Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2268/2025 23.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyinin müəyyən olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyinin müəyyən olunması” tələbinə dair iddiası üzrə inzibati işə 23 aprel 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) əlillik vəziyyəti xx.xx.2017-ci il tarixdə Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə zamanı qiymətləndirilmiş və əmək zədəsi ilə əlaqədar 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. İddiaçı əlillik vəziyyətinə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli F00012469RMA saylı göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Qamış sümüyünün distal şöbəsinin sınığı. Sol baldırın hər iki sümüyü lateral və medial sahələrdə dəmir lövhərlə ilə osteosintez olunublar. Digər daimi ağrı, sol baldır və topuq oynaqlarında güclü dözülməz ağrılar müşahidə olunur; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması - Səbəb: Tam reabilitasiya” səbəbi ilə Mərkəzə geri göndərilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının 18 aprel 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün DTSERA-ya etdiyi müraciət əsasında vətəndaşın əlillik səbəbi istehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar olduğundan əyani müayinə edilməsi üçün komissiyaya dəvət edilmiş və həkim ekspertlər tərəfindən müayinə edilmişdir. Əlillik altsistemindən əldə edilmiş məlumatlardan məlum olmuşdur ki, vətəndaşın əillik vəziyyəti ilkin olaraq Bakı 32 nömrəli Birləşdirilmiş Şəhər Xəstəxanasının 2788003AABE6 nömrəli göndərişi əsasında “Qamış sümüyünün distal şöbəsinin sınığı, Sol baldırın hər iki sümüynün lateral və medial sahələrinin dəmir lövhərlə osteosintez olunmasından sonrakı vəziyyət” diaqnozu ilə elektron tərzdə qiymətləndirilərək xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 5 (beş) il müddətinə əmək zədəsi səbəbindən üçüncü dərəcə əlillik, əmək qabiliyyətinin 60% (altmış faiz) itirilməsilə əlillik təyin olunmuş və əmək zəmanəti “Uzun müddət ayaqüstə dayanma tələb olunmayan yüngül işlərdə işləyə bilər” kimi qeyd edilmişdir. Müayinəyə gələrkən, şikayətləri sol topuq nahiyəsində olan ağrılardan, hərəkət məhdudluğundan olmuşdur. Bu şikayətlərin xx.xx.2015-ci il tarixində iş yerində əmək funksiyasını yerinə yetirərkən, “Bulla-Dəniz” neft yatağında qaynaq işlərini apararkən, nahar fasiləsində əl-üz yumaq üçün sanitar qovşağa gedərkən, qəflətən sol ayağının büdrəyərək yıxılması nəticəsində aldığı xəsarətdən sonra müşahidə olunduğunu qeyd etmişdir. Bunu təsdiq edən xx.xx.2016-cı il tarixində tərtib edilmiş, xx.xx.2015-ci il tarixində saat 15:25 radələrində bədbəxt hadisənin baş verməsi barədə “Neftqaztikinti” trestinin İdarəsi tərəfindən “İstehsalatda baş vermiş bədbəxt hadisə” haqqında 02 nömrəli akt təqdim edilmişdir. Təqdim etdiyi sənədləri təhlil edərkən müəyyən olmuşdur ki, İddiaçı “X5” xx.xx.2023-cü il tarixində ümumi anesteziya altında “Metal fiksatorların xaric edilməsi” və xx.xx.2024-cü il tarixində “Artrodez” cərrahi əməliyyatları icra edilmişdir. AR Səhiyyə Nazirliyi ET Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2024-cü il tarixli ********* nömrəli Tibbi arayışına əsasən “Sol baldır sümüklərinin aşağı 1/3-nin oynaq daxili kobud döyənəklə qeyri düzgün bitişmiş sınığı, osteosintezlər əməliyyatlarından sonrakı vəziyyət. Sağ aşağı ətrafın monoplegiyası, qamış sümüyünün posttravmatik neyropatiyası. Sağ aşıq-baldır oynağının İV dərəcəli posttravmatik deformasiyası. Sol baldır oynağının artrodez əməliyyatından sonrakı vəziyyət. Yerişin pozulması. Daimi ağrı sindromu” diaqnozu qoyulmuşdur. xx.xx.2022-ci il tarixli sol aşağı ətrafın Elektromioqrafiya müayinəsinin nəticəsi ”Sol tibial sinirinin lezyon səviyəsində ağır şiddətdə aksonal neyropatiyası ilə uyğun” kimi qiymətləndirilmişdir.xx.xx.2024-cü il tarixində aparılmış həkim-travmatoloq müayinəsinin nəticəsi “Sol aşıq-baldır oynağının artrodez əməliyyatindan sonrakı vəziyyət. Kəskin kontraktura, ödəm müşahidə edilir. Pəncənin qüsurlu vəziyyəti yoxdur” kimi qiymətləndirilərək əlillik səviyyəsinə uyğun görülməmişdir. Həkim-nevropatoloq müayinəsinin nəticəsi “Sol aşağı ətrafın distal hissəsi ödəmlidir. Pəncə sallanması qeyd edilmir. Sol pəncə icra edilən əməliyyatla əlaqədar hərəkətsizdir. Hipootrofiya qeyd edilmir. Əzələ gücü proksimal və distal hissədə 5 (beş) baldır” kimi qiymətləndirilərək əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinələrin nəticələrinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq.edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən, xx.xx.2024-cü il tarixli F00176535CPD nömrəli rəsmiləşdirilmiş göndəriş əsasında Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, “Tam reabilitasiya olunması” və əmək qabiliyyətinin 20% (iyirmi faiz) itirilməsi barədə qərar qəbul edilmişdir. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona əlillik təyin olunmasından imtina olunmasına dair 18 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsi, 11 mart 2024-cü il tarixli göndəriş əsasında əlilliyinin müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda qeyd edilən hallarına istinadən tələb onunla əsaslandırılmışdır ki, ona əlillik təyin olunduqdan sonra 2 dəfə 2021-ci ildə və 2024-cü ildə əməliyyat olunmuşdur. Hazırda açıq baldır oynağı tam donmuş vəziyyətdədir. Oynaqlarında hərəkət yoxdur. Yerişi pozulub, ətrafın funksiyaları pozulub. Xəstəliyi ətraflı olaraq forma 88-də və “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və ortopediya İnstitutu” Publik hüquqi Şəxsinin arayışlarında göstərilib. Azərbaycan Respubliaksının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”nın 6.4.2.1-ci yambəndinə əsasən mülayim dərəcəli aşağı spastik paraparez, patoloji, ayağın ön-xarici kənarına dayaqla spastik yeriş (funksional cəhətdən əlverişli mövqe), diz oynaqlarında qatlayıcı kontraktura, aşıq-baldır oynağında bükücü-açıcı kontrakturajpəncələrin deformasiyası, mürəkkəb hərəkətlərin çətinləşməsi, oynaqlarda hərəkətin fizioloji amplitudadan (normadan) 50% azalması (1/2-i qədər); yaş və sosial vərdişlərin mümkünlüyü; mülayim statodinamik pozuntular nəticəsində Orqanizmin funksiyaları 40-60 faiz pozularsa müddətsiz əlillik müəyyən edilir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazda əlilliyin qiymətləndirilməsi qaydaları sadalanmış, lakin etiraz əsaslandırılmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi iddia tələbinə etirazı müdafiə edərək rədd edilməsi barədə qərar qəbil edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı xx.xx.2024-cü il tarixli qərarın mübahisələndirilməsi üçün xx.xx.2024-cü il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). Çünki həmin qərarın iddiaçıya hansı tarixdə təqdim edilməsinə dair cavabdeh hər hansı sübut təqdim etməmişdir. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-2121/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü iİ tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “…məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan arayışda iddiaçının xx.xx.2020-ci il tarixdə müayinə olunduğu bildirilsə də, həmin sənədin rəsmi qaydada iddiaçıya hansı tarixdə təqdim edilməsi ilə bağlı iş materiallarında sübut yoxdur. İddiaçı isə belə nəticədən məlumatlı olmadığını və ona müddətsiz ikinci dərəcəli əlillik təyin edildiyini gözlədiyini bildirmişdir. Bundan başqa, iddiaçı ona müddətsiz ikinci dərəcəli əlillik təyin edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ərizələrlə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu müraciəti xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana rəsmi qaydada çatdırılmasına baxmayaraq, cavabdeh hərəkətsizlik göstərərək iddiaçının müraciətinə münasibət bildirməmiş, bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi arayışın iddiaçıya hansı tarixdə rəsmi qaydada təqdim edilməsi ilə bağlı iş materiallarında sübut olmadığından, iddiaçı rəsmi qaydada cavabdeh inzibati orqana ərizə ilə müraciət etdiyindən, lakin cavabdeh hərəkətsizlik göstərdiyindən və iddiaçı müddət ötürmədən iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia mümkün iddiadır və apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaya mahiyyəti üzrə baxılaraq müvafiq qərar qəbul edilməlidir”. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən halıdır ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2017-ci il tarixdə əyani müayinə zamanı qiymətləndirilmiş və əmək zədəsi ilə əlaqədar 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. İddiaçı barəsində Bakı Baş Səhiyyə İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, F00176535CPD nömrəli göndəriş rəsmiləşdirilərək TSEK-ə göndərilmişdir. Həmin göndəriş əsasında cavabdeh iddiaçının əyani müayinəyə cəlb etmiş və 18 aprel 2024-cü il qərarla iddiaçıya əlillik təyin edilməsindən imtina etmiş və “Tam reabilitasiya olunması” və əmək qabiliyyətinin 20% (iyirmi faiz) itirilməsi barədə qərar qəbul edilmişdir. İddiaçı hazırda həmin qərarı mübahisələndirir və 11 mart 2024-cü il tarixli göndəriş əsasında əlilliyinin müəyyən olunması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, cavabdehin, iddiaçının tam reabilitasiya olması barədə gəldiyi nəticə əsassızdır. Belə ki, qeyd edilən halların araşdırılması xüsusi bilik tələb etdiyindən məhkəmənin 6.11.2024-cü il tarixli qərardadı ilə məhkəmə tibbi ekspertizasının keçirilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, T846/2024 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Vətəndaş İddiaçı tibb müəsissələrində kifayət qədər müayinə olunduğundan onun digər tibb müəssisəsindəki eyni ixtisas üzrə mütəxəssisə göndərilməsinə ehtiyac duyulmadı. Həmçinin SN-nin “MTE və PAB” phş müvafiq tibbi avandanlıqlarla təchiz olunmadığından onun hazırda hansı xəstəliklərdən əziyyət çəkib-çəkməməsi barədə dəqiq fikir söyləmək mümkün olmadı. Lakin onun adına Bakı Baş Səhiyyə İdarəsində tərtib olunmuş xx.xx.2024-ci il tarixli, №-F00176535CPD (Forma TQS №-088) saylı göndərişində qeyd edilmiş “Əsas diaqnoz: S82-Baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı. Sol baldır sümüklərinin aşağı 1/3nin oynaqdaxili kobud döyənəklə qeyri-düzgün bitişmiş sınığı. Ağırlaşma: G83.1-Aşağı ətrafların monoplegiyası. Sol aşağı ətrafın monoplegiyası, R52.1-müalicəyə tabe olmayan daimi ağrı, daimi ağrı sindromu ilə, Z98.8-digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, osteosintez əməliyyatından sonrakı vəziyyət, M24.6-oynağın ankilozu, sol aşıq-baldır oynağının artrodez əməliyyatından sonrakı ankiloz, M 19.1-digər oynaqların posttravmatik artrozu, sol aşıq-baldır oynağının 4-cü dərəcəli posttravmatik artrozu, G57aşağı ətrafların mononevropatiyaları, sol aşağı ətrafın mononevropatiyası (qamış sinirinin posttravmatik neyropatiyası), R26.2-başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, yerişin pozulması, ətrafın funksiyasının pozulması, xəstə qoltuq ağacı ilə gəzir” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, vətəndaşın xx.xx.2024-cü il tarixdə DTSERA-da əyani müayinəsi zamanı pəncənin qüsurlu vəziyyəti, pəncə sallanması, aşağı ətrafda hipotrofıya qeyd edilməmişdir. Əlilliklə bağlı məsələlərin həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasf’nm 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Vətəndaş İddiaçı müəyyən edilən S82-baldır sümüklərinin aşıq-baldır oynağı da daxil olmaqla sınığı kobud döyənəklə qeyridüzgün bitişdiyindən qeyd edilən xəstəliklərin tam reabilitasiya olunmaqla sağalması mümkün deyildir. Ekspert rəyi ziddiyyətli olmaqla, hər hansı tədqiqat aparılmamış, ekspert iş materiallarında olan bir-birinə zidd məlumatları rəydə ümumiləşdirmişdir. Bu səbəbdən məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, T183/2025 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” phş-də xx.xx.2025-ci il tarixdə İddiaçı aparılmış müayinələrdən sonra “Sol baldır sümüklərinin aşağı 1/3-nin oynaq daxili kobud döyənəklə qeyri-düzgün bitişmiş sınığı. Osteosintez əməliyyatından sonrakı vəziyyət. Sol aşağı ətrafın monoplegiyası, qamış sinirinin postravmatik neyropatiyası. Sol aşıq baldır oynağının İV mərhələ artrozundan sonrakı, osteosintezdən sonrakı vəziyyət. Oynağın vintlərlə dondurulması-ankilozu. Oynaqda hərəkətin olmaması. Sol aşağı ətrafın funksiya və yeriş pozulması. Daimi kəskin ağrı sindromu. XBT: S82; L90; M84.0; G83.0; G57; M24.6; M19; R52.0; R26.8” diaqnozu qoyulmuşdur. Təqdim edilmiş ekspert rəyindən müəyyən edilir ki, Forma 88 arayışında göstərilən diqanozlar hazırda da iddiaçıda vardır və həmin xəstəliklər tam reabilitasiya olunmurlar. İddiaçı barəsindən verilmiş xx.xx.2024-cü il tarixli göndərişdən müəyyən edilir ki, iddiaçıda olan əsas diaqnoz və ağırlaşmalar aşağıdakı kimidir: Əsas diaqnoz: S82.2 - Baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı, Baldır sümüklərinin aşıq baldır oynağı daxil olmaqla sınığı. Sol baldır sümüklərinin aşağı 1/3-nin oynaq daxili kobud döyənəklə qeyri-düzgün bitişmiş sınığı. Ağırlaşma: G83.1 – Aşağı ətrafların monoplegiyası, Sol aşağı ətrafın monoplegiyası. Ağırlaşma: R52.1 – Müalicəyə tabe olmayan daimi ağrı, Daimi ağrı sindromu ilə. Ağırlaşma: Z98.8- Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Osteosintez əməliyyatından sonrakı vəziyyət. Ağırlaşma: M24.6 – Oynağın ankilozu, Sol aşıq baldır oynağının artrodez əməliyyatından sonrakı ankiloz. Ağırlaşma: M19.1 – Digər oynaqların posttravmatik artrozu, Sol aşıq-baldır oynağının 4-cü dərəcəli postravmatik artrozu. Ağırlaşma: G57 – Aşağı ətrafın mononevropatiyaları, Sol aşağı ətrafın mononevropatiyası (qamış sinirinin postravmatik neyropatiyası). Ağırlaşma: R26.2 – Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, yerişin pozulması. Ətrafın funksiyasının pozulması. Xəstə qoltuq ağacı ilə gəzir. Məhkəmə ilk növbədə cavabdehin iddiaçının tam reabilitasiya olunması barədə dəlili ilə bağlı bildirir ki, məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilən S82-baldır sümüklərinin aşıq-baldır oynağı da daxil olmaqla sınığı kobud döyənəklə qeyri-düzgün bitişdiyindən qeyd edilən xəstəliklərin tam reabilitasiya olunmaqla sağalması mümkün deyildir. Göründüyü kimi, cavabdehin imtinada istinad etdiyi faktiki hal öz təsdiqini tapmır. İddiaçı müxtəlif vaxtlarda müxtəlif dövlət tibb müəssisələrində ambulator müalicələrdə olmuş, lakin iddiaçıda olan xəstəliklərin aradan qalxması, onun sağlamlığının bərpa olunması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır:
13. Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri: 13.4. ... Digər artrozlar- M19 Oynağın ankilozu - M24.6 Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-921/2025 nömrəli iş üzrə, xx.xx.2025-ci il tarixli qərardadında məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətini mümkünsüz hesab edərəık qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1218/2024 nömrəli, 2- 1(102)-764/2024 nömrəli, 2-1(102)- 671/2024 nömrəli, 2-1(102)-437/2024 nömrəli, 2- 1(102)-2500/2023 nömrəli, xx.xx.2023-cü il tarixli; 2-1(102)-2378/2023 nömrəli qərarları; 2- 1(102)-2458/2024 nömrəli 2-1(102)-2636/2024 nömrəli 2-1(102)-2702/2024 nömrəli 2- 1(102)-2950/2024 nömrəli 2-1(102)-3098/2024 nömrəli qərardadları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Hazırkı iş üzrə göndərişdə göstərilmiş, apellyasiya məhkəməsinin qərarında sadalanmış iddiaçıya məxsus tibbi sənədlərdə mövcud olan və ekspert rəyində də təsdiqlənmiş diaqnoz əlillik təyinatına əsas verir”. İddiaçıda olan R26 diqanozu ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-936/2025 nömrəli iş üzrə, xx.xx.2025-ci il tarixli qərardadında məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətini mümkünsüz hesab edərəık qeyd etmişdir ki, “...iddiaçının əsas diaqnozu olan M51.1 kodlu və ağırlaşması R26 kodlu xəstəliklər meyarların 6-cı “Sinir sistemi xəstəlikləri” bölməsinin 6.6.3 və 6.1.10cu bəndlərində əlilliyin təyin edilməsinə əsas verən xəstəliklər kimi təsbit edilmişdir. Belə ki, meyarların 6.1.10.1-6.1.10.3-cü bəndlərinə əsasən R26 kodlu xəstəlik orqanizmin funksiyalarının 35-60, 65-80 və 85-100 faiz pozulmasına görə, 6.6.3.1-6.6.3.3-cü bəndlərinə əsasən M51.1 kodlu xəstəlik isə orqanizmin funksiyalarının 40, 60, 90 faiz pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verir. Beləliklə, C00059168VLZ nömrəli göndərişdəki əsas xəstəlik kimi qeyd edilmiş M51.1 kodlu və onun ağırlaşması olan R26 xəstəliklər “Əlilliyin müəyyən olunması meyarları” na əsasən iddiaçıya əlilliyin təyin edilməsinə əsas verən xəstəliklər siyahısına daxil edilmişdir”. Məhkəmə əlilliyin təyin edilməsi müddəti ilə bağlı qeyd edir ki, cavabdeh iddiaçının əyani müayinəsini xx.xx.2024-cü tarixli göndəriş əsasında apardığından, əlilliyin müəyyən edilməsi də əhçmin göndəriş əsasında olmalıdır. “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin 2024-cü il tarixli icmal məktubunda qeyd edilmişdir ki:
50. Əlilliyinin qiymətləndirilməsi ilə əlaqədar yaranan məhkəmə mübahisələri üzrə xüsusi diqqət yetirilməli olan digər bir məsələ əlilliyin təyinat tarixinin müəyyənləşdirilməsi ilə bağlıdır. Bununla bağlı olaraq, ilk növbədə nəzərə alınmalıdır ki, qanunvericiliyin imperativ göstərişinə görə şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsi).
51. Məhkəmə təcrübəsində qeyd olunan məsələ ilə bağlı bir neçə müxtəlif faktiki hallara malik işlərə rast gəlinir. Birinci hal, göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina olunmasına dair qərar qəbul edildikdən sonra məhkəməyə müraciətin edildiyi vəziyyətdir. Məhkəmələr imtinanı qanunsuz hesab etdikləri və iddianı təmin etmək üçün digər bütün əsasların mövcudluğunu müəyyən etdikləri halda, cavabdehin üzərinə əlilliyin müəyyən edilməsinə dair qərar qəbul etmək öhdəliyini qoya bilərlər. Bu zaman, cavabdeh “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.4-cü bəndinə uyğun olaraq əlilliyin təyinat tarixini göndərişin altsistemə ötürüldüyü gündən hesablanmaqla 10 (on) iş gününü keçməyəcək qaydada müəyyən etməlidir.
52. İkinci hal, göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina olunmasına dair qərar qəbul edildikdən sonra məhkəməyə müraciət edilməməsi, sonradan yeni göndəriş(lər)in verilməsi və həmin göndəriş əsasında sonrakı tarixlərdə əlilliyin müəyyən edilməsi vəziyyətidir. Bu zaman, bir qayda olaraq, göndərişlərin məzmununun eyniliyinə istinadla məhkəmələrdə əlilliyin təyinat tarixinin ilk göndəriş tarixinə uyğun dəyişdirilməsinə dair iddialar qaldırılır. Bununla bağlı olaraq nəzərə alınmalıdır ki, hətta göndərişlərin məzmununun eyniliyi müəyyən olunsa belə, ilkin göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina barədə qərar mübahisələndirilmədən əlilliyin təyinat tarixinin dəyişdirilməsinə dair iddialar təmin edilə bilməz. Belə ki, inzibati orqanın əvvəlki imtina qərarı “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə inzibati akt kimi özünün hüquqi qüvvəsini saxlayır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
53. Üçüncü hal isə bir neçə göndərişin verilməsinə baxmayaraq hər dəfə əlillik müəyyən edilməsindən imtina olunmasına dair qərarın verilməsi və maraqlı şəxsin yalnız sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarından sonra məhkəməyə müraciət etdiyi vəziyyətdir. Bununla bağlı olaraq isə nəzərə alınmalıdır ki, əvvəlki imtinalar mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarı təşkil etdiyindən müvafiq olaraq əlilliyin təyinat tarixi də əvvəlki göndərişlərə görə deyil, məhz sonuncu göndəriş nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydalarının 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Ali Məhkəmənin icmal məktubundan və “Əlilliyin qiymətləndirilməsi” Qaydalarının 2.4-cü bəndinin tələblərindən göründüyü kimi, TSEK göndəriş əsasında 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Hər bir halda, əlilliyin müəyyən edilməsi göndəriş əsasında olmalı, lakin bu müddət 10 iş günündən çox olmamalı, əlavə araşdırılmalı hallarda isə 15 iş gününədək uzadıla bilər. Ona görə də, cavabdeh iddiaçıya əlillik təyin edilməsinə dair qərar qəbul edərkən xx.xx.2024-cü il tarixli göndərişə əsasən yuxarıda qeyd edilən müddətləri nəzərə almalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlillik təyin olunmasından imtina olunmasına dair 18 aprel 2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı 11 mart 2024-cü il tarixli göndəriş əsasında əlilliyinin müəyyən olunması öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov