Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-228/2021 29.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçının nümayəndəsi X1 (Ünvan: Quba rayonu, Zərdabi kəndi; ixtisası: hüquqşünas; iş yeri: işləmir) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 3-cü şəxs - Quba Rayon Mərkəzi Xəstəxanası qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı İddiaçı əlilliyin təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 12.05.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmənin 25.02.2020-ci il tarixli qərardadı ilə Quba Rayon Mərkəzi Xəstəxanasının 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. 14.09.2020-ci il tarixli məhkəmə iclasında cavabdehin adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi kimi oxunması qərara alınmışdır. Məhkəmənin 02.12.2020-ci il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması qərara alınmış və mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun mütəxəssislərinə (həkimlərinə) həvalə edilmişdir. Daha sonra iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 29.04.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir və hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı Quba rayon mərkəzi xəstəxanasının rəyinə əsasən xəstəliyi ilə bağlı əlilliyin təyin olunması üçün müraciət etmiş, sənədlərini 04.07.2018-ci il tarixində TSEK-ə göndəriblər, lakin 17.07.2018-ci il tarixində bildirişə cavabda əlilliyə təyin olunmasından imtina olunduğu göstərilib. Həmən ilin avqust ayında xəstəliyi ilə bağlı yenidən müalicədə olmuş, sənədlərini TSEK-ə göndərilsə də yenidən imtina olunub. 2018-ci ilin noyabr-dekabr aylarında vəziyyəti ağırlaşdığı üşün qeydiyyatda olduğu B.Eyvazov adına ETHVTİ-da müalicədə olmuş, həkimlərin rəyinə görə onun xəstəliyi xroniki olduğundan 2 qrup əllilik təyin olunmalıdır, onun tam müalicəsi olmadığı göstərilib, lakin sənədləri yenidən TSEK-ə göndəriləndə onlar artıq bəhanəsi qalmadığından həmin müəssisədə müalicə olunmağı tövsiyyə ediblər. 29 may 2019-cu il tarixində xəstəliyi ilə bağlı qeydiyyatda olduğuğu xəstəxanada olmuş, xəstəliyi xroniki olduğu bildirilib, dərmanlar verilib. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 03.07.2018-ci il tarixli 0244003AAHD4 saylı göndərişi əsasında 06.07.2018-ci il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0244003AAHD4 saylı göndərişdə əsas xəstəlik kimi “İdiopatik trombositopenik purpura, tez tez burun və diş dibindən qanaxma ilə” diaqnozlu xəstəlik, ağırlaşma kimi isə “Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar," və “Xroniki böyrək xəstəliyi İİ mərhələ, xr böyrək çatmamazliqi İİ dərəcə" xəstəliyi göstərilmişdir. Göndərişdə qeyd edilmiş əsas diaqnoz Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlilliyin təyininə əsas vermir. Qeyd edilmiş ağırlaşmalar isə köməkçi diaqnostik müayinələrlə təsdiqlənmir. Buna görə də bu göndəriş əsasında əlillik təyinatı aparılmaq mümkün olmamış və əsaslı olaraq ətraflı müayinə edilib xəstənin vəziyyətinin dəqiqləşdirilməsi üçün göndərişin natamam doldurulması barədə qərar verilmişdir. İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 16.11.2018-ci il tarixli 0244003AAHNU saylı göndərişi əsasında 19.11.2018-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Bu göndərişdə də əvvəlki göndərişdə olduğu kimi ağırlaşmalar köməkçi diaqnostik müayinələrlə təsdiqlənmir, əsas diaqnoz isə əlilliyin təyininə əsas vermir. Buna görə də bu göndəriş əsasında əsaslı olaraq əlillik təyinatı aparılmamış və ətraflı müayinə edilib xəstənin vəziyyətinin dəqiqləşdirilməsi üçün göndərişin natamam doldurulması barədə qərar verilmişdir." İddiaçı əlillik vəziyyəti sonuncu dəfə səhiyyə müəssisəsinin 04.02.2019-cu il tarixli 0244003AAHVD saylı göndərişi əsasında 06.02.2019-cu il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0244003AAHVD saylı göndərişdə əsas xəstəlik kimi qeyd edilmiş ““İdiopatik trombositopenik purpura, tez tez burun və diş dibindən qanaxma ilə” xəstəliyi Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlilliyin təyininə əsas vermir. Qeyd edilmiş ağırlaşmalar isə müayinələrlə təsdiqlənmir. Buna görə də düzgün olaraq əlillik təyinatı aparılmamış və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı ıl tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə Əlillik altsistemi üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Həmin Əsasnamənin 4.2.bəndinə görə “Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır”. 4.7. bəndinə görə isə “Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.” İddiaçı səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş hər üç göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamışdır. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq imtina qərarı verilmişdir. Hər üç halda əlillik təyinatından düzgün olaraq imtina verilmişdir, verilmiş qərarlar səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş məlumatlara uyğun olaraq verilmişdir, İddiaçı hüquqlarının pozulması istiqamətində tibbisosial ekspert komissiyaları tərəfindən hər hansı qanunazidd hərəkət və ya hərəkətsizliyə yol verilməmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İş materiallarından görünür ki, iddiaçı ona əlillik dərəcəsinin təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatında iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtinanın səbəbləri kimi “İmtina edilib. Səbəb: Əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: Əlavə ixtisaslaşmış (Eyvazov. ad.Hematologiya və Transfuzologlya ETİ) müalicəyə ehtiyac var” göstərilmişdir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdeh orqanın imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun 51497 saylı ambulator kartdan çıxarışın surətindən görünür ki, İddiaçı ilk dəfə 14.12.2017-ci ildə Az.ETHTİ-na müraciət etmişdir. Xəstə “İdiopatik Trombositopenik purpura” diaqnozu ilə dispanser qeydiyyatdadır. 3 dəfə stasionar müalicədə olub. Xəstə mütəmadi olaraq müayinə və müalicə alır. İş materiallarından görünür ki, Quba Rayon Mərkəzi Xəstəxanası məhkəmənin sorğusuna cavab olaraq 04.03.2020-ci il tarixli 583 nömrəli məktubla bildirmişdir ki, İddiaçı aid “forma 088” 04.07.2018, 19.11.2018 və 05.02.2019-cu il tarixlərində tam formada doldurularaq, Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. İş materiallarından görünür ki, Quba Rayon Mərkəzi Xəstəxanası tərəfindən İddiaçı barəsində tərtib edilmiş 05.02.2019-cu il tarixli 0244003AAHVD nömrəli Göndərişə (Forma 88) əsasən İddiaçı xəstəliyi 13.12.2017-ci il tarixdə başlamış və o, 15.12.2017-28.12.2017ci il, 02.08.2018-13.08.2018-ci il və 19.11.2018-10.12.2018-ci il tarixlərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda stasionar müalicə almış, 2017-ci ildən bu günə qədər isə X4 Xəstəxanasında ambulator müalicə alır. Əsas diaqnoz: D69.3 idiopatik trombositopenik purpura idiopatik trombositopenik purpura. diş dibindən və burnundan qanaxmalarla. Ağırlaşma: 199 Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar. qan dövranı çatmamazlığı İİ dər.; N18.2 Xroniki böyrək xəstəliyi İİ mərhələ xr. böyrək çatmamazlığı İİ dər. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu 05.01.2021ci il tarixli 02 nömrəli məktubunda bildirmişdir ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı 14.12.2017-ci il tarixindən Milli Hematologiya və Transfuziologiya Mərkəzində "Trombositopenik purpura diaqnozu ilə dispanser qeydiyyatdadır və "2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Dövlət Proqramı"nda nəzərdə tutulan tibbi yardım ilə tam təmin olunur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun mütəxəssi rəyinə əsasən Xəstə ilk dəfə 14.12.2017 ci ildə Az.ETHTİ na müraciət etmişdir. Xəstə "İdiopatik Trombasitopenik purpura" diaqnozu ilə dispanser qeydiyyatdadır. 3 dəfə stasionar müalicədə olub.Xəstə mütəmadi olaraq müayinə və müalicə alır. Diaqnoz: idiopatik trombositopenik purpura. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması Göndəriş verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Həmin Əsasnamənin 2.1.7-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18-N18.9) halında ikinci dərəcə əlillik təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”nin 3.1.2.-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Məhkəmə qeyd edir ki, iddiaçının 2017-ci ildən və hal-hazırda da Azərbaycan Respublikası Səhiyyə Nazirliyi B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun qeydiyyatda olması, müvafiq stasionar və mütəmadi olaraq ambulator müalicə alması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda qeydiyyatda olduğu, müvafiq stasionar və davamlı olaraq ambulator müalicə aldığı halda, əlavə ixtisaslaşmış (Eyvazov. ad.Hematologiya və Transfuzologlya ETİ) müalicəyə ehtiyacın olması səbəbi ilə iddiaçıya əlillik dərəcəsinin təyin edilməməsi qanuna ziddir və iddiaçının hüquqlarını pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı xəstəliyi nəzərə alınaraq onun əlilliyinin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. İddiaçı xəstəliyi nəzərə alınaraq onun əlilliyinin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-228/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-228/2021
29.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver