Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2279/2020 17.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh-Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Qarabağ müharibəsi veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.1970-ci ildə Bakı şəhərində doğulmuş,1988-ci ildə Monqolustanda hərbi piyadalar qoşununda iştirak etmiş, 1990-cı ildə hərbi xidməti başa vurmuşdur. 1992-ci ildə Qarabağ müharibəsində iştirak etmək üçün könüllülər sırasına qoşulmaq istəmiş, bu məqsədlə Kirov rayon Hərbi Komissarlığına ərizə ilə müraciət etmiş, onu digər könüllülərlə birlikdə əvvəlcə Biləcəriyə, sonra isə Tərtər şəhərinə aparmışlar. Tərtər şəhərində bir gün qaldıqdan sonra onlara ehtiyac olmadığını bildirib onları geri qaytarmışlar. Bundan sonra Pirəküşkül qəsəbəsindəki Qaraheybət poliqonuna təlim üçün göndərilmiş, bir aydan az müddətdə poliqonda təlim keçdikdən sonra Şıxov qəsəbəsindəki hərbi hissəyə aparılmış, oradan Gəncə şəhərinə, daha sonra isə Kəlbəcər rayonunun Qılınclar kəndindəki N saylı hərbi hissə qərargahına göndərilmişdir. O, N saylı hərbi hissənin 714-cü batalyonunda xidmət etmiş, Kəlbəcər rayonunda ona silah təhkim etmiş, digər könüllülərlə birlikdə dağ yolu ilə Ağdərə rayonunun Narışlar kəndində döyüşlərə aparılmışdır. Orada təxminən bir ay döyüşlərdə iştirak etmiş, daha sonra yenidən Qılınclar kəndinə qaytarılmışdır. Orada isə artıq könüllülərə ehtiyac olmadığını bildirib onları 1992-ci ilin sentyabr ayında Bakı şəhərinə geri qaytarmışlar. Silah-sursatı Şıxovdakı hərbi hissədə təhvil vermiş, onlara iki aylıq maaş ödənilmişdir. Orada həmçinin döyüşlərdə iştirakla bağlı ona arayış verilmiş, lakin uzun müddət keçdiyi üçün hazırda o arayışı itirmişdir. Hərbi biletində xx.xx.1992-ci ildə hərbi hissəyə getməyi, xx.xx.1992-ci ildə qeydiyyatdan çıxmağı, həmçinin Qarabağ döyüşlərində iştirak etməyi barədə qeydlər aparılmışdır. Döyüşdə olduğu dövrdə N saylı hərbi hissənin komandiri Zaur Rzayev, 714 sayl batalyon komandiri isə Məcid adlı şəxs, daha sonra Çingiz Əliyev olmuşdur. Onun rota komandiri Cəmil adlı baş leytenant olmuşdur. Onunla birlikdə Cümşüd, Həmid, Cavanşir, Elxan və Rüstəm adlı əsgər yoldaşları olmuş, onlardan Elxan və Muxtar vəfat etmişdir. O, hazırki tələblə cavabdeh inzibati orqana müraciət etmiş, onun döyüş əməliyyatlarında iştirakının arxiv sənədləri ilə təsdiq olunmadığı əsası ilə müraciətinin təmin olunmasından imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2020-ci il tarixli 11/4891 №li iddia ilə bağlı yazılı münasibətdə göstərilmişdir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Müharibə veteranı adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı (sonrakı əlavə və dəyişikliklərlə) ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində — Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanlan tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. İddiaçının N nömrəli hərbi hissədə xidmət keçməsini təsdiq edən hər hansı birbaşa sübut yoxdur. Binəqədi rayon hərbi komissarlığının arayışında HH № ******* hərbi biletə istinad edilərək İddiaçı 21.07.92-ci ildən 12.09.92-ci ilədək N nömrəli hərbi hissədə DQMV, Ağdam, Füzuki rayonlarında döyüş əməliyyatlarında iştirak etdiyi göstərilir. Təqdim olunmuş sənədlərdə HH № ******* hərbi biletin surəti yoxdur. İddiaçının adına isə 26.01,2005-ci ildə AO № ******* hərbi bilet verilmişdir. N nömrəli hərbi hissə tərəfindən X3 verilən arayışda isə R.Quliyevin 21.07.92ci il tarixdən 701 №-li h/hissədə hərbi toplanışda olduğu və 12.09.92-ci il tarixə kimi Kəlbəcər döyüş zonasında gedən döyüşlərdə iştirak etdiyi qeyd olunur. Müdafiə Nazirliyi İşlər X4 xx.xx.2020-ci il tarixli 9/2-6483 №-li məktubunda isə göstərilir ki, N nömrəli hərbi hissənin 1993-cü il tarixli dövrü əhatə edən şəxsi heyətin əlifba qeydiyyatı kitabında və hərbi hissə komandirinin 1992-1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən hərbi qulluqçuların hərbi biletləri hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda mötəbər hesab olunur. Hazırkı mübahisə üzrə iddiaçı hərbi xidmətini və döyüşlərdə iştirakını təsdiq edən mötəbər sübutlara malik deyildir. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh inzibati orqan müvafiq olaraq məhkəmə iclasına gəlmədiyindən və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və məhkəməyə bu barədə hər hansı məlumat vermədiyindən məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarında olan; İddiaçı məxsus xx.xx.2006-cı il tarixdə Bakı Binəqədi RPİ tərəfindən verilmiş AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, o, xx.xx.1970-ci ildə Bakı şəhərində doğulmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Vətən Müharibəsi X2 rayon Təşkilatı tərəfindən verilmiş 21 saylı xx.xx.2000-ci il tarixli arayışda göstərilmişdir ki, İddiaçı Binəqədi rayon Hərbi Komissarlığının 187 saylı xx.xx.1996-cı il tarixli arayışına əsasən müharibə vetarı sayılır və bütün imtiyaz və güzəştlər ona şamil edilir. Eyni zamanda həmin təşkilat tərəfindən iddiaçıya xx.xx.1996-cı ildə 4099 saylı vəsiqə verilmişdir. Bakı şəhər Binəqədi rayon Hərbi Komissarlığının xx.xx.1999-cu il tarixli 4/1914 saylı arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə qədər N saylı döyüş əməliyyatları aparılan hərbi hissədə xidmət keçmişdir. AO seriyalı ******* saylı hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindəkiqeydlərə əsasən, İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə qədər N saylı hərbi hissədə hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli 9/2-6483 saylı arxiv arayışında göstərilmişdir ki, N №li hərbi hissənin 1993-cü il tarixli dövrü əhatə edən şəxsi heyətin əlifba qeydiyyatı kitablarında və hərbi hissə komandirinin 1992-1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barəsində məlumat aşkar olunmamışdır. İddiaçının hazırkı tələblə cavabdeh inzibati orqana etdiyi müraciətə cavab olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 1/A- 17715 №li məktubda müraciətçiyə bildirilmişdir ki, Mərkəzi Arxivin xx.xx.2019-cu il tarixli 9/2-18778 saylı arayışına əsasən N saylı hərbi hissə komandirinin iyul-sentyabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlər kitabında hərbi xidməti barədə məlumat aşkar olunmadığından qanunvericiliyin tələblərinə əsasən hazırkı müraciəti əsasında ona “Müharibə veteranı” adının verilməsinin imkan xaricində olduğu göstərilmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş xx.xx.2020-ci il tarixli A-7089 saylı arayışdan görünür ki, İddiaçı məhkumluğu yoxdur, o, heç vaxt cinayət məsuliyyətinə cəlb edilməmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsi tərəfindən təqdim olunmuş xx.xx.2020-ci il tarixli 11/2078 saylı məktubdan müəyyən edilir ki, Azərbaycan Vətən Müharibəsi Vetaranları Birliyi tərəfindən “müharibə veteranı” vəsiqəsinin, o cümlədən xx.xx.1996-cı il tarixli 4099 saylı vəsiqənin verilibverilməməsi barədə hər hansı məlumat Müdafiə Nazirliyində mövcud deyildir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə digər kateqoriya şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2006-cı il tarixli 396 №li Fərmanında göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin (bənd 1.3). Müəyyən edilsin ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir (bənd 2.1.). Həmin Qanunun 7-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini aşağıdakı orqanlar öz səlahiyyətləri daxilində həyata keçirirlər-müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar-Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bənd 2.2). Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən müharibə veteranı adının və müvafiq veteran vəsiqəsinin şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və digər orqanlar tərəfindən verilməsi nəzərdə tutulmuşdur. Lakin iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi barədə iş materiallarında hər hansı sübut olmadığından iddiaçının cavabdehdən müharibə veteranı adının və vəsiqəsinin verilməsini tələb etmək hüququ olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı döyüşlərdə iştirak etdiyini təsdiq edən sübut kimi iş materiallarına əlavə edilmiş Azərbaycan Vətən Müharibəsi Vetaran Birliyi tərəfindən verilmiş veteran vəsiqəsini göstərsə də, məhkəmə araşdırması zamanı bununla bağlı Müdafiə Nazirliyinin arxivində hər hansı məlumat aşkar edilmədiyi müəyyən olunmuşdur (Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsi tərəfindən təqdim olunmuş xx.xx.2020-ci il tarixli 11/2078 saylı arayışı). Bundan başqa iddiaçı həmçinin hərbi biletində onun döyüş əməliyyatlarında iştirakını təsdiq edən qeyd olduğunu göstərsə də, həmin hərbi bilet əmrdən çıxarışlar və ya arxiv arayışları ilə birlikdə təqdim edilmədiyindən sübut kimi qəbul edilə bilməz. İddiaçı tərəfindən sübut kimi təqdim olunan Binəqədi rayon Hərbi Komissarlığının arayışı isə Müdafiə Nazirliyinin Arxiv arayışı (N №li hərbi hissənin 1993-cü il tarixli dövrü əhatə edən şəxsi heyətin əlifba qeydiyyatı kitablarında və hərbi hissə komandirinin 1992-1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barəsində məlumat aşkar olunmamışdır) isə təqzib olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. İddia tələbininin əsaslarını nəzərdən keçirən məhkəmə qeyd edir ki, iddiaçının ona müharibə veteranı statusunun verilməsi barədə arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmişdir. Ona görə də iddia tələbi əsaslı hesab edilərək təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2279/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2279/2020
17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver