Məhkəmə qərarları › İş №2-1(112)-2284/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2284/2021

28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2284/2021 28.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsinin Bakı şəhəri Nizami rayon Xidmət Nümayəndəliyinə qarşı əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsinin Bakı şəhəri Nizami rayon Xidmət Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona yaşa görə (64 yaş 6 ay) 10.01.2020-ci il tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci il tarixdə X2 Naxçıvan şəhərində anadan olmuşdur. 1974-1976-cı il tarixlərdə hərbi xidmətdə olmuşdur. 03.01.1977-ci il tarixdən 14.10.2005-ci il tarixədək əmək fəaliyyəti vardır. Ümumilikdə 30 il sosial sığorta stajı vardır. Qeyd olunan sığorta stajı ona məxsus əmək kitabçasında öz əksini tapmışdır. Cavabdehə müraciət edərək yaşa görə əmək pensiyanın təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı minimum əmək pensiyasının məblığindən yüksək pensiya təminatına imkan vermədiyindən və azı 25 il əmək stajının olmadığını əsas gətirərək yaşa görə əmək pensiyasını təyin etməkdən imtina etmişdir. Əmək kitabçasından göründüyü kimi, 03.01.1977-ci il tarixdən 14.10.2005-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olaraq, ümumilikdə 30 il sosial sığorta stajı vardır. Beləliklə, cavabdeh formal əsaslarla ona yaşa görə əmək pensiyası hüququnu təmin etməkdən imtina etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində doğulmuşdur. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin surətindən görünür ki, iddiaçı 09.05.1974-cü ildən 10.05.1976-cı ilə qədər (2 il 0 ay 2 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - İddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 03.01.1977-ci ildən 01.06.1979-cu ilə qədər Şahbuz rayon UGİM-nə sərbəst güləş üzrə məşqçi (02 il 04 ay 29 gün), 28.08.1979-cu ildən 05.05.1980-cı ilə qədər Naxçıvan MSSR Nazirlər Soveti yanında İdman Komitəsinin UİM-ə sərbəst güləş üzrə məşqçi (08 ay 08 gün), 10.05.1980-cı ildən 11.05.1981-ci ilə qədər Naxçıvan MSSR Nazirlər Sovetin yanında İdman Komitəsinə “QAZ-69” avtomaşının sürücüsü (1 il 2 gün), 12.05.1981-ci ildən 14.10.2005-ci ilə qədər Naxçıvan sərnişin daşımaları üzrə avtobaza Taksomotor parkına 3-cü dərəcəli sürücü (24 il 05 ay 01 ay) vəzifələrində işləmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 13/85 №-li, 31.01.2020-ci il tarixli arxiv arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan Avtonəqliyyat İdarəsinin sənədlərinə baxdıqda müəyyən oldu ki, İddiaçı 12.05.1981-ci il tarixli, 129 №li əmrlə sürücü olaraq işə qəbul edilməsi, 14.10.2005-ci il tarixli 8 №li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 18 dekabr 2020-ci il tarixli, 02/177 №-li məktuba əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 13/849 №-li, 17.12.2020-ci il tarixli arxiv arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan MSSR Nazirlər Soveti yanında Bədən Tərbiyəsi və İdman Komitəsinin sənədlərinə baxdıqda müəyyən oldu ki, İddiaçı 30.08.1979-cu il tarixli, 234 №-li əmri ilə müəllim qəbul edilməsi əmr kitablarında göstərilmişdir. Qeyd: 1981-ci ilə dair əmr kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyindən işdən azad edilməsi haqqında məlumat yoxdur. Lakin 1981-ci ilin may ayına qədər əmək haqqı cədvəlində əmək haqqı alıması qeyd edilmişdir. - Şahbuz rayon Dövlət Arxivi tərəfindən verilmiş 89 №-li, 16.12.2020-ci il tarixli arxiv arayışından görünür ki, Şahbuz rayon Dövlət Arxivində mühafizə olunan Şahbuz rayon Təhsil Şöbəsinin əmr kitablarına baxdıqda müəyyən oldu ki, İddiaçı 03.01.1997-ci il tarixli, 01 №-li əmrlə Şahbuz rayon Uşaq Gənclər məktəbinə məşqçi müəllim vəzifəsinə təyin edilməsi Şahbuz rayon Təhsil Şöbəsinin əmr kitablarında qeyd edilmişdir. İddiaçı Şahbuz rayon Uşaq Gənclər məktəbində 1977-ci ilin yanvar ayından 1979-cu ilin iyun ayına qədər əmək haqqın almışdır. Qeyd: İddiaçı Şahbuz rayon Uşaq Gənclər məktəbində məşqçi müəllim vəzifəsindən azad olması barədə əmrə rast gəlinmədi. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsinin Bakı şəhəri Nizami rayon Xidmət Nümayəndəliyi tərəfindən iddiaçıya ünvanlanmış **********0 №-li, 22.01.2020-ci il tarixli məktubdan görünür ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7 maddəsinə əsasən yaşa görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, bu olmadıqda isə azı 25 il əmək stajı olduqda təyin edilir. Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı minimum əmək pensiyasının məbləğindən yüksək pensiya təminatına imkan vermədiyindən və azı 25 il əmək stajı olmadığından ona pensiya təyin edilməsi qanunvericilikdə mümkün deyildir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; - 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı – müvafiq olaraq fərdi hesabına sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; - 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir; - 6-1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır; Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası DSMF-nin Kollegiyasının 2011-ci il 21 noyabr tarixli, 17 №li Qərarı ilə təsdiq olunmuş və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7-ci bəndinə əsasən pensiya təyinatı sektorunun məsləhətçisi ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə 01.01.2006-cı il tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirir. Azərbaycan Respublikası ƏƏSMN Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 №-li qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2.1-ci bəndinə əsasən 01.01.2006-cı ilədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi hazırda qüvvədə olan Qaydalarda da 01.01.2006-cı ilə qədər sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı hərbi xidmət müddəti də daxil olmaqla 01.01.2006-cı il tarixədək artıq 30 il 06 ay 14 gün ümumi iş stajı mövcuddur. Bundan başqa, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. - 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. - 5-ci maddəsinə əsasən bu Qanun 2018-ci ilin aprelin 1-dən qüvvəyə minir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Məhkəmə hesab edir ki, iddiaçı İddiaçı 25 ildən artıq (30 il 06 ay 14 gün) sığorta stajına malik olduğu halda ona 64 yaş 6 ayı tamam olduğu vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə işin müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi hüquq normalarının tələblərinə müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 64 yaş 6 ayı tamam olduğu dövrdən, yəni 10.01.2020-cı il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı İddiaçı 64 yaş 6 ayı tamam olduğu dövrdən, yəni 10.01.2020-cı il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsinin Bakı şəhəri Nizami rayon Xidmət Nümayəndəliyinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar