Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2278/2025 16.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsi üəzrində mülkiyyət hüququnun tanınması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ölçülərinin dəqiqləşdirilməsi və 48,52 kv.metr sahəyə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı ünvan 1 ünvanında yerləşən 48,52 kv. metr qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil iddiaçıya məxsus olmuşdur. 2020-ci ilin yanvar ayında həmin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi ilə bağlı Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə müraciət olunmuşdur. 15 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli Akt və mənzilin sxemi, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən X1 Rəyi və Qəbul aktına əsasən, ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilin ona məxsus olması, faktiki olaraq 48,52 kv.m olması və qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 22 nömrəli Sərəncamı ilə iddiaçıya məxsus Nəsimi rayonu, S.Rəhimov küçəsi, ev 163 ünvanında yerləşən 2 saylı mənzilin ümumi sahəsi 48,52 kv.m hesab edilərək qeyriyaşayış sahəsinə keçirilmişdir. Lakin yalnız 33.80 kv.metr sahəyə görə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Bununla bağlı cavabdehə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ölçülərinin dəqiqləşdirilməsi və 48,52 kv.m sahəyə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar tərəfindən xx.xx.2024-cü il tarixdə lazımi qaydada müraciət edilmişdir. Müraciətinə cavab olaraq, əlavə 14,72 kv.metr sahənin binanın konturundan kənarda birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulmuş hissədə yerləşdiyi bildirilərək, qeyri-yaşayış sahəsinin ölçülərinin dəqiqləşdirilməsi və buna dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsindən imtina edilmişdir. Həmin mənzil Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin qeydiyyat vəsiqəsinə əsasən iddiaçının mülkiyyətində idi. Onun əsasında qeyri-yaşayış sahəsinə keçirilmə ilə bağlı müraciət etdikdə, bütün qanuni tələblər nəzərə alınmaqla, MKİS tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli akt və mənzilin sxemi, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən X1 rəyi və qəbul aktı əsasında yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədəuyğun hesab edilmiş və sərəncam verilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etirazda göstərilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən müvafiq daşınmaz əmlaka texniki baxış keçirilən zaman əlavə 14,72 kv.metr sahənin binanın konturundan kənarda birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulmuş hissədə yerləşdiyindən ərizənin icrası mümkün olmamışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etirazla oxşar məzmunlu izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 22 saylı sərəncamı ilə iddiaçıya məxsus Nəsimi rayonu, S.Rəhimov küçəsi, 163 saylı evin 2 saylı mənzilinin ümumi sahəsinin 48.52 kv.metr hesab edilərək qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən X1 xx.xx.2020-ci il tarixli, 06 saylı qəbul aktına əsasən iddiaçıya məxsus ünvan 1-də yerləşən 2 saylı mənzilin ümumi sahəsi 48,52 kv.metr ölçülər daxilində qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədəuyğun sayılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən ölçüsü 33.8 kv.metr olan qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli məktubla təqdim edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı mülkiyyətinə verilmiş **********26-05101-083001 nömrəli dövlət reyestrindən çıxarışa əsasən qeyri-yaşayış sahəsi 33.8 kv.metr olsa da, faktiki olaraq 33.8 kv.metr sahədən əlavə 13.8 kv.metr sahə mövcuddur. Rayon İH-nin təqdim etdiyi sərəncamda (48.52 kv.m) ümumi sahəyə daxil olan və planda öz əksini tapan qeydiyyata alınmayan sahələr faktiki olaraq İddiaçı istifadəsindədir. Faktiki vəziyyətdə tərtib edilmiş planda göstərilən 3 saylı sahə pilləkanaltı sahədir. Yuxarıd qeyd olunan **********26- 05101-083001 reyestr nömrəli qeyri-yaşayış sahəsi 3 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşməklə İddiaçı xüsusi mülkiyyətində və istifadəsindədir (əlavə 13,8 kv.metr sahə də iddiaçının istifadəsindədir). Qeyd olunan əlavə sahələr digər şəxslərə məxsus qeyriyaşayış sahələri ilə üst-üstə düşmür. İşin hərtərəfli araşdırılması məqsədi ilə məhkəmə tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinə yerində baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 2 mərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Qeyri-yaşayış sahəsinin küçəyə çıxışı vardır. İddiaçının mülkiyyətində olan 33.8 kv.metr sahədən əlavə həmin sahəyə bitişik binanın həyətində 13.8 kv.metr əlavə tikili inşa edilmişdir. Tikili faktiki olaraq hər hansı fəaliyyət göstərmir. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində 48,52 kv. metr qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). İş materiallarından görünür ki, ünvan 1 ünvanda yerləşən ölçüsü 33.8 kv.metr olan qeyriyaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı həmin qeyri-yaşayış sahəsinin Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 22 saylı sərəncamında ümumi sahəsinin 48.52 kv.metr olduğunu əsas gətirərək çıxarışda qeyriyaşayış sahəsinin ölçüsünün 48.52 kv.metr göstərilməsini xahiş edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə (bundan sonra – Mənzil Məcəlləsi) əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir (21.1). Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir (21.4.). Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır (21.5.). Əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır (21.7.). Sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır (21.8.). Göründüyü kimi ünvan 1 ünvanda yerləşən iddiaçıya məxsus yaşayış sahəsi Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən qeyri-yaşayış sahəsinə keçirilmiş, keçirilmə zamanı əlavə 13,8 kv.metr sahə də nəzərə alınmışdır. Yəni, iddiaçı tərəfindən ünvanda aparılmış yenidənqurma işləri Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən nəzərə alınmışdır. Mənzil Məcəlləsində həmçinin göstərilmişdir ki, yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir (23.1.). Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır (24.1.). Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir (26.1.). Qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir (26.2.). Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən X2 tərəfindən iddiaçıya məxsus ünvan 1-də yerləşən 2 saylı mənzilin ümumi sahəsi 48,52 kv.metr ölçülər daxilində qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədəuyğun sayılmışdır. Yəni həmin mənzildə aparılmış yenidənqurma işləri müvafiq orqan tərəfindən qəbul edilmişdir. Göründüyü kimi həmin qeyri-yaşayış sahəsi iddiaçının istifadəsindədir və üçüncü şəxslərin həmin sahə ilə bağlı hər hansı iddia və tələbi yoxdur. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilərək göstərilmişdir. Həmin maddəyə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, cavabdeh tərəfindən etirazın əsası kimi göstərdiyi hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya aid edilən hallarda nəzərdə tutulmadıgından və iddiaçı həmin Qanunun 10.2.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan olan sənədləri qeydiyyat orqanına verilən ərizəyə əlavə etdiyindən cavabdehin imtinası iddiaçının qanuni əsaslarla əldə etdiyi əmlak üzərində mülkiyyət hüquqlarının tam şəkildə həyata keçirilməsini əsassız olaraq məhdudlaşdırmışdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən 48,52 kv. metr qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdehə həvalə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 48,52 kv. metr qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-2278/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2278/2025
16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver