Məhkəmə qərarları › İş №2-1(112)-2279/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2279/2021

05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2279/2021 05.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı yaşadığı mənzil sahəsinin az olduğunu nəzərə alaraq, evinin üstündə mansardda ona məxsus olan qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı evinin üstündə mansardda ona məxsus olan qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun evi sahəsi 26 kv.m olmaqla 2 otaqdan ibarətdir. Özü ikinci qrup daimi əlildir, həmdə ki, yaradıcı adamdır. Belə ki, “Kafkaz-news” qəzetinin təsisçisi və baş redaktorudur. Mənzil şəraitinin ağır olduğunu nəzərə alaraq, Bakı şəhəri Cavabdehnə məktubla müraciət etmişdir. Lakin, müraciətinə müsbət cavab ala bilməmişdir. Cavabdeh buna görə aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edilərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək üçün məhkəmənin hazırlıq icraatına başlanılmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmişdir. Cavabdeh tərəfindən məhkəmənin sərəncamına əsasən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov küçəsi, 15 saylı evin 55 saylı mənzilində yaşayan İddiaçı Cavabdehnə A-102-162 saylı, 25.08.2020-ci il qeydiyyat tarixli ərizə ilə müraciət edərək, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi 15 saylı evin 55 saylı mənzilinin üstündə mansardda ona məxsus qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə təyinatının dəyişdirilməsinə dair müvafiq sərəncam verilməsini xahiş etmişdir. Nəsimi rayon İcra Hakimyiyətinin A-1020162 saylı, 02.09.2020-ci il tarixli məktubu ilə ərizəçiyə bildirilmişdir ki, rayon İcra Hakimiyyətinə daxil olmuş, yaşayış binasının mansard hissəsində olan qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə sərəncam verilməsinə köməklik göstərilməsi barədə ərizəsinə baxılmışdır. Sözügedən qeyri-yaşayış sahəsinin tikilməsinə dair hüquqmüəyyənedici sənədləri Nəsimi rayon İcra Hakimyiyətinə təqdim etdikdən sonra qaldırdığı məsələyə yenidən baxıla bilər. İddiaçını cavab qane etmədiyindən o, məhkəməyə müraciət etməyi üstün tutmuşdur. Qüvvədə olan mənzil qanunvericiliyinin tələbinə görə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi bunun üçün əsaslar olubolmaması müvafiq icra orqanı tərəfindən araşdırılaraq qəbul edilmiş qərar əsasında həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Həmin Məcəllənin 21.1-ci maddəsinə yaşayış sahəsinin qeyriyaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının (bundan sonra- keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); keçirilən sahə üzərində hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda texniki pasportu); keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Yerli icra Hakimiyyətləri haqqında” Əsasnamənin 1.3-cü maddəsinə əsasən yerli icra hakimiyyətləri başçıları öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikası qanunlarını, Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını (X1 həm də, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını və qanunlarını, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərman və sərəncamlarını, Naxçıvan Muxtar Respublikası Nazilrər Kabinetinin qərar və sərəncamlarını), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tuturlar. “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 06 sentaybr tarixli, 629 nömrəli Fərmanının 1-ci bəndinə görə Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyəti (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hal, habelə sənaye, yaxud texnologiya parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri, binalar və qeyri-yaşayış sahələri istisna olmaqla), dövlət əmlakının sərəncamçısına – Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilsin. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində müəyyən edilən məqsədlər üçün ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin və ya onların ayrı-ayrı hissələrinin (arxeoloji abidələr istisna olmaqla) icarəyə verilməsi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix- Etnoqrafiya qoruqlarının ərazilərində isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin razılığı ilə həyata keçirilir. Bu Fərman imzalandığı günə qədər daşınmaz dövlət əmlakının icarəyə verilməsinə dair bağlanmış icarə müqavilələrində icarəyəverənlərin hüquqi varisi Əmlak Məsələləri Dövlət Komitəsi hesab olunsun. Səhmlərinin tamamilə və ya nəzarət zərfinin dövlət mülkiyyətində saxlanılması barədə qərar qəbul olunmuş səhmdar cəmiyyətlərinə məxsus daşınar əmlakın və Dövlət mülkiyyətində olan digər əmlakın icarəyə və istifadəyə verilməsi yalnız Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı ilə həyata keçirilir. Həmin Fərmanın 2-ci bəndinə əsasən icarəyə verilmiş və səmərəsiz istifadə olunan dövlət əmlakının mövcud qanunvericiliyə uyğun olaraq özəlləşdirilməsinin təmin edilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmişdir. Yaşayış biansının mansard hissəsində olan qeyri-yaşayış sahəsi texniki mərtəbə sayılır və onu icarəyə, istifadəyə və özələşdirilməsinin aparılması yalnız Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilə bilər. Yəni ərizəçi qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş şəhadətnaməsini (hüquqları müəyyənləşdirən sənədlər) təqdim etdikdən sonra Cavabdeh tərəfindən qaldırılan məsələyə baxıla bilərdi. Sadalanan qanunvericilik aktları normalarına əsasən hesab edirlər ki, Cavabdeh A-102-162 saylı, 02.09.2020-ci il tarixli məktubu qanuni və əsaslı olmuşdur. Bu da onu deməyə imkan verir ki, iddia maddi hüquqi cəhətdən əsassızdır və bu səbəbdən təmin oluna bilməz. İş üzrə hazırlıq iclası 05.05.2021-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq, izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə tərəfindən iş materiallarına baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 256766 nömrəli qeydiyyat vəsiqəsinə əsasən xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 15 (indiki Qoqol küçəsi, ev 27 A) ünvanında yerləşən, 26 kv.m-dən ibarət 2 otaqlı 55 saylı mənzilin üstündə olan, faktiki olaraq onun istifadəsində olan mansard qatının qeyri-yaşayış sahəsindən yaşayış sahəsinə keçirilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Halbuki, iddiaçının hazırki iddianı qaldırmağda subyektiv hüququ mövcud deyildir. Belə ki, iddiaçının həmin mansard qatına dair hazırki iddianı qaldırmağa subyektiv hüququ, yəni həmin mansard sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənədin olması müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Bu hal isə, iddiaçının iddia tələbinin İPM-nin 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilməsini istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar