Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2270/2023 03.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, 7-ci Köndələn küçəsi, 2074/2077 məhəllə, 5B saylı mənzilə dair X2 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 73/1 saylı xx.xx.2013cü il tarixli sərəncamı əsasında Bakı şəhəri, Nərimanov rayonu, 7-ci Köndələn küçəsi, 2074/2077 məhəllə, 5B saylı evin, yaşayış sahəsi 35.84 kv.metr olan 2 otaqlı 7 saylı mənzilinə dair, 2 nəfər - ailə üzvü ilə (özü və oğlu ilə) icarə müqaviləsi bağlamaqla həmin mənzilin icarədarı hesab olunmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, 7-ci Köndələn küçəsi, 2074/2077 məhəllə, 5B saylı mənzilə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış verilməsi üçün cavabdeh quruma xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət etmişdir. X3 notarial qaydada təsdiq edilmiş, xx.xx.2017-ci il tarixli ərizə ilə daşınmaz əmlaka dövlət reyestrindən çıxarış verilməsinə etirazı olmadığını bildirmişdir. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-cı il tarixli, **********68 saylı məktubla bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, 7-ci Köndələn küçəsi, 2074/2077 məhəllə, 5B saylı evin 7 saylı mənzilinə dair qanunvericiliyə uyğun olan hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu əsasla iddiaçının müraciətinə imtina cavabı verilmişdir. İddiaçı imtinanı əsassız hesab edir. Sözügedən mənzillə bağlı hüquqmüəyyənedici sənəd, yəni sərəncam müvafiq icra hakimiyyəti orqanı tərəfindən iddiaçıya verilmiş və o, mənzilin qanuni istifadəçisidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində bildirmişdir ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, 7-ci Köndələn küçəsi, 2074/2077 məhəllə, 5B saylı mənzilə X2 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. Belə ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, 7-ci Köndələn küçəsi, məhəllə 2074/2077, 5B saylı evin, 7 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2021-ci il tarixli ərizə ilə idarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, 7-ci Köndələn küçəsi, məhəllə 2074/2077, 5B saylı evin, 7 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, müraciətə əlavə edilmiş qeyd olunan mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 73/1 saylı sərəncamı xx.xx.2013-cü il tarixdə verilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış, iddiaçıya **********68 saylı, xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. Cavabdeh “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növündə iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********68 saylı məktubdan görünür ki, iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, 7-ci Köndələn küçəsi, məhəllə 2074/2077, 5B saylı evin 7 saylı mənzili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2021-ci il tarixli, ********** nömrəli ərizəsinə baxılmış və qeyd olunan mənzilə dair iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi, həmçinin, müraciətə əlavə edilən mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 73/1 saylı sərəncamının xx.xx.2013-cü il tarixdə verildiyi bildirilərək müraciətin təmin edilməsindən imtina edilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2013-cü il tarixli, 73/1 saylı sərəncamından görünür ki, müraciəti nəzərə alınaraq 2011-ci il tarixdən ünvan 2 ünvanda sahəsi 35,84 kv.metr sahədən ibarət iki otaqlı, 7 saylı mənzildə iki nəfər ailə üzvü ilə (özü və oğlu) yaşayan İddiaçı adına həmin mənzilə dair icarə müqaviləsi bağlanmış və o qeyd olunan mənzilin icarədarı hesab edilmişdir. Müvafiq sorğu əsasında qeyd olunan sərəncamın təsdiq edilmiş surəti və ona əlavə edilmiş sənədlər Milli Arxiv İdarəsinin Bakı filialı tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki: - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Avtomobil Təsərrüfatı tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş 6 nömrəli orderin surətindən görünür ki, ünvan 3 ünvanda sahəsi 35,84 (53.03) kv.metr sahədən ibarət iki otaqlı, 7 saylı mənzil İddiaçı verilmişdir. - MKTD-yə ünvanlandığı xx.xx.2013-cü il tarixli ərizədən görünür ki, İddiaçı sözügedən mənzilə dair onun adına icarə müqaviləsi bağlanmasını xahiş etmişdir. - Bakı Şəhər İcra Hakimiyyəti MKTD Nizami rayon MKTB-nin 25 saylı MKİS tərəfindən verilmiş məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, İddiaçı oğlu ilə birlikdə 2011-ci il tarixdən 6 №li Orderə əsasən ünvan 3 ünvanda yerləşən 7 №li mənzildə yaşayır. Eyni təşkilat tərərindən verilmiş xx.xx.2022-ci il tarixli, 322 nömrəli arayışdan görünür ki, İddiaçı 2023-cü ilin dekabr ayına kimi bəhsolunan mənzilin kommunal ödənişini aparmışdır. - Nərimanov RPİ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZE N 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, 7-ci Köndələn, məhəllə 2074-2977, ev 5B, mənzil 7-də qeydiyyatdadır. İşin faktiki hallarından məlum olur ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2013-cü il tarixli, 73/1 saylı sərəncamına istinad edərək ünvan 3 ünvanda yerləşən 7 №li mənzilin üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qanunvericilik normaları ilə əsaslandırır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 3-cü maddəsində yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması mənzil fondunun özəlləşdirilməsinin əsas prinsiplərindən biri kimi nəzərdə tutulmuşdur. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsində göstərilir ki, vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Göründüyü kimi, mövcud əmlak qanunvericiliyi (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderi və ya mənzil kirayəsi müqaviləsini Mənzil Məcəlləsinin qüvvəyə minənədək, yəni 2009-cu il oktyabrın 1-dək verilmiş olmasını şərt kimi qoyur. Hazırkı halda iddia olunan mənzilin iddiaçıya icarəyə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sərəncamı xx.xx.2013-cü il tarixlidir. Bu səbəbdən, qeyd olunan akt “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində göstərilən hüquqmüəyyənedici sənəd kimi qəbul edilməməlidir. Məhkəmə bildirir ki, araşdırma nəticəsində müəyyən edildi ki, iddiaçı oğlu ilə birlikdə sözügedən mənzildə 2011-ci il tarixdən etibarən yaşayır, onun həmin mənzilə dair istifadə hüququ məhz 2011-ci il tarixdən yaranmışdır. Başqa sözlə, iş materialları ilə iddiaçının iddia etdiyi mənzilə dair 1 oktyabr 2009-cu ilin tarixədək mənzil münasibətlərinin yaranması təsdiqini tapmamış, iddiaçı tərəfindən bu istiqamətdə hər hansı sübut təqdim edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, hazırkı halda iddiaçı hüquqmüəyyənedici sənədləri təqdim edə bilmədiyindən onun iddia etdiyi mənzil üzərində mülkiyyət hüququn tanınması üçün “qanuni gözləntisi” yaranmır. Belə olan halda, iddiaçının 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxs olduğu müəyyən edilmədiyinə görə cavabdeh inzibati orqanın imtinası qanunazidd sayılmamalı, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin vurğulayır ki, İPM-in 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu baxımdan digər işlər üzrə qərarlar iddiaçılar həmin işdə proses iştirakçısı olmadığından hazırkı iş üzrə məhkəmə üçün məcburi deyil. Belə ki, məhkəmə aktının preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-2270/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2270/2023
03.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver