat dövlət vəsaitinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında yaşayan Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək yoldaşı X1 xx.xx.2022-ci il tarixində vəfat etməsini bildirmiş və dəfn xərcinin özünə ödənilməsini xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Qurban Hüseynovun 30 oktyabr 2022-ci il tarixində vəfat etmiş, lakin bu barədə Mərkəzi Filiala məlumat verilmədiyi üçün onun müvafiq kart hesabına 2022-ci ilin noyabr ayı üzrə əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Nəticədə mərhum Qurban Hüseynovun məxsus kart hesabına köçürülmüş artıq pul vəsaiti 1066,61 manat təşkil etmişdir. Bundan sonra mərhum Qurban Hüseynovun vəfat etməsi ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh ölkə üzrə minimum əmək pensiyasının üç misli məbləğində 720 manat dəfn müavinəti hesablanmışdır. Qurban Hüseynovun müvafiq kart hesabına artıq ödənilən və Mərkəzi Filialın hesabına bərpa olunmayan 1066,61 manat vəsaitdən 720 manat məbləğində dəfn müavinəti çıxılmış, qalan 346,61 manat pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarılması xahiş edilmişdir. İddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında yaşayan mərhum Qurban Hüseynovun yoldaşə Cavabdeh yaranmış 346,61 manat borcun Mərkəzi Filialın hesabına ödəməyi barədə şifafi olaraq müraciət edilmiş, daha sonra cavabdehə xx.xx.2022-ci il tarixində **********9 nömrəli məktub göndərilərək xəbərdarlıq edilmiş, əks halda qanunamüvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın mümkün sayılmasını və mahiyyəti üzrə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Nəzərə alınmalıdır ki, hər hansı bir iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunmasında hüquqi marağı olmalıdır. Hüquqi maraq şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir. Məhkəmə qeyd edir ki, iddiaçının hüququ marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olubolmamasının müəyyən edilməsi ilə birbaşa asılılıqdadır. Yəni, iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa iddia mahiyyəti üzrə qiymətləndirilməlidir. İşin faktiki hallarından göründüyü kimi iddiaçının hazırki tələb ilə nail olmaq istədiyi məqsəd artıq ödənilmiş 346,61 manat dövlət vəsaitinin cavabdeh tərəfindən qaytarılmasıdır. Məhkəmə müəyyən edir ki, mövcud mübahisə inzibati orqanın vətəndaşa qarşı irəli sürdüyü iddia xarakteri daşıyır və bu tip mübahisələrdə inzibati icraatın əsas prinsip və tələblərinə əməl olunması vacibdir. Hüquqi tənzimləmə kontekstində məcburetmə, öhdəliyin icrası və kompensasiya xarakterli iddialar irəli sürülərkən ilkin müraciətetmə mərhələsi mütləq qaydada təmin olunmalıdır. Hazırkı iddia üzrə isə bir qədər fərqli əsasa görə də bu tələb tətbiq edilməli olduğu halda, iddiaçı tərəfindən bu tələb pozulmuşdur. Bu yanaşma "Əmək pensiyaları haqqında" Qanunun 39.1-ci maddəsinin imperativ tələblərindən irəli gəlir. Belə ki, qanunun müvafiq norması artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin geri qaytarılmasını konkret hüquqi mexanizmə bağlamışdır. Bu mexanizmə əsasən, həmin məbləğin tutulması üçün ilk növbədə əmək pensiyaçısının açıq və birmənalı razılığı alınmalı, yalnız razılıq olmadığı halda məhkəmə müstəvisində həll edilməlidir. Bu tənzimləmə, inzibati prosesi hüquqi ardıcıllıq çərçivəsində təmin edən və vətəndaşın müdafiəsinə yönəlmiş bir tələb kimi çıxış edir. Lakin hazırkı mübahisədə iddiaçı tərəfindən həmin ilkin mərhələnin gözlənilmədiyi aşkardır. Konkret olaraq, vətəndaşa artıq ödənilmənin tutulması barədə razılığın verilməsi ilə bağlı heç bir müraciət olunmamış, onun mövqeyinin öyrənilməsi və məsələnin məhkəməyə qədər inzibati qaydada həlli cəhdi göstərilməmişdir. Bu isə yalnız prosedur çatışmazlığı deyil, eyni zamanda, qanunun 39.1-ci maddəsinin normativ tələblərinin birbaşa pozulmasıdır. Çünki norma mərhələli hüquqi tənzimləmə əsasında işləyir və ilkin müraciətin olmaması bu mərhələlərin pozulması ilə nəticələnir. Hazırkı vəziyyətdə iddiaçı tərəfindən ödənilməsi tələb edilən pulun tutulması barədə hər hansı qərarın qəbul edilməməsinə və yalnız bu məqsədlə məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsinə baxmayaraq, prosessual qanunvericiliyin zəruri tələbi olan məhkəməyə iddia ərizəsi ilə müraciət olunmamışdan qabaq cavabdehə eyni tələblə müraciət etmək göstərişinin şərtlərinə əməl edilməmişdir. Məhkəmə hesab edir ki, hüquqi prosedurların pozulması təkcə prosessual deyil, həm də maddi hüququn pozulması nəticəsini doğurduğundan, bu cür iddianın məhkəmə müstəvisində baxılması mümkün deyil. Qanunvericilik inzibati orqana vətəndaşın razılığını almaq və inzibati icraatda mərhələli irəliləyiş prinsiplərinə əməl etmək öhdəliyini qoyur. Bu isə o deməkdir ki, ilkin müraciətetmə tələbinin yerinə yetirilməməsi təkcə formallıq yox, hüquqi məcburiyyət xarakteri daşıyır və onun pozulması iddianın mümkünsüzlüyü ilə nəticələnir. Bu baxımdan, məhkəmə mövcud prosessual vəziyyəti nəzərə alaraq, inzibati orqanın iddiasının mümkünlük şərtlərinə cavab vermədiyini müəyyən edir. Qanunvericiliyin qeyd edilən tələbləri ilə bağlı məhkəmə tərəfindən İPM-in 13-cü maddəsinə əsasən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsinə hüquqi yardım göstərilmiş, ona cavabdehə iddia qaldırılanadək eyni tələblə ilkin müraciət olunmasını təsdiq edən sənədlərin və ya poçt qəbzinin məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Nümayəndə tərəfindən təsdiqedici hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Beləliklə Məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması mümkünlük şərtləri daxilində yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş 346,61 manat dövlət vəsaitinin iddiaçının hesabına köçürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X4
Məhkəmə qərarları › İş №2-1(112)-2265/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2265/2025
16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver