Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2277/2022 14.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına (üçüncü şəxs Daxili İşlər Nazirliyi) qarşı “əmrin ləğv edilməsi və s” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına və Daxili İşlər Nazirliyinə) qarşı “əmrin ləğv edilməsi və s” barədə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, müqavilə müddətinin uzadılması ilə bağlı komandanlıq qarşısında vəsatət qaldırılmış, lakin müqavilənin müddəti heç bir üzrlü səbəb olmadan uzadılmamışdır. Halbuki, daim xidməti vəzifələrini layiqincə icra etmiş bir hərbi qulluqçu olsam da qeyd olunan hallar nəzərə alınmamışdır. İddiaçı hesab edir ki, o, xidmətə tam uyğun bir şəxsdir, lakin həmin hal cavabdeh tərəfindən nəzərə alınmamış, müqavilə müddəti uzadılmamışdır. Bununla əlaqədar edilmiş şikayətlər də heç bir nəticə verməmişdir. İddiaçı, həmçinin qeyd edir ki, müqavilə müddəti uzadılmamasına baxmayaraq onu 22.07.2021-ci tarixinə kimi, yəni əlavə olaraq 11 gün işlətməkləri müddətin uzadılması kimi qiymətləndirilməlidir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçıya 29.05.2021-ci il tarixdə təlim fənlərindən qeyri-kafi qiymət alması səbəbi ilə töhmət intizam cəzası verilmişdir. Onun fiziki hazırlığı zəif olmuş, öz üzərində çalışan hərbi qulluqçu olmamışdır. Bununla əlaqədar olaraq müqavilənin müddətinin artırılmayacağı barədə ona məlumat verilsə də, müqavilə müddətinin uzadılması barədə müraciət etmişdir. Bundan əlavə, cavabdeh qeyd etmişdir ki, Rəşadət Nəbiyevin ona qarşı aqressiya göstərməsi və kobud rəftar etməsi ilə bağlı qeyd edilənlər böhtan xarakterlidir. İddiaçı etirazla bağlı mülahizə təqdim edərək bildirmişdir ki, verilən tapşırıqlar layiqincə yerinə yetirildiyinə görə töhmət intizam cəzası götürülmüşdür. Yoxlama nəticəsində onun tərəfindən kafi qiymət alınmışdır. Onun barəsində həmçinin 17 iyun 2021-ci il tarixdə müsbət xasiyyətnamə də verilmişdir. Lakin cavabdeh bilərəkdən həmin faktiki halları gizlədir. İddiaçı qeyd edir ki, onun barəsində verilmiş 15 iyul 2021-ci il tarixli xasiyyətnamə nəzər yetirildikdə orada cümlələrin bir-birini təkzib etdiyi, əvvəl verilmiş müsbət xasiyyətnamə üzərində işləndiyi açıq-aydın görünür. İddiaçı daha sonra iddia tələbinə dəqiqləşmə verərək Daxili İşlər Nazirliyinin cavabdehlər siyahısından çıxarılması və üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini, iddia tələbinin “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 119 nömrəli 21.07.2021-ci il tarixli əmrinin ləğv edilməsi və onun işə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, qanunsuz olaraq işləməkdən məhrum olduğu dövr üzrə orta aylıq əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı və onun vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxsin nümayəndələri iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə, həmçinin onun da qeyd edilməsini zəruri hesab edir ki, əmrin ləğvi ilə bağlı olan mübahisələndirmə növündə hazırkı iddia ilə bağlı müddətlə bağlı mümkünlük şərti də ödənilmişdir. Belə ki, iddiaçı barəsində qəbul edilmiş 21 iyul 2021-ci il tarixli əmr hər nə qədər məhkəmədə 02 sentyabr 2021-ci il tarixə daxil olmuş iddia ərizəsi ilə mübahisələndirsə də AR İPM-nin 38-ci maddəsinin tələbləri pozulmamışdır. Məhkəmənin 03 noyabr 2021-ci il tarixli sorğusu ilə iddiaçıya həmin əmr barəsində nə vaxt məlumatlı olması ilə bağlı araşdırma aparılmış, cavabdehin məhkəmə sorğusuna cavabına əlavə etdiyi materiallardan 26 iyul 2021-ci il tarixli məktublarla həm Daxili Qoşunlara həm də həmin inzibati orqanın üst qurumu olan Daxili İşlər Nazirliyinə müraciət etdiyi aşkar edilmişdir. AR İPM-nin 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 8.3. İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: 38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); 38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Göründüyü kimi iddiaçı ilk öncə barəsində qəbul etdiyi inzibati akt barəsində şikayət instansiyası kimi cavabdehin üst qurumu olan Daxili İşlər Nazirliyinə müraciət etmiş, həmin müraciəti aidiyyəti üzrə Daxili Qoşunların Baş İdarəsinə göndərilmiş və sonuncu tərəfindən 18 avqust 2021-ci il tarixli məktubla iddiaçıya işə bərpa olunmayacağı, digər bir ifadə ilə də əmrin ləğv edilməyəcəyi barədə məlumat verilmişdir ki, iddiaçı bundan sonra 30 avqust 2021-ci il tarixdə məhkəməyə hazırkı tələblə bağlı müaciət etmişdir ki, işin qeyd olunan halları iddianın mümkünlüyü ilə bağlı şərtin ödənildiyini 30 günlük müddətin ötürülmədiyini təsdiq edir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. . Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası“nın: 1.1. “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası” (bundan sonra - Qayda) “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının 4.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır. 1.2. Bu Qayda Azərbaycan Ordusuna və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara) həqiqi hərbi xidmətə bağlaşma əsasında könüllü daxil olan Azərbaycan Respublikasının vətəndaşlarına, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. 2.1. Azərbaycan Ordusunda və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) ştat üzrə vəzifələrə uyğun olaraq həqiqi hərbi xidmət keçmək üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olurlar. 2.4. Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olan şəxslər fiziki hazırlıqlı, mənəvi-psixoloji cəhətdən sağlam, hərbi xidmət keçəcəyi ixtisas üzrə bilikli və ən azı ümumi orta təhsilli olmalıdırlar. 2.8. Həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları ilə, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə Azərbaycan Ordusu və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar) arasında onların həqiqi hərbi xidmətə daxil olmasına dair bağlaşma tərtib edilir. 2.10. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə uyğun olaraq bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 2.10.1. müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsili olan, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar. 3.9. Bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından aşağıdakı hallarda imtina edilir: 3.9.6. bilik, bacarıq və fiziki hazırlıq səviyyəsi müəyyən edilmiş tələblərə cavab vermədikdə; 3.9.7. öyrənilmə tədbirləri keçirilən zaman həqiqi hərbi xidmətə qəbula mane olan digər hallar müəyyən edildikdə. 3.17. Bağlaşma hər iki tərəf imzaladıqdan sonra qüvvəyə minir. Şəxsin həqiqi hərbi xidmətə qəbul edilməsi barədə şəxsi heyət üzrə əmr verilir. Bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanların həqiqi hərbi xidmətinin başlanğıcı bağlaşmanın imzalandığı gün hesab edilir. 3.25. Bağlaşma əsasında həqiqi hərbi xidmətin müddətləri “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən aşağıdakı kimi təqvim hesabı ilə müəyyənləşdirilir: 3.25.1. müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün: müddətli həqiqi hərbi xidmətdən daxil olanlar, ehtiyatdan daxil olanlar və qadınlar - 3 il. Bu müddət bitdikdə, müddətdən artıq həqiqi hərbi xidmət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanadək hər dəfə 5 ilədək müddətə uzadılır. Qanunvericiliyin tələbindən də göründüyü kimi ilkin bağlaşma müqaviləsinin bağlanılması ilə əlaqədar inzibati orqana bilik, bacarıq və fiziki hazırlıq səviyyəsi müəyyən edilmiş tələblərə cavab verilməsi ilə bağlı tələblərin yoxlanılması səlahiyyəti vermişdir ki, cavabdeh iş materiallarından da göründüyü kimi müqavilənin müddətinin bitməsindən sonra iş materiallarında olan mənfi xarakterli xidməti xasiyyətnamənin və töhmət cəzasının də mövcudluğuna istinad edərək iddiaçının bilik, bacarıq və hazırlıq səviyyəsinin qənaətbəxş səviyyədə olmamasına əsaslanaraq müqavilənin müddətinin uzadılmasından imtina etmişdir. İddiaçı isə, iş materiallarına əlavə etdiyi müsbət xarakterli xidməti xasiyyətnamənin surəti və işin digər hallarına istinad edərək bilik, bacarıq və fiziki hazırlıq səviyyəsi ilə bağlı iddiaçının vəziyyətinin qənaətbəxş olduğuna və töhmət intizam cəzasının götürülməsinə istinad etmişdir. İşin faktiki hallarından isə görünür ki, iddiaçı barəsində müsbət xarakterli xidməti xasiyyətnamə mövcud deyil, təqdim edilən xidməti xasiyyətnamə isə mənfi xarakterlidir. Lakin, məhkəmə işin hazırkı faktiki hallarının müqavilə müddətinin uzadılmaması və qulluğa xitam barədə əmrin qanuniliyinin qiymətləndirilməsi baxımından əhəmiyyətli hal hesab etmir. Belə ki, yuxarıda adıçəkilən Qaydaların 3.25.1-ci madəsinin tələbindən konkret olaraq müəyyən edilir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün: müddətli həqiqi hərbi xidmətdən daxil olanlar, ehtiyatdan daxil olanlar və qadınlar - 3 il. Bu müddət bitdikdə, müddətdən artıq həqiqi hərbi xidmət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanadək hər dəfə 5 ilədək müddətə uzadılır. Göründüyü kimi hazırkı əmrin qəbul edilməməsi və müqavilə müddətinin uzadılması üçün zəruri şərt tərəflərin razılığının mövcudluğudur. Tərəflərin hər ikisinin razılığının olmaması isə müqavilənin müddətinin uzadılmaması ilə eyni məna daşıyır. İddiaçı isə mahiyyət etibarı ilə özünün müddətin artırılmasında razılığının kifayət etdiyini və cavabdehin müqavilə müddətinin uzadılması vəzifəsinin mövcudluğuna istinad edərək əmrin ləğv edilməsini tələb edir. Halbuki, iddiaçının mövqeyinin düzgün olması iddiaçı və onun kimi hərbi xidmət keçmiş, lakin hərbi xidmət müddəti başa çatdıqdan sonra müqavilə müddətinin uzadılmasına razılıq verməyən şəxslərin barəsində cavabdehin məcburi qaydada müqavilə bağlaması deməkdir. Yəni, iddiaçının mövqeyi ilə çıxış etsək necə ki cavabdeh müqavilə müddətinin uzadılmasına razılıq verməyə bilməzdisə, deməli həmin müqavilənin uzadılmasına iddiaçı da mütləq qaydada razılıq verməlidir. Göründüyü kimi bu yanaşma müddətli müqavilədə müddət təyin edilmə ilə bağlı şərtin mövcudluğuna zidd yanaşma hesab edilir. Hazırkı vəziyyətdə müqavilə müddətinin uzadılmasına dair hər iki tərəfin, yəni iddiaçı və cavabdehin razılığının birlikdə mövcudluğu zəruri şərt kimi müəyyən edilir ki, qanunvericiliklə verilmiş səlahiyyətdən istifadə edərək cavabdeh hansı səbəbdən olursa olsun müqavilənin müddətinin uzadılmasını qənaətbəxş hesab etməmiş, iddiaçını xidmətə uyğun hesab etməmiş və onun xidmətdən ehtiyata buraxılması barədə əmr qəbul etmişdir ki, burada cavabdehin hər hansı qanunsuz hərəkətindən söhbət gedə bilməz. Belə ki, burada əmrin qanunsuz hesab edilməsi müqavilə müddətinin uzadılmamasının qanunsuzluğundan birbaşa asılıdır ki, ikinci halda hər hansı qanunsuzluq aşkar edilmədiyindən, deməli əmr də tam qanuni və əsaslıdır. Məhkəmə, həmçinin onun da qeyd edilməsini zəruri hesab edir ki, yuxarıda adıçəkilən Qaydalarla tənzimlənən müqavilənin müddəti, tərəflərin bir birini məlumatlandırmalı olması və s ilə bağlı tərəflərin üzərinə götürdükləri öhdəliklərin pozulması isə hazırkı mübahisənin predmetini təşkil etmir. Belə ki, həmin öhdəliklərin pozuntusu mülki qaydada baxılmalı olan məsələdir və həmin pozuntuların mövcudluğu hazırkı əmrin qanunsuz olması əsası qismində çıxış edə bilməz. Belə ki, hazırkı əmr müqavilə müddətinin uzadılmalı olub-olmaması ilə bağlıdır ki, adıçəkilən müqavilədə digər pozuntular əmrin ləğvini səbəb olmur. Çünki əmr iddiaçının hərbi xidmətə davam etməli olub-olmaması ilə bağlıdır ki, həmin hal məhz müqavilənin müddətinin uzadılmalı olubolmaması ilə əlaqədardır ki, tərəflərin razılığının olmaması isə əmri qanuni edir. İddiaçı, hər nə qədər əmək qanunvericiliyi ilə müddətinin davam etməsini avtomatik uzatma ilə müddəaların hazırkı münasibətdə tətbini zəruri hesab etsə də, qeyd olunur ki, Əmək Məcəlləsinin 6-cı maddəsinin məhz elə a bəndi hərbi qulluqçulara Məcəllənin şamil edilməsini birbaşa istisna edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-2277/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2277/2022
14.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver