Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2268/2021 30.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Binəqədi rayon xidmət nümayəndəliyinə qarşı iddia ərzəsi ilə məhkəməyə müraciət edərək, onun 01.09.1981-ci il tarixdən 31.12.1993-cü il tarixədək Ağdam rayonu Seyidli kənd orta məktəbində gözətçi işləməsi barədə illəri nəzərə almaqla əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun qeyd edilən dövrlərdə işləməyi barədə 09.02.2017-ci il tarixdə əmək kitabçası Ağdam rayon Təhsil şöbəsi tərəfindən tərtib edilmişdir, işləməsi barədə məlumat möhürlə təsdiq edilmişdir. Tərəfindən Dövlət Sosial X4 rayon şöbəsinə əmək pensiyası təyin edilməsi barədə müraciət edilmiş, 17 iyul 2019-cu il tarixli **********3 saylı imtina məktubunda əmək kitabçasının işğal dövründən sonra yazılması, arxiv sənədlərinin saxlanılmadığı və 01.09.1981-ci il tarixdən 31.12.1993-cü il tarixədək işlədiyi dövrün sosial sığorta stajına hesablanmasının mümkün olmadığı üçün pensiya təyin edilməsi üçün nəzərə alınmadığı göstərilmişdir. ******* nömrəli əmək kitabçasında onun 01.09.1981-ci il tarixdən 31.12.1993-cü il tarixədək işləməsi barədə məlumatlar qeyd edilmişdir. Lakin, cavabdeh tərəf bunu nəzərə almamış və əsassız olaraq imtina edilmişdir, ona əmək pensiyasi təyin edilməsində maraqlı olmamışdır. Halbuki əmək kitabçası Ağdam rayon Təhsil şöbəsi tərəfindən tərtib edilmişdir və onun qeyd edilən illərdə işləməsi üç nəfərin iştirakı ilə tərtib olunmuş akta əsasən yazılmışdır.“Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanunun 69-cu maddəsində iş stajının təsdiq edilməsi qaydası nəzərdə tutulmuşdur: iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. O, Binəqədi rayon Xidmət nümayəndəliyindən 3-cü qrup ümumi əlilliyə görə 07.11.2018-ci il tarixdən müavinət alır. Onun həmin illərdə işləməsi barədə məlumatlar əmək kitabçasına salınmışdır və cavabdeh tərəf əmək kitabçası əsasında onun həmin illərdə iş stajının hesablanması barədə tədbirlər görməli idi Cavabdeh tərəf tədbir görməməklə hərəkətsizliyə yol vermişdir. Bununla da onun hüquqları pozulmuşdur, iş stajının nəzərə alınaraq pensiyanın hesablanması üçün əsaslar olduğu halda imtina edilmişdir. Onun qeyd edilən vaxtlarda işləməsini əmək kitabçasında olan məlumatlar təsdiq edir və cavabdeh tərəf əmək pensiyası təyin etməkdə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 23.10.2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, məhkəmə tərəfindən əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Binəqədi rayon xidmət nümayəndəliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmuşdur. Cavabeh inzibati orqanın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş 27 aprel 2021-ci il tarixli **********8 №li iddiaya dair yazılı etirazda (mülahizə) göstərilmişdir ki, iddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq bildirilmişdir ki, 01.09.1981-ci il tarixdən 31.12.1993-cü il tarixədək işlədiyi illərin qarşılıqlı yoxlanmasının mümkün olmaması nəticəsində həmin dövrün sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Tələb olunan 25 il sığorta stajının və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olduğundan yaşa görə əmək pensiyası təyin edilməsindən imtina olunmuşdur. İddiaçı tərəfindən təqdim oiunan 09.02.2017-ci ildə tərtib olunmuş əmək kitabçasında onun 01.09.1981-ci il tarixdən 31.12.1993-cü il tarixədək qeyd olunan məktəbdə gözətçi işləməsi “əsası üç nəfərin iştirakı ilə tərtib olunmuş aktla” müəyyən edilmişdir. Belə bir aktın kim tərəfindən, hansı şəraitdə hazırlanması isə qeyri müəyyən olmaqla yanaşı qanunsuz və əsassızdır. Belə ki, əmək kitabçası “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” (26 dekabr 1996-cı il tarixli 186 nömrəli) və “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (25 noyabr 1992-ci il tarixli 638 nömrəli) əsasnamədəki qaydalara uyğun olduğu halda əmək kitabçasındakı qeydlərin əsaslı olduğu şübhə doğurmazdı. İşçinin əmək fəaliyyətini və əmək stajını təsdiqləyən əsas sənəd onun əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.Qaydaların 3.2-ci bəndində qeyd olunur ki, işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır:İşçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır.İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Bu başlıq altında 1-ci qrafada daxil edilən yazılışın sıra nömrəsi, 2-ci qrafada isə işçinin qəbul edildiyi tarix göstərilir. Əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Eyni zamanda qeyd olunur ki, şahid ifadələri əsasında əmək kitabçasında hər hansı düzəlişlər edilməsi yolverilməzdir. Yuxarıda qeyd olunanların əksinə, iddiaçının əmək kitabçasında işçinin qeyd olunan illərdə işə qəbul işdən azad olunması hər hansı əmrlə deyil üç nəfər qeyri-müəyyən şəxsin iştirakı ilə tərtib olunmuş aktla təsdiq olunmuşdur ki, bütün bunlar “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na (26 dekabr 1996-cı il tarixli 186 nömrəli) ziddir. İş stajının şahid ifadələrinə əsasən təsdiq olunması başlıqlı 638 saylı Əsasnamənin 16-cı bəndinə görə; iş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir. Həyatın normal axışında iddiaçının işlədiyi illər Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilsəydi, təbii ki iş illərinin sosial sığorta stajına daxil edilməsinə hər hansı bir imtina da verilməzdi. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar məhkəmə qaydasında müəyyən edilir. Təhsil şöbəsinin isə belə bir faktı təsdiqləmə səlahiyyəti yoxdur. İdiaçının qeyd edilən orta məktəbdə işləməsi ilə bağlı məlumatların əldə olunması haqqında sorğuya Ağdam rayon Təhsil şöbəsi tərəfindən verilən cavabda iddiaçının 01.09.1981-cü il tarixdən 31.12.1993-cü il tarixədək Ağdam rayon Seyidli kənd orta məktəbində işləməsi ilə bağlı məlumatların işğal dövründə çıxarıla bilməməsi səbəbindən təqdim oluna bilməməsi göstərilmişdir. İddiaçı ilə bağlı sənədlərin X7 rayon filialına təhvil verildiyi qeyd edilir. X7 rayon filialı tərəfindən 26 yanvar 2021-ci il tarixli cavabda isə Ağdam rayon Təhsil şöbəsinin 1993-cü ilə qədər, eyni zamanda 1994-cü ildən 2005-ci ilə qədər arxiv sənədlərinin arxivə təhvil verilmədiyi qeyd olunmuşdur. Bütün bu ziddiyyətlər iddiaçının 2017-cü ildə tərtib olunmuş əmək kitabçasında şübhə doğurucu halların mövcudiyyətini göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməşi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazda göstərilənlərin nəzərə alınmaqla iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarında olan: İddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1960-cı il ildə Ağdam rayonu, Seyidli kəndində doğulmuş İddiaçı Ağdam rayonu, Seyidli kəndində qeydiyyatdır. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Bakı şəhəri Binəqədi rayon sektoru tərəfindən verimiş 7047 saylı 19.07.2019-cu il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Ağdam rayonundan gələn məcburi köçkündür. 9-cu mikrorayon, U.Babaşov küçəsi, 18 saylı binada məcburi köçkün kimi qeydiyyatdadır. İddiaçıya məxsus 09.02.2020-ci il tarixdə doldurulmuş ******* №-li əmək kitabçasındakı qeydlərə əsasən o, 01.09.1981-ci il tarixdən 31.12.1993-cü il tarixə kimi Ağdam rayon Seyidli kənd orta məktəbində gözətçi vəzifəsində işləmişdir (rayonun işğalı ilə əlaqədar iş yerini özündən asılı olmayaraq itirdiyinə görə iş yeri və iş stajı saxlanılmaqla əmək haqqı alır); 19.11.2018-ci il tarixdə işlədiyi gözətçi vəzifəsindən azad olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X8 Fondu publik Hüquqi şəxsinin Bakı şəhəri Biəqədi rayon Xidmət nümayəndəliyi tərəfindən verilmiş 04.09.2020-ci il tarixli **********8 saylı arayışından müəyyən olunur ki, İddiaçı DSMF Binəqədi rayon Xidmət nümayəndəliyindən 07.11.2018-ci il tarixdən müddətsiz 3-qrup ümumi əlilliyə görə 110,0 (bir yüz on) manat məbləğində müavinət alır. İddiaçı hazırki tələblə DSMF Binəqədi rayon şöbəsinə müraciət etmiş, sonuncunun 17.07.2019-cu il tarixli **********3 saylı məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmiş və imtina onunla əsaslandırılmışdır ki, sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Onun şöbəyə təqdim etdiyi əmək kitabçası işğal dövründən sonra yazıldığından və həmin dövrlərə aid sənədlər arxiv idarəsində saxlanılmadığından 01 09.1981-cu il tarixdən 31.12 1993-ci il tarixədək işlədiyi dövrləri sosial sığorta stajına hesablanması mümkün deyildir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq verilmiş: - Ağdam rayon Təhsil şöbəsinin 20 aprel 2021-ci il tarixli 02/112 saylı məktubunda qeyd olunmuşdur ki, İddiaçı 01.09.1981-ci il tarixdən 21.12.1993-cü il tarixədək Seyidli kənd orta məktəbində gösətçi vəzifəsində işləyib-işləməməsi haqqında heç bir məlumat verə bilmirlər. Çünki həmin tarixdə olan sənədləri işğal olmuş Ağdam şəhərində qalmışdır. - Azərbaycan Respublikası Dövlət X3 15 aprel 2021-ci il tarixli 15 saylı məktubunda qeyd olunmuşdur ki, Ağdam rayonu Seyidli kənd orta məktəbinin 01.09.1981-ci ildən 31.12.1993-cü ilə qədər olan arxiv sənədləri filiala təhvil verilmədiyi üçün filialda mühafizə olunmur. Ona görə də, İddiaçı həmin illərdə gözətçi işləməsi barədə heç bir məlumat vermək mümkün deyil. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İşin hallarına görə iddiaçının sosial sığorta stajının mövcudluğunu cavabdeh qəbul etmədiyindən, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İddiaçının sığorta stajının 01.09.1981-ci ildən 31.12.1993-cü il tarixədək illərə münasibətdə cavabdeh tərəfindən mübahisələndirilmişdir. İddiaçının mübahisəli əmək fəaliyyəti illəri nəzərə alınmaqla, bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş: - Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (...) İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır. İş materilallarında olan ******* №li əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətinin 3-cü səhifəsində olan 27.01.2017-ci il tarixli qeyddə göstərilmişdir ki, iddiaçı 01.09.1981-ci ildən 31.12.1993-cü il tarixə kimi Ağdam rayon Seyidli kənd orta məktəbində gözətçi vəzifəsində işləmişdir. Qeydin yazılmasına əsas kimi üç nəfərin iştirakı ilə tərtib olunmuş 27.01.2017-ci il tarixli akt göstərilmişdir. Həmin qeyd işəgötürənin-Təhsilşöbəsinin rəhbərliyinin imza və möhürü ilə təsdiq edilməmişdir. Halbuki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 87-ci maddəsinin 1-ci bəndinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmin maddənin 2-ci bəndinə əsasən işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Hazırki iş üzrə iddiaçıya məxsus əmək kitabçasında aparılmış (27.01.2017) qeydin mötəbərliyi öz təsdiqini tapmır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra sığorta stajı) - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunvericiliyin sadalanmış müddəalarından göründüyü kimi, əmək pensiyanın təyin edilməsi üçün zəruri olan şərt şəxsin müəyyən sığorta stajına malik olmasıdır. Sığorta stajına isə müvafiq müəssisə, idarə və ya təşkilatda işləyənlərin iş dövrü müddətləri aiddir. İşin müəyyən edilmiş hallarına görə isə iddiaçının 01.09.1981-ci ildən 31.12.1993cü il tarixədək (mübahisələndirilən dövr) Ağdam rayon Seyidli kənd orta məktəbində gözətçi vəzifəsində işləmişdir işləməsinə dair əmək kitabçasında qeyd aparılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: Sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etdiyi normativ aktda stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. “Ümumi iş stajı” anlayışı ilə bağlı isə 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Eləcə də hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı sosial sığorta stajının olması ilə bağlı məhkəməyə yalnız əmək kitabçasını təqdim etmiş, cavabdeh tərəfindən əmək kitabçasında olan qeydlərin mötəbərliyi mübahisələndirilmiş, məhkəmə tərəfindən bununla bağlı sorğu göndərilməsinə baxmayaraq qeyd olunan sübutların əldə edilməsi mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Sözügedən normaya əsasən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır – 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malk olduğunu nəzərə almaqla yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də bunu təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2268/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2268/2021
30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver