Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2282/2023 13.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, İddiaçı,cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin imtinası əsassız sayılaraq iddiaçıya 57 yaşı tamam olduğu 22 noyabr 2015-ci il tarixdən hesablamalar aparılaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq cavabdehin imtinası əsassız sayılaraq iddiaçıya 57 yaşı tamam olduğu 22 noyabr 2015-ci il tarixdən hesablamalar aparılaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına rəsmi sənədləri ilə müraciət edərək göstərmişdir ki, onun xx.xx.2015-ci il tarixində 57 yaşı tamam olub və həmin il üçün qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər — 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar — 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Belə ki, onun isə həmin dövrdə 1978-ci il tarixdən - 05 yanvar 2015-ci il tarixinə qədər olan müddəti əhatə edən müddətə (hərbi xidmət illəri istisna olmaqla) iş stajı vardır. Həmin iş stajını əhatə edən əmək fəaliyyətinin bir neçə onilliyi zərərli sahəyə aiddir. İddiaçının dəfələrlə olunan müraciəti qanunsuz əsaslarla geri qaytarılıb və nəticə etibarı ilə ona 2015-ci ildə təyin olunmalı pensiya bu günə kimi təyin olunmamış, pensiya hüququ kobud şəkildə pozulmuşdur. İddiaçının yuxarıdakı məzmunlu müraciətinə cavabdeh tərəfindən verilmiş 11 avqust 2022-ci il tarixli imtina məktubunda tələbinin təmin olunmaması üçün qanuni əsasların olmadığı bildirilib. O, 2015-ci il tarixdən (57 yaşınn tamam olduğu il tarixdən) yaranmış pensiya hüququ nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələb edilmişdir.İstinad etdiyi hüquq norması da, 2017-ci ilin iyul ayına kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci (Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər); 7-ci və 9.1-ci (Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər:-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 ıl 6 ayını həmin işlərdə, qadınlar: 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır) maddələrinin tələbləri olub. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli **********2 nömrəli məktubla bildirmişdir ki, Filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun güzəştli iş stajı 12 il 6 aydan az ( 1 il 1 ay 5 gün (xx.xx.1998-xx.xx.1989-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-9.3-cü, 9.6-cı və 9.7-ci maddələr yeni redaksiyada verilmişdir. Sözügedən Qanun xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir.Belə ki, həmin dəyişikliyə əsasən Qanunun 9.1 -ci maddəsində göstərilmişdir ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İstinad olunan Qanunun məzmunundan göründüyü kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər vardır: Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışmalı; kişilərin azı 25 il sığorta stajı olmaqla, bu müddətin azı 12 il 6 ayı həmin işlərdə, qadınların azı 20 il sığorta stajı olmaqla, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmalıdır. İddiaçı E.Ə.Abdulayevə münasibətdə birinci əsasla bağlı qeyd olunmalıdır ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı E.Ə.Abdulayev xx.xx.1958-ci ildə anadan olmuşdur. İddiaçının 57 yaşı xx.xx.2015-ci il tarixdə tamam olmuşdur.Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il tarixli 11 dekabr 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə köçürülməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı”) 2.4-cü bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Belə ki, iddiaçı E.Ə.Abdulayevin Filiala təqdim etdiyi 09 yanvar 1978-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında və 21 iyun tarixli 2021-ci il tarixli arxiv arayışında təsbit olunmuş işlədiyi dövrlər güzəştli sığorta stajına daxil edilməmişdir. İddiaçının işlədiyi “sürücü” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. İddiaçının yalnız xx.xx.1998- xx.xx.1989-cu il tarixlərində “Qum adası” TNİnin 1 nömrəli avtomobil dəstəsində 5-ci dərəcəli sementleyici aqreqatın motorçusu peşəsində işlədiyi dövr güzəştli pensiya hüququ verən sığorta stajına daxil edilir.Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Hətəmova etirazın məzmununa uyğun çıxış edərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi təmin edilməməlidir. Belə ki, məhkəməyə iddiaçı tərəfindən sübut qismində şəxsiyyət vəsiqəsinin, İT –İ ******* nömrəli əmək kitabçasının, “X2 şirkətinin 1306/1111/01 nömrəli, iyun 2013-cü il tarixli əmək haqqı ödəniş qəbzini, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR)-ın 21 iyun 2021-ci il tarixli arxiv arayışını, cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubunu təqdim etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, mərkəzə təqdim edilən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az, (1 il 1 ay 5 gün (xx.xx.1998-xx.xx.1999-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı, 31 oktyabr 2022-ci il tarixli, **********8 nömrəli məktub ilə, İddiaçı müraciəti ilə bağlı inzibati icraat materiallarını məhkəməyə təqdim etmişdir. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən məhkəməyə daxil olmuş 22 fevral 2023-cü il tarixli, 14-2-18/2-59/2023 nömrəli məktub ilə bildirilmişdir ki, arxiv arayışından müəyən olunur ki, İddiaçı 26.11,1982-ci ildə (əmr № 74/k, 29.11,1982-ci il) “Xəzərqazmaneftqazsənaye” İB-nin 2 nömrəli Texnoloji Nəqliyyat idarəsinin (TNİ) 1 nömrəli Kolonuna QAZ-52 markalı 94-59 nömrəli avtomaşına 3-cü sinif sürücü peşəsinə işə qəbul olub, xx.xx.1984-cü ildə (əmr № 65-k, xx.xx.1984-cü il) Azərbaycan SSR ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən (tərəflərin razılığı ilə) Serebrovski adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) Pesçanıy TNİ-nə köçürülmə ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.1984-cü il (əmr № 187/k, xx.xx.1984-cü il) Serebrovski adına NQÇİ-nin Pesçanıy TNİ-nin 2 nömrəli avtokolonuna 3-cü sinif sürücü peşəsinə işə qəbul olunub, xx.xx.1985-ci ildə (əmr № 314/k, 18.11 1985-ci il) Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1998-ci ildə (əmr № 94-k, xx.xx.1998-ci il) “Qum adası” TNİ-nin 1 №-li avtomobil dəstəsinə 5-ci dərəcəli sementləyici aqreqatın motorçusu peşəsinə KRAZ-250 markalı 10AL361 dövlət nişanlı avtomaşına təhkim olunmaqla işə qəbul olunub, xx.xx.1999-cu il tarixində (əmr № 81-k, xx.xx.1999-cu il) 2 №-li avtomobil dəstəsinə ZİL-130 markalı 10AG761 dövlət nişanlı avtomaşına “CD” kateqoriyalı sürücü peşəsinə keçirilmişdir. 01,05.2003-cü ildə “Azneft” İBnin xx.xx.2003-cü il tarixli 8 saylı əmrinə əsasən "Qum adası” TNİ-i Nəqliyyat sexi kimi “Qum adası” NQÇİ-nin tərkibinə verilmişdir, xx.xx.2010-cu ildə (əmr № 783/k, xx.xx.2010cu il) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən Siyahının 10-cu hissəsinin “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı" 10.2-ci bölməsinin “Neft, qaz kondensatının hasilatı” "a” (fəhlələr) bəndini əsas tutaraq sizə bildiririk ki, İddiaçı işlədiyi sürücü peşəsi siyahıda mövcud deyil. Məhkəmə iş materiallarında olan sənədlərdən müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1958-ci il təvəllüdlüdür, xx.xx.2015-ci ildə 57 yaşı tamam olmuşdur, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Məhkəmə cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin etməsindən imtinasını əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin 2017-ci ilin iyul aylnadək qüvvədə olan redaksiyasına əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun 57 yaşı tamam olduğu 22.11. 2015-ci il tarixinə 25 il ümumi iş stajı olmalı və bu stajın 12 il 6 ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Аzərbаycаn Rеspublikаsının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Аzərbаycаn Rеspublikаsının Nаzirlər Kаbinеtinin 1996-cı il 26 dеkаbr tаriхli, 186 nömrəli qərаrı ilə təsdiq еdilmiş «İşçilərin əmək kitаbçаsının fоrmаsı və оnun tərtibi qаydаlаrı»nın 1.1-ci bəndinə əsаsən əmək kitаbçаsı işçinin əmək fəаliyyətini və əmək stаjını təsdiq еdən əsаs sənəddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası“ nın 4.1.-ci və 4.1.20.-ci bəndlərinə əsasən, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. İddiaçının iş stajı barədə arayışına və təqdim etdiyi əmək kitabçasına əsasən güzəştli stajı cəmi 1 il 1 ay 05 gün təşkil edir. İddiaçının 09 yanvar 1978-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.2015-ci il tarixinə ümumi iş stajı 25 ildən artıq olsada, güzətli şərtlərlə pensiya hüququ verən işlərdə işləməsi stajı 12 il 06 aydan az təşkil edir. Belə ki, iddiaçının yalnız xx.xx.1998- xx.xx.1999-cü il tarixlərində “Qum adası” TNİ 1 nömrəli avtomobil dəstəsində 5-ci dərəcəli sementləyici aqreqatın motorçusu peşəsində işlədiyi dövr güzəştli pensiya hüququ verən sığorta stajına daxil edilir. İddiaçının işlədiyi sürücü vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının 57 yaşı tamam olduğu xx.xx.2015-ci il tarixinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan peşələrdə güzəştli iş stajı 12 il 06 aydan az (1il 1 ay) olduğu üçün 57 yaşından yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin imtinası əsassız sayılaraq iddiaçıya 57 yaşı tamam olduğu 22 noyabr 2015-ci il tarixdən hesablamalar aparılaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 33, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin imtinası əsassız sayılaraq iddiaçıya 57 yaşı tamam olduğu 22 noyabr 2015-ci il tarixdən hesablamalar aparılaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi" barədə iddia tələbi təmin edilməsin. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-2282/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2282/2023
13.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver