Məhkəmə qərarları › İş №2-1(112)-2267/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2267/2022

10.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2267/2022 10.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı qıznın nümayəndəsi X9, Cavabdehin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı qıznın cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qız cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ərizə ilə məhkəməyə müraciət edərək “Əmək pensiyaları haqqında” Qanunun 9.1 bəndinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 19-cu bəndinin a) yarımbəndinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 2 nömrəli əlavəsində göstərilən sənədlər əsasında “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası" təyin edilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci bəndinə əsasən müraciət etdiyi tarixdən əvvəlki üç il üçün əmək pensiyasının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia əsasən onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, o hal-hazıradək K.Y.Fərəcova adına X2 “Yoluxucu xəstəliklər" şöbəsində tibb bacısı kimi çalışır. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci bəndinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 19-cu bəndinin (19. Tibb və sosial təminat müəssisələri) a) yarımbəndinə əsasən (a) vərəm və mfeksion müəssisələrində, bölmələrində, kabinetlərində: orta tibb heyəti; kiçik tibb heyəti) tibb müəssisələrinin infeksion bölmələrində çalışan orta tibbi heyətin - tibb bacılarının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ vardır. Göstərdiklərimlə əlaqədar olaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün 30 aprel 2021-cı il tarixində DOST mərkəzinə müraciət etmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 2 nömrəli əlavəsinin tələbinə uyğun qaydada bütün lazımi sənədləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMFnin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim etmişdir. Cavabdeh 27 iyul 2021-ci il tarixli cavab məktubunda “Əmək pensiyaları haqqında Qanun”da nəzərdə tutulmuş bütün sənədlərin təqdim edilməsinə baxmayaraq, güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmağıma dair iş yerinin arayışının cavab məktubuna əlavə olunmuş arayışa (əlavə olunur) uyğun qaydada tərtib edilməklə sənədlərin yenidən təqdim olunması istənilmişdir. Tələb olunan arayış heç bir normativ-hüquqi aktda nəzərdə tutulmamışdır...Qeyd olunanlara əsasən iddiaçı məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçının isə qanunvericilikdə nəzərdə tutulmuş 12 il 6 ay güzəştli iş stajı yoxdur. İddiaçının işləmiş olduğu peşələri aşağıdakı səbəblərdən güzəştli şərtlərlə pensiya hüququnun yaranmasına səbəb olan peşələr hesab etmirlər: Cavabdeh bildirir ki, İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəmədə iddia qaldırmışdır. Hesab edirik ki, iddiaçının tələbi qanuna müvafiq olmadığı üçün rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarfna 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış cavab məktubunun məzmunundan göründüyü kimi, hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi məsələsinə baxılmasından imtina etməmiş, əksinə müvafiq sənədlərin əsillərini tam şəkildə təqdim etdikdən sonra ona güzəştli pensiya təyinatının aparılması məsələsinə baxılacağını bildirilmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən iddiaçının müraciətinə verilən cavab imtina kimi qəbul edilə bilməz. İş üzrə şifahi məhkəmə baxışı iclası 10.02.2022-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı X12 dəqiqləşdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və təqdim etdiyi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı iclasında tədqiq edilmiş: - AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı qız Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1961-cı il tarixdə İsmayıllı rayonunun Qalınçaq kəndində anadan olmuşdur. - ДT № 785076 saylı diploma əsasən, Musayeva (hazırda Rüstəmova) Gülfəxrinə Qulu qızı 1979-1981-ci illərdə Sumqayıt Tibb Məktəbində təhsil almış və ona “tibb bacısı” ixtisası verilmişdir. - İddiaçının ИТ-İ № ******* saylı əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 31.08.1979-cu ildə Sumqayıt Tibb Məktəbinin uşaq müalicə-profilaktika müəssisələri üçün tibb bacısı şöbəsinin şagirdlər sırasına daxil edilmiş, 06.07.1981-ci ildə tamamlanmış tibb təhsili ilə uşaq müalicə-profilaktika müəssisələri üçün tibb bacısı ixtisası verilmşdir. 05.10.1981- 16.08.1982-ci illərdə Azərbaycan SSR İsmayıllı rayonu “Xanlar” adına Çaxır sovxozu. Talış qəsəbəsinin uşaq baxçasına tibb bacısı vəzifəsinə qəbul edilmiş, Azərbaycan SSR İsmayıllı rayonu Mərkəzi feldşer xəstəxanası. 16.08.1982-26.09.1983-cü illərdə İsmayıllı rayon Komitəsinin Qalıxanc həkim ambulatoriyasının tibb bacısı vəzifəsində, 02.01.1985-23.10.1986-cı illərdə masaj üzrə tibb bacısı vəzifəsində işləmiş, 23.10.1986-01.09.1989-cu illərdə prosedur kabinetinin tibb bacısı, 01.09.1989- 22.10.2004-cü illər ərzində sahə tibb bacısı, 27.10.2004-cü ildən hal-hazıradək K.Y.Fərəcova adına X2 yoluxucu xəstəliklər şöbəsində tibb bacısı vəzifəsində işləyir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına X3 tərəfindən iddiaçıya verilən 16 sentyabr 2021-ci il tarixli “Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair” Arayışdan görünür ki, İddiaçı həqiqətən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına X2 27.10.2004-cü il tarixdən halhazıradək yoluxucu xəstəliklər şöbəsində tibb bacısı şöbəsində işləyir. İşlədiyi vəzifə üzrə iş stajı 16 il, 10 ay, 20 gün təşkil edir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına X3 tərəfindən iddiaçıya verilən 21 aprel 2021-ci il tarixli Arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına X2 27.10.2004-cü il tarixdən halhazıradək yoluxucu xəstəliklər şöbəsində tibb bacısı şöbəsində işləyir. - Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış 27 iyul 2021-ci il tarixli, **********0 saylı imtina məktubundan görünür ki, iddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə müraciətinə baxılmış və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə istinad olunaraq bildirilmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin ediiməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”) tələblərinə uyğun qaydada İddiaçı tərəfindən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına şəxsiyyət vəsiqəsinin surəti, ümumi iş stajınıı təsdiq edən sənədlərin əsllərinin (əmək kitabçasının, həqiqi hərbi xidmətdə olduğu dövrü təsdiq edən sənəd və s.), "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının əslinin, pensiya təyin edilməsi ilə bağlı ərizəyə əlavə edilməklə təqdim edildikdən sonra baxıla bildiyi qeyd olunaraq, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə araşdırması dövründə İddiaçı işlədiyi vəzifələr barədə məlumatın, həmçinin işlədiyi vəzifələrin güzəştli vəzifələr hesab edilib-edilməməsi, hesab edildiyi təqdirdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına və koduna istinad olunmaqla bu barədə arayışın verilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına X1 tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına və koduna istinad olunmaqla bu barədə arayışın verilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına X3 tərəfindən verilmiş 15 noyabr 2021-ci il tarixli, 413 saylı arayışından görünür ki, İddiaçı həqiqətən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına X2 27.10.2004-cü il tarixdən hal-hazıradək yoluxucu xəstəliklər şöbəsində tibb bacısı şöbəsində işləyir. İşlədiyi vəzifə üzrə iş stajı 17 il, 19 gün təşkil edir. İddiaçı işlədiyi vəzifə üzrə güzəştli şərtlə pensiya hüququnun verilməsi haqqında məlumatın dəqiqləşdirilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət edilməsi bildirilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına X3 tərəfindən verilmiş 04 fevral 2022-ci il tarixli, 161 saylı arayışından görünür ki, İddiaçı həqiqətən 27.X.2004 tarixindən hazırkı dövrə qədər K.Y.Fərəcova adına ETPİ-nun yoluxucu xəstəliklər şöbəsində tibb bacısı vəzifəsində çalışır və ona X18 üzrə X13 Heyətinin 21 yanvar 2020 tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş Təbib HPŞ tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydışının 7.1 maddəsinin Sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə 7.1.15. bəndinə əsasən yoluxucu xəstəliklər və bağırsaq qurdları ilə yoluxmuş xəstələrlə stasionar şöbələrdə tibb heyəti vəzifələrində çalışan İddiaçı hər ay vəzifə maaşlarının 15%-i miqdarında əlavə haqq ödənilir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci bəndinin 01.07.2017-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəra itinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün ərizədə qeyd olunan sənədlərin təqdim edilmədiyi əsası ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası və etirazı aşağıda göstərilənlərə əsasən əsassız olmuşdur. Belə ki, məhkəmə cavabdehin həm imtina ərizəsində, həm də iddia ərizəsinə dair etirazda qeyd etdiyi sözügedən dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən tələb olunan sənədlərin - şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının, güzəştli iş stajını təsdiq edən müvafiq arayışın (işlədiyi peşənin xarakterinə dair) məhkəməyə təqdim edildiyi təqdirdə, inzibati orqana təqdim edilməməsi inandırıcı hal olmamışdır. O cümlədən cavabdeh tərəfindən bu hal sübuta yetirilməmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən həm imtina cavabı verilərkən, həm də məhkəmə araşdırması zamanı iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi iş stajının, tələb olunan pensiya yaşının olmadığı mübahisələndirilməmişdir. Hazırkı iddia tələbi üzrə iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci bəndinə əsasən müraciət etdiyi tarixdən əvvəlki üç il üçün əmək pensiyasının ona ödənilməsi tələb edir. Tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, İddiaçı 01.07.2017-ci ilə qədər təhsil illəri də daxil olmaqla 20 ildən artıq (35 il 05 ay 16 gün) ümumi sığorta və 10 ildən artıq (12 il 08 ay 9 gün) güzəştli iş stajı mövcuddur. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etdiyindən, onun “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə 01 iyul 2017-ci il tarixinədək edilən dəyişikliyə əsasən iddiaçının 52 yaşının tamam olmasını, o cümlədən hüququ yarndığı tarixdən, yəni 27 oktyabr 2014-cü-cü il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi stajının olması məhkəmə tərəfindən müəyyən edildiyindən, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi əsaslı olmamışdır. Məhkəmə iddiaçının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına X2 yoluxucu xəstəliklər şöbəsində işlədiyi “tibb bacısı peşəsinin zərərli peşə olmasına dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı həm iddiaçıya məxsus əmək kitabçasından, həm də güzəştli arayışlardan müəyyən edilmişdir ki, hazırki iş üzrə iddiaçının 22.10.2004cü il tarixdən hal-hazıradək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına X2 yoluxucu xəstəliklər şöbəsində işlədiyi “tibb bacısı” peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə “Səhiyyə və sosial təminat idarələri” adlı 19-cu bölmənin a) yarımbəndində qeyd olunan vərəm və infeksion idarələrində, bölmələrində kabinetlərində orta tibb heyəti vəzifəsinə uyğundur. Bu zaman, kiçik tibb işçilərinin kateqoriyasına daxil olan əməkdaşların hansı fəaliyyətin icra etməsinin müyyən edilməsi mühim rol oynayır ki, bunun müəyyən edilməsi “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin “Vahid X7” əsasında həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 19 iyun 2017-ci il tarixi, 8 №-li Qərarı ilə təsdiq olunmuş Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X5 xəstələrə qulluq edən kiçik tibb bacısı (qardaşı) kiçik tibb heyətinə daxildir. Nəzərə alınmalıdır ki, tibb bacısının əmək funksiyası müəyyən prinsip əsasında xarakterizə olunmuşdur ki, bu funksiyalar xəstələrə müalicə-profilaktika müəssisələrində və evdə tibbi qulluğun, xəstəyə həkiməqədər tibbi yardımın göstərilməsi, sanitariya maarifi işinin aparılması, laboratoriya tədqiqatları üçün materiallarının götürülməsi və ən sadə analizlərinin aparılması, həmçinin tibb alətlərini, sarğı materiallarını və xəstələrə tibbi qulluq əşyalarını sterilizasiya edilməsi, o cümlədən həkim təyinatlarının düzgün yerinə yetirilməsi ilə həyata keçirilir. İnfeksion kabinetlərdə işləyən tibb bacılarının (qardaşların) zərərli iş şəraitində işləməsi daha kəskin patoloji infeksiyaya yoluxmuş şəxslərə qulluq etdiklərinə görə, onların yoluxma riskinin kifayət qədər yüksək olduğunu sübut edir və bu bir mənalı olaraq onların daha zərərli iş şəraitində fəaliyyət göstərməsi ilə başa düşülür. Bu əsasdan məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiya hüququ pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X17) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. İddiaçının təqdim etdiyi əmək kitabçasından və güzəştli arayışlardan müəyyən edilir ki, onun 27.10.2014-cü il tarixədək tələb olunan güzəştli iş stajı mövcud olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Sözügedən Qaydaların 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. Qeyd olunan Qaydaların sözügedən tələbindən çıxış edərək məhkəmə qeyd edir ki, iddiaçının 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququnun qazanmış olduğunu nəzərə alaraq, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etdiyini əsas götürərək hazırki tələb üzrə, yəni güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi tələbində haqlıdır. Belə olan halda iddiaçının 01 iyul 2017-ci il tarixə kimi 20 ildən artıq ümumi əmək stajı olduğuna və onun 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə “Səhiyyə və sosial təminat idarələri” adlı 19-cu bölmənin a) yarımbəndində qeyd olunan vərəm və infeksion idarələrində, bölmələrində kabinetlərində orta tibb heyəti sahəsində işlədiyinə görə onun 27.10.2014-cü il tarixdən (güzəştli iş stajının tamam olduğu tarixdən) «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyası hüququ yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçının iddia ərizəsində də qeyd etdiyi kimi 30 aprel 2021-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci bəndinə müvafiq olaraq iddiaçının müraciət etdiyi tarixdən əvvəlki üç il üçün əmək pensiyasının hesablanaraq ödənilməsi hissəsində də əsaslı olduğu qənaətindədir. Sadalanan xüsusatlara məhkəmə məcmu şəkildə qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı qıznın 20 ildən artıq ümumi iş stajına, o cümlədən 10 ildən artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddiaçıya 27.10.2014-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və “Əmək pensiyaları haqqında” Qanunun 32.1- 1-ci bəndinə əsasən müraciət etdiyi tarixdən əvvəlki üç il üçün əmək pensiyasının ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı qızna pensiya hüququ yarandığı, yəni 27 oktyabr 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci bəndinə əsasən müraciət etdiyi tarixdən əvvəlki üç il üçün əmək pensiyasının ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar