Məhkəmə qərarları › İş №2-1(112)-2272/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2272/2023

23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2272/2023 23.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “13 aprel 2021-ci il tarixdən 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlilliyinin qiymətləndirilməsi ilə bağlı göndərişlərə verilən elektron cavab məktubunda qeyd olunanların əsaslandırılması və təsdiqedici sənədləri olmadığı üçün verilən qərarların qanunsuz hesab edilməsi və əlilliyinin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına Həkim Məsləhət Komissiyası üçün müvafq müəssisə tərəfindən göndərilmş əlillik və sağlamlıq imkanlarının məhdudluğunun təyin edilməsi ilə bağlı fərqli tarixlərdə verilmiş bütün göndərişlərə imtina cavabı verilərək göndərişin natamam və ya yanlış yazıldığı məlumatı qeyd olunmuşdur. Hesab edir ki, yazılan imtina qanunsuz və əsassızdır. Belə ki, hər üç göndərişdə müvafiq xəstəxana rəyində israr və təkid etsə də, hər dəfəsində komissiya əsassız olaraq heç bir düzgün əsaslandırma vermədən imtina cavabı vermişdir. Belə ki, əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; və ya 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda kimi hallar mövcud olmamışdır və əlillik səbəbinin müəyyən olunması ilə bağlı xəstəxananın rəyini düzgün hesab edir.

3. Məhkəmə İPM-nin 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq iddiaçıya hüquqi yardım məktubu göndərərək cavabdeh qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin göstərilməsi və iddia tələbinin “əlillik dərəcəsinin təyin edilməsi” kimi dəqiqləşdirilməklə əlillik təyinindən imtinanın təqdim olunma tarixi barədə məlumatın verilməsini təklif etmişdir.

4. İddiaçının ərizəsi əsasında məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə cavabdeh qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyi nəzərə alınmaqla iddia tələbi xx.xx.2021-ci il tarixdən 2-ci dərəcə əlilliyin təyin edilməsi kimi dəyişdirilmişdir.

5. Daha sonra iddiaçının ərizəsi əsasında məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi iddiaçının qiymətləndirildiyi xx.xx.2023-cü il tarixdən əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin üzərinə qoyulması kimi dəyişdirilmişdir.

6. Son olaraq iddiaçının ərizəsi əsasında məhkəmənin 23 fevral 2023-cü il tarixli qərardadı ilə iddia tələbi göndərişin verildiyi 13 aprel 2021-ci il tarixdən 2-ci dərəcə əlilliyin təyin edilməsi kimi dəyişdirilmişdir.

7. İddiaçıya aid əlillik altsistemindən çıxarışa əsasən iddiaçıya ilkin əlillik xx.xx.2016-cı il tarixdə Bronxial astma infeksion allergik forma, ağır gedişli. Hormondan asıllıq. TÇ İİ dərəcə diaqnozu ilə (X3 X sinif – Tənəffüs sistemi xəstəlikləri = J40-J47 – Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri = J45 – Astma = J45.0) təyin edilmişdir. Meyar: 2.2. İkinci dərəcə əlillik = 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9, J35-J37, J41...)

8. Cavabdeh qurum tərəfindən iddiaçının əlillik vəziyyəti Bakı şəhəri 27 nömrəli şəhər poliklinikasının №0098003AAB7Q nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilmiş, diaqnoz: əlavə müalicəyə ehtiyacın olması. Xəstənin diaqnozu ilə əlaqədar stasionar müalicə yeterli deyil. X2 İnstitutunda ixtisaslaşmış müayinə və müalicə məsləhət görülür.

9. Növbəti dəfə iddiaçının əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə “Qarışıq Astma. Bronxial astma, ağır gedişli nəzarət olunmayan kəskinləşmə mərhələsi. Əhəmiyyətli ventilyasiya pozğunluğu. Hormondan asılı vəziyyət. Ağırlaşma J96.1. Xroniki respirator çatışmazlıq. Tənəffüs çatışmazlığı İİ dərəcə. Obstruksiyaş Ağırlaşma J43 Emfizema. Ağ ciyərin emfizeması” diaqnozu ilə (X3 X sinif – Tənəffüs sistemi xəstəlikləri = J40-J47 – Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri = J45 – Astma – J45.8- Qarışıq Astma) qiymətləndirilmiş və Göndərişin natamam doldurulması – Səbəb: X2 İnstitutunda müayinə olunması tövsiyəsi ilə imtina edilmişdir.

10. Növbəti dəfə iddiaçının əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə “Qarışıq Astma. Bronxial astma, ağır gedişli nəzarət olunmayan kəskinləşmə mərhələsi. Əhəmiyyətli ventilyasiya pozğunluğu. Hormondan asılı vəziyyət. (X3 X sinif – Tənəffüs sistemi xəstəlikləri = J40-J47 – Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri = J45 – Astma – J 45.8 - Qarışıq Astma) qiymətləndirilmiş və Meyar: 2.2. İkinci dərəcə əlillik = 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9, J35-J37, J41...) edilmişdir.

11. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də məhkəmə baxış iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

12. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək təmin edilməməsini xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

13. İddiaçının əlilliyinin qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi- Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.

15. İddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona ikinci dərəcə əlillik təyin edilmişdir. Lakin iddiaçı ona əlilliyin daha əvvəlki tarixdən, göndərişin verildiyi xx.xx.2021-ci il tarixdən təyin edilməsini tələb edir.

16. İddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. İddiaçı bildirir ki, əlilliyi xx.xx.2021-ci il tarixdə təyin edilsə də, təyinatın həmin tarixdən aparıdığı ona bildirilməmiş, əlilliyə görə pensiyanı 2022-ci ilin aprel ayından almağa başlamış, pensiya alarkən əvvəlki dövrlər üzrə də pensiya alacağını hesab etmiş, lakin daha sonra əvvəlki dövr üzrə pensiya almadığını gördükdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

17. Bakı şəhəri 27 nömrəli şəhər poliklinikasının №0098003AAB7Q nömrəli 13 aprel 2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və əlilliyin növbəti müddətə təyin olunmasından imtina, göndərişdə (Forma-88) qeyd edilmiş diaqnozu ilə əlaqədar stasionar müalicə yetərli deyil, X2 İnstitutunda ixtisaslaşmış müayinə və müalicə məsləhət görülməklə növbəti müddətə əlillik təyinatının aparılması mümkün olmamışdır.

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.

19. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

20. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.

21. Hazırki iddia müəyyən etməyə və mübahisələndirməyə dair iddiadır. Belə ki, iddiaçı əlilliyin təyini tarixinin cavabdehlə hüquq münasibətlərinin yarandığı tarixdən müəyyən edilməsini və əlilliyin təyini tarixinin dəyişdirilməsini tələb edir.

22. İPM-dən: 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. 36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır.

23. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh qurum tərəfindən əlilliyin qiymətləndirilməsi xx.xx.2021-ci il tarixdə aparılmış, lakin nəticəsinin iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur və iddiaçıya hüquqi müdafiə vasitələri izah edilmir.

24. İddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

26. İddiaçıya ilkin olaraq İİ dərəcə əlillik xx.xx.2016-cı ildən təyin olunmuşdur, növbəti dəfə əlillik xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli göndəriş əsasında imtinadan sonra xx.xx.2021-ci il tarixdə təyin edilmişdir, iddiaçı göndəriş verən müəssisədə qeyd edilən xəstəliklə xx.xx.2013-cü il tarixdən qeydiyyatdadır.

27. Bakı şəhəri 27 nömrəli şəhər poliklinikasının №0098003AAB7Q nömrəli 13 aprel 2021-ci il tarixli göndərişə əsasən iddiaçı qarışıq astma (J45.8) klinik diaqnozla 2017, 2018, 2019, 2020 və sonuncu dəfə 2021-ci il tarixdə (xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə) X2 İnstitutunda stasionar müalicə almış, buna baxmayaraq, cavabdeh qurum qeyd edilmiş diaqnozu ilə əlaqədar stasionar müalicənin yetərli olmadığı (yetərli olan müddət qeyd edilməməklə), X2 İnstitutunda ixtisaslaşmış müayinə və müalicə məsləhət görülmüşdür.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”na əsasən: 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.

29. Məhkəmə müəyyən edir ki, xx.xx.2021-ci il tarixli göndəriş əsasında qiymətləndirmə zamanı iddiaçının əllilliyi ilkin olaraq təyin edilmədiyindən, Qaydaların 1.5.3-cü bəndinə əsasən, əlillik müddəti bitdikdən sonra həmin halların davam etməsi göndərişin verilməsi üçün əsasdır, yəni təkrar əlillik təyinatı zamanı şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması tələb edilə bilməz.

30. Beləliklə, məhkəmə qeyd edir ki, Bakı şəhəri 27 nömrəli şəhər poliklinikasının №0098003AAB7Q nömrəli 13 aprel 2021-ci il tarixli göndərişi XBT 10-a əsasən, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.4-cü bəndinə əsasən ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35-J37.1J41.0- J70.9,J84-J86.9,J91-J95.8) olan Qarışıq astma (J45.8) xəstəliyini müəyyən etməsinə baxmayaraq və həmin xəstəliklərlə bağlı illər ərzində stasionar müalicədə olmasına və Forma 88 arayışına əsasən həmin xəstəliklərin diaqnozu diaqnostik müayinələrlə (obyektiv müayinə, EKQ, USM, Rentgenskopiya, MRT və Ağ ciyərlərin spiroqramması) təsdiq olunmasına baxmayaraq (müayinəyə dair sənədlər iş materiallarına əlavə edilmişdir), əlilliyin növbəti müddətə həmin xx.xx.2021-ci il tarixdən təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

32. İPM-in 52-ci maddəsinə görə Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

33. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, əlillik təyinatı xx.xx.2021-ci il tarixdən deyil, daha əvvəl, yəni göndərişin verildiyi xx.xx.2021-ci il tarixdən aparılmaqla ikinci dərəcə əlilliyin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasının) təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.

35. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı İİ dərəcə əlilliyin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasının) göndərişin verildiyi xx.xx.2021-ci il tarixdən təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar