Məhkəmə qərarları › İş №2-1(112)-2280/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2280/2023

12.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2280/2023 12.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. İşin halları İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2022-ci il tarixdə ərizə ilə 4 saylı Bakı “DOST” Mərkəzinə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra – Cavabdeh) **********3 nömrəli xx.xx.2022-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, təqdim edilmiş əmək kitabçasının, diplomunun və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu və xx.xx.1985-ci il tarixindən xx.xx.1986-cı il tarixinədək təhsil aldığı dövrlər də nəzərə alınmaqla) 18 il 10 ay 27 gün təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1994-cü il tarixindən xx.xx.2001-ci il tarixinədək olan dövrün araşdırılması zərurəti yaranmışdır. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın araşdırmasının nəticəsinə əsasən əmək kitabçasının surətində xx.xx.1994-cü il tarixindən xx.xx.2001-ci il tarixinədək qeyd edilmiş Təmir Tikinti idarəsinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum omadığından həmin dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanlar nəzərə alınaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Əlavə sənədlər təqdim ediləcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla biləcəyi qeyd olunmuşdur. Qanunvericiliyin tələblərinə əsasən ona xx.xx.2020-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, müavinətin məbləği xx.xx.2022-ci il tarixindən 180 manata çatdırılmışdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təqdim etdiyi əmək kitabçasına əsasən onun 26 il 02 ay 21 gün iş stajı olduğunu nəzərə alaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona 64.5 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 1955-ci ildə anadan olmuş, 1973-cü ildə əmək fəaliyyətinə başlamaqla xx.xx.1973-cü il tarixdə Uşaq oyuncaqları fabrikinə plastmas sexinə şagird kollektor qəbul olunmuş, xx.xx.1973-cü il tarixdə həmin sexdə 1-ci dərəcə üzrə kollektor keçirilmiş, xx.xx.1973-cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1973-cü il tarixdə Qeyri-standart avadanlığın hazırlanması və təmiri zavodunda metalkonstruksiya sexinə 1-ci dərəcəli çilingər işinə qəbul olunmuş, xx.xx.1973-cü il tarixdə 2-ci dərəcəli çilingər, xx.xx.1975-ci il tarixdə 3-cü dərəcəli çilingər işinə keçirilmişdir, xx.xx.1975-ci il tarixdə hərbi xidmətə getdiyinə görə işdən çıxmışdır. xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixə qədər Sovet Ordusunda xidmət etmiş, xx.xx.1977-ci il tarixdə metalkonstruksiya sexinə 2-ci dərəcəli çilingər işinə qəbul olunmuş, xx.xx.1978-ci il tarixdə 3-cü dərəcəli çilingər, xx.xx.1981-ci il tarixdə 3-cü dərəcəli çilingər, xx.xx.1983-cü il tarixdə 5-ci dərəcəli çilingər verilmiş, xx.xx.1983-cü il tarixdə Azərbaycan SSR ƏHQM 36 m. 1b üzrə işdən azad olunmuşdur. xx.xx.1983-cü il tarixdə TTİ köməkçi Təsərrüfat İdarəsində 3-cü dərəcəli çilingər işinə düzəlmiş, xx.xx.1984-cü il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1984-cü il tarixdə yenidən 5-ci dərəcəli çilingər işinə bərpa olunmuşdur. xx.xx.1984-cü il tarixdə Respublika Kolxoz Bazarların İdarəetmə İdarəsinə təmir tikinti sahəsinə 5-ci dərəcəli çilingər işinə qəbul olumuş, xx.xx.1985-ci il tarixdə öz xahişi ilə işdən azad olmuş, xx.xx.1985-ci il tarixdən SPTU 2 "Sərnişin vaqonların sürücüsü" ixtisası üzrə təlim qrupuna daxil olmuş, xx.xx.1986-cı il tarixdə təhsil müddətinin başa çatması ilə əlaqədar məktəbdən xaric olunmuşdur. xx.xx.1986-cı il tarixdə 2 saylı PTM bitirmiş, sərnişin vaqonların sürücüsü qəbul olunmuşdur. Vaqon deposunun Bakı rezervlə birləşməsi ilə bağlı 23.08.86-cı il tarixli 102/11 əmr və 15/08-86-cı il tarixli H-350 əmr əsasında Azərbaycan Dəmir yoluna bələdçi qəbul olunmuş, xx.xx.1986-cı il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1987-ci il tarixdə TTİ kommunal Təs. İdarəsinə 4cü dərəcəli elektrik qaynaqçısı qəbul olunmuş, xx.xx.1987-ci il tarixdə 5-ci dərəcəli qaynaqçı işinə keçirilmiş, xx.xx.1987-ci il tarixdə idarənin adı Komunal təsərrüfat idarəsi Baş idarəsinə dəyişilib. xx.xx.1988-ci il tarixdə 5-ci dərəcəli qaynaqçı işinə bərpa olmuş, xx.xx.1988-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1989-cu il tarixdə BBİ XÜSUSİ TTİ-yə 5-ci dərəcəli qaynaqçı işinə qəbul olunmuş, xx.xx.1989-cu il tarixdə "Təmirçi" kooperativinə keçməsi ilə əlaqədar öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1989-cu il tarixdə “Təmirçi” kooperativinə elektrik qaynaqçısı vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1989-cu il tarixdə Xüsusi TTİ-nə keçməsi ilə əlaqədar öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1989-cu il tarixdə 5-ci dərəcəli qaynaqçı qəbul olunmuş, xx.xx.1991-ci il tarixdə 6-cı dərəcəli qaynaqçı verilmiş, xx.xx.1992-ci il tarixdə Xüsusi TTİnə keçməklə ƏHQM 36 m. 5 b. üzrə işdən azad olunmuş, xx.xx.1992-ci il tarixdə keçmək yolu ilə 6-cı dərəcəli qaynaqçı qəbul olunmuş, xx.xx.1993-cü il tarixdə Azərb. SSR ƏHQM 37 m. üzrə (öz xahişi ilə) işdən azad olunmuşdur. xx.xx.1993-cü il tarixli əmrlə “Oğuz” istehsalat kommersiya firmasına 5-ci dərəcəli elektrik qaynaqçı işinə qəbul olunmuşdur. xx.xx.1994-cü il tarixdə TTİ- 2-yə 5-ci dərəcəli elektrik qaynaqçı işinə qəbul olunmuş, xx.xx.1994-cü il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1994-cü il tarixdə 6-cı dərəcəli elektrik qaynaqçı işinə qəbul olunmuş, xx.xx.1994-cü il tarixdə öz xahişi ilə işdən azad olunmuş, xx.xx.1994-cü il tarixdə 6-cı dərəcəli elektrik qaynaqçısı işinə düzəlmiş, xx.xx.2001-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixə qədər hərbi xidmətdə olmağı və xx.xx.1985-ci il tarixdən xx.xx.1986cı il tarixə qədər təhsil aldığı dövrlər nəzərə alınmaqla xx.xx.1973-cü il tarixdən xx.xx.2001-ci il tarixə qədər 26 il 02 ay 21 gün iş stajı olmuşdur. xx.xx.2020-ci il tarixdə 65 yaşı tamam olmuş, ona pensiya təyin olunmaq əvəzinə yaşa görə 130 manat sosial müavinət təyin edilmişdir. Cavabdehin imtinasını əsassızdır. Belə ki, əmək kitabçasında xx.xx.1973-cü il tarixdən xx.xx.2001-ci il tarixə qədər 26 il 02 ay 21 gün iş stajının olması işlədiyi idarələrin əmrləri ilə imzalarla təsdiqini tapır. Əgər xx.xx.1994-cü il tarixindən xx.xx.2001-ci il tarixinədək olan dövr üçün əmək kitabçasında işə düzəldiyi və işdən çıxdığı Təmir Tikinti idarəsinin (kooperativinin) möhürü və imzası varsa həmin idarənin arxiv sənədlərini araşdırmağa ehtiyac yoxdur. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verdilər və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həm istinad olunan normaya, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.2-ci maddəsinə əsasən 1 iyul 2019 - 30 iyun 2020-ci il üzrə kişilərə pensiya təyin edilməsi yaşı 64 yaş 6 aydır. Beləliklə, qeyd olunan normalardan görünür ki, 2020-ci ilin iyun ayı üzrə kişilərə yaşa görə əmək pensiyası aşağıdakı şərtlər mövcud olduğu təqdirdə təyin edilir: 1) 64 yaş 6 aya çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. İşdən görünür ki, iddiaçı xx.xx.1955-ci ildə doğulmuş, 64 yaş 6 ayı xx.xx.2020-ci ildə tamam olmuşdur. İşdən görünür ki, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etdiyi 2022-ci ilin iyul ayında artıq 64 yaş 6 ayı tamam olmuşdur. Deməli, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan birinci şərt, yəni yaş tələbi ödənilir. İkinci şərtə gəldikdə, iddiaçının pensiya hüququnun yarandığı tarixə tələb olunan əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı 28800 manat təşkil edir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək 18 il 10 ay 27 gün sığorta stajına uyğun olaraq 13.961,33 manat pensiya kapitalı pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Belə olan halda aydın olur ki, iddiaçının sığorta stajından asılı olmayaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir (cavabdehin sığorta stajına daxil etmədiyi dövrlər nəzərə alınsa belə, iddiaçının pensiya kapitalı tamamlanmır). Deməli, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun azı 25 il sığorta stajı olmalıdır. İşdə olan 779100 nömrəli diplomun surətindən görünür ki, iddiaçı 30 mart 1985-ci ildə Bakı şəhəri 2 nömrəli X8 Məktəbinə daxil olmuş və 15 fevral 1986-cı ildə Sərnişin Qatarlarında vaqon Bələdçisi peşəsi üzrə orta təhsil bazasında orta texniki peşə məktəbinin tam kursunu bitirmişdir. НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçının əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1973-xx.xx.1973-cü il tarixlərdə Uşaq oyuncaqları fabrikində plastmass sexinə şagird kollektor, 1-ci dərəcə üzrə kollektor vəzifələrində, xx.xx.1973xx.xx.1975-ci il tarixlərdə Qeyri-standart avadanlığın hazırlanması və təmiri zavodunda çilingər vəzifəsində işləmişdir. xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Sovet Ordusu sıralarında xidmət etmişdir. xx.xx.1977-xx.xx.1983-cü il tarixlərdə Qeyri-standart avadanlığın hazırlanması və təmiri zavodunda çilingər, xx.xx.1983-xx.xx.1984-cü il tarixlərdə TTİ Köməkçi Təsərrüfat İdarəsində çilingər işləmişdir. xx.xx.1984-xx.xx.1985-ci il tarixlərdə Respublika Kolxoz Bazarların İdarəetmə İdarəsində təmir tikinti sahəsində 5-ci dərəcəli çilingər işləmiş, xx.xx.1985-xx.xx.1986-cı il tarixlərdə 2 nömrəli X8 Məktəbində “Sərnişin vaqonlarının bələdçisi” ixtisası üzrə təlim keçmişdir. xx.xx.1986-xx.xx.1986-cı il tarixlərdə Azərbaycan Dəmir yolu vaqon deposunda sərnişin vaqonunun bələdçisi, xx.xx.1987-xx.xx.1988-ci il tarixlərdə Bakı şəhər XDS İK Baş istehsalat kommunal təsərrüfat idarəsinin İxtisaslaşmış təmir-tikinti idarəsində 5-ci dərəcəli çilingər, xx.xx.1989xx.xx.1989-cu il tarixlərdə Xüsusiləşdirilmiş təmir-tikinti idarəsində 5-ci dərəcəli çilingər, xx.xx.1989-xx.xx.1989-cu il tarixlərdə “Təmirçi” kooperativində elektrik qaynaqçısı, xx.xx.1989-xx.xx.1992-ci il tarixlərdə Xüsusiləşdirilmiş təmir-tikinti idarəsi nəzdində “İcarəçi”də qaynaqçı, xx.xx.1992-xx.xx.1993-cü il tarixlərdə İxtisaslaşmış təmir-tikinti idarəsində 6-ci dərəcəli qaynaqçı vəzifəsində işləmişdir. xx.xx.1993-xx.xx.1993-cü il tarixlərdə “Oğuz” istehsal-kommersiya firmasında 5-ci dərəcəli elektrik qaynaqçı, xx.xx.1994-xx.xx.1994-cü il tarixlərdə Abşeron rayonu 2 nömrəli Təmir-tikinti idarəsində 5ci dərəcəli elektrik qaynaqçı, xx.xx.1994-xx.xx.1994-cü il tarixlərdə Abşeron rayonu 2 nömrəli Təmir-tikinti idarəsində 6-cı dərəcəli elektrik qaynaqçı, xx.xx.1994-xx.xx.2001-ci il tarixlərdə "xxxx" kiçik müəssisəsinə 6-cı dərəcəli elektrik qaynaqçısı vəzifəsində işləmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********053700 nömrəli məktubuna əsasən xx.xx.1994-cü il tarixdə 17307 nömrə ilə dövlət qeydiyyatına alınmış Sərbəst "xxxx" X1 qeydiyyat qovluğuna əsasən müəssisənin direktoru vəzifəsinə xx.xx.1993-cü il tarixli protokolla X2 təyin olunması barədə məlumat mövcuddur. İddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... İstinad olunan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçının 64,5 yaşının tamam olduğu tarixə cəmi 26 il 8 ay 4 gün ümumi iş stajı olmuşdur. Deməli, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan ikinci tələbi də ödəmişdir. İşdən görünür ki, cavabdeh bu halı qəbul etməmiş, iddiaçıya pensiya təyin edilməsindən imtina edərkən iddiaçının xx.xx.1994-xx.xx.2001-ci illərdəki stajını faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından qəbul etməmişdir. Məhkəmə cavabdehin bu imtinası ilə razılaşmır və qeyd edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində qeyd edilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. İddiaçının hüququnun yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra - Qaydalar) 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə, Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. İşin yuxarıda istinad olunan hallarından məlum olur ki, cavabdehin qəbul etmədiyi xx.xx.1994-xx.xx.2001-ci illərdəki iş stajı əmək kitabçasında öz əksini tapmış, həmin qeydlər müəssisəsinin möhrü və vəzifəli şəxsin imzası ilə təsdiqlənmişdir. İddiaçının sonuncu işlədiyi "xxxx" X1 mövcud olması aidiyyəti dövlət orqanının məlumat ilə təsdiq edilir, həmin sənədlərdən görünür ki, müəssisənin möhrü əmək kitabçasındakı möhrlə eynilik təşkil edir. Müəssisənin arxiv sənədlərinin mövcud olmaması isə iddiaçının ziyanına şərh oluna bilməz. Çünki arxiv sənədlərinin saxlanılması iddiaçının deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamənin 2.10-cu bəndinə əsasən 2.10. İdarə, təşkilat və müəssisələrin fəaliyyəti nəticəsində yaranan və Milli arxiv fonduna daxil olan arxiv sənədləri “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən müddətlər başa çatdıqdan sonra daimi mühafizə üçün müvafiq dövlət arxivlərinə təhvil verilir. Həmin Qərarla təsdiq edilmiş Qeyri-dövlət arxiv fondlarının mühafizəsi üzrə Qaydalarının 4 və 5-ci hissələrinə əsasən qeyri-dövlət idarə, təşkilat və müəssisələrinin fəaliyyəti nəticəsində yaranan və daimi mühafizə edilməli olan arxiv sənədlərinin mühafizəsi işi bilavasitə onların özləri tərəfindən həyata keçirilir. Qeyri-dövlət idarə, təşkilat və müəssisələri öz arxiv sənədlərini saxlamaq üçün əlverişli bina və otaqlar ayırmalı, sənədlərin mühafizəsi üçün tam məsuliyyət daşımalı, məsul şəxslər təyin etməlidir. Göründüyü kimi qanunvericiliyə əsasən istər dövlət, istərsə də, qeyri dövlət təşkilatlarının arxivlərinin mühafizəsi müvafiq müəssisələr tərəfindən həyata keçirilməlidir (təhvil verilənədək). O da qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Qanunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinin birinci abzasına əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Lakin işdən görünür ki, cavabdeh heç bir əsaslı şübhə olmadan iddiaçının 1994- 2001-ci illərə aid sığorta stajını qəbul etməmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan dövrlər iddiaçının əmək kitabçasında qeyd edildiyindən, iddiaçının işləməsi barədə qeydlərin cavabdehdə şübhə doğurması barədə həmin inzibati orqan hər hansı mötəbər sübut təqdim etmədiyindən onun bu imtinası əsaslı sayıla bilməz. Bu imtina qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. ƏPQ-nin: - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. - 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. - 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə, sadalananlara əsasən iddiaçının xx.xx.2020-ci il tarixdə 64,5 yaşı tamam olduğundan və onun həmin tarixə 25 ildən artıq sığorta stajına malik olması tam sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2020-ci il tarixə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir (iddiaçı tələb kimi imtinanın etibarsızlığını qeyd etsə də, iddia ərizəsindən görünür ki, o həmin imtinanın qanuna uyğun olmadığını nəzərdə tutmuşdur). Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 64 yaş 6 ayının tamam olduğu xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar