Məhkəmə qərarları › İş №2-1(112)-2270/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2270/2020

16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2270/2020 16.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəriman İbrahim oğlu Abıyevin sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, 3-cü şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə, şəhid statusunun verilməsi ilə əlaqədar ilkin arayışın verilməsi öhdəliyinin qoyulması tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə, şəhid statusunun verilməsi ilə əlaqədar ilkin arayışın verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, könüllü cəbhəyə getmiş (qardaşı X3) Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda döyüş tapşırığını yerinə yetirərək, şəhid olması barədə ilkin arayışının verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, qardaşı xx xxxxxx 1970-ci ildə Ağdam rayonunda doğulmuş X1 rayonu Ü.Hacıbəyov küçəsi döngə-2 ev 16 ünvanda qeydiyyatda olmuşdur. X3 könüllü olaraq Ağdam istiqamətində döyüşlərdə iştirak etmişdir. X3 həqiqi hərbi xidməti SSR-nin dönəmində vətənə borcunu xidmət edərək vermişdir. Erməni işğalçılarına qarşı mübarizə edərək könüllü müharibəyə getmişdir. Ağdam rayonu uğrunda döyüşlərdə iştirak etmişdir və 1992-ci ildə Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda döyüş tapşırığını yerinə yetirərək şəhid olmuşdur. xx.xx.1992-ci il tarixdə Sumqayıt şəhəri VVAQ şöbəsi tərəfindən verilən İV JQ 376618 nömrəli ölüm haqqında şəhadətnaməsində ölümün səbəbi “Ağdam cəbhəsində döyüş zamanı benzindən alovlanaraq yanmışdır” qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə və üçüncü şəxslərə təqdim edilmiş və cavabdehdən və üçüncü şəxslərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli 11/1412 №li iddiaya münasibətdə göstərmişdir ki, iddiaçı iddia ərizəsində qardaşı X2 könüllü olaraq Ağdam istiqamətində döyüşlərdə iştirak etdiyini, döyüş zamanı benzindən alovlanaraq yandığını göstərir və məhkəmədən könüllü cəbhəyə getmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş tapşırığını yerinə yetirərək şəhid olması barədə ilkin arayışın verilməsi öhdəliyinin cavabdeh SHXÇDX-nın Ağdam rayon şöbəsinin üzərinə qoyulması haqqında qərar verməsini xahiş edir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər üzrə iddiaya münasibəti aşağıdakı kimidir: “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaların”nın 4.1-cı bəndinə görə şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsinin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Nizamnamənin həmin maddəsində isə göstərilir ki, müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. İddiaçının ərizəsində cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi göstərilib ərizənin nəticə hissəsində isə ilkin arayış verilməsi öhdəliyinin cavabdeh SHXÇDX-nın Ağdam rayon şöbəsinin üzərinə qoyulması tələb olunur. İddiaçının ərizəsində mərhumun hərbi qulluqçu olması, hansı hərbi hissədə xidmət keçməsi göstərilmir. Hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. Mərhum hərbi qulluqçu statusunda olmamışdırsa ona şəhid və ailəsinə şəhid ailə statusu verilməsinə dair iddialar üzrə Müdafiə Nazirliyi nə cavabdeh, nə də üçüncü şəxs ola bilməz. Cavabdeh qeyd olunanların nəzərə alınmaqla mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılaraq, qanuni və əsaslı qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzbati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd olunan maddənin tələblərinə əsasən məhkəmə tərəfindən iddiaçıya iddiada yol verilən formal xətanın (iddiaçı iddia ərizəsinin giriş hissəsində səhvən cavabdeh qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyini qeyd etsə də, iddia ərizəsinin sonunda tələbi üzrə öhdəliyinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin üzərinə qoyulmasını xahiş etmiş) aradan qaldırılması təklif olunmuş, bundan əlavə iddiaçıya hazırki tələblə bağlı subyektiv hüquqa malik olan şəxs tərəfindən ilkin olaraq aidiyyatı üzrə rayon İcra hakimiyyətinə, mübahisə yarandıqda isə cabadehin yerləşdiyi yer üzrə məhkəməyə müraciət etməli olması izah olunmuşdur. Bununla bağlı İddiaçı qzı xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək, inzibati iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi ilə əvəz etməklə, könüllü cəbhəyə getmiş qardaşı xx.xx.1970-ci il təvəllüdlü X2 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş tapşırığını yerinə yetirərək şəhid olması barədə ilkin arayışın verilməsi öhdəliyinin cavabdeh SHXÇDX-nin Ağdam rayon şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi izahat verərək, göstərdi ki, hazırki iş üzrə şəhidlik statusu haqqında arayış verilməsi tələb olunan şəxsin statusu müəyyən deyil. Belə ki, nə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, nə də ki Müdafiə Nazirliyində şəxsin statusu barədə (hərbiçi kimi) məlumat aşakar olunmamışdır. Ehtimal ki, həmin şəxs mülki şəxs olmuş, belə ki, heç bir sənəddə hərbi qulluqçu olması faktı aşkar olunmamışdır. Mülki şəxslərlə bağlı isə müvafqi arayışlar rayon icra hakimiyyətləri tərəfindən verilir. Eyni zamanda şəxsin ona şəhid statusu verilməsi ilə bağlı iddia verməyə subyektiv hüquqa malik qanunvericilikdə nəzərdə tutulmuş yaxın qohumu yoxdur. Hazırki iş üzrə iddiaçı isə belə bir hüquqa malik deyil. Nümayəndə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi ilə əvəz olunmasına və bundan sonra işin aidiyyatı üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri və iddiaçı tərəfindən verilən ərizəni nəzərdən keçirərək hesab edir ki, iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi ilə əvəz olunmalı və hazırki iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzbati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdehlə əvəz edə bilər. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin 5.1-ci bəndində göstərilmişdir ki, Xidmətin aparatı, Xidmətin strukturuna daxil olan qurumlar (yerli idarələr, şöbələr və bölmələr) və tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.), habelə Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xidmətin vahid sistemini təşkil edir. Xidmət öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bənd 4-1) və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri ( bənd 4-1.1.1) ayrı-ayrılıqda nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin hüquqi ünvanı Ağdam rayonu, Tərtər-Hindarx yoludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinə görə digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Ağdam şəhəri Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. İddiaçı qzı hazırki işin baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etdiyini bildirdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4, 8.5, 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı şəhid statusunun verilməsi ilə əlaqədar ilkin arayışın verilməsi öhdəliyinin qoyulması tələbinə dair 2-1(112)-2270/2020 saylı inzibati iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi ilə əvəz edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinəqarşı şəhid statusunun verilməsi ilə əlaqədar ilkin arayışın verilməsi öhdəliyinin qoyulması tələbinə dair 2-1(112)-2270/2020 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar