Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2266/2022 17.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X14, cavabdehin nümayəndəsi X6 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5035 ünvanında 1-ci blok, 7-ci mərtəbədə yaşayış sahəsi 16,59 kvm. olan, 1 otaqlı 19 saylı mənzilə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyesterində qeydə alınaraq, həmin mənzilə texniki pasport və daşınmaz əmlaka dair dövlət reyesterindən çıxarışın verilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflərindən ərizə ilə İdarəyə müraciət olunaraq, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5035 ünvanında 1-ci blok, 7-ci mərtəbədə yaşayış sahəsi 16,59 kvm. olan 1 otaqlı 19 saylı mənzilə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasını, həmin mənzilə dair texniki pasport və daşınmaz əmlaka dair mülkiyyət çıxarışının verilməsi xahiş olunmuşdur. Lakin İdarə 10.08.2021-ci il tarixli, **********74 saylı məktubu ilə ərizəsinin icrasından imtina etmişdir. Aşağıdakı səbəblərə görə hesab edir ki, cavabdeh qurumun imtinası əsassız və qanunvericiliyin tələblərinə ziddir. O, 1984-cıi ildən Bünyad Sərdarov adına zavodda mühəndis vəzifəsində çalışır. Binəqədi rayon İcra Hakimiyyətinin 15.10.1992-ci il tarixli, 895 saylı sərəncamı ilə mənzil vəziyyətinin yaxşılaşdırılması üçün mənzil növbəsinə alınmışdır. B.Sərdarov adına maşınqayırma zavodunun inzibati həmkarlar ittifaqı komitəsinin və mənzil-məişət komissiyasının birgə iclasının 16.10.1996-cı il tarixli, 43 saylı protokoluna əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5035 ünvanında 1-ci blok, 7-ci mərtəbədə yaşayış sahəsi 16,59 kvm. olan 1 otaqlı 19 saylı mənzil onun istifadəsinə verilmişdir. Ölkədə baş vermiş Qarabağ-Ermənistan müharibəsi zamanı Şuşa rayonundan olan məcburi köçkünlər tərəfindən ona verilmiş mənzil qanunsuz olaraq zəbt edilmişdir. Nazirlər Kabinetinin 200 saylı 24 dekabr 1999-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin məskunlaşdırılması Qaydalarının 4-cü maddəsinə əsasən “Məcburi köçkünlərin 1992-1994-cü illərdə məskunlaşdığı mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə məcburi köçkünlər tərəfindən zəbt olunmuş evlərə aidiyyatı təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılmışdır”. Göstərilən qərarın tələbləri nəzərə alınaraq İcra orqanı tərəfindən qeyd olunan mənzilə onun köçürülməsi üçün orderin verilməsi müvəqqəti olaraq dayandırılmışdır. Tərəflərindən həmin şəxslərin mənzildən çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Binəqədi rayon məhkəməsinin 22.02.2021-ci il tarixli, 2(001)-960/2021 saylı qətnaməsi ilə iddiası təmin edilmiş, cavadehlərin həmin mənzildən çıxarılması, onun həmin mənzilə köçürülməsi qət edilmişdir. Belə ki, Binəqədi rayon məhkəməsinin 22.02.2021-ci il tarixli, 2(001)-960/2021 saylı qətnaməsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5035 ünvanında 1-ci blok, 7-ci mərtəbədə yaşayış sahəsi 16,59 kv.m olan 1 otaqlı 19 saylı mənzilin onun mülkiyyətində olması öz təsdiqini tapmışdır. “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə ********** daxil olma nömrəli, 17.07.2021-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, iddiaçının ərizəyə əlavə etdiyi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-960/2021 saylı, 22.02.2021-ci il tarixli qətnaməsi İdarəyə rəsmi qaydada daxil olmamış və həmin qətnamə ilə İdarənin üzərinə heç bir öhdəlik qoyulmamışdır. Qeyd olunan səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə iddiaçıya 10.08.2021-ci il tarixli, **********74 saylı cavab məktubu ünvanlanmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X24 iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X15 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li, 28.11.2014-cü il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci ildə Tərtər rayonunda doğulmuşdur. - B.Sərdarov adına maşınqayırma zavodunun inzibati həmkarlar ittifaqı komitəsinin və mənzil-məişət komissiyasının birgə iclasının 27.11.1991-ci il tarixli, 11 nömrəli protokolundan çıxarışdan görünür ki, X16 mənzil növbəsinə götürülmüşdür. - Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 15.10.1992-ci il taruxli 895 nömrəli sərəncamından görünür ki, X16 iş yeri üzrə mənzil növbəsinə götürülmüşdür. - B.Sərdarov adına maşınqayırma zavodunun inzibati həmkarlar ittifaqı komitəsinin və mənzil-məişət komissiyasının birgə iclasının 16.10.1996-cı il tarixli, 43 nömrəli protokolundan çıxarışdan görünür ki, Biləcəri qəsəbəsi, məhəllə 5035 ünvanında 1-ci blok, 7-ci mərtəbədə yaşayış sahəsi 16,59 kv.m olan 1 otaqlı 19 saylı mənzilin X11 ayrılması qərara alınmışdır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-960/2021 saylı 22.02.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən İddiaçı cavabdehlər X12, X4, X13, X23 və X5 qarşı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5035-ci məhəllə 2 saylı evin 19 saylı mənzilinə istifadə hüquqlarının itirilməsinə və sair tələblərə dair iddia ərizəsi qismən təmin edilmiş, X9, X2, X10, X17 və X3 Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5035-ci məhəllə 2 saylı evin 19 saylı mənzilindən çıxarılmaları, İddiaçı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5035-ci məhəllə 2 saylı evin 19 saylı mənzilinə köçürülməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. - Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Departamenti Binəqədi rayon MKTBnin 107 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 413 nömrəli, 12.07.2021-ci il tarixli arayışdan görünür ki, B.Sərdarov adına maşınqayırma zavodu HİKnin 43 saylı 16.10.96-cı il tarixli protokoluna əsasən Biləcəri qəsəbəsi, məhəllə 5035, 2 №li evin 19 №-li mənzili İddiaçı məxsusdur. Lakin mənzil 1992-ci il tarixdən Şuşa rayonundan məcburi köçkünlər tərəfindən zəbt olunub: X18, X7, X19, X25, X8. - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəməyə ünvanlanmış 17.11.2021-ci il tarixli, 939, 939/1 nömrəli məktubdan görünür ki, ünvan 3 ünvanda yerləşən 9 mərtəbəli, 8 girişli yaşayış binası 1991-ci ildə inşa edilmiş və həmin vaxtdan dövlət mənzil fonduna aid olmaqla Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəməyə ünvanlanmış 10.12.2021-ci il tarixli, 984 nömrəli məktubdan görünür ki, ünvan 3 evin 1992-ci ildə Bakı şəhər İcra hakimiyyəti tərəfindən B.Sərdarov adına maşınqayırma zavodunun balansına verilib-verilməməsi barədə məluamat Birliyin arxivində aşar edilməmişdir. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış 10.08.2021-ci il tarixli, **********74 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5035, 2 saylı evin, 19 saylı mənzilinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, 17.07.2021 -ci il tarixli müraciətinə tərəflərindən baxılmışdır. Bununla əlaqədar olaraq bildirirlər ki, qeyd olunan ünvanda yerləşən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin ərizəsinə əlavə etdiyi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-960/2021 saylı, 22.02.2021-ci il tarixli qətnaməsi İdarəyə rəsmi qaydada daxil olmamış və həmin qətnamə ilə İdarənin üzərinə heç bir öhdəlik qoyulmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizəsinin icrasından imtina edilir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. - 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzbati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. - 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. - 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18.03.2015-ci il tarixli, 487 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5035, 2 saylı evin 19 saylı mənzilinin İddiaçı ayrılması barədə B.Sərdarov adına maşınqayırma zavodunun inzibati həmkarlar ittifaqı komitəsinin və mənzil-məişət komissiyasının birgə iclasının 16.10.1996-cı il tarixli, 43 nömrəli protokolu mövcud olsa da həmin yaşayış sahəsinin iddiaçıya verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının, yəni Binəqədi rayon İcra Hakimiyyətinin sərəncamının, orderin və ya mənzil kirayəsi müqaviləsinin olması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı iddia etdiyi Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5035-ci məhəllə 2 saylı evin 19 saylı mənzilinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş sənədlərə malik olmadığından cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməməsi qanuni və əsaslı olmuş, ididiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-2266/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2266/2022
17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver