Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2276/2023 20.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2, üçüncü şəxs X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X16 və X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda alınması haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin 16 dekabr 1993-cü il tarixli, 2022 №-li qərarına əsasən Ləhiş Bağlar sahəsində 113 nömrəli BTK nəzdində ona ayrılmış 0,12 ha torpaq sahəsinin üzərində hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 2022 №-li Sərəncamı əsasında Ləhiş bağ massivi 113 №-li BTK nəzdində ona ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən ümumi sahəsi 0,12 ha ibarət olan 5887 saylı bağ-torpaq sahəsi üzərində onun xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, buna dair Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin 16 dekabr 1993-cü il tarixli, 2022 nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsində 113 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 5887 nömrəli bağ ona ayrılmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının 03 iyun 2022-ci il tarixli cavabından da görünür ki, Ləhiş bağlar sahəsində ona bağ sahəsi ayrılmışdır. Ona məxsus bağın 0,12 ha torpaq sahəsinin üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin 28 iyul 2022-ci il tarixli imtina cavabı ilə ona qeyd olunan torpaq sahəsinin faktiki yerləşməsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən digər torpaq sahəsinin ərazisinə uyğun gəldiyi və torpaq sahəsinə dair digər fiziki şəxsin idarəyə müraciəti daxil olduğu və idarənin arxiv qovluğunda saxlanılan xx.xx.2004-cü il tarixli akta əsasən təqdim edilmiş orderin ləğv olunaraq qeyd olunan torpaq sahəsinin X3 boş bağlar balansına keçirilməsinin məqsədəuyğun hesab edildiyi bildirilmişdir. Ləhiş bağlar sahəsində 1993-cü il tarixdə ona ayrılmış 0,12 ha torpaq sahəsi olan 5887 nömrəli bağ həmin vaxtdan hazırki vaxta qədər onun istifadəsindədir. Həmin torpaq sahəsinin X3 boş bağlar balansına keçirilməsi barədə bu vaxta qədər nə şifahi, nə də ki, yazılı məlumat verilməyib. Ona görə də cavabdehin verdiyi imtinasını əsassız sayır. İddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə əsl olmayan cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz olunmuş, xx.xx.2022-ci il tarixli qərardadı ilə X13 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş, həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X6 iş üzrə icraatda iştirakına xitam verilməsi, X16 və X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim olunmuş cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********08 №-li yazılı etirazında göstərilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma zamanı daşınmaz əmlaka texniki baxış keçirilmiş və müəyyən edilmişdir ki, qeyd olunan torpaq sahəsinin faktiki yerləşməsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən torpaq sahəsinin bir hissəsi 5888 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. Həmçinin torpaq sahəsinə digər fiziki şəxsin (X13) idarəyə müraciəti daxil olmuşdur. Bundan əlavə, idarənin arxiv qovluğunda saxlanılan xx.xx.2004-cü il tarixli akta əsasən təqdim edilmiş order ləğv olunaraq qeyd olunan torpaq sahəsinin X3 boş bağlar balansına keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Bu barədə iddiaçıya **********17 qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. Həmçinin təqdim edilən orderin arxiv nüsxəsi idarədə aşkar olunmamışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri icra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, İPM-nin 48.2-ci maddəsi rəhbər tutularaq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Üçüncü şəxslər X8 və X7 iddia tələbinə dair yazılı münasibətləri məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş üçüncü şəxs X12 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X9 məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Üçüncü şəxs X16 məhkəmə iclasında izahat verərək, İddiaçı tərəfindən hazırda iddia olunan torpaq sahəsinin ona məxsus torpaq sahəsinə heç bir aidiyyatının olmadığının nəzərə alınmaqla, məhkəmədən iddianın məhkəmənin mülahizəsinə əsasən həll olunmasını xahiş etdi. İddianın növü və mümkünlüyü: “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları: İş materiallarında olan: Bakı şəhər İcra Hakimiyyətinin Z-39-11 №li 03 iyun 2022-ci il tarixli arxiv arayışının surətindən müəyyən olunur ki, “Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsi haqda” Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 2022 №-li sərəncamından çıxarışa əsasən, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 №-li Qətnaməsinə əsasən İddiaçı Nizaməddin qızına (Ləhic BTK 113 ) bağ tikinti kooperativinin tərkibində bağ sahəsinin ayrılması qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi Ləhiş bağlar sahəsindəki 113 №-li Bağ Tikinti kooperativi tərəfindən verilmiş 5 №-li orderin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı Nizaməddin qızına Bakı şəhər İcra Hakimiyyətinin 16 dekabr 1993-cü il tarili 2022 №-li qərarına əsasən Ləhiş bağlar sahəsində 113 №-li BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 5887 №-li bağ sahəsi ayrılmışdır. Məhkəmənin müvafiq sorğularına cavab olaraq verilmiş: Bakı Şəhər İcra Hakimiyyətinin 7-3966/17 saylı xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 2022 nömrəli qərarına əsasən İddiaçı Nizamədin qızına verilmiş orderin ləğv olunaraq, sözügedən torpaq sahəsinin X5 balansına keçirilib-keçirilməməsi barədə məlumat Bakı Şəhər İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin 7-6186/17 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhər Əhaliyə Xidmət, Fərdi və Bağ evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilən orderlər və həmin orderlərin ləğv olunmasına dair qərar və sərəncamlar Bakı şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********13 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən ünvana vizual baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə sahəsi 0,12 ha, faktiki sahəsi isə 0,1278 ha təşkil edir (tikili yoxdur). Faktiki sahənin perimetrik ölçüləri və konfiqurasiyası sxematik xəritəyə uyğun deyil. Qonşu bağ sahələrinin nömrələrində ardıcıllıq yoxdur. Şimal qonşu 5886 saylı bağdır. Bağ sahəsinin ümumi sərhədli tam deyil. **********13 saylı xx.xx.2023-cü il tarixli cavab məktubuna əlavə olunmuş; xx.xx.2004-cü il tarixli aktın surətindən müəyyən olunur ki, aktı tərtib edənlər Bakı şəhər X3 Ləhic ərazisi üzrə böyük mühəndis M.Ə.Ağakişiyev, sahə mühəndisi T.Ə.Ələkbərov, sahə mühəndis F.Y.Rzayevin iştirakı ilə tərtib edirlər həmin aktı ondan ötrü ki, Ləhic ərazisində aparılan növbəti yoxlama - reyd zamanı 1989-1992-ci illər ərzində BTK-lar tərkibində vətəndaşlara paylanmış bir çox bağ sahələrinin istifadəsiz qalmasının, zibilxnalara çevrilərək antisanitariya yaranmasının şahidi olmuşdurlar. Həmin bağ sahələri sırasında 113 saylı BTK tərkibində 1-ci Alatava ev 28-də yaşayan X4 verilmiş 5868 saylı, Şirvani küçəsi, 1 mənzil 150-də yaşayan İddiaçı Nizaməddin qızına verilmiş 5887 saylı bağ sahəsi də qeyd olunmuşdur. X10 ünvanlanmış Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə **********84 saylı 04 may 2016-cı il və 21 iyul 2016-cı il tarixli bildirişdə qeyd olunmuşdur ki, Sabunçu rayon Ləhiş bağ massivi ünvanında yerləşən 5886 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2016-cı il tarixli ərizəsinə baxılmışdır. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, sözügedən bağ sahəsinin yerləşməsi ilə sxematik xəritə arasında uyğunsuzluq var. Belə ki, göstərilən bağ sahəsi öz həqiqi yerindən 20 m. aralı məsafədə yerləşir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. X14 ünvanlanmış **********66 saylı xx.xx.2018-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 5886 saylı bağ sahəsinin koordinatlarının müəyyən edilməsi barədə ********** nömrəli, xx.xx.2018-ci il tarixli ərizəyə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, sözügedən bağ sahəsinə mütəxəssis tərəfindən texniki baxış keçirilmiş və məlum olmuşdur ki, tərəflərindən göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********23 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 0.12 ha torpaq sahəsi olan 5886 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X1 və İstismarı Birliyi ilə X15 arasında xx.xx.2005-ci il tarixli, 36618 saylı müqavilə bağlanılmışdır. Həmin müqavilə və bağ sahəsinin 752.6 kv.m. ölçüdə qeydiyyata alınmasına dair notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi əsasında Ləhiş bağ sahəsi, 5886 saylı bağ sahəsi ünvanında yerləşən 0.0752 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə X6 adına qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ sahəsi Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı notariat ofisində təsdiq edilmiş 4Ə- 494 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2020-ci il tarixdə X8 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli 708 nömrəli sərəncamın idarənin arxivində saxlanılan nüsxəsində X19 (siyahıda olduğu kimi) oğlunun adına Ləhiş bağ nömrə 5888 göstərilmişdir. Mövcud məlumat bazasına əsasən qeyd edilən sərəncam əsasında X11 ayrılması nəzərdə tutulmuş 5888 saylı bağ sahəsinə dair sənəd (müqavilə) arxiv qovluğunda aşkar olunmamışdır. (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar, bağ sahəsinin istifadəyə verilməsinə dair müqavilə, alqı-satqı müqaviləsi və ərizə məktuba əlavə olunmuşdur). xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktında qeyd olunmuşdur ki, Bakı şəhəri, Ləhiş bağ massivində 5887 saylı bağ sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 0,12 ha, faktiki sahəsi 0,1278 ha, 78 kv. m. artıqdır. Bağ sahəsinin sərhədləri iki tərəfdən qonşu hasarla ayrılıb, bir tərəfdən mişar daşı ilə hasarlanıb, yol tərəfdən isə bir hissəsi mişar daşı ilə hasarlanıb qalan qismi isə şərtidir. Tikili yoxdur. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavab olaraq cavabdeh inzibati orqan DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” **********17 saylı xx.xx.2022-ci il tarixli bildirişdə qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5887 nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmışdır. Qeyd olunan torpaq sahəsinin faktiki yerləşməsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən digər torpaq sahəsinin ərazisinə uyğun gəlir. Həmçinin torpaq sahəsinə dair digər fiziki şəxsin idarəyə müraciəti daxil olmuşdur. Bundan əlavə, idarənin arxiv qovluğunda saxlanılan xx.xx.2004-cü il tarixli akta əsasən təqdim edilmiş order ləğv olunaraq, qeyd olunan torpaq sahəsinin X3 boş bağlar balansına keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0.7. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur. - 9. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2.); bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3.); hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.). - 10.2.1. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. - 12.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1 -ci maddələri). Mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarı). Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5887 saylı bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etmiş, cavabdeh isə torpaq sahəsinin faktiki yerləşməsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən digər torpaq sahəsinin ərazisinə düşdüyünü əsas gətirərək ərizənin icrasından imtina etmişdir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir “Daşınmaz əmlakın reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən sərəncamlar və orderlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununa əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (Maddə 64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (Maddə 64.2.). İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur (Maddə 64.3.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır Cavabdeh hüququn qeydiyyata alınması məsələsini həll edərkən, yuxarıda qeyd olunan normaları əlahiddə olaraq, bir-birindən təcrid olunmuş şəkildə deyil, əlaqəli və kompleks şəkildə təfsir və tətbiq etməlidir. Həmçinin cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğu da həmin maddələrin tələbləri və məzmunu nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin üzərinə qoyula bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 2022 №-li Sərəncamı əsasında Ləhiş bağ massivi 113 №-li BTK nəzdində İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən ümumi sahəsi 0,12 ha olan 5887 saylı bağ-torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq, buna dair Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və planölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2276/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2276/2023
20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver