Məhkəmə qərarları › İş №2-1(112)-2279/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2279/2022

09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2279/2022 09.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh “Heydər Əliyev adına” Azərbaycan Ali Hərbi Məktəbinə qarşı “əmrin ləğvi və məktəbə bərpa edilmə” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “Heydər Əliyev adına” Azərbaycan Ali Hərbi Məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun “Heydər Əliyev adına” Azərbaycan Ali Hərbi məktəbin kursantlığından xaric edilməyinə dair əmrin qanunsuz hesab edilməklə onun ləğv edilməsinə və həmin məktəbə bərpa edilməyinin təmin olunmasına dair müvafiq məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Astara rayonunda anadan olmuş 1969cu il təvəllüdlü əmisi X1 olaraq 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmuş, 1991-1994cü illərdə N saylı hərbi hissənin tərkibində atıcı piyada döyüş maşınında komandir vəzifəsində Ağdam rayonu ərazisində döyüşlərdə iştirak etmiş, cəsur hərbiçi olmuşdur. Döyüşlərin birində idarə etdiyi döyüş maşını ermənilər tərəfindən vurulmuş, Seymur döyüş yoldaşlarını oradan uzaqlaşdırmış, özü isə ermənilərlə döyüşməkdə davam etmişdir. Onun döyüş yoldaşları döyüş zonasından sağ-salamat qayıtmış, ancaq Seymurun əsir götürülməsi və yaxud da döyüş zamanı həlak olması barədə indiyədək heç bir məlumat yoxdur. Bunları onun döyüş yoldaşları da təsdiq edirlər. Dövləti tərəfindən Seymurun igidliyi yüksək qiymətləndirilərək o şəhid statusu almışdır. O, əmisinin yolunu davam etdirmək arzusu ilə 2020-ci ilin avqust ayında H.Əİiyev adına Ali Hərbi məktəbin 1-ci kursuna qəbul olunmuşdur. 2021-ci ilin iyun ayınadək həmin məktəbin kursantı olmuşdur. 2021-ci ilin iyun ayının əvvəllərində qanunsuz olaraq məktəbdən xaric edilmiş və həqiqi hərbi xidmətə göndərilmək üçün əsgər taboruna keçirilmişdir. Məktəbdən xaric olunmağının səbəbləri barəsində ona rəsmi olaraq heç bir sənədlər (arayış və s.) verilməmiş və şifahi olaraq bildirilmişdir ki, o guya fiziki hazırlıqdan keçə bilmədiyinə görə xaric olunmuşdur. Valideynlərinin Azərbaycan Respublikasının Ali Hakimiyyət Orqanlarına, o cümlədən də ölkə prezidentinə, eyni zamanda Müdafiə Nazirliyinin Baş Hüquq İdarəsinə şikayətlərindən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və məktəbin yüksək rütbəli zabitlərindən ibarət komissiya təşkil edilmiş və həmin komissiya 05.06.2021-ci il tarixdə ondan fiziki hazırlıqdan imtahan qəbul etmişdir. Bu imtahandan müvəffəqiyyətlə keçdiyinə görə məktəbə bərpa edilmişdir. Müdafiə Nazirliyinin Hərbi təhsil idarəsinin rəisi vəzifəsini icra edən Rəşad İbrahimovun imzası ilə 14.06.2021-ci il tarixli, 26\H-283 N-li məktubda göstərilmişdir ki, İddiaçı müstəsna hal kimi imtahandan keçid balını toplamış kimi qeydə alınmış və ikinci yarımil üzrə keçiriləcək imtahanlarda iştirak etməsinə icazə verilmişdir. Onun SX ******* nömrəli hərbi biletinin 20-ci səhifəsində polkovnik Ruslan Məmmədovun imzası və möhür ilə təsdiq olunaraq qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 10.10.2017-ci il tarixli 1628 nömrəli fərmanı ilə təsdiq edilmiş Heydər Əliyev adına Azərbaycan Respublikası hərbi məktəbinin nizamnanməsinin müvafiq bəndinə "təhsildə müvəffəqiyyətsizliyə görə” əsasən birinci kursdan xaric edilib. Daha sonra onun SX ******* nömrəli hərbi biletinin 21-ci səhifəsində polkovnik Ruslan Məmmədovun imzası və möhür ilə təsdiq olunaraq qeyd olunmuşdur ki, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsindən daxil olmuş 10.06.2021-ci il tarixli, 26/1926 nömrəli məktuba əsasən Azərbaycan Respublikası Müdafiə Nazirinin icazəsi ilə covid-19 pandemiyası ilə əlaqədar olaraq fiziki hazırlıq imtahanından keçid balına çox yaxın nəticə əldə etmiş kursantlar imtahanlardan keçmiş hesab edilsinlər və məktəbin dəyişən heyətin siyahısına daxil edilsinlər. Buna baxmayaraq məktəbin rəhbərliyində təmsil olunan bəzi yüksək rütbəli və vəzifəli şəxslər heç bir əsaslı səbəb olmadan onunla qərəzçilik etməkdə davam etmiş və güman etmişdir ki, valideynlərinin şikayəti ilə məktəbə bərpa olunduğuna, həmçinin yüksək səviyyəli komissiya qarşısında fiziki hazırlıqdan imtahandan uğurla keçdiyinə görə ona qarşı qərəzçilik və qisasçılıq mövqeyi tutmuşlar. Odur ki, heç bir əsaslı səbəb olmadan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbindən yenidən xaric edilmişdir. Onun SX ******* nömrəli hərbi biletinin 22-ci səhifəsində polkovnik Ruslan Məmmədovun imzası və möhür ilə təsdiq olunaraq qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 10.10.2017-ci il tarixli 1628 nömrəli fərmanı ilə təsdiq edilmiş Heydər Əliyev adına Azərbaycan Respublikası hərbi məktəbinin nizamnanməsinin müvafiq bəndinə ''təhsildə müvəffəqiyyətsizliyə görə" əsasən birinci kursdan xaric edilmişdir. Həqiqi hərbi xidmətə göndərilmək üçün hərbi hissəyə təhvil verilmişdir. Hal-hazıradək N saylı hərbi hissədə siravi əsgər olaraq xidmət keçmişdir. Məktəbin rəhbərliyi tərəfindən 2-ci dəfə məktəbdən xaric edildikdə ona əmrin surəti, yaxud xaric edilməyinin səbəbləri barədə heç bir rəsmi arayış verilməmiş, yuxarıda qeyd etdiyi kimi hərbi xidmət keçmək üçün hərbi hissəyə təhvil verilmişdir. Bununla da müvafiq əmrin surətini və arayışı almaq imkanından da qəsdən mərhum edilmişdir. Yuxarıda qeyd etdiyi səbəblərdə məktəbdən xaric olunmağını qanunsuz, ona qarşı qərəzçiliyin və qisasçılığın nəticəsi hesab etdiyindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə bərpa olunmaq və təhsili davam etdirmək istəyir. O, bu məktəbdə təhsil aldığı təxminən 1 il ərzində heç bir nizamnamə pozuntusuna yol verməmiş, təhsildə və təlimdə həmişə müvəffəqiyyətləri olub, fiziki cəhətdən tam sağlamdır. Zabit olmaq üçün ali hərbi təhsil almağa onu heç kim məcbur etməyib, özü bu şərəfli peşəni Azərbaycan ordusunun zabiti olmaq peşəsini seçmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, kursant K. Mahmudzadə 26.02.2021-ci il tarixdə 2020-2021-ci Tədris ilin 1-ci yarımilində Fiziki hazırlıq və idman fənni üzrə keçirilən aralıq qiymətləndirmənin, 14.03.2021-ci il tarixdə İ Kəsr qiymətləndirmənin, 06.04.2021-ci il tarixdə İİ Kəsr qiymətləndirmənin və 29.04.2021-ci il tarixdə Şans qiymətləndirmələrin nəticələrinə əsasən “qeyri-kafi” qiymətlər almışdır. Azərbaycan Respublikası Prezidentinin 10.10.2017ci il tarixli, 1628 №-li Fərmanı ilə təsdiq edilmiş “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin 9.16.3-cü maddəsinə (“təhsildə müvəffəqiyyətsizliyə görə”) əsasən yuxarıda qeyd olunan hallarda kursantlar məktəbdən xaric edilirlər. Bununla əlaqədär Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Hərbi Təhsil İdarəsi rəisinin 29.05.2021-ci il tarixli, 26/1744 nömrəli məktubu ilə kursant İddiaçı Məktəb rəisinin 135 nömrəli, 02.06.2021-ci il tarixli əmri ilə hərbi-təhsil müəssisəsinin dəyişən heyətinin siyahısından çıxarılmış və müddətli hərbi xidmət keçmək üçün xidmət yeri təyin olunanadək Maddi-texniki təminat taboruna göndərilmişdir. Lakin Məktəbdən xaric edilmiş kursantların valideynlərinin çoxsaylı şikayətləri nəticəsində Təhsil İdarəsi rəisinin 10.06.2021-ci il tarixli, 26/1926 nömrəli məktubu ilə COVİD-19 pandemiyasının yayılması ilə əlaqədar müəyyən məhdudiyyətlərin yaranması kursantların fiziki hazırlığına mənfi təsir göstərdiyindən keçid balına çox yaxın nəticə əldə etmiş kursantlar, o cümlədən K. Mahmudzadə imtahandan keçmiş hesab olunmuş və Məktəb rəisinin 143 nömrəli, 11.06.2021-ci il tarixli əmri ilə hərbi-təhsil müəssisəsinə bərpa edilmişlər. Amma 14.06.2021-ci il tarixdə Məktəb rəisinin 146 nömrəli əmri ilə onun yuxarıda qeyd olunan əmr ləğv edilmiş, 22.06.2021-ci il tarixdə isə 152 nömrəli əmri ilə 143 və 146 nömrəli əmrlərin ləğvinin əsası kimi Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin 18.06.2021-ci il tarixli, 26/2102 nömrəli əmri göstərilmişdir. 29.06.2021-ci il tarixdə isə kursant İddiaçı Məktəb rəisinin 158 nömrəli əmri ilə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı iddia tələbi qanuna müvafiq deyil və bu səbəbdən də rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddia ərizəsinə yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri, Xətai rayon İdarəsi tərəfindən İddiaçı məxsus 26.10.2020-ci il tarixli, SX ******* №-li hərbi biletin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin 10.10.2017-ci il tarixli, 1628 nömrəli fərmanı ilə təsdiq edilmiş “H.Əliyev adına” AAHM-nin nizamnanməsinin 9.16.3-cü yarımbəndinə (təhsildə müvəffəqiyyətsizliyə görə) əsasən 1-ci kursdan xaric edilmişdir. DH və HTBİ-dən daxil olmuş 10.06.2021-ci il tarixli, 26/1926 nömrəli məktuba əsasən Az.Resp.Müdafiə Nazirinin icazəsi ilə Covid-19 pandemiyası ilə əlaqədar olaraq fiziki hazırlıq imtahanından keçid balına çox yaxın nəticə əldə etmiş kursantlar imtahanlardan keçmiş hesab edilsinlər və məktəbin dəyişən heyətin siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 10.10.2017-ci il tarixli, 1628 nömrəli Fərmanı ilə təsdiq edilmiş “H.Əliyev adına” AAHM-nin nizamnanməsinin 9.16.3-cü yarımbəndinə (təhsildə müvəffəqiyyətsizliyə görə) əsasən 1-ci kursdan xaric edilmişdir. - “Heydər Əliyev adına” Azərbaycan Ali Hərbi Məktəbi Rəisinin 221 №-li, 17.09.2020ci il tarixli əmrindən çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 12 noyabr 2015-ci il tarixli, 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə qəbul qaydaları haqqında Təlimat”a və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 47-ci maddəsinin “v" bəndinə müvafiq olaraq, X7 müvəffəqiyyətlə vermiş İddiaçı 17 sentyabr 2020-ci il tarixdən “Heydər Əliyev adına” Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunmasına, dəyişən şəxsi heyətin siyahısına, 18 sentyabr 2020-ci il tarixdən səhər yeməyindən qazan təminatına və bütün növ təminatlara daxil edilməsinə, “əsgər” hərbi rütbəsi verilməsinə və hərbi andiçmə mərasiminə qədər 4-cü kursant taborunda hazırlıq kursu keçməsinə əmr edilmişdir. - “Heydər Əliyev adına” Azərbaycan Ali Hərbi Məktəbin rəisi tərəfindən 26.02.2021-ci il tarixdə təsdiq edilmiş 2020-2021-ci Tədris ilinin 1 yarımilində İV tabor (1 kurs) Fiziki hazırlıq və idman fənni üzrə keçirilən aralıq qiymətləndirmənin nəticələrindən görünür ki, İddiaçı 7 №-li (turnik) çalışma üzrə nəticəsi 1, balı 0; 36 №-li (100m) çalışma üzrə nəticəsi 15,0, balı 30; 44 №-li (2400m) çalışma üzrə nəticəsi 10,31, balı 60: ümumi nəticəsi 0, balı 1 qeyd edilməklə “F”- qeyri-kafi qiymətləndirilmişdir. - “Heydər Əliyev adına” Azərbaycan Ali Hərbi Məktəbin rəisi tərəfindən 14.03.2021-ci il tarixdə təsdiq edilmiş 2020-2021-ci Tədris ilinin 1 yarımilində 1 kurs Fiziki hazırlıq və idman fənni üzrə keçirilən İ kəsr qiymətləndirmənin nəticələrindən görünür ki, İddiaçı 7 №li (turnik) çalışma üzrə nəticəsi 3, balı 20; 36 №-li (100m) çalışma üzrə nəticəsi 14,4, balı 60; 44 №-li (2400m) çalışma üzrə nəticəsi 10,31, balı 60: ümumi nəticəsi 0, balı 1 qeyd edilməklə “F”- qeyri-kafi qiymətləndirilmişdir. - “Heydər Əliyev adına” Azərbaycan Ali Hərbi Məktəbin rəisi tərəfindən 06.04.2021-ci il tarixdə təsdiq edilmiş 2020-2021-ci Tədris ilinin 1 yarımilində 1 kurs Fiziki hazırlıq və idman fənni üzrə keçirilən İİ kəsr qiymətləndirmənin nəticələrindən görünür ki, İddiaçı 7 №li (turnik) çalışma üzrə nəticəsi 4, balı 30; 36 №-li (100m) çalışma üzrə nəticəsi 14,4, balı 60; 44 №-li (2400m) çalışma üzrə nəticəsi 10,31, balı 60: ümumi nəticəsi 0, balı 1 qeyd edilməklə “F”- qeyri-kafi qiymətləndirilmişdir. - “Heydər Əliyev adına” Azərbaycan Ali Hərbi Məktəbin rəisi tərəfindən 29.04.2021-ci il tarixdə təsdiq edilmiş 2020-2021-ci Tədris ilinin 1 yarımilində 1 kurs Fiziki hazırlıq və idman fənni üzrə ŞANS qiymətləndirmənin nəticələrindən görünür ki, İddiaçı 7 №-li (turnik) çalışma üzrə nəticəsi 5, balı 30; 36 №-li (100m) çalışma üzrə nəticəsi 14,4, balı 60; 44 №li (2400m) çalışma üzrə nəticəsi 10,31, balı 60: ümumi nəticəsi 0, balı 1 qeyd edilməklə “F”- qeyri-kafi qiymətləndirilmişdir. - “Heydər Əliyev adına” Azərbaycan Ali Hərbi Məktəbi Rəisinin 135 №-li, 02.06.2021-ci il tarixli əmrindən çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, 4-cü kursant taborunun 15-ci kursant bölüyünün kursantı X2 Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2017-ci il tarixli, 1628 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin 9.16.3-cü yarmbəndinə (təhsildə müvəffəqiyyətsizliyinə görə) kursdan xaric edilməsinə, məktəbin dəyişən heyətinin siyahısından çıxarılmasına və müddətli həqiqi hərbi xidmət keçmək üçün xidmət yeri təyin olunanadək Maddi-texniki taborunda saxlanılmasına əmr verilmişdir. Əmrin verilməsinə əsas Döyüş hazırlığı və Hərbi Təhsil Baş İdarəsi Hərbi Təhsil İdarəsi rəisinin 29.05.2021-ci il tarixli, 26/1744 nömrəli məktubu (d/o-5889) və polkovnik E.Cəbrayılov və polkovnik-leytenant E.Nəzərovun raportları (dax.ol.№ 5951, 5952,6039,6040,6041,6043, 6044, 6045) qeyd edilmişdir. - “Heydər Əliyev adına” Azərbaycan Ali Hərbi Məktəbi Rəisinə ünvanlanmış Döyüş hazırlığı və Hərbi Təhsil Baş İdarəsi Hərbi Təhsil İdarəsi rəisinin 29.05.2021-ci il tarixli, 26/1744 nömrəli məktubunun surətindən görünür ki, 22.05.2021-ci il tarixli, 1229 nömrəli məktubla təqdim olunmuş İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 11 avqust 2015-ci il tarixli, 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi təyinatlı ali təhsil müəssisələrinin təhsil fəaliyyətinin təşkili haqqında Təlimat”ın 2.5.9-cu yarmbəndinin tələblərinə və “Heydər Əliyev adına Azərbaycan Respublikası Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin 9.16.3-cü yarımbəndinə əsasən “təhsildə müvəffəqiyyətsizliyə görə” məktəbdən xaric olunmasına icazə verilmişdir. - “Heydər Əliyev adına” Azərbaycan Ali Hərbi Məktəbi Rəisinin 143 №-li, 11.06.2021ci il tarixli əmrindən çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2017-ci il tarixli, 1628 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin 9.16.3-cü yarmbəndinə (təhsildə müvəffəqiyyətsizliyinə görə) kursdan xaric edilmiş və xidmət yeri müəyyən olunanadək maddi-texniki təminat taborunda saxlanılan 4-cü kursant taborunun 15-ci kursant bölüyünün kursantı X3 Azərbaycan Respublikası Müdafiə Naziri tərəfindən müstəsna hal kimi (fiziki hazırlıq üzrə məşgələlərin keçirilməsində COVİD-19 pandemiyası ilə əlaqədar olaraq müəyyən məhdudiyyətlərin yaranması kursantların fiziki hazırlığına mənfi təsir göstərmişdiyindən keçid balına çox yaxın nəticə əldə etmiş kursantlar imtahandan keçmiş hesab olunub) təhsilin davam etdirməyinə icazə verildiyinə görə Məktəbin dəyişin heyətinin siyahısına daxil edilməsinə və müvafiq bölmədə kursant vəzifəsinə təyin olunmasına əmr verilmişdir. Əmrin verilməsinə əsas Döyüş hazırlığı və Hərbi Təhsil Baş İdarəsi Hərbi Təhsil İdarəsi rəisinin 10.06.2021-ci il tarixli, 26/1926 nömrəli məktubu (d/o-6405) və polkovnik E.Cəbrayılov və polkovnik-leytenant E.Nəzərovun raportları (dax.ol.№ 6434, 6440) qeyd edilmişdir. - “Heydər Əliyev adına” Azərbaycan Ali Hərbi Məktəbi Rəisinə ünvanlanmış Döyüş hazırlığı və Hərbi Təhsil Baş İdarəsi Hərbi Təhsil İdarəsi rəisinin 10.06.2021-ci il tarixli, 26/1926 nömrəli məktubunun surətindən görünür ki, 2020-2021-ci tədris ilinin birinci yarımilinin sonunda keçirilən fiziki hazırlıq üzrə imtahanlarda bir çalışma üzrə normativi yerinə yetirə bilməyərək akademik borcu qalmış 1-ci kurs üzrə kursant İddiaçı müstəsna hal kimi imtahandan keçid balı toplamış kimi qeydə alınaraq ikinci yarımil imtahanlarında iştirak etməsinə Baş Qərargah rəisinin müavini-Döyüş Hazırlığı və və Hərbi Təhsil Baş İdarəsinin rəisinin raportuna əsasən Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən icazə verilmişdir. - “Heydər Əliyev adına” Azərbaycan Ali Hərbi Məktəbi Rəisinin 146 №-li, 14.06.2021ci il tarixli əmrindən çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin şifahi göstərişinə əsasən Məktəb rəisinin 11 iyun 2021-ci il tarixli 143 nömrəli nizami hissə üzrə əmrinin 4-cü paraqrafı (Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2017-ci il tarixli 1628 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”ni 9.16.3-cü yarımbəndinə (təhsildə müvəffəqiyyətsizliyinə görə) əsasən kurslardan xaric edilmiş və xidmət yeri müəyyən olunanadək maddi-texniki təminat taborunda saxlanılan aşağıda adları çəkilən kursantlara Azərbaycan Respubliksı Müdafiə Naziri tərəfindən müstəsna hal kimi (fiziki hazırlıq üzrə məşğələlərinin keçirilməsində COVİD-19 pandemiyası ilə əlaqədar olaraq müəyyən məhdudiyyətlərin yaranması kursantların fiziki hazırlığına mənfi təsir göstərdiyindən keçid balına çox yaxın nəticə əldə etmiş kursantlar imtahandan keçmiş hesab olunub) təhsillərini davam etdirməklərinə icazə verildiyinə görə Məktəbin dəyişən heyətinin siyasısına daxil edilsinlər və müvafiq bölmələrdə kursant vəzifələrinə təyin olunsunlar) ləğv olunmuş hesab edilmişdir. Əsas kimi məktəb rəisinin şifahi göstərişi və polkovnik E.Cəbrayılov, polkovnik-leytenant E.Nəzərovun raportları (dax.ol.№6496,6481) qeyd edilmişdir. - “Heydər Əliyev adına” Azərbaycan Ali Hərbi Məktəbi Rəisinin 152 №-li, 22.06.2021ci il tarixli əmrindən çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Məktəb rəisinin 14 iyun 2021-ci il tarixli 146 nömrəli nizami hissə üzrə əmrinin 4-cü, 5-ci və 6-cı paraqraflarında 11 iyun 2021-ci il tarixli 143 nömrəli nizami hissə üzrə əmrinin 4-cü, 5-ci və 6-cı paraqraflarının ləğv olunması Döyüş Hazırlığı və Hərbi Təhsil Baş idarəsi Hərbi Təhsil İdarəsindən daxil olmuş 18 iyun 2021-ci il tarixli 26/2102 nömrəli məktubu ilə əsaslandırılmış hesab edilmişdir. Əsas kimi Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin 18.06.2021-ci il tarixli 26/2102 nömrəli məktubu qeyd edilmişdir. - “Heydər Əliyev adına” Azərbaycan Ali Hərbi Məktəbi Rəisinin 158 №-li, 29.06.2021ci il tarixli əmrindən çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, kursdan xaric edilmiş və xidmət yerləri müəyyən edilənədək maddi-texniki təminat taborunda saxlanılan əsgər X2 Azərbaycan Respubiikası Müdafiə nazirinin 22 iyun 2021-ci il tarixli 069 nömrəli əmrinə əsasən 29 iyun 2021-ci il tarixdən Məktəbin şəxsi heyətin siyahısından, bütün növ təminatlardan (30 iyun 2021-ci il tarixdən qazan təminatından) çıxarılmasına və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 28.4-cü maddəsinə uyğun olaraq, müddətli həqiqi hərbi xidmət keçmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilməsinə əmr verilmişdir. Əsas kimi Müdafiə nazirinin 22.06.2021-ci il tarixli 069 nömrəli əmri (dax.ol.№285), mayor R.Ayatovun raportu (dax.ol.№7141,7139) qeyd edilmişdir. - Azərbaycan Respublikasının Silahlı Qüvvələrin Baş Kliniki Hospitalı tərəfindən iddiaçıya ünvanlanmış 27.08.2021-ci il tarixli, 6051 №-li məktubdan və ona əlavə edilmiş 08.10.2020-ci il tarixli çıxarış epikrizinin surətindən görünür ki, AAHM-in kursantı İddiaçı 24.09.2020-ci ildə daxil olmuş və 08.10.2020-ci ildə yazılmışdır. Diaqnoz: “Hər iki ağ ciyərin aşağı payının kəskin ocaqlı pnevmoniyası”. Aparılmış müalicələr: rejim, pəhriz, dərman: sefazolin, siprofloksasin, bromheksin, dekzametazon, tlükanazol, glükoza 5%. Xəstəliyinin Gedişi və yazıldığı gün xəstənin vəziyyəti: Vəziyyəti kafidir. Xəstəliyə görə 15 (on beş) gün müddətində məzuniyyət verilmişdir. Tövsiyələr: Hərbi hissə həkiminin nəzarəti. Soyuqlamadan qorunmaq. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı “Heydər Əliyev adına” Azərbaycan Ali Hərbi Məktəbi Rəisinin 221 №-li, 17.09.2020-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Müdafiə nazirinin 12 noyabr 2015-ci il tarixli, 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə qəbul qaydaları haqqında Təlimat”a və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 47-ci maddəsinin “v" bəndınə müvafiq olaraq, X7 müvəffəqiyyətlə verdiyindən 17 sentyabr 2020ci il tarixdən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunmuş, dəyişən şəxsi heyətin siyahısına, 18 sentyabr 2020-ci il tarixdən səhər yeməyindən qazan təminatına və bütün növ təminatlara daxil edilmiş, “əsgər” hərbi rütbəsi verilmişdir. 26.02.2021-ci il tarixdə 2020-2021-ci Tədris ilinin 1 yarımilində Fiziki hazırlıq və idman fənni üzrə keçirilən aralıq qiymətləndirməsi zamanı qeyri-kafi qiymət almış, 14.03.2021-ci il tarixdə kəsir imtahanı üçün birinci, 06.04.2021-ci il tarixdə kəsir imtahanı üçün ikinci və 29.04.2021-ci il tarixdə kəsir imtahanı üçün şans verilsə də yenidən qeyri-kafi qiymət alaraq kəsir imtahanlarında akademik borcunu aradan qaldıra bilməmişdir. Ona görə də “Heydər Əliyev adına” Azərbaycan Ali Hərbi Məktəbi Rəisinin 135 №-li, 02.06.2021-ci il tarixli əmrinə əsasən “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin 9.16.3-cü yarımbəndinin tələbinə uyğun olaraq “təhsildə müvəffəqiyyətsizliyə görə” məktəbdən xaric olunmuşdur. İddiaçı hazırda həmin əmri məhkəmə qaydasında mübahisələndirir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1628 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi»nin: - 1.1-ci bəndinə əsasən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi (bundan sonra – Məktəb) ali və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir. - 6.1-ci bəndinə əsasən Məktəbdə tədris işi bu Nizamnaməyə və müdafiə naziri tərəfindən təsdiq edilən “Xüsusi təyinatlı ali təhsil müəssisələrinin təhsil fəaliyyətinin təşkili haqqında Təlimat”a əsasən təşkil olunur və aparılır. - 6.4-cü bəndinə əsasən Məktəbdə təhsil əyani formada, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil olunur və Azərbaycan dilində aparılır. - 6.6-cı bəndinə əsasən Məktəbə qəbul olunana qədər qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılmamış və ya çağırılmış, lakin qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət müddətini tam keçməmiş kursantlar (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduğuna görə xaric edilənlər istisna olmaqla) Məktəbdən xaric edildikdə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər. - 9.1-ci bəndinə əsasən Məktəbin dəyişən heyəti Məktəbdə təhsil alan kursantlar, dinləyicilər, həmçinin tədris prosesini təmin edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularıdır. - 9.2-ci bəndinə əsasən kursantlar – Məktəbdə ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunmuş və əyani formada təhsil alan, həqiqi hərbi xidmət keçən vətəndaşlardır. - 9.16.3-cü bəndinə əsasən təhsilalanlar Məktəbdən təhsildə müvəffəqiyyətsizliyinə görə xaric edilirlər. - 10.4.1-ci bəndinə əsasən dövlət təhsil standartına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək, biliklərini artırmaq və dərinləşdirmək Məktəbin dəyişən heyətinin vəzifələrinə aiddir. “Xüsusi təyinatlı ali təhsil müəssisələrinin təhsil fəaliyyətinin təşkili haqqında Təlimat”ının: - 2.5.6-cı bəndinə əsasən fiziki hazırlıq istisna olmaqla, konkret fənn (fənn modulu) üzrə toplanmış balın yekun miqdarına görə təhsilalanların biliyi aşağıdakı kimi qiymətləndirilir: 51 baldan aşağı "qeyri-kafi" F 51-60 bal “qənaətbəxş” E 61-70 bal “kafi" D 71-80 bal "yaxşı" C 81-90 bal "cox yaxşı" В 91-100 bal “əla” A Fiziki hazırlıq üzrə qiymətləndirmə “Azərbaycan Respublikası Silahlı Qüvvələrində fiziki hazırlıq və idman Təlimnaməsi” nə uyğun olaraq həyata keçirilir və qiymətləndirmə əsasən praktiki tapşırıqların yerinə yetirilməsinə görə aparılır. 2.5.7-ci bəndinə əsasən cari və aralıq qiymətləndirmənin nəticələrinə görə təhsilalanın hər hansı bir fənn üzrə yekun qiymətləndirilməsi 51 baldan aşağı olarsa (fiziki hazırlıq fənni üzrə 60 baldan aşağı olarsa), onun bu fəndən akademik borcu olur və kəsir imtahanına qalır. Kəsir imtahanları xüsusi təyinatlı ali təhsil müəssisəsi rəisinin əmri ilə 2 (iki) həftə müddətində (qış imtahan sessiyası üçün - təhsilalanların ehtiyat həftəsində və qış tətili dövründə, yay imtahan sessiyası üçün isə - təhsilalanların məzuniyyətinin ilk iki həftəsində) təşkil olunur və keçirilir. Təhsilalanlar üçün xüsusi təyinatlı ali təhsil müəssisəsində 2 (iki) dəfə kəsir imtahanlarının keçirilməsi təşkil olunur. - 2.5.8-ci bəndinə əsasən kəsir imtahanlarının nəticələrinə əsasən 2 (iki) və daha çox fəndən akademik borcu qalan təhsilalanlar “təhsildə müvəffəqiyyətsizliyə” görə xüsusi təyinatlı ali təhsil müəssisəsindən xaric edilirlər. - 2.5.9-cu bəndinə əsasən kəsir imtahanlarının nəticələrinə əsasən 1 (bir) fəndən akademik borcu qalan təhsilalanlar isə xüsusi təyinatlı ali təhsil müəssisəsinin tabe olduğu rəisin müvafiq icazəsindən sonra təkrar kəsir imtahanlarına buraxılırlar. Təkrar kəsir imtahanının nəticəsinə görə yekun qiymət 51 baldan aşağı olduqda (fiziki hazırlıq fənni üzrə 60 baldan aşağı olduqda) təhsilalanlar “təhsildə müvəffəqiyyətsizliyə” görə xüsusi təyinatlı ali təhsil müəssisəsindən xaric edilirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun: - 28.1.2-ci maddəsinə əsasən hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti - həqiqi hərbi xidmətin növü hesab olunur. - 28.3-cü maddəsinə əsasən hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş vətəndaşlar kursantlar adlandırılırlar və onların həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. Kursantlar və onların ailə üzvləri müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və onların ailə üzvlərinə aid olan hüquqlardan istifadə edir, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların vəzifələrinə uyğun olan vəzifələr yerinə yetirirlər. - 28.4-cü maddəsinə əsasən müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilən (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduğuna görə xaric edilən şəxslər istisna olmaqla) kursantlar müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər. Bu zaman həmin kursantların hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrində aldıqları təhsil müddətinin hər 4 günü 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmət müddətinə hesablanır və onlar xidmət müddəti başa çatdıqda müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən ehtiyata buraxılırlar. Şərh olunan qanunvericiliyin müddəalarına görə xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsilalanlar kursantlar hesab olunur. Kursantların fiziki hazırlıq üzrə qiymətləndirməsi və qiymətləndirməyə əsasən praktiki tapşırıqların yerinə yetirilməsi Təlimat əsasında həyata keçirilir ki, bu zaman cari və aralıq qiymətləndirmənin nəticələrinə görə təhsilalanın hər hansı bir fənn üzrə yekun qiymətləndirilməsi 51 baldan aşağı olduğu halda, onlar kəsir imtahanına qalırlar. Əlbəttə bu zaman kursantlara təkrar kəsir imtahanından keçmək şansı verilir. “Xüsusi təyinatlı ali təhsil müəssisələrinin təhsil fəaliyyətinin təşkili haqqında Təlimat”a və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun müddəalarına görə kəsir imtahanlarının nəticələrinə əsasən 1 (bir) və daha çox fəndən akademik borcu qalan təhsilalanlar “təhsildə müvəffəqiyyətsizliyə” görə xüsusi təyinatlı ali təhsil müəssisəsindən xaric edilirlər və müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər. İşin faktiki hallarından göründüyü kimi İddiaçı “Heydər Əliyev adına” Azərbaycan Ali Hərbi Məktəbinin 4-cü kursant taborunun 15-ci kursant bölüyünün kursantı olmuşdur. 2021-ci il Tədris ilinin İ yarımilində Fiziki hazırlıq və idman fənni üzrə keçirilən aralıq, İ Kəsr, İİ Kəsr və Şans qiymətləndirmənin nəticələrinə əsasən İddiaçı hər dörd qiymətləndirmənin sonunda “qeyri-kafi” olaraq qiymətləndirilmişdir. Düzdür təkzib olunmaz haldır ki, iddiaçı ilkin olaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi Rəisinin əmri ilə kurslardan xaric edilmiş, lakin sonradan Döyüş Hazırlıq və Hərbi Təhsil Baş İdarəsi Hərbi Təhsil İdarəsinin məktubu əsasında COVİD-19 pandemiyası ilə əlaqədar olaraq keçid balına çox yaxın nəticə əldə etmiş kursant hesab edilərək o xüsusi təyinatlı ali təhsil müəssisəsinə bərpa olunmuşdur. Lakin nəzərə alınmalıdır ki, sonradan Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin 18.06.2021-ci il tarixli məktubu əsasında qəbul edilmiş müvafiq əmrlər əsasında həmin əmr ləğv edilərək İddiaçı Məktəbin şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Göründüyü kimi iddiaçının xüsusi təyinatlı ali təhsil müəssisəsindən xaric edilməsi onun təhsildə olan müvəffəqiyyətsizliyi ilə bağlı olmuşdur ki, bu zaman iddiaçıya kəsir imtahanlarında iştirak etməsi hüququ verilmiş, lakin o, həmin hüquqdan istifadə edərkən “Xüsusi təyinatlı ali təhsil müəssisələrinin təhsil fəaliyyətinin təşkili haqqında Təlimat”ında nəzərdə tutulmuş konkret fənn üzrə toplanmış balın yekun miqdarına görə yenidən “qeyrikafi” olaraq qiymətləndirilmişdir. Belə olan halda isə sözügedən Təlimatın 2.5.9-cu maddəsinin, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1628 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi»nin müddəaları əsasında iddiaçı “təhsil müvəffəqiyyətsizliyə”nə görə xüsusi təyinatlı ali təhsil müəssisəsindən xaric edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının təhsil müvəffəqətsizliyi dedikdə, onu 7 №li çalışma (turnik) fənni üzrə müəyyən edilmiş balın toplanmaması başa düşülür ki, həmin balın həddi müvafiq olaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin diskresion səlahiyyətləri çərçivəsində müəyyən edilir. Hər dörd imtahanda 7 №-li çalışma (turnik) fənni üzrə müəyyən edilmiş balın toplanmaması iddiaçının “təhsil müvəffəqiyyətsizliyə”nə görə xüsusi təyinatlı ali təhsil müəssisəsindən xaric edilməsinə səbəb olmuşdur. Bundan əlavə iddiaçının fiziki hazırlıq üzrə qiymətləndirmə zamanı icra olunan fiziki tapşırıqlar üzrə normanın ödəyib-ödəməməsini qiymətləndirmək cavabdehin diskresion səlahiyyətlərinə aiddir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. - 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən İddiaçı “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin 9.16.3-cü yarımbəndinin tələbinə uyğun olaraq “təhsildə müvəffəqiyyətsizliyə görə” məktəbdən xaric olunması barədə “Heydər Əliyev adına” Azərbaycan Ali Hərbi Məktəbi Rəisinin 135 №-li, 02.06.2021-ci il tarixli əmri qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar