Məhkəmə qərarları › İş №2-1(112)-2276/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2276/2022

31.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2276/2022 31.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X12 qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X2rşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası X8nə (bundan sonra mətndə - AQTA) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası X8nin regional əməkdaşları tərəfindən əsassız olaraq müsadirə edilmiş ət məhsullarına görə 1700 (min yeddi yüz) manat, nəqliyyat xərclərinə görə 500 (beş yüz) manat, dörd ay ərzində məcburən fəaliyyətində yaranmış məhdudiyyətə görə 5000 (beş min) manat maddi ziyanın, azadlığının məhdudlaşdırılması nəticəsində çəkdiyi mənəvipsixoloji iztirablara və əziyyətə görə 20.000 (iyirmi min) manat mənəvi ziyanının ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Ağcabədi rayonunda yerləşən “SAB” firmasına satmaq üçün 08 yanvar 2020-ci il tarixdə Bərdə rayonu Mollalı kənd sakini Yusif adlı şəxsdən 1110 manat dəyərində camış və 300 manat dəyərində inək almışdır. Aldığı heyvanların qanunauyğun şəkildə kəsilməsini və ət satışını təmin etmək üçün "xxxx" ASCnin Bərdə rayon filialında AQTA-nın büdcə hesabına 5,40 manat dövlət rüsumu ödəmişdir. Daha sonra cavabdeh qurumun Bərdə regional şöbəsindən baytar həkim forma 1 vermişdir. Həmin sənədi əldə etdikdən sonra heyvanları maşına yükləyərək Ağcabədi rayonunda yerləşən kəsim məntəqəsinə aparmışdır. Ağcabədi rayonunda “SAB” firmasının ərazisindəki kəsim məntəqəsində baytar həkim Fariz adlı şəxs tərəfindən ətlər baxışdan keçirilərək möhürlənmiş və ətin yararlı olduğu təsdiqlənmişdir. Onlar ətləri kombinata təhvil vermək istədiyi zaman AQTA-nın Bərdə Regional şöbəsinin əməkdaşları X9 rəhbərliyi ilə ərazi aidiyyətini pozaraq ət kəsimi məntəqəsinə daxil olaraq, ətlərə baxış keçirmiş və ətləri hissələrə bölərək götürmüşlər. Cavabdeh qurumun hərəkət və hərəkətsizliyi nəticəsində 1700 manat heyvanlara görə, eyni zamanda dörd ay ərzində əldən çıxmış faydaya 5000 manat, habelə dörd ay ərzində nəqliyyata sərf etdiyi 500 manat, 20000 manat isə mənəvi zərər görmüşdür. Gəncə İnzibati Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2-1(114)-1460/2021 saylı qərardadı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X2rşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh Azərbaycan Respublikası X8 iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Agentliyin əməkdaşları tərəfindən gecə saat birə qədər soyuq otaqda məcburi saxladılaraq hərəkət etmək azadlığının məhdudlaşdırılması iddiası tamamilə əsassızdır. Belə ki, Ağcabədi rayon prokurorluğunun 4 mart 2020-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən, İddiaçı özünün verdiyi izahatında qeyd edilir: “Vüqar (Agentliyin Bərdə regional bölməsinin rəisi Vüqar Zeynalovdan söhbət gedir) və onun dəstəsi orada olarkən hər hansı bir hərəkət etməmiş, yalnız kənardan durub ətlərə baxmaqla məşğul olmuşlar. Bu hal saat 01:00 radələrinə kimi davam etmişdir. Gecə olduqda isə o (İddiaçı söhbət gedir), artıq havanın soyuq olduğu uçun evə gedəcəyini bildirmişdir. O (İddiaçı söhbət gedir) əti orada qoyub yaşadığı Bərdə rayonu Alaçadırlı kəndinə qayıtmış, daha sonra nə baş verdiyini bilməmişdir.” Beləliklə, İddiaçı özünün verdiyi izahata əsasən, onun ət kəsim məntəqəsində məcburi qaydada saxlanılmadığı və hətta ona qarşı hər hansı bir tədbirin görülmədiyi aşkardır. İddiaçı yollarda çəkdiyi xərc və ya hüquq mühafizə orqanlarında itirdiyi vaxt, habelə cavabdeh qurumun qanunazidd əməllərinin şahid ifadələr ilə təsdiq edilməsi məsələsinə bildirilmişdir ki, İddiaçı özü Azərbaycan Respublikası Qida X3 regional bölməsini prokurorluq orqanlarına şikayət etmiş, lakin iş materialları və izahatlara əsasən, şikayət əsassız hesab edilmiş, əməldə cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanılması rədd edilmişdir. İddiaçı təqib edilərək, ona məcburi qaydada 5,40 (beş manat qırx qəpik) manat pul vəsaitinin ödətdirilməsi məsələsinə bildirilmişdir ki, əvvəla hər hansı bir şəxsin Agentlik tərəfindən təqib edilməsi tamamilə əsassız bir iddiadır və bu kimi iddia əsaslı sübutlar tələb edir. Agentlikdə təqib ilə bağlı hər hansı bir rəsmi sənəd və ya şifahi göstəriş olmamışdır. Məsələ ilə əlaqədar Ağcabədi rayon prokurorluğuna verilmiş izahatlarda və 4 mart 2020-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarda qeyd edilənlərə əsasən, 8 yanvar 2020-ci il tarixində saat təxminən 15:00 radələrində Agentliyin Bərdə regional bölməsinin Heyvan sağlamlığı və baytarlıq sektorunun böyük məsləhətçisi X4 maşınla hərəkət edərkən **-BO-*** dövlət qeydiyyat nömrəli Ford markalı nəqliyyat vasitəsinin yükdaşıma yerində döşəməyə uzadılmış vəziyyətdə heyvanların daşındığını görmüş və heyvanların bu vəziyyətdə daşınmasının normativ tələblərə uyğun olmadığını hesab edərək hadisə barəsində regional bölməyə məlumat vermişdir. Daxil olmuş məlumata əsasən, hadisə yerinə gələn Bərdə regional bölməsinin əməkdaşları tərəfindən **-BO-*** dövlət qeydiyyat nömrəli Ford markalı nəqliyyat vasitəsinin qəza keçirməsi səbəbilə 2 (iki) baş iribuynuzlu heyvanın (bir inək və bir camış olmaqla) digər bir Ford markalı **-BN-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinə yükləndiyini və heyvanlardan birinin (camışın) arxa sağ ayağının qırıq olduğu, onların halsız və temperaturunun aşağı olduğu, habelə heyvanların daşınması ilə bağlı baytarlıq şəhadətnaməsinin olmadığı aşkar edilmişdir. Bununla əlaqədar İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq, heyvanların daşınması məqsədilə baytarlıq şəhadətnaməsinin alınması, heyvanların yenidən müayinəyə cəlb olunduqdan sonra kəsimə cəlb olunması bildirilmişdir. Agentliyin Bərdə regional bölməsinin əməkdaşları tərəfindən İddiaçı üçün 8 yanvar 2020-ci il tarixli № 003441 nömrəli Baytarlıq Şəhadətnaməsi tərtib edilərək, (beş manat qırx qəpik) manat dövlət rüsumunun ödənilməli olduğu ona bildirilmişdir. İddiaçı qanunvericiliyin normalarını kobud surətdə pozaraq, ona verilmiş rəsmi sənədləri icra etməmiş və ya etməkdən boyun qaçırmış və nəticədə normativ hüquqi aktlarda qeyd edilmiş tədbirlərin icrası ilə bağlı Agentliyin həyata keçirdiyi tədbirlərin qanunsuz olduğunu hesab edir. Bununla əlaqədar bildirilir ki, həmin Baytarlıq Şəhadətnaməsi məcburi icra edilməli olan akt hesab edilir və həmin sənəddə sözügedən heyvanların Ağcabədi rayon 2 saylı kəsim məntəqəsinə aparılaraq kəsilməsi qeyd edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 21 aprel tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması Qaydaları”nın 2.2-ci bəndinə əsasən, ölkə daxilində heyvanların, heyvan mənşəli məhsulların və xammalın hər hansı bir inzibati ərazidən kənara çıxarılmasına yalnız həmin ərazinin dövlət baytarlıq müfəttişi tərəfindən belə yüklərə tərtib edilmiş müvafiq arayış və ya şəhadətnamə verildikdə yol verilir. Buna baxmayaraq, İddiaçı isə həmin göstərişləri icra etməyərək sözügedən heyvanların kəsilməsini həyata keçirmək üçün Ağcabədi rayonu, Xocavənd kəndində fəaliyyət göstərən "xxxx" MMC-yə getmişdir. Heyvanları "xxxx" MMC-də kəsdirdikdən sonra hadisə yerinə gələn Bərdə regional bölmənin əməkdaşları kəsilən ətlərə baxış keçirmiş, ətlərin onların iştirakı və ya məlumatı olmadan kəsilərək ovalı damğa ilə nişanlandıqları müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 sentyabr tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən ekspertiza aktının təqdim edilməsi və ya məhsulun (ətin, heyvan və quş cəmdəklərinin, digər məhsulların) üzərində nişan qoyulması Qaydalar”nın 2.2-ci bəndinə əsasən, Oval baytarlıq damğası ət və ət məhsullarının tam həcmdə baytarlıq-sanitariya ekspertizasından keçdiyini və məhsulun ərzaq məqsədi üçün məhdudiyyətsiz olaraq buraxılmasını təsdiq edir. Lakin Agentlik əməkdaşları tərəfindən cəmdəklərə və orqanlara baxış keçirilən zamanı onların yararlı olub-olmaması ilə əlaqədar əsaslı şübhələr yarandığından İddiaçı iştirakı ilə ətlərdən nümunələr götürülərək sınağının aparılması məqsədilə müvafiq laboratoriyaya göndərilmişdir. Bununla əlaqədar İddiaçı etiraz etsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 sentyabr tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən ekspertiza aktının təqdim edilməsi və ya məhsulun (ətin, heyvan və quş cəmdəklərinin, digər məhsulların) üzərində nişan qoyulması Qaydaları”nın 3.7-ci bəndinə əsasən, saxlanma, yaxud daşınma şəraitinin pozulması nəticəsində keyfiyyətini dəyişmiş ət və ət məhsulları təkrarən baytarlıq-sanitariya ekspertizasına cəlb edilir, ilkin oval damğa forması ləğv edilərək, bu Qaydaların 2.4-cü və 3.1-ci bəndlərinə uyğun olaraq baytarlıq ştampı vurulur. Bu məqsədlə, İddiaçı iştirakı ilə, Agentlik əməkdaşları tərəfindən həmin məhsullardan müvafiq qaydada nümunələr götürülərək sınağının aparılması məqsədilə aidiyyəti üzrə laboratoriyaya təqdim edilmişdir. Bununla əlaqədar, Azərbaycan Qida Təhlükəsizliyi X5 Laboratoriyasının 15 yanvar 2020-ci il tarixli 0019 №-li Sınaq Protokoluna əsasən, sözügedən ət məhsulları istehlaka yararsız hesab edilmişdir. Belə ki, həmin sınaq protokolunda Cl.Perfringens bakteriyalarının aşkar edilməsi və ətin təzəliyinin müayinəsi ilə bağlı analiz nəticələrinin mənfi olması (turşuluğun azalması, çöküntünün əmələ gəlməsi, peroksidazal ədədinin təyini zamanı müsbət nəticə və s.) səbəbilə belə ət və sub məhsulların insan istehlakı üçün yolverilməz olduğu və baytarlıq qanunvericiliyinə uyğun olaraq məhv edilməli olduğu bildirilmişdir. İstifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə uyğun olaraq həyata keçirilir. Belə ki, 16-cı maddənin 1-ci hissəsinə əsasən, istifadəyə yararsız, yararlılıq müddəti qurtarmış yeyinti məhsulları Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada götürülür, zərərsizləşdirilir və ya məhv edilir. Beləliklə, Azərbaycan Respublikası Qida X3 Regional Bölməsi tərəfindən qanunvericiliyin müvafiq normalarına istinad edilməklə qeyd edilən prosedur qaydalara tam şəkildə əməl edilərək nömunələr götürülmüş, aidiyyəti üzrə sınağı və tədqiqi aparılmış və istifadəyə yararsız olduğu müəyyən edildikdən sonra məhsulların məhv edilməsi həyata keçirilmişdir. Cavabdeh yuxarıda göstərilənlərə əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qida Təhlükəsizliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsini və iş üzrə tələblərinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək, iddia təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın hərəkətləri nəticəsində ona ziyan vurulduğunu irəli sürür və kompensasiyanın ödənilməsini tələb edir. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası X8nin 03 iyun 2021-ci il tarixli 8/19-370 nömrəli məktubunda qeyd edilmişdir ki, araşdırma zamanı iddiaçının aidiyyəti üzrə müraciəti əsasında Agentliyin mütəxəssisi 8 yanvar 2020-ci il tarixli 003441 nömrəli baytarlıq şəhadətnaməsini ona təqdim etdiyi məlum olmuşdur. Həmçinin sözügedən baytarlıq şəhadətnaməsinin müvafiq bəndlərində bir baş inəyin (aşağı köklükdə) və bir baş camışın (sağ arxa ayağı qırılmış vəziyyətdə) **-BN-*** dövlət qeydiyyat nişanlı “FORD” markalı avtomobildə Bərdə rayonunda Ağcabədi rayonuna daşınması ilə bağlı qeydlər aparılmışdır. Bununla yanaşı araşdırma zamanı sözügedən baytarlıq şəhadətnaməsində heyvanların Ağcabədi rayonunda yerləşən 2 saylı kəsim məntəqəsinə yollanması ilə bağlı qeydlərin olunmasına baxmayaraq, həmin heyvanlar Ağcabədi rayonunda yerləşən "xxxx" MMC-də kəsildiyi müəyyən edilmişdir. Müraciəti ilə bağlı iddiaçıya verilən baytarlıq şəhadətnaməsi Forma 1 Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 aprel 2009cu il tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması Qaydaları”na 2 saylı əlavə ilə tənzimlənir. Belə ki, adıçəkilən baytarlıq şəhadətnaməsi dövlət baytarlıq orqanı müfəttişləri tərəfindən dövlət baytarlıq nəzarətində olan diri heyvanlara və quşlara yalnız ölkə ərazisində daşınması üçün verilir. Forma 1 baytarlıq şəhadətnaməsi bu və ya digər məqsədlər üçün daşınan heyvanların (quşların) hərəkət marşurutlarının müəyyən edilməsi ilə əlaqədar verilən sənəddir. Bundan başqa müraciətə Bərdə regional bölməsinin rəisi ilə bağlı iddiası araşdırılan zaman məlum olmuşdur ki, Agentlik mütəxəssislərinin iddiaçıya məxsus olan heyvan cəmdəklərinə, habelə onların daxili orqanlarına baxışı zamanı əsaslı şübhələri olmuş və iştirakı ilə müvafiq qaydada nümunələr götürülərək 8 yanvar 2020-ci il tarixli məhsul nümunələrinin götürülməsi aktı tərtib edilmişdir. Nümunələr müayinə edilməsi üçün aidiyyəti üzrə göndərilmiş və nümunələrin sınaq nəticələri məlum olanadək sözügedən heyvan cəmdəkləri qanunla nəzərdə tutulmuş qaydada müvəqqəti saxlanca qoyulmuşdur. Eyni zamanda yuxarıda qeyd edilən hallarla bağlı iddiaçının iştirak və imzası ilə 8 yanvar 2020ci il tarixli akt tərtib edildiyi məlum olmuşdur. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasının 15 yanvar 2020-ci il tarixli 0019 nömrəli sınaq protokoluna əsasən iddiaçıya məxsus heyvan cəmdəklərindən (inək və camış) götürülmüş nümunələrdə Cİ.Perfringens bakteriyalarının aşkar edilməsi və ətin təzəliyinin təyini analizinin mənfi nəticələri (turşuluğun azalması, çöküntünün əmələ gəlməsi, peroksidaza ədədinin təyini zamanı müsbət nəticə) səbəbi ilə belə ət və subməhsulların insan istehlakı üçün istifadəsinin yolverilməzliyi və bu məhsulların baytarlıq qanunvericiliyinə uyğun şəkildə zərərsizləşdirilməsi müvafiq qanunvericiliyin tələbidir; Azərbaycan Qida Təhlükəsizliyi X5 Laboratoriyasının 15 yanvar 2020-ci il tarixli 0019 nömrəli sınaq protokolunun surətindən görünür ki, İddiaçı məxsus iri buynuzlu heyvanın (inək) bud əti, iri buynuzlu heyvanın (camış) bud əti, iri buynuzlu heyvanın (camış) limfa vəzisi, iri buynuzlu heyvanın (inək) daxili orqanları, iri buynuzlu heyvanın (camış) daxili orqanlarından götürülmüş nümunələrdə aparılmış mikroskopik və bakterioloji müayinələr nəticəsində camışın limfa vəzifəsində, inək və camışın bud ətində, həmçinin daxili orqanlarında Anaerob-Cİ.Perfringens bakteriyaları, 1 (bir) ədəd nümunədə (inəyin bud ətində) turşuluğun təyini zamanı pH-nın yüksəlməsi və ətin təzəliyinin təyini zamanı bulanıq pambıqvari çöküntünün yaranması və 1 (bir) ədəd nümunədə (camışın bud ətində) peroksidaza ədədinin təyini reaksiyasında rəngin göyümtül yaşıldan tədricən tünd qəhvəyiyə dəyişməsi aşkar edilmişdir; Azərbaycan Respublikasının Qida X6 Regional Bölməsinin 05 fevral 2020-ci il tarixli 002 nömrəli “Malların (məhsulların) zərərsizləşdirilməsi və ya məhv edilməsi haqqında” qərarının surətindən görünür ki, İddiaçı məxsus ümumi çəkisi 346 kq olan İBH ətlərində (inək və camış) aparılmış mikroskopik və bakterioloji müayinələr nəticəsində camışın limfa vəzifəsində, inək və camışın bud ətində, həmçinin daxili orqanlarında Clostridium Perfringens bakteriyaları, eyni zamanda 1 (bir) ədəd nümunədə (inəyin bud ətində) turşuluğun təyini zamanı pH-nın yüksəlməsi və ətin təzəliyinin təyini zamanı bulanıq pambıqvari çöküntünün yaranması və 1 (bir) ədəd nümunədə isə (camışın bud ətində) peroksidaza ədədinin təyini reaksiyasında rəngin göyümtül yaşıldan tədricən tünd qəhvəyiyə dəyişməsi aşkar edildiyindən İBH ətləri sınaq nəticələrinə əsasən texniki normativ aktların tələblərinə uyğun olmadığı üçün Agentliyin Bərdə regional bölməsinin əməkdaşlarının iştirakı ilə məhv edilməsi qərara alınmışdır. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1100-cü maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçının aidiyyəti üzrə müraciəti əsasında 08 yanvar 2020-ci il tarixli 003441 nömrəli baytarlıq şəhadətnaməsi verilmiş, həmin şəhadətnamədə bir baş inəyin (aşağı köklükdə) və bir baş camışın (sağ arxa ayağı qırılmış vəziyyətdə) **-BN-*** dövlət qeydiyyat nişanlı “FORD” markalı avtomobildə Bərdə rayonunda Ağcabədi rayonuna daşınması, həmçinin heyvanların Ağcabədi rayonunda yerləşən 2 saylı kəsim məntəqəsinə yollanması ilə bağlı qeydlər aparılmışdır. Lakin heyvanların razılaşdırılmış təyinat nöqtəsinə deyil, digər məntəqəyə aparılması və sağlamlıq vəziyyətinin şübhə doğurması səbəbindən sözügedən heyvanlar kəsildikdən sonra AQTA-nın Bərdə regional bölməsinin əməkdaşları tərəfindən müvafiq nümunələr götürülmüşdür. Götürülmüş nümunələrin laborator müayinəsi zamanı həmin ətin insan istehlakı üçün yararsız olması və məhv edilməsinin zəruriliyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2009-cu il tarixli, 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması Qaydaları”nın 2.2-ci bəndinə əsasən, ölkə daxilində heyvanların, heyvan mənşəli məhsulların və xammalın hər hansı bir inzibati ərazidən kənara çıxarılmasına yalnız həmin ərazinin dövlət baytarlıq müfəttişi tərəfindən belə yüklərə tərtib edilmiş müvafiq arayış (yük rayon-şəhər ərazisindən kənara çıxarılmadıqda, 1 nömrəli əlavə) və ya şəhadətnamə (ölkə ərazisində daşınması üçün, 2 və 3 nömrəli əlavələr) verildikdə yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 sentyabr 2006-cı il tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən ekspertiza aktının təqdim edilməsi və ya məhsulun (ətin, heyvan və quş cəmdəklərinin, digər məhsulların) üzərində nişan qoyulması Qaydaları”nın: 1.2-ci bəndinə əsasən, bütün növ kənd təsərrüfatı, vəhşi heyvan (insan qidası üçün yararlı olan), o cümlədən quş əti və ət məhsullarının baytarlıq damğası və ştampları ilə nişanlanması məcburidir. 2.2-ci bəndinə əsasən, ... Oval baytarlıq damğası ət və ət məhsullarının tam həcmdə baytarlıq-sanitariya ekspertizasından keçdiyini və məhsulun ərzaq məqsədi üçün məhdudiyyətsiz olaraq buraxılmasını təsdiq edir; 3.7-ci bəndinə əsasən, saxlanma, yaxud daşınma şəraitinin pozulması nəticəsində keyfiyyətini dəyişmiş ət və ət məhsulları təkrarən baytarlıq-sanitariya ekspertizasına cəlb edilir, ilkin oval damğa forması ləğv edilərək, bu Qaydaların 2.4-cü və 3.1-ci bəndlərinə uyğun olaraq baytarlıq ştampı vurulur. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununun: 16-cı maddəsinə əsasən, istifadəyə yararsız, yararlılıq müddəti qurtarmış yeyinti məhsulları Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada götürülür, zərərsizləşdirilir və ya məhv edilir. İstifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. İstifadəyə yararsız yeyinti məhsulunun götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi barədə qərar məhsulun müvafiq ekspertizadan və laboratoriya müayinəsindən sonra verilə bilər. (birinci, üçüncü və dördüncü hissələr) Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida X1”nin: 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının X8 qida məhsullarının təhlükəsizliyinə, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləməni, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatını, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsini, qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida məhsullarının təhlükəsizliyinə, həmçinin qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır; 3-cü bəndinə əsasən, qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə, o cümlədən müvafiq sahədə ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarına riayət olunmasına dövlət nəzarətini həyata keçirmək, bu sahədə qanun pozuntularının qarşısının alınması və pozuntuya yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə tədbirlər görmək (3.0.17); qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının və qanuni mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması üçün tədbirlər hazırlamaq və həyata keçirmək (3.0.19); heyvan, heyvandarlıq məhsulları və xammal sahibləri tərəfindən Azərbaycan Respublikasının baytarlıq qanunvericiliyinə əməl edilməsinə nəzarət etmək (3.0.33-4) bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifəsidir. Göründüyü kimi, cavabdeh tərəfindən qanunvericiliyin müvafiq normalarına istinad edilməklə qeyd edilən prosedur qaydalara uyğun olaraq nümunələr götürülmüş, aidiyyəti üzrə tədqiqi aparılmış və istifadəyə yararsız olduğu müəyyən edildikdən sonra məhsulların məhv edilməsi həyata keçirilmişdir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, vurulmuş ziyanla bağlı sadalanmış qaydada cavabdehin təqsirli hərəkətlərinin mövcudluğu müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası X2rşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar