Məhkəmə qərarları › İş №2-1(112)-2285/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2285/2020

21.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2285/2020 21.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı adın və soyadın dəyişdirilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, onun “Zakirov” soyadının “Əliyev” soyadına, “Əli” adının “Anar” adına dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Resublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Cavabdehnə “Zakirov “soyadının “Əliyev” soyadına, “Əli” adının “Anar” adına dəyişdirilməsi haqqında müraciət etmişdir. Cavabdehndən onun müraciətinə 06 dekabr 2019-cu il tarixli 1313 saylı məktubla onun “Zakirov “soyadının “Əliyev” soyadına, “Əli“ adının “Anar” adına dəyişdirilməsinin Azərbaycan Resublikası Nazirlər Kabinetinin “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi haqqında “12 may 2011-ci il tarixli 79 saylı qərarına əsasən adın, ata adının və soyadının növbəti dəfə dəyişdirilməsinə yol verilməməsini bildirərək müraciətinə imtina edilmişdir. Məhz buna görə də soyadının və adının dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı şəhəri Cavabdeh vəzifəli şəxslərin hərəkətləri (hərəkətsizliyi) soyadın və adın dəyişdirilməsindən imtina etməsi onun hüquqlarının həyata keçirilməsini məhdudlaşdırır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə iştirak edən şəxslərə şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Cavabdeh tərəfindən 12 aprel 2014-cü il tarixdə verilmiş AZ-İ № 010465 saylı adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamədən görünür ki, xx xxxx 1979-cu il tarixdə Ağcabədi rayonu Üzeyirkənd kəndində anadan olmuş X1, adını, ata adını İddiaçı dəyişdirdi. Bu barədə soyadın, adın, at adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında 12 aprel 2014-cü il tarixdə 13 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ-İİİ seriyalı 295806 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxx 1979-cu ildə Ağcabədi rayonunda anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 24 mart 1979-cu il tarixdə 47 saylı nömrə ilə qeyd edilmişdir. Ata qrafasında X3, ana qrafasında X2 adı yazılmışdır. İşdə olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1979-cu il tarixdə Ağcabədi rayonu Üzeyirkənd kəndində anadan olmuşdur. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 06 dekabr 2019-cu il tarixli, 13/3 saylı məktubdan görünür ki, iddiaçının müraciətinə baxılmış, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi haqqında” 12 may 2011-ci il tarixli 79 saylı qərarına əsasən adın, at adının və soyadının növbəti dəfə dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.3-cü maddəsinə əsasən “Zakirov” soyadının “Əliyev” soyadına “Əli” adının “Anar” adına dəyişdirilməsi mümkün deyildir. Beləliklə işin hallarından görünür ki, iddiaçı əvvəllər adı, soyadı, ata adı X4 olmuş, daha sonra adını və soyadını İddiaçı dəyişdirmiş, həmin dəyişiklik doğum haqqında akt qeydində 12 aprel 2014-cü il tarixdə 13 sayla nömrə ilə qeydə alınmışdır. Hazırki iddia tələbi üzrə iddiaçı növbəti dəfə adının və soyadının dəyişdirilməsini tələb edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydası”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Hazırki iddia tələbi üzrə iddiaçı növbəti dəfə adının və soyadının dəyişdirilməsinin onun hüququ olmasına istinad edərək, cavabdehin imtinasının əsassız hesab edilməsini tələb edir. Qanunvericlik 18 yaşına çatdıqdan sonra şəxsin adının, soyadının və ata adının növbəti dəfə dəyişdirilməsinin mümkünlüyünü qeyd etsə də, lakin dəyişikliyin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydası” ilə müəyyən edilmişdir. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi adın və soyadın növbəti dəfə dəyişdirilməsinə ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla, bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. İddiaçının adının və soyadının dəyişdirilməsi barədə tələbinin Qaydaların 6.24-6.28ci bəndlərində müəyyən olunmuş hallardan hər hansı birinə uyğunluğu iş materialları ilə müəyyən edilməmiş və iddiaçı öz tələbini əsaslandıracaq hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının adının və soyadının dəyişdirilməsi üçün hər hansı əsas müəyyən edilmədiyindən, cavabdeh tərəfindən imtina edilməsi əsaslı olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar