Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2280/2025 29.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı1, Üçüncü şəxs X1 nümayəndəsi X2 iştirakı ilə, Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı (üçüncü şəxs: X5) “zirzəmiyə aid divarın bərpa edilməsi və s.” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra – iddiaçılar) cavabdeh Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək binanın 2 otaqlı mənzillər tərəfindən yerləşən və qanunsuz dağıdılan zirzəmiyə aid divarın ilkin layihədəki vəziyyətinə bərpa olunmasının təmin edilməsini, binanın monolit beton tökmə divarını saxlayan 28 mm diametrində “kəmər” adlanan armaturun bərpa olunmasını, zirzəmidə yerləri dəyişdirilən su və kanalizasiya xətlərinin ilkin layihədəki vəziyyətə gətirilməsini, xoşagəlməz hadisələrin qarşısını qabaqcadan almaq məqsədilə qanunsuz açılmış qapı boşluğunun ləğv olunmasını və divarın ilkin layihə şəklində bərpa edilməsini xahiş etmişdirlər.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, hökumət tərəfindən tikilən və hökumətin əmlakı sayılan yaşadıqları 12 mərtəbəli 1 bloklu 36 mənzilli 3 A binası 1985-ci ildə istismara verilmişdir. Hökumət öz əmlakını qorumaq üçün binanın balans saxlayıcısı olaraq Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyini təyin edir. İddiaçılar 36 mənzilin sakinləri faktiki olaraq mülkiyyətçiləri 2010-cu ildən tikintidən anlayışı olmayan vəzifəli şəxsin şəxsi maraqları üzündən əziyyət çəkir. Belə ki, binanın istismarından 25 il sonra Hökumət tərəfindən verilmiş layihədə nəzərdə tutulmayan, heç bir rəsmi dövlət orqanından icazə alınmadan, qanunsuz və özbaşına verilmiş qərarlar nəticəsində binanın 2 otaqlı mənzillər tərəfindən yerləşən zirzəmisinin monolit beton tökmə divarı dağıdılmış və zirzəmiyə giriş üçün “darvaza boyda” qapı boşluğu açılmışdır (foto-şəkillər var). Özbaşına görülmüş işlər zamanı, divarı saxlayan və “kəmər” adlanan 28 mm diametrində polad armaturlar kəsilmiş və nəticədə həmin tərəfdə olan 1-dən 5-ci mərtəbəyədək 2 otaqlı mənzillərin divarlarında iri çatlar əmələ gəlmişdir. Binaya giriş bloku tərəfindən perpendikulyar baxanda divarların 2.5-2.6 sm irəli gəlməsini müşahidə etmək olar. Bununla yanaşı, zirzəmidə layihə üzrə çəkilən su və kanalizasiya xətlərinin yeri də dəyişdirilmişdir. Hesab edirlər ki, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin qanunsuz fəaliyyətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-ci maddəsinin əlamətləri var. Bakı şəhəri zəlzələ bölgəsində yerləşir. Niyə 36 mənzilli binanın sakinləri hər gün qorxu içində yaşamalı, həyəcan keçirməlidir? Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və 31-ci maddələrinə əsasən hər kəsin mülkiyyət və təhlükəsiz yaşamaq hüquqları var. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 5. İddia ərizəsinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12389/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə X5 üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2280/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün hesab edilməmişdir.
5. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıların hazırki tələbi inzibati orqana qarşı yönəlmiş olsa da, lakin həmin tələb publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi və s. ilə bağlı olmayıb, ümumən mübahisə mülki hüquq münasibətlərindən yaranmaqla, mülki qanunvericilik ilə tənzimlənən bir mübahisədir ki, qanunvericiliyin tələbinə görə bu cür iddialara inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
6. İddiaçı1 apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2280/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1662/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2280/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki: “32. Belə ki, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, sədrlik edən sadəcə mübahisənin mülki və ya inzibati münasibətlərdən irəli gələn mübahisə olub-olmaması məsələsini aydınlaşdırmış, mübahisənin mülki hüquq münasibətlərindən irəli gələn mübahisə olduğunu düşündükləri təqdirdə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etməli olduqlarını bildirmişdir.
33. Protokolda qeyd edilənlərdən müəyyən olunur ki, iddiaçıya yuxarıda göstərilmiş qaydada hüquqi yardım göstərilməmiş, mübahisənin mülki hüquqdan irəli gələn məsələ olduğu iddiaçı tərəfindən zənn edildiyi halda mülki məhkəmədə iddia qaldırılması bildirilmişdir ki, həmin protokolda qeyd edilənlər də iddiaçıya lazımı qaydada hüquqi yardım edilmədiyini göstərir.
34. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli xx.xx.2015-ci il tarixli Qərarının 10.1-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra mətndə “ŞTM”) müddəalarına uyğun olaraq tikintiyə icazə verilməsi, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti fəaliyyətinin həyata keçirilməsi (tikinti obyektlərinin inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi), tikinti obyektlərinin istismarına icazə verilməsi ilə əlaqədar inzibati orqanların qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Tikinti fəaliyyətinin həyata keçirilməsinə icazə verilməsi barədə inzibati orqanın qərarı üçüncü şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğu hallarda da eyni qayda tətbiq olunur.
35. Bununla yanaşı, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi istiqamətində hüquqi yardım göstərilməmiş, nəticədə birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi yardım həyata keçirilməmişdir.”
8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İzahatına əlavə olaraq bildirilmişdir ki, 1985ci ildə dövlət tərefinden insa edilerek istismara verilmis ve tərəfindən insa edilərək istismara verilmiş və dövlət əmlakı kimi tanınan Bakı səhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S. Axundov küçəsində yərləşən 12 mərtəbəli, 1 bloklu, 36 mənzilli 3A sayli bina Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfati İdarəsinin balansındadır. Dövlət tərəfindən təsdiqlənmiş layihəyə əsasən, binanin zirzəmisinə giriş yalnız kiçik texniki qapı vasitəsilə nəzərdə tutulmuşdur. Bu qapı 1 otaqli mənzillərin yərləşdiyi hissədən, yalnız texniki xidmət məqsədilə istifadə üçün nəzərdə tutulmuşdur. Hazırda onlar məhz həmin layihədə nəzərdə tutulan kiçik qapıdan istifadə ədərək zirzəmiyə daxil olurlar. Zirzəminin 75.5 m2 qeyri-yasayış sahəsində, 1 və 2 otaqli mənzillərlə əlaqəli olaraq layihə üzrə kanalizasiya sistemi, su boruları və istilik xəttləri yərləşdirilmisdir. Bu sahə ümumi istifadədə olan texniki zona kimi müəyyən edilmisdir və fərdi mülkiyyətə verilməsi və ya konstruktiv dəyişikliklərə məruz qalması qanunsuzdur. 2010-cu ildə, Binəqədi Mənzil Kommunal Təsərrüfat İdarəsinin (BMKTİ) balansınnda olan binanın 25 illik istismarından sonra, tikinti sahəsində pəsəkar bilikləri olmayan BMKTİ -nin bir vəzifəli səxsi tərəfindən dövlət layihəsində nəzərdə tutulmayan və heç bir rəsmi dövlət orqanından icazə alınmadan, özbaşına olaraq 2 otaqli mənzillərin tərəfindən binanin zirzəmisinə giriş məqsədilə "darvaza boyda" qapı boşluğu açılmısdir (foto-faktlarla təsdiq olunan səkil var). Bu müdaxilə zamani 12 mərtəbəli binanin təxminən 15-18 min ton çəkini daşıyan, monolit tökmə betonlu (38-40 sm qalinliginda) divarina və onun daşıyici ələməti olan 28 mm diametrli "kəmər" adlanan polad armatura zərər vurulmus, nəticədə binanin divarlarında iri çatlar əmələ gəlmisdir. Bu, tikilinin konstruktiv bütövlüyünə və təhlükəsizliyinə ciddi təhdiddir və Azərbaycan Rəspublikasi Cinayət Məcəlləsinin 222-ci maddəsində nəzərdə tutulan "tikinti va istismar zamani təhlükəsizlik qaydalarının pozulmasi" əlamətlərini özündə əhtiva ədir. Bu faktlarla bağlı dəfələrlə Azərbaycan Rəspublikasinin Prezidenti, Baş Prokurorluq, Binəqədi Rayon İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanlarına müraciətlər va məktublar ünvanlanmışdir. Lakin BMKTİ tərəfindən vərilən cavablarda bildirilib ki, "zirzəmi özəldir", "zirzəmidə həç bir dəyişiklik yoxdur" və s. Bu cavablar reallığı əks etdirmir və mövcud qanunsuzlugun ört-basdir edilməsinə xidmət edir. Bununla yanaşı, məsələnin araşdırlması zamanı bir sıra şübhəli və hüquqi cəhətdən qeyri-müəyyən faktlar üzə çıxmısdır: xx.xx.2009-cu il tarixli, rəyəstr kitabi №10, qeydiyyat tarixi ilə 004413 nömrəli Səhadətnamə əsasında Baki səhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S. Axundov küçəsində yərləsən 12 mərtəbəli, 1 bloklu binanin zirzəmisindəki 75.5 m2 qeyri-yasayış sahəsi bilinməyən səbəblərlə X4 adina rəsmiləşdirilmişdir. Halbuki bu sahədə layihəyə uyğun olaraq kanalizasiya, su və istilik sistemləri yərləşir və həmin sahəyə müstəqil giriş, ümumiyyətlə, nəzərdə tutulmamışdır. Bu halda, ümumi istifadədə olan texniki zonanın fiziki səxsə səhadətnamə ilə verilməsi və fərdi mülkiyyət kimi taninmasi qanunvericiliyə nə dərəcədə uygundur? Layihədə ayrıca giriş nəzərdə tutulmayan və ümumi istifadadə olan 75.5 mü sahəyə əvvəlcə şəhadatnamə verilməsi, daha sonra isə qanunsuz şəkildə qapı boşlugu açılaraq həmin sahəyə giriş təmin edilməsi və nəticə etibarilə dövlət qurumlarına səhv va ya yanliş məlumat verilməsi əsasında xx.xx.2012-ci il tarixli RX seriyali ******* nömrəli Çıxarışın əldə olunması da ciddi hüquqi sübhələr yaradır. Sözügədən hallarda cinayət tərkibi əlamatlərinin olmasi ehtimali çox yüksəkdir və hüquqi qiymatləndirilməyə ehtiyac vardır. Bu kimi hallar həm ciddi hüquq pozuntusudur, həm də insanların həyat və sağlamliği üçün birbaşa təhlükə yaradır. Odur ki, məhkəmədən xahişi aşağıdakı kimidir: - Zirzəminin monolit beton divarında qanunsuz şəkildə açılmış qapı boşlugu ləğv edilməli, divar ilkin layihədə nəzərdə tutuldugu kimi betonla bərpa olunmalıdır. - Daşıyıcı konstruksiyaya dəstək olan 28 mm diametrli "kəmər armatur" yerində bərpa olunmalı və tikilinin dayaniqlılığı təmin edilməlidir. - Zirzəmidə qanunsuz səkildə dəyişdirilmiş kanalizasiya, su və istilik sistəmləri layihəyə uyğun şəkildə əvvəlki vəziyyətinə qaytarılmalıdır. - Qanunsuz çıxarış va qeydiyyat sənədlərinin hüquqi əsasi araşdırılmalı və zəruri hallarda ləğv edilməsi təmin edilməlidir. Bu tədbirlərin görülməsi, həm yaşayış binasının təhlükəsizliyinin bərpası, həm də vətəndaşların hüquqlarının müdafiəsi baxımından zəruridir.
9. Məhkəmə iclasında iştirak edən üçün şəxsin nümayəndəsi bildirmişdir ki, qeyd edilən zirzəmi uzun illərdir ki, onun tərəfindən özəlləşdirilmişdir.
II. İddianın mümkünlüyü
10. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
11. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
13. Məhkəmə qeyd edir ki, tərəflərin izahatına əsasən müəyyən olunur ki, qeyd edilən qapı boşluğu 2010-cu ildən açılmışdır və daşınmz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 75,5 kv.m. olan zirzəmi sahəsindəki qeyriyaşayış sahəsi xx.xx.2012-ci il tarixdən X1 xüsusi mülkiyyətindədir. Belə olan təqdirdə, 2010-cu ildə açılmış qapı boşluğunun iddiaçı tərəfindən 15 ildən sonra mübahisələndirilməsinə dair qanunvericiliklə yol verilmiş müddətlər ötürülmüşdür. Belə ki, qeyd edilən məsələ (qapı boşluğunun açılımasının qanuniliyi) İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir. Belə ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyrihüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
14. Digət tərəfdən mövcud vəziyyətdə xüsusi mülkiyyətdə olan qeyri-yaşayış sahəsinə cavabdehin hər hansı müdaxiləni həyata keçirməsi və qapı boşluğunun əvvəlki vəziyyətinə qaytarması səlahiyyəti yoxdur. Belə ki, qapı boşluğunun ləğv olunması və divarın ilkin layihə şəklində bərpa edilməsi üçüncü şəxsin mülkiyyətinə müdaxilə olmadan mümkünsüzdür. Məhkəmə qeyd edir ki, mülkiyyət toxunulmazdır və həmin hüquq qanunla qorunur və həmin hüquqa cavabdeh tərəfindən müdaxiləni əsaslandıran qanuni müddəa yoxdur. Bu səbəbdən qeyd edilən tələb daxilində məhkəmə tərəfindən iddiaçıya hər hansı hüquqi yardım göstərilməsi mümkün deyil.
15. Odur ki, iddiaçıların qeyd edilən məqsədə çatması üçün hüquqi müdafiə vasitəsi qeyriyaşayış sahəsinin özəlləşdirilməsinin mübahisələndirilməlidir. Lakin həmin tələbə hazırki iddia tələbi çərçivəsində baxılması mümkün deyildir. Belə ki, həmin tələb üzrə cavabdeh qurum Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsidir və bununla bağlı mümkün prosessual müddətlər ötürülmüşdür. Odur ki, iddia tələbinin “çıxarışın və qeydiyyatın ləğv edilməsi” hissəsində artırılması ilə əlaqədar tələbin dəyişdirilməsinin qəbulundan imtina olunmalıdır.
16. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
17. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
18. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddianın tələbinin dəyişdirilməsinin qəbulundan imtina edilsin. İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva