Məhkəmə qərarları › İş №2-1(112)-2268/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2268/2023

04.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2268/2023 04.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Abıyevin sədrliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işəburaxmaya görə hesablanmış əmək haqqının ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəs 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (bundan sonra mətndə DVX) qarşı əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işəburaxmaya görə hesablanmış əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli **********998900 nömrəli əmrin ləğv edilməsi, DVX-də vəzifə maaşına və ixtisasına uyğun işə bərpa edilməsi və xx.xx.2022-ci il tarixdən başlayaraq işə bərpa edilənə qədər məcburi işburaxmaya görə hesablanmış əmək haqqının ona ödənilməsi öhdəliyinin cavabdeh DVX-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixindən vergi orqanlarında çalışmışdır, çalışdığı müddətdə nümunəvi dövlət qulluqçusu olmuşdur, heç bir intizam tənbehi tətbiq olunmamışdır. Lakin xx.xx.2022-ci il tarixində əsassız və qanunsuz olaraq işdən azad edilmişdir. Cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli **********998900 nömrəli əmri qanunsuzdur və ləğv olunmalıdır. İlk öncə əmr “Dövlət Qulluğu haqqında” Qanunun tələbləri pozulmaqla qəbul edilib. Belə ki, “Dövlət Qulluğu haqqında” Qanunun 33-cü maddəsində nəzərdə tutulmuş əsasların heç bir hazırkı iş üzrə müəyyən edilməmiş, əmrdə onun DQH-nun 33-cü maddəsində nəzərdə tutulmuş hansı əsasla işdən çıxarılması qeyd edilməmişdir. Əmrdə yalnız “Dövlət Vergi orqanlarında xidmət haqqında Əsasnamə“nin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək DVX-nin sərəncamından çıxarılması qeyd edilmişdir. Həmin bənddə qeyd edilir ki təşkilatiştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə xidmətə xitam verilir. Lakin hazırkı halda nə o, digər vəzifəyə keçirilməyindən imtina etmişdir, nə də başqa vəzifəyə keçirilməyinin qeyri-mümkünlüyü cavabdeh inzibati orqan tərəfindən əsaslandırılmışdır. Belə ki, onunla eyni vəzifədə olan çoxsaylı işçilər işlə təmin edilmişlər. 3-4 nəfər işçi isə könüllü şəkildə imtina etdikləri üçün işdən azad edilmişlər. Onunla bağlı bu əmrin verilməsi isə şəxsi prinsiplərə görə baş vermişdir. Qərəzli hərəkətlərə görə ona natamam iş günü müəyyən edilməsinə baxmayaraq hər dəfə 1 saat artıq işdə saxlanılmış, şənbə günləri işə gəlmədiyinə görə əsassız olaraq xəbərdarlıq almışdır. Həmçinin işləmə keyfiyyəti üzrə göstəriciləri yüksək olduğu halda daha aşağı göstəriciləri olan şəxslərə həvəsləndirmə tədbirləri görülmüş, o isə istisna edilmişdir. Müraciətlərinin nəticəsində ona ünvanlanmış cavab məktublarında qeyd olunur ki, guya ona müvafiq vakant vəzifələr təklif edilsə də o, imtina etmişdir. Bu həqiqətə uyğun deyil, müvafiq vakant vəzifələrdən imtina etməyi barədə şifahi və ya yazılı müraciəti olmamışdır. Göründüyü kimi, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin heç bir qanuni və faktiki əsası yoxdur, qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir, ona görə də ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan DVX tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbinə yazılı etirazda göstərilmişdir ki, İddiaçı DVX-nin Çağrı Mərkəzinin Birbaşa cavablandırma şöbəsinin (İnbound) dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır. DVX-nin xx.xx.2022-ci il tarixli **********043100 nömrəli əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixindən işdən azad edilmiş və 3 ay müddətinə DVX-nin sərəncamına götürülmüşdür. Sonradan xx.xx.2022-ci il tarixli **********998900 nömrəli əmrlə xx.xx.2022ci il tarixindən xx.xx.2022-ci il tarixinədək sərəncamda saxlanılma müddəti 3 ay uzadılmışdır. Daha sonra DVX-nin xx.xx.2022-ci il tarixli **********874000 nömrəli əmri ilə sərəncamda saxlanılma müddəti xx.xx.2022-ci il trixindən xx.xx.2022-ci il tarixinədək 1 ay müddətinə uzadılmışdır. Ən sonda xx.xx.2022-ci il tarixli **********998900 nömrəli əmri ilə İddiaçı əmək müqaviləsinə xitam verilərək, xx.xx.2022-ci il tarixdən DVX-nin sərəncamından çıxarılmışdır. Hazırki iddia ərizəsi ilə iddiaçı xx.xx.2022-ci il tarixli **********998900 nömrəli sərəncamdan çıxarılma barədə əmri mübahisələndirərək, işə bərpa edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Dövlət Qulluğu haqqında” Qanunun 2.3-cü maddəsinə əssən prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Bu orqanların (Azərbaycan Respublikasının Mərkəzi Bankı istisna olmaqla) aparatlarında çalışan və hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan işçilər xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. istisna olmaqla) bu Qanun şamil edilir. Göründüyü kimi iddiaçının dediyinin əksinə olaraq vergi orqanı əməkdaşlarının əmək münasibətləri (işə qəbul, əmək müqaviləsinə xitam verilməsi, sərəncama götürülmə və.s) “Dövlət Vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin tələblərinə uyğun olaraq realizə edilir. Buna uyğun olaraq iddiaçının xidmətinə “Dövlət Vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən təşkilat-ştat tədbirləri çərçivəsində xitam verilmişdir. xx.xx.2022-ci il tarixli **********998900 nömrəli nömrəli “xidmətə xitam vermə və sərəncamdan çıxarılma” barədə əmrin yetərincə hüquqi və faktiki əsasları mövcud olmuşdur. Belə ki, xidmətə xitam vermə və sərəncamdan çıxarılma” barədə əmr xx.xx.2022-ci il tarixli **********043100 nömrəli sərəncama götürülmə barədə əmrin davamı hesab edilir. Belə ki, inzibati orqan inzibati icraatını düzgün təşkil etmiş, ilkin öncə təşkilat-ştat tədbirləri çərçivəsində ilkin əmrlə iddiaçını sərəncama götürmüş, sonrakı əmrlə isə sərəncamdan çıxarmış və xidmətinə xitam vermişdir. Sərəncama götürülmə ilə bağlı əmrin hüquqi və faktiki əsasını isə 28 dekabr 2021-ci il tarixli F-177 nömrəli “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturunun, onun Aparatının və strukturuna daxil olan qurumların və ştat cədvəllərinin təsdiq edilməsi haqqında" İqtisadiyyat Nazirinin əmri təşkil edir. Həmin əmrin 3-cü hissəsinə əsasən DVX-nin strukturuna daxil olan qurumların (yerli bölmələr istisna olmaqla) strukturu və ştat cədvəli təsdiq edilmişdir (əlavə 3). 28 dekabr 2021-ci il tarixli əmrin əsasını isə Azərbaycan Respublikasının Prezidentinin 26 iyun 2021-ci il 1382 nömrəli Fərmanı təşkil edir. Həmin Fərmanın 19-cu bəndinə qeyd edilir ki, nazirlik yanında Dövlət Vergi Xidmətinin, Əmlak Məsələləri Dövlət Xidmətinin və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yeni strukturu və ştat cədvəli, həmçinin İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinin əsasnaməsi, strukturu və ştat cədvəli Nazirlik tərəfindən təsdiq edilənədək həmin dövlət xidmətlərinin strukturuna daxil olan qurumlar fəaliyyətini davam etdirsinlər. Göründüyü kimi xx.xx.2022-ci il tarixli **********043100 nömrəli sərəncama götürülmə barədə əmrin faktiki və hüquqi əsası mövcud olmuşdur. İddiaçı iddia tələbində qeyd edir ki, Əmrdə yalnız "Dövlət Vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılması qeyd edilmişdir. Həmin bənddə qeyd edilir ki, təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina eldikdə xidmətə xitam verilir. Lakin hazırkı halda nə o, digər vəzifəyə keçirilməyindən imtina elmiş, nə də başqa vəzifəyə keçirilməyinin qeyrimümkünlüyü cavabdeh inzibati orqan tərəfindən əsaslandırılmışdır. Dəlilə münasibətdə bildirilmişdir ki, iddiaçı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində İqtisadiyyat Nazirliyinin inzibati binasında qəbul edilmiş və onun şikayətlərinə qaldırdığı məsələlərlə bağlı fikirləri dinlənilmişdir. Eyni zamanda, şikayətlərdə qeyd edilən hallarla bağlı qanunamüvafiq tədbirlər görülmüş, xx.xx.2022-ci il tarixində iddiaçıya İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinin Birbaşa cavablandırma sektoru istisna olmaqla digər sektorlarında müvafiq vakant inzibati vəzifə təklif edilsə də, bu təklifi qəbul etməkdən iddiaçı imtina etmişdir və bütün bu hərəkətlər aktla rəsmiləşdirilmişdir. Bundan əlavə olaraq iddiaçının inzibati orqana ünvanladığı bir sıra müraciətlərində ona İqtisadiyyat Nazirliyinin Çağrı mərkəzində müvafiq vəzifə təklif edildiyini, lakin subyektiv səbəblərə görə imtina etdiyini etiraf edir. xx.xx.2022-ci il tarixli **********694400 nömrəli məktubla iddiaçıya onun sərəncamdan çıxarılması və xidmətinə xitam verilməsi barədə əmrin surəti göndərilmiş və əmək kitabçasının götürülməli olması bildirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil ayrıayrılıqda iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək, məhkəməyə təqdim edilmiş iddia tələbinə dair etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). 2011-ci il yanvarın 1-dən qüvvəyə minmiş İPM-nin 38.1-ci maddəsinə əsasən isə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibti aktın təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. İnzibati mühakimə icraatı qaydasında baxılan mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. Mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. İddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. İddiaçının hüquqlarının pozulması əsaslandırılalı; 5. Qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. İddia mümkündür. İşin halları. İş materiallarında olan; iddiaçıya məxsus AA ******* №-li şəxsiyyəti vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********490000 №-li məktubu ilə təqdim olunmuş; “Stajçı kimi vəzifəyə təyin edilmə haqqında” Vergilər Nazirliyinin xx.xx.2019-cu il tarixli **********255900 nömrəli əmrindən çıxarışdan müəyyən olunur ki, İddiaçı-Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamentinin Birbaşa cavablandırma şöbəsinin (inbound) dövlət vergi müfəttişi vəzifəsinə altı ay müddətinə stajçı təyin edilmişdir. “İşdən azad edilmə və sərəncama götürülmə haqqında” DVX-nin xx.xx.2022-ci il tarixli **********043100 nömrəli əmrindən çıxarışdan müəyyən olunur ki, 2-ci dərəcəli müfəttiş İddiaçı DVX-nin Çağrı Mərkəzinin Birbaşa cavablandırma şöbəsinin (İnbound) dövlət vergi müfəttişi 05 yanvar 2022-ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə əsasən tutduğu vəzifədən azad olunmuş hesab edilmiş və 3 ay müddətinə DVX-nin sərəncamına götürülmüşdür. “Sərəncamda saxlanılma müddətinin uzadılması barədə” DVX-nin xx.xx.2022-ci il tarixli **********459300 nömrəli əmri ilə DVX-nin Çağrı Mərkəzi Birbaşa cavablandırma şöbəsi (İnbound) Dövlət vergi müfəttişi İddiaçı sərəncamda olma müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İddiaçı tərəfindən DVX-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********229601 №-li məktubda müraciətinin qanunauyğun şəkildə araşdırıldıqdan sonra iş yerinin dəyişdirilməsi xahiş olunmuşdur. “Sərəncamda saxlanılma müddətinin uzadılması barədə” DVX-nin xx.xx.2022-ci il tarixli **********874000 nömrəli əmri ilə İddiaçı DVX-nin sərəncamında saxlama müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 1 (bir ) ay müddətinə uzadılmışdır. “Sərəncamdan çıxarılaraq əmək müqaviləsinə xitam verilməsi haqqında” DVX-nin xx.xx.2022-ci il tarixli **********998900 nömrəli əmri ilə DVX-nin xx.xx.2022-ci il tarixli **********043100 nömrəli əmrinin surətindən müəyyən olunur ki, DVX-nin sərəncamında olan İddiaçı hal-hazırda uyğun vəzifəyə təyin edilməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 5.5.6-cı yarımbəndini rəhbər tutaraq- İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sərəncamına götürülümüş İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 05 avqust 2022-ci il taridən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək, DVX-nin sərəncamından çıxarılması; DVX-nin İnsan resursları baş idarəsinə qanunvericiliklə müəyyən edilmiş müddətdə İddiaçı bu əmrlə tanış olmasını, ona əmək kitabçasının təhvil verilməsini və ya təhvl götürülməsi barədə bildirişin göndərilməsi; DVX-nin maliyyə baş idarəsinə qanunvericiliklə müəyyən edilmiş müddətdə İddiaçı ilə son haqq-hesabın və təhvil-təslim işlərinin aparılmasının təmin edilməsi tapşırılmışdır. İqtisadiyyat Nazirliyinin İnsan resursları şöbəsinin xx.xx.2022-ci il tarixli aktında qeyd olunmuşdur ki, aktı imza edənlər İnsan resursları şöbəsinin müdiri Sevinc İsmayılova və həmin şöbənin Dövlət qulluğu və kadr məsələləri sektorunun müdiri Fuad Seyidov bu aktı tərtib ediblər ki, xx.xx.2022-ci il tarixdə İnsan resursları şöbəsinin əməkdaşı tərəfindən müvafiq işlə təmin edilmə məsələsi ilə bağlı vətəndaş İddiaçı Nazirliyə dəvət olunmuş və şöbə müdiri Sevinc İsmayılova tərəfindən qəbul edilmişdir. Görüş zamanı vətəndaşa İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzində işlə təmin olunmasına dair təklif olunsa da, bu təklifi qəbul etməkdən imtina etmişdir. Məhkəmənin müvafiq sorğusuna cvab olaraq verilmiş DVX-nin **********890900 №li xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021- ci il tarixli 1382 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 iyul tarixli 1340 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturuna daxil olan Çağrı Mərkəzi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. Fərmanın icrası ilə əlaqədar İqtisadiyyat nazirinin 22 noyabr 2021-ci il tarixli F-161 nömrəli əmri ilə İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilən Çağrı Mərkəzinin strukturu və ştat cədvəli təsdiq edilmişdir. Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydasının 6-cı bəndində qeyd edilmişdir ki, dövlət orqanı və ya onun bölmələri ləğv edilərək digər dövlət orqanlarının tərkibində yenidən təşkil qaydasında yaradıldıqda, əvvəllər həmin orqanda və ya onun bölmələrində qulluq keçmiş şəxslər müvafiq dövlət orqanlarında ayrılmış yeni ştat sayı həddində analoji vakant vəzifəyə təyin edilməlidirlər. Buna əsasən Vergilər Nazirliyinin strukturuna daxil olmuş Çağrı Mərkəzinin əməkdaşları İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzində dövlət qulluğu vəzifələrinə təyin edilmiş, lakin İddiaçı və daha beş əməkdaş İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzində təklif olunan vəzifələrdən imtina etmişlər. İddiaçı istisna olmaqla digər əməkdaşlar daha sonra təklif olunan vakant vəzifələrə təyinatla əlaqədar razılıqlarını bildirmiş və İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzində müvafiq dövlət qulluğu vəzifələrinə təyin edilmişlər.İddiaçı İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzində müvafiq dövlət qulluğu vəzifəsindən imtina etməsinə səbəb olan halların araşdırılması məqsədilə o, DVX-nin xx.xx.2022-ci il tarixli **********043100 nömrəli əmri ilə Xidmətin sərəncamına götürülmüşdür. İddiaçı sərəncamda olduğu müddətdə onu narahat edən hallarla bağlı qanunamüvafiq tədbirlər görülmüş və ona bir daha İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinin hər hansı sektorunda müvafiq vakant inzibati vəzifə təklif edilsə də, o, yenə də verilən təklifi qəbul etməkdən imtina etmişdir. Bununla əlaqədar İddiaçı iştirakı ilə akt tərtib edilmiş, lakin o, aktı imzalamaqdan da imtina etmişdir. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciətlərinə cavab olaraq verilmiş aşağıda qeyd olunan: İN-X/O-4423/2022 №-li, xx.xx.2022-ci il tarixli məktubda müraciəti ilə bağlı dinlənilmək üçün və göstərilən məsələlərin qanunvericiliyin tələblərinə uyğun iştirakı ilə araşdırılması məqsədilə xx.xx.2022-ci il tarixdə, saat 11:00-da İqtisadiyyat Nazirliyinə dəvət olunduğu qeyd olunmuşdur. İN-X/O-7746/2022 №-li xx.xx.2022-ci il tarixli məktubda müraciətinin tam, obyektiv və iştirakı ilə araşdırılması məqsədilə xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində İqtisadiyyat Nazirliyinin inzibati binasında qəbul edildiyi və şikayətlərində qaldırdığı məsələlərlə bağlı fikrinin dinlənildiyi qeyd olunmuşdur. İN-X/O8377/2022 №-li xx.xx.2022-ci il tarixli məktubda şikayətlərində göstərilən məsələlərə bundan əvvəl daxil olmuş eyni məzunlu müraciətinin İqtisadiyyat Nazirliyində araşdırılması zamanı “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun iştirakı ilə baxılaraq, nəticələrə dair xx.xx.2022-ci il tarixli İN- X/O-7746/2022 nömrəli məktubla ona ətraflı cavab verilmiş, eləcə də xx.xx.2022-ci il tarixində ona İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinin barəsində şikayət etdiyi əməkdaşın tabeliyində olmayan diggər struktur bölmələrində müvafiq vakant inzibati vəzifələr təklif edilsə də, müraciətində qeyd olunanları əsas gətirərək bu təklifi qəbul etməkdən imtina etdiyui qeyd olunmuşdur. Məhkəmənin mövqeyi. Məhkəmə iddiaçının, onun və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnaməyə əsasən: Təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Bu müddətdə vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, əsas və əlavə məzuniyyətlərdə olduğu müraciət daxil edilmir (maddə 38). Həmin Əsasnamənin 75-ci maddəsinə əsasən Vergi orqanının vəzifəli şəxsinin xidmətinə aşağıdakı hallarda xitam verilə bilər: 1) öz təşəbbüsü ilə; 3) təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə; 4) tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə attestasiya komissiyasının qiyməti olduqda, əgər vəzifəli şəxsin vergi orqanlarında onun ixtisasına uyğun olan digər vəzifəyə keçirilməsi qeyrimümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən şəxs imtina etdikdə, habelə sınağın nəticəsi qənaətedici olmadıqda; 5) xidməti intizamı bir dəfə kobud şəkildə pozduqda və ya xidməti vəzifələrini müntəzəm surətdə yerinə yetirilmədikdə; 6) Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; 7) Azərbaycan Respublikasının əmək qanunvericiliyinə müvafiq olaraq tərəflərin iradəsindən asılı olmayan hallarda; 8) Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulan digər hallarda. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsində Xidmətin vəzifəsi kimi-Xidmətin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işini əlaqələndirmək, onların fəaliyyətinə nəzarəti həyata keçirmək (3.0.26); 3.0.27. Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində Nazirliyə təkliflər vermək (3.0.27); fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə kadr hazırlığını təmin etmək, mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək (3.0.28) qeyd olunmuşdur. Xidmət fəaliyyətinin təşkili ilə bağlı Xidmət öz fəaliyyətini Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar vasitəsilə həyata keçirir (5.1.); Müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Xidmətin strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını Nazirlik təsdiq edir (5.2.); Xidmət rəisinin müavinləri istisna olmaqla, Xidmətin digər işçilərini (Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların və strukturuna daxil olamyan tabeliyindəki qurumların rəhbərlərini və müavinlərini Nazirliklə razılaşdırmaqla) vəzifəyə təyin və vəzifədən azad edir, Xidmətin işçiləri barəsində qanunda nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür (5.5.6); İddiaçının işdən azad edilməsinin hüquqi əsası “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 75-cı maddəsinin 3-cü bəndidir. Əsasnamənin 75-ci maddəsinin 3-cü bəndinə müvafiq olaraq təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə Vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işəburaxmaya görə hesablanmış əmək haqqının ödənilməsi barədə iddiasına dair iş üzrə iddiaçının xidmətinə xitam verilərkən “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq ona tutduğu vəzifəsinə uyğun vakant vəzifəyə təyin edilməsinin mümkünlüyü məsələsinə baxılması üçün cavabdeh inzibati orqana 15 (on beş) gün müddət təyin edilməsi və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həmin müddət ərzində bunun nəticəsi barəsində məhkəməyə məlumat verilməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadının icrası ilə bağlı Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış **********808800 №li xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinin sabiq əməkdaşı İddiaçı İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzində dövlət qulluğunun vakant inzibati vəzifəsini təklif etmək üçün 17-xx.xx.2023-cü il tarixlərdə 050 2093318, 055 ******* mobil, 012 ******* nömrəli şəhər telefonu ilə əlaqə saxlanılması üçün cəhd edilsə də, İddiaçı ilə əlaqə saxlamaq mümkün olmamışdır. İddiaçı təklif olunan vəzifəyə münasibət bildirilməsi haqqında xx.xx.2023-cü il tarixli **********419700 nömrəli sifarişli məktub göndərilmiş, lakin İddiaçı qeydiyyatda olduğu ünvan 2 ünvanında yaşamadığı bildirilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin qəbul etdiyi inzibati akt “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə uyğun olaraq əsaslandırılmış, inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı baş verməmişdir. İddiaçının isə öz tələbində əsaslandığı iddiasının hüquqi əsasları mövcud deyildir. İnzibati prosessual qanunvericiliyə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərində olduğundan cavabdeh “Uyğunluğu qiymətləndirilən qurumun akkreditasiya attestatının ləğv olunması” barədə qərarı qəbul edən zamanı obyektiv həqiqəti əks etdirdirən halların nəzərə alındığını sübuta yetirmiş, bununla da qanuni inzibati akt qəbul etmişdir. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə, işin araşdırılmış hallarına məcmu halda qiymət verərək hesab edir ki, iddiа təmin edilməməlidir. İPM-nin 2, 68, 69, 110- cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar