Məhkəmə qərarları › İş №2-1(112)-2275/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2275/2025

22.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2275/2025 22.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 yerləşən mənzilin üzərində mülkiyyət hüququnun mərhum həyat yoldaşı X5 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri X4 noyabr 1982-ci il tarixli 12/480№-li Qərara əsasən mənzil sahələrinin dəyişdirilməsi və şəhər xariçi dəyişmələri barəsində verilən icazələrə əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 2 dekabr 1987-çi il 454№-li qərarı ilə təsdiq edilmiş və Azərbaycan SSR-də mənzil sahəsinin dəyişdirilməsinin qaydalarına uyğun olaraq Bakı şəhər Soveti icraiyyə komitəsi qərara almışdır. Mənzil sahəsinin dəyişdirilməsi komissiyasının 16 noyabr 1989-çu il 59№li protokolundakı təkliflər nəzərə alınmışdır. xx.xx.1989-ci il tarixdə Bakı şəhəri, Qara Qarayev pros., ev 51/57, mənzil 170 ümumi sahəsi 29.11 kv mənzilin orderi xx.xx.2024-ci il tarixli X5 verilmişdir. İddiaçının həyat yoldaşı X10 18 fevral 2024-ci il tarixində dünyasını dəyişmişdir və iddia ərizəsinə 22 fevral 2024-ci il tarixli 403795№-li ölüm haqqında şəhadətnamədə qeyd edilmişdir. Həmin vaxtdan etibarən, iddiaçı ailə üzvləri ilə birlikdə sözü gedən mənzildən istifadə edirlər. İddiaçı qeyd edir ki, həyat yoldaşı X3 vəfatından sonra vərəsəlik işinin açılması ilə bağlı olaraq tərəfindən notariat orqanına müraciət olunmuşdur. Bildirilir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 51/57, mənzil 170 yerləşən mənzilin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəninə tərəfimizdən baxılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsaəsn, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Belə ki, Bakı şəhəri 35 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 529 nömrəli məktubuna müvafiq olaraq miras qoyanın vərəsələrinin dairəsinin müəyyən edildiyi, vərəsəlik işinin açılması qeydi öz əksini tapmışdır. Bundan sonra iddiaçı mərhum həyat yoldaşı X2 qalan əmlaka dair müvafiq arayışın verilməsi ilə cavabdeh orqana müraciət etsə də, xx.xx.2024-cü il tarixli 3- 21-3-30/2-H0889/03-8/2023 **********77 saylı məktubla müraciətinin müsbət həll edilməsində imtina olunmuşdur. Belə ki, sözügedən torpaq sahəsinə dair yerləşmə cizgisinin təqdim edilməməsi səbəbindən müraciətinin müsbət həll edilməsindən imtina edilmişdir. Halbuki sözü gedən ünvan 2-da yerləşən ümumi sahəsi 38.6 kv.metr olan mənzil mərhum həyat yoldaşı X6 ayrılmasına dair 5 Saylı Bakı “Asan xidmət” mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli müraciətinizə əsasən Bakı səhər XDS İK-nin (indiki Bakı səhər İH) arxiv fondu üzrə xx.xx.1989-cu il tarixli 12/480 saylı qərarının təsdiq edilmiş ksero surəti və həmin qərara əlavə olunmuş siyahıdan təsdiq edilmiş arxiv çıxarışı 2 (iki) vərəqdən ibarət göndərilmişdir. Beləliklə, cavabdeh orqan əsassız yerə əmlakın özəlləşdirilməsinə maneə yaradaraq konstitusion hüquqlarına toxunmuşdur. Məhz bu səbəbdən də qanunla qorunan hüquqlarının bərpa edilməsi məqsədilə ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edir. Həmçinin iddiaçı qeyd edir ki, cavabdehin imtinasında qeyd edilmiş torpaq sahəsinə dair yerləşmə cizgisinin mövcud olmaması bizim iradəmizdən asılı olan hal deyil və mənim hüquqlarımın ziyanına şərh edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2005-ci il tarixli 286 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamənin 8.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, həmin qurumun vəzifəsidir. İddiaçı qeyd edir ki, sözü gedən mənzil qanuni əsasla mərhum həyat yoldaşı X6 verilmişdir. Həmin mənzilin mövcud olmaması cavabdeh orqan tərəfindən sözü gedən əmlaka dair hüquqmüəyyənedici sənədin verilməsindən imtina edilməsi üçün əsas deyildir. Belə ki, cavabdeh orqan əsassız olaraq Bakı şəhəri,Nizami rayonu, Qara Qarayev prospekti, ev 51/57, mənzil 119-da yerləşən mənzilin üzərində mülkiyyət hüququnun mərhum həyat yoldaşım X5 məxsus olması haqqında arayışın verilməsindən imtina etmiş, qanunla müəyyən edilmiş hüquqlarımı kobud surətdə pozmuşdur.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli iddiaçıya ünvanlanmış məktubunda qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanun”un 5.2-ci maddəsinə əsasən bu Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrindən arayışı əldə etmək üçün qeydiyyat orqanına ərizə ilə müraciət etmiş fiziki şəxs şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir. İddiaçı mərhum X10 ilə qohumluq əlaqələrini təsdiq edən sənədlərin (nikah haqqında şəhadətnamə), eləcə də mərhuma dair ölüm haqqında şəhadətnamənin sorğuya əlavə edilməsi zəruridir.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı “ünvan 2 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********56 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, mərhumun vərəsələrindən birinin Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 51/57 saylı evin, 119 saylı mənzilinə dair kirayə müqaviləsinin bağlanması haqqında (qeyd olunan mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaq şərti ilə) müvafiq icra hakimiyyəti orqanının sərəncamı təqdim edilməmişdir. Bundan əlavə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi əlavə edilməmişdir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən dövlət yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

5. Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin Mənzil sahəsinin dəyişdirilməsi komissiyasının xx.xx.1989-cu il tarixli 59 №-li iclasının protokolu iş materiallarına əlavə olunmuşdur. Müvafiq protokola əsasən: 348 – 12642 - Əliyev Q.F. - icazə verildi

6. Bakı şəhəri X12 İcraiyyə Komitəsinin “Mənzil sahələrinin dəyişdirilməsi və şəhər xarici dəyişmələri barəsində verilən icazələr barədə” xx.xx.1989-cu il tarixli 12/40 nömrəli Qərarı ilə Mənzil sahəsinin dəyişdirilməsi komissiyasının 16 noyabr 1989-cu il 59 №-li protokolundakı təkliflərin nəzərə alınması qərara alınmışdır. Bakı şəhər mənzildəyişmə bürosunun rəisi Kərimov F.Ə. yoldaşa tapşırılmışdır ki, order və icazələri götürülmüş qaydalar əsasında qeydiyyatdan keçirilsin və təqdim edilsin.

7. Azərbaycan SSR Xalq Deputatlarının Rayon (Şəhər) Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 105114 nömrəli Orderə əsasən Bakı şəhəri, K.Karayev küçəsi, ev 51/57, mənzil №170, 2 otaqlı, ümumi sahəsi 29,11 kv.m olan yaşayış sahəsində yaşayan vətəndaş X5 onunla birlikdə yaşayan dörd nəfərlə birlikdə Şaginyan Eqiazər S. adlı vətəndaşla ünvan 3 ünvanında yerləşən 3 otaqlı, 38,6 kv.m sahəyə malik, izolyasiya olunmuş (ayrı-ayrı otaqlardan ibarət) mənzil ilə dəyişdirilmə əsasında köçmək hüququ təsdiqlənmişdir.

8. İş materiallarına əlavə olunmuş Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2024-cü il tarixdə digər formalı beyin infarktı səbəbi ilə ölmüşdür.

9. 5 saylı Bakı ASAN Xidmtət Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 05/09İS/019116-24 nömrəli Arayışa əsasən İddiaçı (xx.xx.1958-ci il təvəllüdlü) “Əliyeva” soyadının qəbul edərək X10 ilə xx.xx.1978-ci ildə Bağbanlar icra nümayəndəliyində akt qeydi № 11 əsasında nikah bağlamışdır (nikaha daxil olanadək soyadı “Məmmədova”). Q.Əliyev xx.xx.2024-cü ildə ölmüşdür, nikaha xitam verilmişdir (ölüm dövlət qeydiyyatına alınmışdır: xx.xx.2024-cü ildə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində, akt qeydi № 233).

10. ünvan 4 ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, X3 vəfat etməsilə əlaqadar mərhumun birinci dərəcəli vərəsəsi olan arvadı X9 və qızı X7 vərəsəliyin qəbulu haqqında ərizələri əsasında 06.11,2024-cü tarixdə tərəfimizdən vərəsəlik işi açılmışdır. Vərəsə mirasa ünvan 5 ünvanda yerləşən mənzilin daxil olduğunu bildirmiş, lakin hüquqların dövlət qeydiyyatına alınması haqqında heç bir sənəd təqdim etməmişdir. Mərhumun vərəsələrinin adma qarnın üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi məqsədilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 5.1-1-ci maddəsinin tələbinə uyğun olaraq ünvan 2 ünvanda yerləşən mənzilə dair mərhum X3 adına sorğunu təqdim edən şəxsə üzərində mülkiyyət və digər əşya hüquqan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka dair hüquqların rəsmiləşdirilməsinin mümkünlüyü barədə arayış verilməsi xahiş edilir.

11. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə arayışın verilməsi barədə müraciəti üzrə inzibari araşdırma aparılması üçün bir ay müddət təyin edilmişdir.

12. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddi tələbinin təmin edilməsini xahiş etməmişdir.

II. İddianın növü və mümkünlüyü

13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

14. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

15. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

16. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

17. X13 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

18. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

19. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

20. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

21. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X1 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).

22. X17 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

24. “Daşınmaz əmlakın dövlət kadastrı və reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

25. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

26. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

28. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin Mənzil sahəsinin dəyişdirilməsi komissiyasının xx.xx.1989-cu il tarixli 59 №-li iclasının protokolu iş materiallarına əlavə olunmuşdur. Müvafiq protokola əsasən X3 adı qeyd olunmuşdur. - Bakı şəhəri X12 İcraiyyə Komitəsinin “Mənzil sahələrinin dəyişdirilməsi və şəhər xarici dəyişmələri barəsində verilən icazələr barədə” xx.xx.1989-cu il tarixli 12/40 nömrəli Qərarı ilə Mənzil sahəsinin dəyişdirilməsi komissiyasının 16 noyabr 1989-cu il 59 №-li protokolundakı təkliflərin nəzərə alınması qərara alınmışdır. Bakı şəhər mənzildəyişmə bürosunun rəisi Kərimov F.Ə. yoldaşa tapşırılmışdır ki, order və icazələri götürülmüş qaydalar əsasında qeydiyyatdan keçirilsin və təqdim edilsin. - Azərbaycan SSR Xalq Deputatlarının Rayon (Şəhər) Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 105114 nömrəli Orderə əsasən Bakı şəhəri, K.Karayev küçəsi, ev 51/57, mənzil №170, 2 otaqlı, ümumi sahəsi 29,11 kv.m olan yaşayış sahəsində yaşayan vətəndaş X5 onunla birlikdə yaşayan dörd nəfərlə birlikdə Şaginyan Eqiazər S. adlı vətəndaşla ünvan 3 ünvanında yerləşən 3 otaqlı, 38,6 kv.m sahəyə malik, izolyasiya olunmuş (ayrı-ayrı otaqlardan ibarət) mənzil ilə dəyişdirilmə əsasında köçmək hüququ təsdiqlənmişdir.

29. Məhkəmə hesab edir ki, Azərbaycan SSR Xalq Deputatlarının Rayon (Şəhər) Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 105114 nömrəli Orderi iddiaçının mərhum əri X3 mənzilə dair mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir. Məhkəmənin qeyd edilən qənaəti X17 Məhkəməsinin presedent hüququna əsaslanır (bax: Sarqsyan Azərbaycana qarşı iş (40167/06 nömrəli ərizə üzrə xx.xx.2015-ci il tarixli qərar § 188).

30. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, iddiaçının mərhum ərinin ona verilmiş fərdi yaşayış evinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.

31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.1-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir.

33. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X17 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.

34. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

35. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

36. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

37. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

38. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən mənzilin iddiaçının əri mərhum X5 məxsusluğu barədə arayışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar