Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2275/2021 26.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 06.04.2020-ci il tarixli **********7988 nömrəli və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 16.09.2020-ci il tarixli **********238300 nömrəli “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” qərarların ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı MMC məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (iddia tələbinin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 01.10.2020-ci il tarixli **********8167 nömrəli və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 16.09.2020-ci il tarixli **********238300 nömrəli “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” qərarların ləğv edilməsinə; Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 26.03.2020-ci il tarixli VN seriyalı 014328 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” aktının maliyyə sanksiyası tətbiq edilməyən siyahı hissəsində etibarsız hesab edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı MMC yenidən məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (iddia tələbinin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 01.10.2020-ci il tarixli **********8167 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin (bundan sonra – Baş İdarə) 26.03.2020ci il tarixli **********7748 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən "İddiaçı" MMC-nin (bundan sonra Cəmiyyət) sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu, ünvan 1 ünvanda yerləşən anbarda operativ vergi nəzarəti həyata keçirilmiş, Yoxlamanın nəticəsi 26.03.2020-ci il tarixli VN seriyalı 014328 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmiş, tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən 06.04.2020-ci il tarixli **********7988 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq, Cəmiyyət barəsində 10.625,44 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd edilən qərardan iddiaçı tərəfindən yuxarı vergi orqanına şikayət verilmiş, Cəmiyyətin inzibati şikayəti qismən təmin edilərək 16.09.2020-ci il tarixli **********238300 nömrəli “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” qərarla Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 06.04.2020-ci il tarixli **********7988 nömrəli Qərarı 953,36 maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmiş, Qərar digər hissədə, yəni 9672,08 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Belə ki, yuxarı vergi orqanında aparılmış araşdırma ilə operativ vergi nəzarəti tədbiri zamanı anbarda aşkar edilmiş 106254,42 manat dəyərində mallardan 6213,72 manat dəyərində Foliton, 3319,88 manat dəyərində Nisit adlı, ümumilikdə 9533,6 manat dəyərində dərman vasitələrinin alışına dair yük gömrük bəyannamələrinin mövcud olduğu, 96720,82 manat dəyərində malların isə alışına dair sənədlərin olmadığı müəyyən edilmişdir. Bundan əlavə araşdırmaya təqdim edilmiş "xxxx" MMC ilə "İddiaçı" MMC arasında 09.02.2020-ci il tarixdə bağlanmış “Malların anbarda müvəqqəti saxlama müqaviləsi”nə əsasən "xxxx" MMC tərəfindən Cəmiyyətə saxlamaq məqsədi ilə 10 adda dərman preparatları verdiyi göstərilsə də, müqavilədə həmin malların "İddiaçı" MMC-yə aid olan hansı ünvanda saxlanılması barədə məlumatların, həmçinin qeyd edilən müqavilə əsasında tapşıranın saxlayıcıya ödəyəcəyi xidmət haqqı barədə məlumatların qeyd edilmədiyi, eyni zamanda "İddiaçı" MMC-nin "xxxx" MMC-yə göstərdiyi saxlama xidmətləri ilə bağlı elektron qaimə-fakturanın verilmədiyi müəyyən edilmişdir. Yuxarı vergi orqanı tərəfindən qəbul edilmiş 06.04.2020-ci il tarixli **********7988 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar 953,36 maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməli, 9672,08 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalı qənaətinə gəlinmişdir. Həmçinin, yuxarı vergi orqanı tərəfindən gəlinmiş qənaətə əsasən "xxxx" MMC ilə "İddiaçı" MMC arasında 09.02.2020-ci il tarixdə bağlanmış “Malların anbarda müvəqqəti saxlama müqaviləsi”ndə malların "İddiaçı" MMC-yə aid olan hansı ünvanda saxlanılması barədə məlumatların, həmçinin qeyd edilən müqavilə əsasında göstərilən xidmətə görə xidmət haqqının qeyd edilməməsi, eyni zamanda "İddiaçı" MMC-nin "xxxx" MMC-nə göstərdiyi saxlama xidmətləri barədə elektron qaimə-fakturanın verilməməsi əsasas gətirilərək şikayət həmin hissədə təmin edilməmişdir. Vergi orqanı Nisit və Foliton adlı dərmanların həqiqətən də Cəmiyyətin mülkiyyətində olmasını qəbul edərək şikayətimi həmin hissədə təmin etmiş, lakin "xxxx" MMC-nin sahibliyində olan malları Cəmiyyətin malı kimi qəbul edərək maliyyə sanksiyasını qüvvədə saxlamışdır. Vergi Məcəlləsinin 71-1.5-ci maddəsinə əsasən Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq elektron qaimə-faktura verilən əməliyyatların siyahısı müəyən edilmişdir ki, malların anbarda saxlanması üçün elektron qaimə-faktura forması qanunla təsdiq edilməmiş və həmin qaimə fakturanın verilməsi mümkün deyildir. Qeyd edilən malların bir hissəsinn (siyahı əlavə olunur) "xxxx" MMC-yə aid olmasını təsdiq edən yük gömrük Bəyannamələri araşdırmaya təqdim edilsə də vergi orqanı nəzərə almamışdır. Yuxarə vergi orqanı qərarında qedy edir ki, malların anbarda saxlanması müqaviləsində ünvan göstərilmədiyinə və xidmət haqqı müəyyən edimədiyinə görə həmin malları sənədsiz mal kimi qəbul edilməlidir. Müqavilə şərtlərnin müəyyən edilməsi, Mülki Məcəllənin tələblərinə əsasən müqavilə tərəflərinin müstəsna hüququdur və buna hər hansı müdaxilə yol verilməzdir. Müqavilə şərtində saxlama haqqının və ünvanın qeyd edilməməsi həmin malların ) "İddiaçı" MMC-nin sahibliyində olması qənaətinə gəlməsinə əsas verə bilməz və bu barədə qanunvericilikdə hər hansı göstəriş də yoxdur."xxxx" MMC-nin sahibliyində olan və aktda qeyd edilən malların siyahısı aşağıdakı kimidir və sənədsiz mal kimi qiymətləndirilən malları siyahısında 67435,0 manat təşkil edir. Vergi orqanı tərəfindən qeyd edilən siyahı üzrə Qlozik-3900 ədəd * 3,5 manat = 13650,0 manat; Help Mannosa - 2430 ədəd * 6,20 manat = 15066,0 manat; Turogel - 695 ədəd * 3,50 manat = 7645,0 manat; Gloderm- 2646 ədəd * 3,50 manat = 9261,0 manat; Maxigel 1150 ədəd * 3,50 manat = 4025,0 manat; Vitakold-1350 ədəd * 3,50 manat = 4725,0 manat; Reyakor-192 ədəd * 5,50 manat = 1056,0 manat; Rapider -320 ədəd * 3,50 manat = 1120,0 manat; Balitamon -1600 ədəd * 3,50 manat = 5000,0 manat; Memor-1682 ədəd * 3,50 manat = 5887,0 manat; Həmin malların "xxxx" MMC-yə aid olmasını təsdiq edən sənədlər (Yük gömrük bəyannamləri və müqavilə) iddia ərizəsinə əlavə olunur. Həmçinin siyahıda qeyd edilən dərmanların bir hissəsinin qiyməti şişirdilmiş, mənbəyi bəlli olmayan məlumatlardan istifadə edilmişdir “xxxx” MMC, “xxxx” MMC arasında saxlanc və ya icarə müqaviləsi olmadığına görə həmin mallar "İddiaçı" MMC-nin sahibliyində olan mal kimi qəbul edilmiş, yuxarıda qeyd edildiyi kimi belə olan halda da qiymətlər süni şişirdilmişdir. Qiymətləri təsdiq edən Yük gömrük Bəyannamələrinin surəti şikayətə əlavə olunur. Belə ki, Jenskoyo Zdorovye 5,10 manata qeyd edildiyi halda “xxxx” MMC-nin adına gələn Yük gömrük bəyannaməsinin qiymətinə əsasən malın dəyəri 3,62 manat təşkil etmiş nəticədə həmin dərman üzrə qiymət 530,94 manat şişirdilmişdir, Mujskoyo Zdorovye 5,10 manat qeyd edildiyi halda “xxxx” MMC-nin adına gələn Yük gömrük bəyannaməsinin qiymətinə əsasən malın dəyəri 1 ədəd üçün 3,62 manat təşkil etmiş nəticədə həmin dərman üzrə qiymət 2838,54 manat şişirdilmişdir, Fibrovag Forte 6,0 manat qeyd edildiyi halda “xxxx” MMC-nin adına gələn Yük gömrük bəyannaməsinin qiymətinə əsasən malın dəyəri 3,62 manat təşkil etmiş nəticədə həmin dərman üzrə qiymət 1654,92 manat şişirdilmişdir, Azivag 4,0 manat qeyd edildiyi halda “xxxx” MMC-nin adına gələn Yük gömrük bəyannaməsinin qiymətinə əsasən malın dəyəri 2,72 manat təşkil etmiş nəticədə həmin dərman üzrə qiymət 102,2 manat şişirdilmişdir, Fibrovag 5,0 manat qeyd edildiyi halda “xxxx” MMC-nin adına gələn Yük gömrük bəyannaməsinin qiymətinə əsasən malın dəyəri 2,72 manat təşkil etmiş nəticədə həmin dərman üzrə qiymət 410,4 manat şişirdilmişdir, Megavag 5,0 manat qeyd edildiyi halda “xxxx” MMC-nin adına gələn Yük gömrük bəyannaməsinin qiymətinə əsasən malın dəyəri 2,72 manat təşkil etmiş nəticədə həmin dərman üzrə qiymət 4906 manat şişirdilmişdir. Ümumilikdə şişirdilmiş qiymət üzrə 10443,0 manat təşkil etmişdir. Müəssisənin sahibliyində olmayan 67435,0 manat+şişirdilmiş qiymət 10443,0 manat=77878,0 manat üzrə 10% maliyyə sanksiyası 7787,8 manat artıq maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi orqanı tərəfindən tətbiq edilən 10625,44 manat malyyə sanksiyasından 953,66 manatın Yuxarı vergi orqanı tərəfindən ləğv edilməsini nəzərə alsaq qalır 9672,08 manat. Sahiblikdə olmayan və şişirdilmiş qiymət üzrə 7787,8 manat nəzərə alınarsa 1884,28 manat qalmalı Maliyyə sanksiyası təşkil edəcəkdir.Bundan əlavə siyahı ilə bağlı qeyd olunmuşdur ki, tərtib edilən siyahı üzrə sənədi olan mal kimi qeyd edilmiş, yəni nöqsan aşkar olunmamış mal siyahısı mövcuddur ki, həmin siyahı düzgün sayılmamışdır. Belə ki, malların sənədləri olduğuna görə və həmin malların sənədlərinin olması səbəbindən operativ vergi nəzarəti ilə hər hansı maliyyə sanksiyası tətbiq edilməməsi səbəbindən saya düzgünlüyünə əhəmiyyət verilməmişdir. Sonradan qeyd edilən akt üzrə tərəfimizdən sayım həyata keçirilərkən mal sayının az göstərildiyi müəyyən edilmişdir. Vergi iorqanı tərəfindən həmin siyahı gələcək dövrlərdə mənbəyi bəlli məlumat kimi istifadə edilməsi ehtimalı olduğuna görə siyahının düzgün oması mütləqdir. Ümumiyyətlə tərtib edilən 26.03.2020-ci il tarixli 00178 saylı siyahı üzrə aktın məzmunundan da göründüyü kimi yalnız sənədsiz mallar qeyd edilməlidir. Lakin vergi orqanı tam siyahını göstərməyə çalışmışdır. Həm tərtib edilən akt və siyahının sayı düzgün olmadığına görə, həmçinin tərtib edilən akt və siyahıda say düzgün göstərilmədiyinə görə akt nöqsansız mallar üzrə də tam etibarsız hesab edilməlidir.Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İPM- 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair **********216500 №li 06.05.2021-ci il tarixli yazılı etirazda göstərilmişdir ki, İşin mahiyyəti ilə bağlı nəzərinizə çatdırırıq ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 26.03.2020-ci il tarixli **********7748 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 1 ünvanında yerləşən anbarda Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura və ya elektron hesab faktura əsasında alınmasına nəzarət edilməsi məsələləri üzrə keçirilmiş operativ vergi nəzarəti zamanı 106.254,42 manat dəyərində malların alışını təsdiq edən sənədlərin olmadığı aşkar olunmuşdur. 26.03.2020 ci il tarixdə operativ vergi nəzarətinin nəticəsi barədə VN seriyalı 014328 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron-qaimə faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron-qaimə faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmiş, tərtib edilmiş akt əsasında Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən 06.04.2020-ci il tarixli **********7988 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarla təqvim ili ərzində belə hala birinci dəfə yol verdiyi nəzərə alınaraq malların dəyərinin 10 faizi məbləğində, yəni 10.625,44 manat maliyyə sanksiyası tətbiq edilmişdir.İddiaçı tərəfindən 25.06.2020-ci il tarixdə yuxarı vergi orqanına şikayət verilmişdir. Yuxarı vergi orqanında aparılmış araşdırma ilə operativ vergi nəzarəti tədbiri zamanı anbarda aşkar edilmiş 106.254,42 manat dəyərində mallardan 6213,72 manat dəyərində Foliton, 3319,88 manat dəyərində Nisit adlı, ümumilikdə 9533,60 manat dəyərində dərman vasitələrinin alışına dair yük gömrük bəyannamələrinin mövcud olduğu, 96.720,82 manat dəyərində malların isə alışına dair sənədlərin olmadığı müəyyən edilmişdir. Nəticədə inzibati şikayət qismən təmin edilərək 16.09.2020-ci il tarixli **********238300 nömrəli “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” qərarla Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 06.04.2020-ci il tarixli **********7988 nömrəli Qərarı 953,36 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmiş, Qərar digər hissədə, yəni 9672,08 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.Bütün bunlara baxmayaraq, iddiaçı məsuliyyət qərarını qanunsuz hesab edərək ləğvini xahiş etmişdir.Belə ki, iddiaçı operativ vergi nəzarət tədbiri zamanı alış sənədi olmayan malların siyahısında göstərilən dərmanların bir hissəsinin İddiaçı MMC-yə deyil, “xxxx” MMC- yə aid olduğunu, “xxxx” MMC ilə İddiaçı MMC arasında 09.02.2020-ci il tarixdə bağlanmış “Malların anbarda müvəqqəti saxlama müqaviləsi”nə əsasən “xxxx” MMC- nin müəssisəyə saxlamaq məqsədi ilə 10 adda dərman preparatı verdiyini qeyd edir. Bildiririk ki, iddiaçının qeyd etdiyi “xxxx” MMC ilə İddiaçı MMC arasında 09.02.2020-ci il tarixdə bağlanmış “Malların anbarda müvəqqəti saxlama müqaviləsi”ndə malların "İddiaçı” MMC-yə aid olan hansı ünvanda saxlanılması barədə məlumatlar, həmçinin qeyd edilən müqavilə əsasında tapşıranın saxlayıcıya göstərdiyi xidmətə görə ödəyəcəyi xidmət haqqı barədə məlumatlar qeyd edilməmiş, eyni zamanda İddiaçı MMC-nin “xxxx” MMC-yə göstərdiyi saxlama xidmətləri barədə elektron qaimə-faktura verilməmişdir. Həmçinin bildiririk ki, iddiaçının iddia etdiyi “xxxx” MMC ilə arasında mövcud olan saxlanc müqaviləsi operativ vergi nəzarəti tədbiri zamanı yoxlamaya təqdim edilməmişdir ki, bu da 09.02.2020-ci il tarixli müqavilənin iddiaçı tərəfindən vergidən yayınmaq üçün bağlanmış uydurma əqd olduğuna dair əsaslı şübhələr mövcud olduğunu göstərir. İddiaçı iddia ərizəsində yoxlama zamanı aşkar edilmiş sənədsiz malların ona məxsus olmadığını, “xxxx" MMC-yə məxsus olduğunu qeyd etsə də, malların “xxxx” MMC-yə məxsus olduğunu təsdiq edən hər hansı sübut nə yoxlama zamanı, nə də məhkəməyə təqdim edilməmişdir. Nəzərə alsaq ki, iddiaçının iddia etdiyi malların anbarda saxlanılması da göstərilən xidmətin bir növüdür, iddiaçının yuxarıda qeyd edilən maddəyə istinad edərək göstərdiyi xidmətin elektron qaimə-faktura tələb edilməyən əməliyyat kimi dəyərləndirməsi də əsassızdır. İddiaçının digər əsassız dəlillərindən biri isə ondan ibarətdir ki, anbarda aşkar edilmiş sənədsiz malların bir hissəsi də "xxxx” MMC və “xxxx” MMC tərəfindən idxal edilmişdir və İddiaçı MMC-yə aid deyil. Qeyd edilən müəssisələrlə iddiaçı arasında isə özünün də qeyd etdiyi kimi nə icarə, nə də saxlama müqaviləsi mövcud deyil. İddiaçı dərman vasitələrinin siyahısında Jenskoyo Zdorovye, Mujskoyo Zdorovye, Fibrovog Forte adlı dərman vasitələrinin "xxxx” MMC və "xxxx” MMC tərəfindən idxal edildiyini bildirir. Halbuki, iddiaçının 06.04.2020-ci il tarixli məsuliyyətə cəlb etmə haqqında qərardan yuxarı vergi orqanına verdiyi 22.06.2020-ci il tarixli şikayətində alış sənədləri olmayan dərman vasitələrindən yalnız yuxarıda adları qeyd olunan dərman vasitələrinin İddiaçı MMC-yə məxsus olduğunu bildirmişdir. Göründüyü kimi aşkar edilmiş sənədsiz malların İddiaçı MMC-yə aid edilməsi ilə bağlı iddiaçının mövqeyi tamamilə əsaslıdır. İddiaçının operativ vergi yoxlamasının nəticələrinə dair tərtib edilmiş Akta əlavə edilmiş malların siyahısında qeyd edilən dərmanların bir hissəsinin qiymətinin şişirdilməsinə, mənbəyi bəlli olmayan məlumatlardan istifadə edilməsi ilə bağlı iddiasına münasibətdə isə bildiririk ki, müəssisənin rəhbəri Q.Əliyarbəyov yoxlamaya təqdim etdiyi izahatında anbarda aşkar edilmiş 106254,42 manat dəyərində malların alışını təsdiq edən sənədlərin olmadığını, aşkar edilmiş malların siyahısının onun iştirakı ilə tərtib edildiyini, malların alış və satış qiymətlərinin özü tərəfindən yoxlamaya bildirdiyini qeyd etmişdir. (26.03.2020-ci il tarixli izahat etiraza əlavə edilir).Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin nümayəndəsi X4 iddia tələbinə dair yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İş materialları ilə müəyyən edilir ki; İddiaçı MMC 04.06.2005-ci il tarixdən vergi ödəyicisi kimi qeydiyyata alınmış, 21.11.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən yenidən qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 26.03.2020-ci il tarixli **********7748 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu, ünvan 1 ünvanda yerləşən anbarda keçirilmiş operativ vergi nəzarəti zamanı malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınmasına nəzarət edilməsi məsələsi üzrə nöqsan aşkar edilərək, nəticəsi 26.03.2020-ci il tarixli VN seriyalı 014328 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir. Qeyd olunan aktdan görünür ki, operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı 26.03.2020-ci il tarixdə vergi ödəyicisinə məxsus anbarda 408.910 manat dəyərində mal qalığı aşkar olunmuş, həmin mal qalığından 106.254,42 manat dəyərində malın sənədsiz olduğu müəyyən edilmişdir. 26.03.2020-ci il tarixə pul vəsaitinin qalığı mövcud olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən İddiaçı MMC-nin barəsində tərtib etdiyi 26.03.2020-ci il tarixli VN seriyalı 014328 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt əsasında 06.04.2020-ci il tarixli **********7988 №li “Vergi ödəyicisinin vergi qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunaraq, cəmiyyətin barəsində 10.625,44 manat məbləğində maliyyə sanksiyaları tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 06.04.2020-ci il tarixli **********8076000 nömrəli məktubu ilə vergi ödəyicisinin ünvanına və elektron qutusuna göndərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” **********238300 №li 16 sentyabr 2020-ci il tarixli qərarı ilə İddiaçı MMC-nin keçirilmiş operativ vergi nəzarəti tədbirlərinin nəticələrindən Dövlət Vergi Xidmətinə verdiyi 22.06.2020-ci il tarixli inzibati şikayətin qismən təmin edilməsi; 26.03.2020-ci il tarixli VN seriyalı 014328 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malları elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektərindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt əsasında Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 06.04.2020-ci il tarixli **********7988 nömrəli qərarın 953,36 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi, qərarın qalan hissədə, yəni 9.672,08 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində dəyişdirilmədən saxlanılması, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə bu qərarın 2-ci bəndinin icrası ilə bağlı vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə müvafiq düzəlişin edilməsinin təmin edilməsinin tapşırılması qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 01.10.2020-ci il tarixli **********8152 nömrəli qərarı ilə İddiaçı MMC üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticələri barədə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” çıxarılmış 06.04.2020-ci il tarixli **********7988 №li qərarının ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 01.10.2020-ci il tarixli **********8167 nömrəli qərarı ilə İddiaçı MMC-nin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 9.672,08 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, 10.10.2020-ci il tarixədək 9672,08 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. “xxxx” MMC (“Tapşıran)” ilə İddiaçı MMC (“Saxlayıcı”) arasında bağlanmış 09.02.2020-ci il tarixli “Malların anbarda müvəqqəti saxlama müqaviləsi”ndən görünür ki, bu Müqaviləyə əsasən “Saxlayıcı” “Tapşıran”ın ona verdiyi malların (dərman vasitələrinin) müəyyən bir vaxt ərzində (tərəflərin müqaviləyə xitam verdiyi müddətədək) saxlamaq üçün qəbul etməyi öz öhdəsinə götürür (bənd 1.1.). Bu Müqaviləyə əsasən “Saxlayıcı”nın saxlamaya götürdüyü malların (dərman vasitələrinin) siyahısı müqaviləyə əlavə olunur (bənd 1.2). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: -50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi; Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən, operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Əlavə olaraq qeyd olunmalıdır ki, operativ vergi nəzarətinin keçirilməsi qaydaları, o cümlədən operativ vergi nəzarəti üçün əsaslar, nəzarəti keçirilməsi haqqında qərarın qəbul edilməsi və onun nəticələrinin rəsmiləşdirilməsi, nəzarəti həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürülməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmış malların siyahıya alınması VM ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Göründüyü kimi qanunvericliklə vergi orqanına vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi yoxlamasının keçirilməsi üçün tam səlahiyyət verilmişdir. Cavabdeh həmin səlahiyyətindən istifadə edərək, qanunvericliyin tələblərinə uyğun olaraq, vergi yoxlamasının keçirilməsi haqqında qərar qəbul edərək, Vergi Məcəlləsinin 50-ci maddəsinə əsasən nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi və malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura və ya elektron hesab-faktura əsasında alınması vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə iddiaçı barəsində operativ vergi nəzarəti təyin etmişdir. İşin hallarından göründüyü kimi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi mübahisələndirilən qərarı əsasında iddiaçıya anbarda aşkar olunmuş mallarının dəyərinin 10% məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İşin müəyyən olunan hallarından göründüyü kimi bu hissələrdə tərəflər arasında yaranmış mübahisənin səbəbləri – yoxlanılan dövr üzrə iddiaçının apardığı əməliyyatlara dair vergitutma anı barədəki fikir ayrılığı, həmçinin, iddiaçının anbarda saxlanılmış olduğu dərman vəsaitlərinin onun sahibliyində olmadığı halda həmin mallara maliyyə sanksiyasının tətbiq olunması ilə bağlıdır. Qərarın mahiyyətinin əsaslı olub-olmamasına qiymət verilməsi məqsədi ilə, iddiaçının qüvvədə olan qanunvericilikdə və normativ hüquqi aktlar əsasında obyektə olan mallarının alışını təsdiq edən sənədlərinin, həmçinin tətbiq edilmiş maliyyə sanksiyasının faiz dərəcəsinin əsaslı olması, o cümlədən, sözügedən malların iddiaçının sahibliyində olması ilə bağlı araşdırma aparılmalıdır. Bu halı müəyyən etmək üçün məhkəmə Vergi Məcəlləsinin aşağıdakı normalarına istinad edir. Vergi Məcəlləsinə edilmiş 01.01.2017-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən, 58.8-ci maddəsinə yeni redaksiya verilmişdir. Həmin Məcəllənin 58.8-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: -58.8.2-ci maddəsinə görə, malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir. Həmin Məcəllənin 58.13-cü maddəsinə əsasən, bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 71-1.5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektronqaimə-faktura verilir. “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın (25.12.2019-cu il tarixədək olan redaksiyasına); - 3.1.1-ci maddəsinə əsasən,topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair qaimə-faktura və ya elektron qaimə-faktura tələb edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. - 3.1.2-ci maddəsinə görə, topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair qaimə-faktura və ya elektron qaimə-faktura ilə yanaşı, elektron vergi hesab-fakturasının da verilməsi tələb edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir - 4.1-ci maddəsinə əsasən, topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaiməfaktura və ya elektron vergi hesab-faktura tərtib edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (vergi ödəyicisinə) qaiməfaktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura ilə yanaşı, POSterminaldan çıxarış verilir. “Vergi hesab-fakturasının tətbiqi Qaydaları”nın 4.1-ci maddəsinə əsasən, vergi hesab-fakturası malı (işi, xidməti) təqdim edən şəxs tərəfindən 2 nüsxədə tərtib edilir. Tərtib edilmiş vergi hesab-fakturasının 1-ci nüsxəsi alıcıya verilir, 2-ci nüsxəsi isə malı (işi, xidməti) təqdim edən şəxsdə saxlanılır. Vergi ödəyicisi malın alıcısına (işlərin və xidmətlərin sifarişçisinə) vergi hesab-fakturasının 1-ci nüsxəsini mal göndəriləndən (iş görüləndən, xidmət göstəriləndən) sonra 5 gün ərzində verməlidir. Ödənişlər malların (işlərin, xidmətlərin) təqdim edilməsindən əvvəl həyata keçirildikdə, vergi hesab-fakturası ödəmədən sonrakı 5 gün ərzində verilməlidir. Ödəmə qismən həyata keçirilmişdirsə, vergi hesab-fakturası hər ödəmə üçün ayrıca olaraq, ödəmə məbləği həcmində verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2004-cü il tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması Qaydaları”na əsasən hüquqi və fiziki şəxslər tərəfindən alınmış mallara (təqdim edilmiş işlərə, xidmətlərə) görə ciddi-uçot blankları (o cümlədən qaimə faktura) təqdim edilməlidir. Şərh olunan Məcəllənin və normativ hüquqi aktların tələblərinə görə, malların mədaxilinin sənədləşdirilməsində də vergi ödəyiciləri malları ƏDV-nin məqsədləri üçün qeydiyyata alınan və alınmayan vergi ödəyicilərindən aldıqda bu malların alışına dair Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura tələb edilir və belə malların anbara təhvil verilməsi “Malların alış aktı” ilə sənədləşdirilir. Mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda “Malların alış aktı” tərtib edilir. Aktda satıcınının və alıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. Malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsinin, həmçinin “Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması Qaydaları” ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası tərtib edilməklə həyata keçirilir. Burada olan ən mühüm fakt odur ki, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə yalnız o halda maliyyə sanksiyası tətbiq oluna bilər ki, həmin əmlak (mallar) üzərində vergi ödəyicisinin sahiblik hüququ olsun. Sahiblik hüququnun təsviri anlayışı isə Mülki Məcəllənin müddəalarında əks olunmuşdur. Belə ki, Mülki Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Göründüyü kimi, faktiki sahiblik etmək üsulu dedikdə əmlakın faktiki cəhətdən ələ keçirilməsi və ona sahib olunması başa düşülür. Sahiblik hüquu mülkiyyət hüququnun tərkib elementlərindən biri kimi VM-də və vergi qanunvericiliyinə daxil olan digər normativ-hüquqi aktlarda dəfələrlə istifadə edilir. Cavabdeh inzibati orqan iddiaçıya münasibətdə maliyyə sanksiyası tətbiq edərkən, anbarda aşkar olunmuş mallar ilə bağlı elektron vergi-hesab fakturanın olmamasına əsaslanmışdır. Halbuki, iş materiallarında olan gömrük bəyannamələrindən və “xxxx” MMC (“Tapşıran)” ilə İddiaçı MMC (“Saxlayıcı”) arasında bağlanmış 09.02.2020-ci il tarixli “Malların anbarda müvəqqəti saxlama müqaviləsi”ndən aydın olur ki, İddiaçı MMC-nin həmin mallar üzərində sahiblik və ya mülkiyyət hüququ olmamış, mövcud olmuş müqavilə münasibətləri zəmnində o, yalnız həmin malları anbarda saxlamaq səlahiyyətinə malik olmuşdur. Məlum olduğu, Vergi hesab-fakturasının tətbiqi qaydalarının 4.1-ci bəndinə görə vergi hesab-fakturası malı (işi, xidməti) təqdim edən şəxs tərəfindən 2 nüsxədə tərtib edilir. Tərtib edilmiş vergi hesab-fakturasının 1-ci nüsxəsi alıcıya verilir, 2-ci nüsxəsi isə malı (işi, xidməti) təqdim edən şəxsdə saxlanılır. Nəzərə alsaq, İddiaçı MMC-nin mallar üzərində hər hansı sahiblik hüququ olmadığından, həmin mallara dair vergi-hesab fakturanın onda mövcud olması qeyri-mümkündür. Cavabdehin bu dəlili ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdehin etirazında sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə aktın qəbul edilməsini zəruri edən faktiki şərtləri ödəmir və yalnız ehtimal xarakteri daşıyır. Başqa sözlə, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbulunu zəruri edən faktiki şərtləri sübut edə bilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 54.0.1-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması olduqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Nəzərə almaq lazımdır ki, konkret halda söhbət vergi hüquq pozuntusundan getdiyindən əməlin törədilməsi özü-özlüyündə vergi hüquq pozuntusunun baş verdiyi anlamına gəlmir. İlk növbədə ona görə ki, Vergi Məcəlləsinin tələbinə görə vergi hüququ pozuntusundan söz edə bilmək üçün bu barədə çıxarılmış müvafiq məsuliyyət qərarının və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olması tələb olunur. Bundan başqa, Vergi Məcəlləsinin 54.0.2-ci maddəsində vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hal kimi, şəxsin hüquq pozuntusunda təqsirinin olmamasıdır. Bu hal bir daha təsdiq edir ki, şəxs əməl törədilmiş olsa belə, qanunda nəzərdə tutulmuş hallar varsa, vergi pozuntusuna görə məsuliyyətə cəlb edilmə istisna edilir. Bu mövqeyinə uyğun olaraq məhkəmə hesab edir ki, operativ vergi yoxlaması zamanı iddiaçının anbarında aşkar olunmuş mallar onun sahibliyində olmadığından, həmin mallarına dair elektron qaimə-fakturalarının İddiaçı MMC-də olması qeyri-mümkündür. Başqa sözlə desək, mallara dair elektron qaimə-fakturaların olmaması hüququ pozuntusu sayılsa da, iddiaçı mallar üzərində sahiblik hüququna malik olmadığından, yaranmış hüquq pozuntusunda onun hər hansı bir təqsirli hərəkəti olmamışdır. Bundan başqa, məhkəmə qeyd etmək istəyir ki, mübahisələndirilən inzibati aktın qəbulu zamanı aşağıdakı icraat qüsurlaruna yol verilmişdir. Belə ki, VM-in 50.2-ci maddəsinə əsasən, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda. VM-in 50.3-cü maddəsinin tələbinə əsasən, operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Normaların məzmunundan göründüyü kimi, qanunverici operativ vergi nəzarətinin həyata keçirilməsi üçün mütləq qaydada 4 əsas müəyyən etdiyi halda, hazırki iş üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi barədə cavabdeh tərəfindən qəbul olunmuş 26 mart 2020-ci il tarixli qərarda göstərilən əsaslardan heç biri qeyd olunmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 01.10.2020-ci il tarixli **********8167 nömrəli qərarı ləğv olunmalıdır. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 01.10.2020-ci il tarixli **********8167 nömrəli qərarı ləğv olunsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2275/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2275/2021
26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver