Məhkəmə qərarları › İş №2-1(112)-2269/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2269/2021

09.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2269/2021 09.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı Şəhər Baş Polis İdarəsinin X3 İdarəsinə qarşı «iddiaçının idarə etdiyi avtomaşına vurulmuş şəhid şəkillərinin istənilən formada sökülməsinin qadağan edilməsi və ya belə hərəkətlərin dayandırılması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı ŞBPİ X3 İdarəsinə qarşı «iddiaçının idarə etdiyi avtomaşına vurulmuş şəhid şəkillərinin istənilən formada sökülməsinin qadağan edilməsi və ya belə hərəkətlərin dayandırılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsində bildirilir ki, 2020-ci ilin sentyabr ayının 29-da idarə etdiyi “Ford Tranzit” markalı **-EU-*** dövlət nömrə nişanlı avtomaşınla Yasamal rayonunun H.Zərdabi prospektində hərəkət edərkən DYP əməkdaşları tərəfindən saxlanılaraq avtomaşının arxa yuxarı hissəsinə vurulmuş “torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Fərid Əhmədov və Urfan Vəlizadənin foto şəkilləri”nin sökülməsi tələb olunmuşdur. Onların bu hərəkəti əvvəlcə təəccüblə qarşılanmış. O, DYP əməkdaşlarına bildirmişdir ki, gənc nəslin şəhidlərimizə hörmətlə yanaşması və vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu şəkillərin avtomaşında olması çox faydalı bir əməldir. Lakin həmin şəxslər fotoşəkillərin sökülməsini tələb etdilər. Sonra onlar heç bir protokol tərtib etmədən məcburi şəkildə həmin fotoşəkilləri avtomaşından sökdülər. Birv müddət sonra o (iddiaçı), digər şəhidlər Mübariz İbrahimov və Emin Bağırovun fotoşəkillərini avtomamışına vurmuşdur. Bir vətəndaş olaraq polis əməkdaşlarının bu qaunsuz hərəkətlərindən dərhal “102 qaynar xətti”nə şikayət etmişdir. Qaynar xətdən əvvəlcə Respublika BDYPİ İdarəsinə yönləndirilsə də, qurumun məsul şəxsindən cavab alınmadı. Daha sonra təkrarən 102 xidməti ilə əlaqə saxlanarkən, onu BBPİ-nin 107-ci otağına yönəltmişlər. Bundan sonra o, cavabdeh təşkilata getməli olmuşdur. Orada qaldırılan məsələ ilə bağlı ona (iddiaçıya) konkret cavab verilməmişdir. Avtomaşına yaxınlaşdıqda isə, fotoşəkillərin yenidən süküldüyünü görmüşdür. Məsələ ilə bağlı onun AR DİN Baş X3 İdarəsinə müraciətinə məzmununa uyğun olmayan cavab verilmişdir. Cavab məktubunda qeyd olunmuşdur ki, əsassız protokol tərtib edilməsi barədə “102” xidmətinə ünvanlanmış müraciət araşdırılmış və polisin qanunsuz hərıkətləri barədə müraciətdə göstərilən xüsusatların təsdiqini tapmadığı nəzərə alınmışdır. Buradan da aydın olur və dolayısı ilə məsələ öz təsdiqini tapır ki, mübahisə hər hansı protokolun qanunsuz olmasından yox, polis əməkdaşlarının yol hərəkəti ilə bağlı qanunvericiliyə zidd olan hərəkətlərindən gedir. Göstərilənlərə və «İnzibati icraat haqqında» AR Qanununun 11.1, 11.2, 19-cu maddələrinə, İPM-in 34-cü maddəsinə əsaslanaraq, onun (iddiaçının) idarə etdiyi “Ford Tranzit” markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş şəhid şəkillərinin istənilən formada sökülməsinin DYP əməkdaşlarına qadağan edilməsi və ya belə hərəkətlərin dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq inzibati mübahisənin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İş üzrə məhkəmə iclası təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf isə gəlməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi, iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maaddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.4-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarında vurğulanmışdır ki, «İnzibati icraat haqqında» AR Qanununun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair işlər üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı hazırda cavabdehin inzibati xətalara dair işlər üzrə fəaliyyəti ilə bağlı hərəkətlərini mübahisələndirdiyindən, hazıkı iddiaya inzibai məhkəmə icraatı qaydasında baxıla bilməz. Bundan başqa nəzərə alınmalıdır ki, hazırkı İddiaçı idarə etdiyi “Ford Tranzit” markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomaşın X1 məxsusdur, iddiaçı həmin nəqliyyat vasitəsini yalnız etibarnamə üzrə idarə etmək səlahiyyəti olan şəxsdir. Odur ki, iddiaçının sözügedən nəqliyyat vasitəsinə münasibətdə hazırkı iddianı qaldırmaq üzrə subyektiv hüququ da yaranmış olmur. Beləliklə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar