Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2284/2025 12.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə inzibati işə 12 mart 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 550 nömrəli qərarı əsasında ona Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, sahə 2, 39 №-li yerdə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m. torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyiyətinin xx.xx.1993-cü il tarixli, 550 №-li qərarı əsasında iddiaçıya Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, sahə 2, 39 №-li yerdə fərdi yaşayış evinin tikilməsi üçün 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində 1993-1994-cü illərdə fərdi yaşayış evi tikərək həmin ünvanda ailəsi ilə yaşayır. Qeyd edilən torpaq sahəsinin yerləşmə sxeminin verilməsi üçün müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin əməkdaşları əraziyə baxış keçirərək xx.xx.2024-cü il tarixli 5- 18/2-M-26- 091/2024 N-li cavab məktubu ilə ayrılmış torpaqğı yerləşmə sxemini ona təqdim etmişlər. Ona torpağın ayrılması haqqında Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 550 №-li qərarının Milli Arxiv İdarəsindən verilən arxiv sənədini və Sabunçu Rayon İcra Hakimiyyətindən verilən “X2” cavabdehə təqdim edərək ayrılmış 1200 kv.m. torpaq sahəsinə adına mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsi üçün müraciət etmiş, lakin imtina cavabı verilmişdir. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən ərazinin hüdudları daxilində ləğv edilmiş və işlək neft quyularının baza məlumatı mövcuddur. Araşdırma zamanı yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə verilmiş sorğuya ünvanlanmış xx.xx.2024-cü il tarixli, 14-2/2-2790/2024 saylı cavab məktubunda bildirilmişdir ki, həmin koordinatlarda olan torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərdən, Bakı Şəhər X3 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6/296 nömrəli qərarı ilə fərdi yaşayış evlərinin tikintisi məqsədilə Ramana qəsəbə nümayəndəliyinə ayrılmış ərazilərin hüdudları daxilində yerləşir. Həmçinin müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsi eyni zamanda "xxxx" MMC tərəfindən neft-qaz əməliyyatları aparılan ərazilərin hüdudları, 3444 nömrəli ləğv olunmuş quyunun 60 metrlik məsafəsində və 63133 nömrəli fəaliyyətsiz fondda olan quyunun (dayandırılmış və işlək vəziyyətinə qaytarılması ehtimalı olan) 23 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. İstehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması məsələsinə qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun baxılmalı və həmin torpaq sahəsi ilə bağlı aparılan bütün əməliyyatlar Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmalıdır. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 1342 kv.m təşkil edir. Üçüncü şəxslərin etirazı: Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iddiaya dair yazılı münasibətini məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, həmin koordinatlarda olan torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərdən, Bakı şəhər X3 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 6/296 nömrəli qərarı ilə fərdi yaşayış evlərinin tikintisi məqsədilə Ramana qəsəbə nümayəndəliyinə ayrılmış ərazilərin hüdudları daxilində yerləşir. Həmçinin müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsi eyni zamanda "xxxx" MMC tərəfindən neft-qaz əməliyyatları aparılan ərazilərin hüdudları, 63133 və 3444 nömrəli ləğv olunmuş quyuların müvafiq olaraq 25 və 60 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və üçüncü şəxsin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, tərəflərindən təqdim edilmiş etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Dövlət Arxivinin Bakı filialının xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 550 nömrəli qərarının arxiv nüsxəsində görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, sahə 2, yer № 39 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi İddiaçı ayrılmışdır. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti xx.xx.2024-cü il tarixli məktubu ilə, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 550 nömrəli qərarı ilə ayrılmış, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, sahə 2, yer № 39 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin sxeminin təsdiq edildiyi qeyd edilmiş və sxem məktuba əlavə edilmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə analoji sənədlər əsasında mülkiyyət hüququ əldə etmiş şəxslərə məxsus sənədlər təqdim edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmənin mövqeyi: Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. İddiaçı Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 550 nömrəli qərarına və rayon icra hakimiyyəti tərəfindən verilmiş yerləşmə sxeminə istinad edərək, həmin qərarla ona ayrılmış 0,12 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun qeydə alınması tələbini irəli sürmüşdür. Cavabdehin imtinasının (etirazının) əsasını torpaq sahəsinin neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərdən, Bakı Şəhər X3 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6/296 nömrəli qərarı ilə fərdi yaşayış evlərinin tikintisi məqsədilə Ramana qəsəbə nümayəndəliyinə ayrılmış ərazilərin hüdudları daxilində yerləşməsi, "xxxx" MMC-nin istifadəsinə verilmiş ərazilərin hüdudları daxilində, ləğv olunmuş quyunun 60 metrlik məsafəsində və fəaliyyətsiz fondda olan quyunun (dayandırılmış və işlək vəziyyətinə qaytarılması ehtimalı olan) 23 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşməsi, torpaq sahəsinin faktiki ölçüsünün 1342 kv.m olması təşkil edir. Məhkəmə cavabdeh orqanın imtinasının dəlillərini iddianın təmin edilməməsinin əsası kimi qəbul etmir. Məhkəmə, əvvəlcə, ölçüdəki uyğunsuzluğa münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbi faktiki 0,1342 ha ölçüyə görə deyil, hüquqmüəyyənedici sənədə uyğun olaraq 0,12 ha torpaq sahəsinə dair irəli sürülmüşdür. Məhkəmə cavabdehin torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsi dəlilinə münasibətdə qeyd edir ki, iddiaçıya ayrılmış torpaq sahəsi Dövlət Neft Şirkətinin istifadəsində olan torpaqların hüdudları daxilində və neft-qaz quyularının mühafizə zolağında yerləşirsə, bu torpaq sahəsi ayrılmış fiziki şəxsin mülkiyyət hüququnun realizəsinə mane ola bilməz. Əksinə fiziki şəxs ona ayrılmış torpaq sahəsindən istifadə edə bilməməsi səbəbindən pozulmuş hüquqlarının müdafiəsi baxımından (ədalətli kompensasiya tələb edə bilməsi və s.) üçün gözlənti mülkiyyət hüququnu reallaşdıra bilməlidir. Eyni zamanda üçüncü şəxs Dövlət Neft Şirkətinin torpaq sahəsinin "xxxx" MMC-nin istifadəsinə verilmiş ərazilərin hüdudları, eləcə də ləğv olunmuş quyunun 60 metrlik məsafəsində və fəaliyyətsiz fondda olan quyunun (dayandırılmış və işlək vəziyyətinə qaytarılması ehtimalı olan) 23 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşməsi ilə bağlı etirazına münasibətdə məhkəmə qeyd edir ki, "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, lakin onun tərəfindən iddiaya dair etiraz və onun dəlillərini təsdiqləyən sübutlar təqdim edilməmişdir. Ləğv olunmuş neft-qaz quyusuna gəldikdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında xx.xx.2017-ci il tarixli, 31 nömrəli qərarının 3.3-cü bəndində əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Neftqazçıxarma sənayesi obyektlərindən yaşayış binalarına, fərdi yaşayış evlərinə, yataqxanalara, ictimai və inzibati binalara, müvəqqəti salınmış qəsəbələrə, sənaye və kənd təsərrüfatı müəssisələrinə, elektrikötürücü xətlərinə və elektrik yarımstansiyalarına qədər minimum məsafələr (metrlə) müvafiq cədvəldə verilmişdir. Göründüyü kimi qanunvericilikdə neftqazçıxarma sənayesi obyektlərindən torpaq sahəsinə minimum məsafələr müəyyən edilməsi nəzərdə tutulmamışdır. İddiaçının tələbi torpaq sahəsi ilə bağlı olduğundan sözügedən dəlilə istinad edilməsi əsassızdır. Qanunvericiliyin iddiaçıya məxsus sənədi - icra hakimiyyəti orqanının daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktı hüququların dövlət qeydiyyatı üçün əsas kimi nəzərdə tutması iddiaçıda mülkiyyət hüququna “qanuni gözlənti” yaratmışdır. Belə ki, “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının əsaslandığı belə bir hüquqi akt mövcud olmuşdur. Bundan başqa, işdən görünür ki, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının iddiaçıya torpaq sahəsinin ayrılması barədə qərarı ləğv olunmamışdır və hazırda qüvvədədir. Bundan əlavə məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə sorğusu əsasında əldə edilmiş hüquqmüəyyənedici sənədlərdən müəyyən olunur ki, iddia olunan torpaq sahəsinin qonşuluğunda iddiaçının sənədləri ilə eyni məzmunlu sənədlər əsasında digər torpaq sahələrinə mülkiyyət hüququ cavabdeh tərəfindən qeydiyyata alınmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır; 12.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır; 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.2-ci maddəsinə əsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 18.1-ci maddəsinə əsasən, inzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. Məhkəmə qeyd edir ki, hazırkı halda cavabdeh inzibati orqanın iddiaçının müraciətindən imtinası Qanunun yuxarıda sadalanan inzibati icraatın prinsiplərinə zidd hesab edilməlidir. Əvvəla ona görə ki, işin sadalanan hallarından da müəyyən olunur ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələri eyni məzmunlu sənədlər əsasında qeydiyyata alınmışdır. Hazırkı iş üzrə əvvəlki praktikasına uyğun olmayaraq imtina ilə çıxış etmişdir ki, bununla da iddiaçıya münasibətdə Qanunun etimad və ya bərabər yanaşılma prinsipini tətbiq etməmişdir. Həmçinin, cavabdehin eyni ərazi üzrə digər torpaq sahələrinin qeydiyyatını nəzərə almadan iddiaçının hüququnu qeydiyyata almamaqla İİQ-18-ci maddəsində nəzərdə tutulan “çoxun azı ehtiva etməsi” prinsipini də pozmuşdur. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 550 nömrəli qərarı ilə ayrılmış, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, sahə 2, yer № 39 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinə İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 550 nömrəli qərarı ilə ayrılmış, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, sahə 2, yer № 39 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinə İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-2284/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2284/2025
12.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver