Məhkəmə qərarları › İş №2-1(112)-2276/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2276/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2276/2021 21.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirаkları ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və keçmiş dövr üçün yaranmış məbləğin ödənilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq şifahi məhkəmə baxışı iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, ona 02 yanvar 2017-ci ildən 57 yaşı tamam olan gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi və keçmiş dövr üçün yaranmış pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1977-1982-ci illərdə əyani formada ali təhsil alaraq mühəndis mexanik ixtisasına yiyələnmişdir. Təhsildən sonra göndəriş əsasında 17 avqust 1982-ci ildən Bakı maşınqayırma zavodunda (keçmiş Kirov adına maşınqayırma zavodu) əmək fəaliyyətinə başlamışdır. 30 noyabr 1982-ci ildən 26 aprel 1984-cü ilədək hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra 01 iyun 1984-cü ildən yenidən həmin zavodun Dəqiq döymə sexində isti əmək şəraitində 05 dekabr 1988-ci ilədək usta, sonra isə 15 noyabr 1998-ci ilədək sex rəisinin müavini və sex rəisi vəzifələrində işləmişdir. O, güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən isti və zərərli işlərdə 14 ildən artıq işləmişdir. 01 yanvar 2006-cı ilədək, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minən günədək təhsil aldığı müddət və hərbi xidmət müddəti daxil edilməklə 26 ildən artıq əmək stajı vardır.Güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ olduğuna görə pensiyanın təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. İdarə 23 sentyabr 2020-ci il tarixli məktubla “əmək pensiyasının təyin edilməsi üçün tələb olunan güzəştli iş stajının 12 il 6 ay olmamasını və pensiya kapitalının cəmi 22415,91 təşkil etməsini” əsas gətirərək ona pensiya təyin edilməsindən imtina etmişdir. Həmin məktubu 12 oktyabr 2020- ci ildə poçt vasitəsi ilə almışdır.O, bu imtinanı əsassız hesab edir. Belə ki, o, güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən “usta” və sex rəisinin müavini, sex rəisi vəzifələrində zərərli əmək şəraitində 14 ildən artıq işləmişdir. Bu peşədə işləməyi ona imkan verir ki, güzəştil şərtlərlə pensiyaya çıxsın. Bu vəzifələrdə 12 il 6 ay işləyən kişilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahıya uyğun olaraq 57 yaşı tamam olduqda güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ vardır. O, xx xxxxxx 1960-cı ildə anadan olmuşdur. Onun 57 yaşı 02 yanvar 2017-ci ildə tamam olmuşdur və həmin gündən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ yaranmışdır. Onun 01.01.2006cı ilədək əmək stajı isə 26 ildən artıqdır. Onun işlədiyi vəzifələr 2 nömrəli siyahıya aid olan vəzifələrdir. “2 nömrəli Siyahı”da (Metal emalı bölməsi) usta vəzifəsi şifrə (kod) 2150200b- 23187, sex rəisi və müavini şifrə (kod) 2150200-24125 qeyd edilmişdir. O, isti və zərərli əmək şəraitində yuxarıda qeyd olunmuş vəzifələrdə 14 ildən artıq işləmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən 07.09.1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasından göründüyü kimi onun güzəştli iş stajı 12 il 6 aydan az (10 il 11 ay 11 gün) təşkil edir.Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 39600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23578,26 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 23.09.2020-ci il tarixli, **********0 nömrəli imtina məktubundan görünür ki, mərkəzi Filiala təqdim edilən 07.09.1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasından göründüyü kimi onun güzəştli iş stajı 12 il 6 aydan az (10 il 11 ay 11 gün) təşkil edir.Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 39600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 22415,91 manat təşkil edir.Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - AZE 0******* nömrəli şəxsiyyət vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1960-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyatdadır. - НЗ nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 30.11.1982-26.04.1984-cü illərdə hərbi xidmətdə olmuşdur. - 24 iyun 1982-ci il tarixli ИВ 661561 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1977-1982-ci illərdə mühəndis mexanik ixtisası üzrə təhsil almışdır. - İddiaçıya məxsus ИТ-İ ******* nömrəli, 7.09.1982-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, o, 17.08.1982-26.11.1982, 01.06.1984-15.11.1998-ci illərdə əmək fəaliyyəti ilə məşğul olmuş, həmçinin 01.04.2000-ci il tarixdən hal-hazıradək işləyir. - Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 02 iyun 2020-ci il tarixli, İ-11/58 nömrəli arxiv arayışından görünür ki, “S.M.Kirov adına X5 ordenli maşınqayırma zavodu” arxiv fondunda mühafizə əmr kitablarında İddiaçı (əmr № 334/k, 29 may 1984-cü il) İsti zərərli iş şəraiti ilə dəqiq döymə sexinə istehsalat sahəsinə usta təyin edildiyi; (əmr № 946/k, 10 dekabr 1988-ci il) İsti zərərli iş şəraiti ilə texniki baxış üzrə sex rəisinin müavini; (əmr № 347/k, 10 iyun 1992-ci il) Dəqiq döymə sexinə müvəqqəti sex rəisi keçirildiyi; (əmr № 61/k, 06 fevral 1995-ci il) Dəqiq döymə sahəsinə isti zərərli iş şəraiti ila sahə rəisi keçirildiyi; (əmr № 439, 01 dekabr 1998-ci il) ştatın ixtisara düşməsi ilə əlaqədar işdən azad olunduğu qeyd olunur. Məhkəmə sorğusu əsasında daxil olmuş məktublar: - Azərbaycan Respublikasının Dövlət Arxivinin 26 aprel 2021-ci il tarixli DA-00606- 2021 nömrəli məktubdan görünür ki, “S.M.Kirov adına maşınqayırma zavodu”nun arxiv fondunda mühafizə edilən 1988-ci ilə dair şəxsi heyət üzrə əmr kitablarında 946/k nömrəli əmr aşkar edilməmişdir.Yuxarıda göstərilən arxiv fondunun 1988-ci ilə dair şəxsi kartoçkaları, attestasiya vərəqələri arxivə dövlət mühafizəsinə verilməyib. - Azərbaycan Respublikası "xxxx" MMC-nin 16 aprel 2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı KB "xxxx" MMC-də 01.04.2000-ci il tarixindən "xxxx" vəzifəsində işləyir.Bu şəxsin MMC-də tutduğu vəzifəsi güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə əsas vermir. - "xxxx" ASC "xxxx" ASC-nin SM-10/100 nömrəli, 07 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, zavodda olan 01.01.2010-cu ilədək arxiv sənədləri Azərbaycan Dövlət Milli Arxiv İdarəsinə təhvil verilmişdir.Zavodda zərərli iş şəraitli, həm də adi iş şəraitli sex rəisi, sex rəisinin müavini, sahə rəisi vəzifələri vardır. İddiaçı həqiqətən də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatları, işləri, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli siyahısı Metal emalı bölməsində sex rəisləri və onların istehsalat və istehsalatın hazırlanması üzrə müavinləri güzəştli vəzifə kimi qeyd olunmasını köməklik məqsədi ilə araşdırmaq üçün onun əmək kitabçasının, T-2 şəxsi vərəqəsinin (müvafiq yazılara baxmaq üçün) surətinin olması lazımdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçı onun 01.01.2006-ci il tarixədək 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi iş stajının olmasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixi 320 saylı Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə nəzərdə tutulan peşələrdə çalışmasına istinad edərək, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq güzəştli şərtlərlə pensiya almaq hüququ olduğunu bildirmişdir. Cavabdeh inzibati orqan iddiaçının güzəştli iş stajının olmaması əsası ilə imtina etmişdir. Məhkəmə aşağıdaki əsaslara görə iddianın əsaslı olmadığı qənaətinə gəlir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: 01.01.2006-cı il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. “Əmək pensiyaları haqqında” Qanundan əvvəl qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, 01.01.2006cı ilədək, yəni 01.06.1984-15.11.1998-ci illərdə əmək şəraiti zərərli və ağır olan işlərdə çalışdığını bildirən iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajları 01.01.2006-cı il tarixədək mövcud olmalı; 4) güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı inzibati orqana təqdim edilməlidir. Lakin işdən müəyyən olunur ki, iddiaçının 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajının minimum 12 il 6 ay olması şərti yerinə yetirilmir. Belə ki, ona məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasından göründüyü kimi, o, 01.01.2006-cı ilədək, yəni 01.06.1984-05.12.1988-ci illərdə İsti zərərli iş şəraiti ilə dəqiq döymə sexində istehsalat sahəsində usta, 05.12.1988-08.06.1992-ci illərdə İsti zərərli iş şəraiti ilə texniki xidmət üzrə sex rəisinin müavini, 08.06.1992-15.12.1994-cü illərdə Dəqiq döymə sexində müvəqqəti sex rəisi və 15.12.1994-1994-15.11.1998-ci illərdə Dəqiq döymə sahəsində isti zərərli iş şəraiti ilə sahə rəisi vəzifəsində işləmişdir və bu peşələrdən usta, sex rəisi və sahə rəisi 2 nömrəli Siyahıda nəzərdə tutulsa da, İsti zərərli iş şəraiti ilə texniki xidmət üzrə sex rəisinin müavini peşəsi 2 nömrəli Siyahıda təsbit edilməmişdir. Siyahının XİV bölməsində (Metal emalı) “sex rəisləri və onların istehsalat və istehsalatın hazırlanması üzrə müavinləri” (kod 2150100b—24125) nəzərdə tutulmuşdur ki, iddiaçının isə nə əmək kitabçasından, nə də iş yeri tərəfindən verilmiş arayışda istehsalat və istehsalatın hazırlanması üzrə sex rəisinin müavini işləməsi müəyyən edilmir. Belə olan halda iddiaçı 10 il 11 ay 11 gün güzəştli iş stajına malik olur ki, bu da ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün kifayət etmir. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 2.2-ci maddəsində siyahısı verilən 9 növ iddiadan yalnız məcburetmə haqqında iddia növüdür ki, ilkin sübutetmə yükü qanunla (İPM-in 14.3-cü maddəsinin birinci cümləsi) iddiaçıya aid edilmişdir. Bu tələbdən irəli gələrək, məcburetmə haqqında iddialar üzrə məhkəmə mübahisələrində məhz iddiaçı əvvəlcə sübuta yetirməlidir ki, onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlər iş üzrə mövcuddur, başqa sözlə, iddiaçı belə bir hüquqi aktın qəbul olunmasına cavabdehi məcbur edən və qanunvericiliklə mötəbərlik əhəmiyyəti tanınan bəlli rəsmi sənədlərə malikdir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən işdə tələb olunan minimum müddətdə çalışmasını sübut etməməklə, İPM-in 14.3-cü maddəsinin birinci cümləsi ilə onun üzərinə qoyulan ilkin sübutetmə vəzifəsini yerinə yetirməmiş olur ki, bu da eyni zamanda həmin normanın ikinci cümləsi ilə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi üzərinə düşən cavabdehin sözügedən sübutetmə yükünü qanunla tələb olunan qaydada yerinə yetirməsi anlamına gəlir. Göründüyü kimi, iddiaçıya əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan başlıca şərt - xüsusi iş stajının minimum həddən az olmaması şərti onun tərəfindən yerinə yetirilmir. İş üzrə xüsusi staj şərtinə əməl olunmadığından, iddiaçının ümumi staj şərtini yerinə yetirib-yetirməməsinə ayrıca hüquqi qiymət verilməsinə zərurət qalmır. Bu mənada məhkəmə etirazın dəlilləri ilə razılaşır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-in 14.3-cü maddəsi), “Əmək pensiyaları haqqında” Qanun və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, iddiaçının 01.01.2006-cı il tarixədək güzəştli iş stajının olmamasına əsaslanan cavabdehin imtinası nəticə olaraq qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar