Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2285/2025 23.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 23 yanvar 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1951-ci il təvəllüdlür. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən iddiaçıya xx.xx.2006-cı il tarixdən 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh tərəfindən 3-17-1/3-3-13972/2023 №-li, xx.xx.2023-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarla iddiaçıya xx.xx.2008-ci il tarixdən (57 yaşdan) əmək pensiyası təyin edilmiş, pensiya məbləği 2128,54 manatdan 1959,66 manata azaldılmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli iddiaçıya ünvanladığı “Artıq ödənilmiş pensiya məbləği haqqında” məktubunda qeyd etmişdir ki, “...araşdırma zamanı, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşınızın tamamlandığı xx.xx.2008-ci il tarixindən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşınızın tamamlandığı xx.xx.2006-cı il tarixindən təyin edildiyi aşkar olunub. Eyni zamanda bildiririk ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə əsasən həmin Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahı üzrə ağır və zərərli işlərdə çalışan şəxslərə pensiya orta aylıq əmək haqqından hesablanarkən 25 il ümumi iş stajına görə orta aylıq əmək haqqının 65%-i tələb olunan ümumi iş stajından artıq hər il üçün 2% olmaqla, lakin 90%-dən çox olmamaqla hesablanırdı. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 71-ci maddəsinin ikinci abzasına əsasən pensiya üçün müraciət edən şəxsin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanırdı. Qanunun 27-ci maddəsinin 1 yanvar 2010-cu il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası pensiya sığorta kapitalına əsasən deyil, ödənilmiş əmək haqqının orta aylıq məbləğinə uyğun olaraq hesablanırdı. Göstərilən tarixdən qanunvericiliyə edilmiş dəyişikliklə əlaqədar 1 yanvar 2010-cu il tarixindən sonra əmək pensiyasının məbləği toplanılan pensiya sığorta kapitalına (1 yanvar 2006-cı il tarixindən əvvəlki iş stajının da pensiya sığorta kapitalına şərti çevrilməsi aparılmaqla) əsasən hesablanılmasına başlanılıb. Mərkəzi Filialda mövcud olan sizə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 36 il təşkil etdiyi müəyyən edilib. Əmək pensiyanız əmək haqqına əsasən hesablanarkən tələb olunan 25 ilə görə 65 faiz, 25 ildən artıq 11 il iş stajınıza görə hər il üçün 2 faiz olmaqla orta aylıq əmək haqqının 87 faizi (65 %+22 %) miqdarında müəyyən olunub. Belə ki, əmək pensiyanızın sığorta hissəsi xx.xx.2006-cı il tarixinə 316,53 manat (7596,72:24) orta aylıq əmək haqqına uyğun 250,38 manat ((316,53x87%)=275,38-25,00 manat (baza hissəsi)) hesablanmaqla xx.xx.2008-ci il tarixinə indeksləşdirilib 316,45 manat müəyyən edilərək, üzərinə xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı işlədiyiniz dövr ərzində fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 3003,84 manat pensiya sığorta kapitalınıza uyğun 20,86 manat (3003,84:144) və 75,00 manat baza hissəsi əlavə edilərək xx.xx.2008-ci il tarixinə 412,31 (316,45+20,86+75,00) manat (indeksləşdirilərək xx.xx.2017-ci il tarixinə 688,83 manat) əmək pensiyası təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşınızın tamamlandığı xx.xx.2006-cı il tarixinə 307,78 manat (indeksləşdirilərək xx.xx.2017-ci il tarixinə 701,61 manat) əmək pensiyası təyin edilərək sizə ödənilib. Əlavə olaraq bildiririk ki, Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Bununla əlaqədar oalaraq, sizə pensiya təyin olunduqdan sonra 6 il və daha çox işlədiyinizə görə işləyən əmək pensiyaçısı olduğunuz dövrdə fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 33710,40 manat pensiya sığorta kapitalınıza uyğun əmək pensiyanızın xx.xx.2017-ci il tarixindən yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 33710,40 manat pensiya sığorta kapitalınız Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 (144 ay- 72 ay) aya bölünməklə (33710,40:72=468,20 manat) qanuni əmək pensiyanızın (688,83 manat) üzərinə əlavə edilərək 1157,03 manat (688,83+468,20) (Qanunun 26.4-cü maddəsi nəzərə alınmaqla və indeksləşdirilərək xx.xx.2023-cü il tarixinə 1959,66 manat)) sizə ödənilməli olduğu halda, düzgün müəyyən edilməmiş 40039,92 manat pensiya sığorta kapitalı 72 aya bölünərək (40039,92:72=556,11 manat) düzgün olmayan əmək pensiyanızın (701,61 manat) üzərinə əlavə edilməklə 1257,72 manat (701,61+556,11) (Qanunun 26.4-cü maddəsi nəzərə alınmaqla və indeksləşdirilərək xx.xx.2023-cü il tarixinə 2128,54 manat)) sizə artıq əmək pensiyası ödənilmişdir. Qanunun 39.1 -ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sizə son üç il üzrə 5285,76 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 5285,76 manat pul vəsaitinin 783,88 manat hissəsi xx.xx.2023xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilib. Qalıq artıq ödənilmiş pul vəsaiti 4501,88 manat təşkil edib. Bundan başqa, əmək pensiyanız yenidən hesablandıqdan sonra 6 il işləməyinizlə əlaqədar işləyən əmək pensiyaçısı olduğunuz dövrdə fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 27423,26 manat sığorta kapitalına uyğun ((27423,26:72 ay)=380,88 manat) qanuni pensiya məbləğiniz xx.xx.2023-cü il tarixindən yenidən hesablanaraq 1959,66 manatdan 2340,54 manata (1959,66+380,88) artırılıb. Həmçinin, keçmiş müddət üçün sizə ödənilməli olan 380,88 manat pul vəsaiti hesablanıb. Qeyd edilənləri nəzərə alaraq, artıq ödənilmiş 4501,88 manat pul vəsaitindən, ödənilməli olan 380,88 manat pul vəsaiti çıxılaraq, sizə artıq ödənilmiş pul vəsaiti 4121,00 manat təşkil edib. Həmin artıq ödənilmiş vəsaitin 468,10 manat hissəsi xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilib (qalıq artıq ödənilmiş pul vəsaiti 3652,90 manat). Eyni zamanda, əmək pensiyanız yenidən hesablandığı tarixədək ödənilməli olan, lakin ödənilməyən məcburi dövlət sosial sığorta haqları fərdi hesabınızın sığorta hissəsində sonradan qeydə alındığından 23 noyabr 2023-cü il tarixli müraciətinizə əsasən əmək pensiyanız xx.xx.2023-cü il tarixindən yenidən hesablanaraq 2340,54 manatdan 2357,80 manata artırılıb. Həmçinin keçmiş müddət üçün sizə ödənilməli olan 51,78 manat pul vəsaiti hesablanıb. Qeyd olunanlara əsasən, artıq ödənilmiş 3652,90 manat pul vəsaitindən, ödənilməli olan 51,78 manat pul vəsaiti çıxılaraq, sizə artıq ödənilmiş 3601,12 manat pul vəsaiti müəyyən edilib. Həmin artıq ödənilmiş vəsaiti cari ilin yanvar ayından etibarən hissə-hissə (hər ay 235,78) manat olmaqla əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilir. Əlavə olaraq bildiririk ki, Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar əmək pensiyanız xx.xx.2024-cü il tarixindən 2621,87 manat təşkil edir”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş pensiyanın yenidən hesablanması barədə 3-17-1/3-3-13972/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, İnzibati orqana iyul ayında müraciət edib pensiya hüququnun yaranması tarixindən əvvəlki 24 ayın orta aylıq əmək haqqı məbləği nəzərə alınmaqla pensiyasının məbləğinin qanunamüvafiq qaydada hesablanmasını xahiş etmiş, lakin qurum tərəfindən qanunvericiliyin tələblərinə əməl edilmir. Onun pensiyasının məbləğinin qanunamüvafiq qaydada hesablanması aparılmır. Cavabdeh tərəfindən pensiyasının əsassız və qanuna zidd azaldılması aparılıb. Onun xx.xx.2006-cı il tarixədək qazandığı hüquqları var: 1) pensiyamın hesablanmasının 57 yaşının tamam olduğu tarixdən öncəki 24 ayın orta aylıq əmək haqqısı nəzərə alınmaqla aparılması; 2) 57 yaşının tamam olduğu tarixdən pensiya təyin edilməsi. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən xx.xx.2008-ci il tarixdə qazandığı hüququ pozulur. Qanunu düzgün icra etmirlər. 2008-ci ildən hazıradək olan müddətdə hüququnu pozurlar. xx.xx.2006-dək qazandığı bütün hüquqlarını nəzərə almırlar. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin göstərişinə görə xx.xx.2006-dək qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə əmək pensiyası təyin edilir. Həmin tələblərdən biri də pensiyanın məbləğinin orta aylıq əmək haqqı əsasında müəyyən edilməsidir. Pensiyasının sığorta hissəsini müəyyən etməkdən ötrü pensiyasının məbləğinin hesablanması xx.xx.2006xx.xx.2008 dövr üzrə orta aylıq əmək haqqı nəzərə alınmaqla aparılmalıdır. Çünki o, bu hüququ “Vətəndaşların pensiya təminatı” haqqında Qanuna əsasən qazanmışdır. Ona xx.xx.2006-cı ilə qədərki dövr üçün şərti pensiya hesablanması xx.xx.2006-cı ilə qədər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə aparılmalıdır, qüvvədə olmuş tələblərdən biri də məhz müraciət etdiyi tarixdən öncəki 24 aya görə orta aylıq əmək haqqının nəzərə alınmasıdır və o, bu hüququ qazanmış, qanun dəyişdiyi üçün hüququnu itirməmiş, çünki 9.8-ci maddə həmin qazanılmış hüquqların saxlanıldığını müəyyən edir. Müraciət etdiyi tarix isə xx.xx.2008-dir. Cavabdeh isə xx.xx.2023-cü il tarixinə pensiyasının azaldılmış məbləğini müəyyən edərkən onun 2004-2005-ci illər ərzində alınmış əmək haqqının orta aylıq məbləğini nəzərə alaraq hesablama aparıb. İdarə hesablama aparanda pensiya hüququnun yarandığı tarixdən öncəki 24 ayın əmək haqqısını yox, xx.xx.2006-cı il tarixindən öncəki 24 ayın orta aylıq əmək haqqısını 7596,72 manatı 24 aya bölüb 316, 53 qəpik orta aylıq əmək haqqı hesablayıb. İdarə onun xx.xx.2006-xx.xx.2008 tarixləri ərzində aldığı əmək haqqının ümumi məbləğini müəyyən etməlidir. Lakin İdarə bunu etməyib. İdarə tərəfindən xx.xx.2008 tarixinə pensiyamın sığorta hissəsinin müəyyən edilməsi məqsədilə 9.8-ci maddənin həmin vaxt qüvvədə olan mətninə uyğun xx.xx.2006-dək qazandığı bütün hüquqlarım nəzərə alınmalıdır, müraciət etdiyi tarixdən öncəki 24 ayın orta aylıq əmək haqqımın qazanılmış məbləğinin hesablanması düzgün aparılmalıdır, yəni xx.xx.2006-xx.xx.2008 tarixlərdə aldığı əmək haqqı nəzərə alınmaqla hesablanmalıdır. İddia tələbinə etirazın əsasları: Cavabdeh tərəfindən iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli qərarı mübahisələndirir, lakin cavabdeh həmin qərarın iddiaçıya təqdim etməsinə dair sübut təqdim etmir. Mübahisələndirilən qərar məhkəmə sorğusuna əsasən məhkəmə iclasında təqdim edilmiş, iddiaçı bundan sonra dəqiqləşmə verərək qərarın tarixini və nömrəsini qeyd etməklə qərarı mübahisələndirmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda da, qeyd edilən qərar (tarixi və nömrəsi) barədə iddiaçıya ümumiyyətlə məlumat verilməmişdir. Ona görə də, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarına əsasən iddiaçıya xx.xx.2006-cı il tarixdən 55 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilmiş, lakin cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli qərarla iddiaçıya xx.xx.2008-ci il tarixdən, yəni 57 yaşından əmək pensiyası təyin edilmiş, pensiya məbləği 2128,54 manatdan 1959,66 manata azaldılmışdır. Hazırda iddiaçı qeyd olunan qərarın ləğv edilməsini xahiş edir. Cavabdeh öz mövqeyini onunla əsaslandırır ki, iddiaçıya 55 yaşdan deyil, 57 yaşdan pensiya təyin edilməli idi. Çünki Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321- İQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmış, 1 abqust 2000-ci il tarixindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 №-li Siyahı üzrə güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 57 yaş müəyyən edilmişdir. Buna görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 1 avqust 1997-ci il tarixinədək tələb olunan güzəştli və ümumi iş stajını topladıqda, lakin 55 yaş həddinə dəyişiklikdən sonra çatdıqda onlara həmin yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İddiaçı cavabdehin bu mövqeyini əsassız hesab edərək bildirir ki, tələb olunan stajı yaş həddində dəyişikliyin başlandığı xx.xx.1997-ci ilədək topladığından, yəni staja görə 55 yaşdan pensiya almaq hüququ yarandığından, yaş həddindəki dəyişiklik (ağırlaşdırıcı hal) ona münasibətdə tədbiq edilməməldir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh orqan inzibati icraatla bağlı qanunveriliyin tələblərini pozaraq, iddiaçıya münasibətdə əlaverişli inzbati akta iddiaçının ziyanına dəyişiklik edərkən iddiaçıya məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin edərək mülahizələrini dinləməmiş və yekunda qəbul etdiyi inzibati akt barədə iddiaçıya məlumat verməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Beləliklə, göründüyü kimi cavabdeh inzibati orqan istər “Əmək pensiyaları haqqında” Qanunun, istərsə də “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd edilən tələblərinə riayət etməmiş, iddiaçıya inzibati icraat barədə məlumat vermədən, inzibati icraatın aparılmasında onun iştirakını, dinlənilmə hüququnu təmin etmədən, iddiaçıya 55 yaşdan əmək pensiyası təyin edilməsinə dair qərarda dəyiliklik edərək iddiaçıya 57 yaşdan pensiya təyin edilməsi barədə qərar qəbul etmiş, nəticədə iddiaçının pensiya məbləği azalmışdır. Məhkəmə cavabdehin qərarını və hərəkətlərini həmçinin maddi hüququnun tətbiqi baxımından da əsassız hesab edir. Belə ki, 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarlarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Baxılan işdə iddiaçının 1.08.1997-ci ilədək ümumi və xüsusi stajının olması işin mübahisələndirilməyən halıdır. Cavabdeh bu halı, yəni iddiaçının ümumi və güzəştli stajını mübahisələndirmir. Məhkəmə cavabdehin yaşla bağlı mövqeyini əsassız hesab edərək qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi, həmin Qanunun qüvvəyə mindiyi günədək, güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyaların yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməsi hüququnu tanımışdır. Belə olan halda, iddiaçının əgər xx.xx.1997-ci ilədək 25 il ümumi və 12 il 6 ay xüsusi stajı vardırsa, o zaman iddiaçının 55 yaşının sonradan, yəni qanunda müvafiq dəyişikliklərin edildiyi xx.xx.2000-ci ildən sonra tamam olması, onun qazanılmış hüququna təsir etməməlidir. Oxşar işlər üzrə, məhkəmə təcrübəsi də bu istiqamətdədir. Belə ki, 57 yaşdan pensiya təyin edilməsi üçün şəxsin xx.xx.2006-cı ilədək, ümumi və xüsusi stajının olması şərti ödənilikdə, şəxsin 57 yaşının xx.xx.2006-cı ildən sonra tamam olmasının, ona 57 yaşdan güzəştli şərtlərlə pensiya təyinatının aparılmasına təsir etmir. Qeyd olunanlara əsasən, iddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi əmək stajlarını xx.xx.1997-ci il tarixinədək topladığına görə ona əmək pensiyası 57 yaşdan deyil, əvvəllər qüvvədə olmuş Qanunun tələbləri ilə, yəni iddiaçının 55 yaşının tamam olduğu tarixdən təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1293/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadına məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi qərarlarda (o cümlədən, xx.xx.2019-cu il tarixli 2-1(102)-2641/2019 nömrəli, xx.xx.2023- cü il tarixli 2-1(102)-2023/2023 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarlarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi əmək stajlarını 01 avqust 1997-ci il tarixinədək topladığına görə, ona əmək pensiyası 52 yaşdan deyil, əvvəllər qüvvədə olmuş Qanunun tələbləri ilə, yəni iddiaçının 50 yaşının tamam olduğu tarixdən təyin edilməlidir. Hazırki iş üzrə iddiaçının ümumi iş stajı 32 il 3 ay 24 gün (01.01 2006-cı il tarıxinədək 28 il 3 ay 24 gün əmək stajı (xx.xx.1972-xx.xx.1974-cü il, xx.xx.1975- xx.xx.1982-ci il, xx.xx.1982- xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1991-ci il, xx.xx.1991- xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.2000- ci il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 4 il siğorta stajı), güzəştli iş stajı isə 11 il 5 ay 5 gün (xx.xx.1975-xx.xx.1982ci il, xx.xx.1986-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Beləliklə, iddiaçının 01 avqust 1997-ci il tarixində ümumi iş stajı, həqiqi hərbi xidmət illəri də daxil olmaqla 23 il 09 ay 21 gün təşkil etmiş və həmin staj illərinin 20 il 10 ay 08 gün müddətini güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahıya daxil olan işlərdə çalışmışdır. Qeyd edilməlidir ki, iddiaçının 01 avqust 1997-ci il tarixinədək azı 20 il ümumi və 1 saylı Siyahı üzrə 10 il xüsusi (güzəştli) iş stajına malik olmasını mübahisələndirmir. Bununla da, iddiaçının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinin “a” bəndinə və “Əmək pensiyaları haqqında” Qanun 9.8-ci maddəsinə əsasən, 50 yaşı tamam olduğu 12 avqust 2003-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur”. Məhkəmə kollegiyasının qeyd edilən hüquqi mövqeyi hazırkı işə də aiddir. Belə ki, həmin işdə iddiaçının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahısı üzrə 50 yaşdan pensiya təyin edilməsi məsələsinə hüquqi qiymət vermişdir. Hazırkı işdə isə, hüququn tədbiqi ilə bağlı eyni yanaşma hazırkı mübahisəyə tədbiq edildikə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 2 nömrəli siyahı üzrə iddiaçıya 57 yaşdan deyil, 55 yaşda pensiya təyin edilməli idi. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-3135/2024 №-li Qərarında (üç ulduzla işarələnmiş) hüquqi mövqeyini aşağıdakı kimi ifadə etmişdir: “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Nəzərə almaq lazımdır ki, inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı). “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan tələblərinə görə, inzibati orqanlar qanuna riayət etməyə borcludurlar. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Obyektiv araşdırma prinsipini təsbit edən normaya əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi qərarını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın icraatla bağlı hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, inzibati aktı qəbul etməsinin səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı və s.) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Digər tərəfdən, həmin tələblərə və prosedurlara uyğun aparılmış icraat üzrə materiallar və həmin materiallar üzrə inzibati orqanın qəbul etdiyi əsaslandırılmış qərar, maraqlı şəxsin narazı qaldığı təqdirdə həmin qərarın mübahisələndirilməsi imkanlarının qiymətləndirilməsi və onun səmərəli hüquqi müdafiə imkanları ilə təchiz olunması məqsədlərinə xidmət edir. Başqa sözlə, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə düzgün və qanunauyğun qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Qeyd olunmalıdır ki, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyri-məqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur. 38. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər... İddiaçının pensiya işindən görünən odur ki, inzibati orqan ilk dəfə iddiaçıya xx.xx.2006-cı ildə 55 yaşdan pensiya təyin etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli qərarı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş, iddiaya etirazında hansı hallara görə qəbul etdiyi qərarın qanunsuz olmasını və həmin halların məhz xx.xx.2023-cü il tarixli qərarı qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamış, ümumiyyətlə pensiya məbləğinin dəyişdirilməsinin səbəblərini qərarda bildirməmişdir. İddiaçının pensiya işində və cavabdehin dəlillərində inzibati aktın dəyişdirilməsinə səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olmasına dair hər hansı məlumat olması müəyyən edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin hər hansı bir məsələ ilə əlaqədar müddət tətbiq etməkdə məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdən ibarətdir. Digər tərəfdən, qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir. Qeyd edilənlərin hazırkı işə tətbiqi ilə bağlı məhkəmə qeyd edir ki, pensiya təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biridir və cavabdeh inzibati orqan dövlətin ona verdiyi səlahiyyətə əsasən bu təminatın reallaşdırılması üçün zəruri olan bütün addımları atmaqda mükəlləfdir. Digər inzibati orqanlar kimi pensiya təminatını həyata keçirən cavabdeh də öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları düzgün tətbiq etməlidir. Cavabdeh bu yanlış hesablanmanı nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1.4-cü bəndinə görə əmək pensiyasının yenidən hesablanmasına əsas olan hallardan biri də Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığının aşkar edilməsi halıdır. Məhkəmə qeyd edir ki, pensiya təyin edildikdən sonra pensiya təyinatını həyata keçirən orqan sonradan apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığını aşkar etdikdə, bununla bağlı şəxsin pensiya işində pensiya təyin olunmasına əsas olan hər hansı sübutun mötəbərliyini şübhə altına aldığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddətlə bağlı tələblərini nəzərə almaqla qərar qəbul edə bilər. Məhkəmə qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də, “lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140). Beləliklə, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-13972/2023 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-2285/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2285/2025
23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver