Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2266/2021 11.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1, üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X7) “dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X7) iddia ərizəsi ilə məhkəməyə mürciət edərək, RX serialı ******* nömrəli, xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, dəymiş maddi ziyana görə 20.000 manat və mənəvi ziyana görə 10.000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdeh inzibati orqandır, çıxarış da inzibati aktdır. Hesab edir ki, onun iddiasına inzibati məhkəmədə baxılmalıdır. O, iddia tələbini müdafiə edir, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməsi və iddianın təmin edilməsi, RX serialı ******* nömrəli, xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, dəymiş maddi ziyana görə 20.000 manat və mənəvi ziyana görə 10.000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahatında bildirdi ki, ünvan 1 ünvanında yerləşən mənzil hazırda X6, X7, X8, İddiaçı paylı mülkiyyətindədir. X6 ilə X7 arasında bağlanmış xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında sonuncunun adına ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli çıxarış verilmişdir. Mübahisələndirilən çıxarış, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki müqavilədən irəli gəldiyi üçün hazırki iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə əlaqədar isə məhkəmədən əvvəl təmsil etdiyi inzibati orqana iddiaçı tərəfindən müraciət daxil olmamışdır. Göstərilənlərə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin qəbulundan imtina edilməsi və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X7 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin qəbulundan imtina edilməsi və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizənin qəbulundan imtina edilməli və iddia mümkün sayılmamalıdır. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, X6 ilə X7 arasında imzalanmış xx.xx.2017-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X6 ünvan 2 ünvanında yerləşən mənzildən paylı mülkiyyət hüququ üzrə ona məxsus 2 otağın ½ hissəsini X4 bağışlamış, qalan hissə X2 mülkiyyətində qalmışdır. Həmin sənədlərdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 7-ci Sverdlov döngəsi, ev 13 İddiaçı (1 otaq), X2 (2 otaq, ½ hissə), X3 (2 otaq, ½ hissə, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il) paylı mülkiyyətindədir. İddiaçı çıxarışın etibarsız hesab edilməsini tələb edir. Lakin «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 №-li Qərarının 17-ci bəndindən də göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddiaçının mübahisələndirdiyi çıxarışla əlaqədar daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat isə (RX serialı ******* nömrəli, xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli) mülki-hüquqi əqdin - X6 ilə X7 arasında imzalanmış xx.xx.2017-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin əsasında aparılmışdır. Belə olan halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın aparılmasının əsasını təşkil etmiş müqavilə mübahisələndirilməlidir. İddiaçı tərəfindən qeyd olunan bağışlanma müqaviləsi mübahisələndirilə bilər, həmin məsələlərin araşdırılması isə ümumi məhkəmələrin səlahiyyətlərinə aiddir, həmin məsələlər mülki məhkəmə icraatı qaydasında araşdırılmalıdır. Bu baxımdan hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Məhkəmə dəymiş maddi ziyana görə 20.000 manat və mənəvi ziyana görə 10.000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə iddiaçı tərəfindən təqdim edilmiş ərizə ilə əlaqədar qeyd edir ki, qeyd olunan tələblə əlaqədar iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl cavabdeh inzibati orqana müraciət etməlidir. İddiaçı qeyd olunan tələblə cavabdehə müraciət etməsini bildirsə etsə də, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl cavabdeh orqana müraciət etməmişdir. Məhkəmə iclasında iddiaçıya təklif edilməsinə baxmayaraq, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmişdən əvvəl cavabdeh orqana iddia tələbində göstərilən məsələ ilə əlaqədar müraciət edilməsinə, müraciətin cavabdeh inzibati orqana təqdim edilməsinə dair sübutları iddiaçı məhkəməyə təqdim edə bilmədi. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizənin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır; 54.2-ci maddəsinə əsasən cavabdehin iddianın dəyişdirilməsinə etiraz etmədiyi və yazılı sənəddə (ərizədə, vəsatətdə və s.) və ya şifahi məhkəmə baxışında artıq dəyişdirilmiş iddia barədə mövqeyini bildirdiyi hallarda, məhkəmə cavabdehin iddianın dəyişdirilməsi ilə razılaşdığını hesab edir; 54.3-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 №-li Qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 17-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır; 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 54, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizənin qəbulundan imtina edilsin. İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-2266/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2266/2021
11.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver