Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2287/2021 01.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı "xxxx" BOKT ASC 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmaqla “kredit müqaviləsi üzrə kompensasiya hesablanması və qalıq kredit borcu məbləğinin restrukturizasiya olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il tarixli, 011-15B saylı kredit müqaviləsi üzrə kompensasiya hesablanması və qalıq kredit borcu məbləğinin restrukturizasiya edilməsi vəzifəsinin Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC (indiki "xxxx" BOKT ASC) ilə iddiaçı arasında xx.xx.2015-ci il tarixli, 011-15B saylı kredit müqaviləsi bağlanaraq illik 35 faizlə, 36 ay müddətinə 8140 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin kredit müqaviləsi üzrə iddiaçının öhdəliklərinin yerinə yetirilməsində problemlər olmuş və o, uzun müddət kredit borcunu ödəyə bilməmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı verildikdən sonra iddiaçı ümid etmişdir ki, həmin Fərmana uyğun olaraq ona kompensasiya verilməklə qalıq məbləğ restukturizasiya ediləcəkdir. Lakin bir müddət sonra məlum olmuşdur ki, o, həmin Fərmanın təsir dairəsinə düşməmişdir. Bank tərəfindən iddiaçıya əvvəlcə Fərmanın təsirinə düşməsi bildirilsə də, sonradan Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən verilən siyahıda onun adının qeyd edilməməsi məlum olmuşdur. Bununla bağlı olaraq iddiaçı Banka müraciət edərək kredit müqaviləsi üzrə kompensasiya hesablanması və qalıq əsas borcunun restrukturizasiya edilməsinə köməklik edilməsini xahiş etmiş, lakin Bank tərəfindən onun bu müraciətlərinə heç bir cavab verilməmişdir. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi təklif olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən məhkəməyə təqdim edilmiş etirazında göstərilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Cavabdeh tərəfindən bildirilir ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı ilə "xxxx" ASC (indiki "xxxx" BOKT ASC) arasında xx.xx.2015-ci il tarixində bağlanmış 8.140,00 ABŞ dolları dəyərində kredit müqaviləsi kompensasiyaların hesablanması hissəsində Fərmanın təsiri çərçivəsinə düşmüşdür. Sözügedən kredit müqaviləsi üzrə İddiaçı ümumilikdə 4.556,07 manat kompensasiya hesablanmışdır. Həmçinin qeyd edilməlidir ki, digər 4 kredit müqavilələri üzrə də iddiaçıya ümumilikdə 1.168,05 manat kompensasiya hesablanmış və göstərilən bu məbləğlər, yəni cəmi 5.724,12 manat kompensasiya məbləği Fərmanın 2-ci hissəsinə əsasən "xxxx" ASC ilə bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödəniş müddəti keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. İddia tələbinin “kredit borcunun restrukturizasiya” hissəsinə gəlincə isə qeyd olunmalıdır ki, bu hissədə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi Fərmanın təsiri çərçivəsinə düşməmişdir. Belə ki, məlumat bazalarına əsasən Fərmanın qüvvəyə mindiyi tarixə - xx.xx.2019-cu il tarixinə borclunun əsas kredit borcunun cəmi 12.908,87 manat təşkil etməsi göstərilsə də, bazaya borcun ödənilməsinin yalnız 192 gün gecikdirildiyi barədə məlumat ötürülmüşdür. Bununla bağlı qeyd olunur ki, Fərmana əsasən xx.xx.2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Fərmanın 8.6-cı bəndinə görə bu Fərmanın məqsədləri üçün vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə xx.xx.2012-ci il tarixdən Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir. Borclu sözügedən kredit müqaviləsi üzrə borcu 360 gündən az gecikdirildiyindən bu hissədə sözügedən kredit borcu restrukturizasiya siyahısına daxil edilməmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(112)-2287/2021 saylı qərardadı ilə "xxxx" BOKT ASC 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Üçüncü şəxs "xxxx" BOKT ASC tərəfindən iddiaya dair etiraz (münasibət) məhkəmə təqdim edilməmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" BOKT ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli 0807/PB saylı cavab məktubuna əlavə edilmiş sənədlərin surətlərindən aydın olur ki, "xxxx" ASC ilə X1 arasında xx.xx.2015-ci il tarixində 8.140,00 ABŞ dolları dəyərində kredit müqaviləsi bağlanmışdır. - Azərbaycan Kredit Bürosu MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli SF- 22995 saylı çıxarışdan aydın olur ki, iddiaçının aktiv kreditlərinin cəmi qalıq məbləği 7,184,76 manat, "xxxx" ASC ilə arasında xx.xx.2015-ci il tarixində bağlanmış 8.140,00 ABŞ dolları dəyərində kredit müqaviləsi üzrə kreditin qalıq məbləgi 4,226.33 kreditin faiz məbləği 9,856.90 göstərilmişdir. - Azərbaycan Kredit Bürosu MMC tərəfindən verilmiş SF-9754 saylı çıxarışdan aydın olur ki, iddiaçının aktiv kreditlərinin cəmi qalıq məbləği 7,184,76 manat, "xxxx" ASC ilə arasında xx.xx.2015-ci il tarixində bağlanmış 8.140,00 ABŞ dolları dəyərində kredit müqaviləsi üzrə kreditin qalıq məbləgi 4,226.33, faiz məbləgi 9,856.90 göstərilmişdir. -Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən məhkəməyə ünvanlanmış məktuba əlavə edilmiş problemli kreditlərin kompensasiyası internet portalından çıxarışdan aydın olur ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı ilə "xxxx" ASC (indiki "xxxx" BOKT ASC) arasında xx.xx.2015-ci il tarixində bağlanmış 8.140,00 ABŞ dolları dəyərində kredit müqaviləsi üzrə iddiaçıya 4.556,07 manat, digər 4 kredit müqavilələri üzrə ümumilikdə 1.168,05 manat kompensasiya hesablanmış və göstərilən bu məbləğlər, yəni cəmi 5.724,12 manat kompensasiya məbləği "xxxx" ASC ilə bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödəniş müddəti keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 551 nömrəli, xx.xx.2019-cu il tarixli Fərmanın: - 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməsi; -3.2-ci bəndinə əsasən isə bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etməsi və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi; -7.1-ci bəndinə əsasən banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarınadək, milli valyutada isə 17 000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi Palataya tapşırılmışdır;
8. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: - 8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulur. Həmin tapşırığın icra edilməsi nəticəsində cavabdeh Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 27 mart 2019-cu il tarixli, ********** nömrəli qərarı hazırlanmışdır. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 1-ci bəndinə əsasən bu Qayda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının (bundan sonra – Fərman) 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə hazırlanmışdır, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir. Həmin Qaydanın 3.1-ci bəndində göstərilmişdir: Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri aşağıdakı şərtlərdən ən azı birinə cavab verməlidir: 3.1.1. 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır; 3.1.2. 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır. Həmin Qaydanın 3.2-ci hissəsinə əsasən kompensasiya məbləği aşağıdakı qaydada hesablanır: 3.2.1. bu Qaydanın 3.1.1-ci yarımbəndində nəzərdə tutulan əsas kredit borclarına münasibətdə: 1. fiziki şəxsin 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcları həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq ABŞ dolları ekvivalentində müəyyən olunaraq toplanılır; 2. bu Qaydanın 3.2.1-ci yarımbəndinin 1-ci abzasına uyğun olaraq hesablanmış məbləğ 1 ABŞ dollarına 0,25 manat kimi qiymətləndilir. 3.2.2. bu Qaydanın 3.1.2-ci yarımbəndində nəzərdə tutulan əsas kredit borclarına münasibətdə: 1. fiziki şəxsin 2015-ci il dekabrın 21nə bütün kredit təşkilatlarının və ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada əsas kredit borcları həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq ABŞ dolları ekvivalentində müəyyən olunaraq toplanılır; 2. bu Qaydanın 3.2.2-ci yarımbəndinin 1-ci abzasına uyğun olaraq hesablanmış məbləğ 1 ABŞ dollarına 0,60 manat kimi qiymətləndirilir.3.2.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə xarici valyutada mövcud olan əsas kredit borclarına münasibətdə bu Qaydanın 3.2.1-ci və 3.2.2-ci yarımbəndlərində qeyd olunan hər iki qaydada hesablanmış kompensasiya məbləğləri cəmlənir. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən Kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) və Mərkəzi Banka təqdim edir. Həmin Qaydanın 4.2-ci bəndinə əsasən Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. Həmin Qaydanın 4.3-cü bəndinə əsasən Palatanın bu Qaydanın 4.1-ci bəndinə əsasən müəyyənləşdirdiyi siyahı üzrə, Fərmanın 2-ci hissəsinə uyğun olaraq, kompensasiyanın ödənilməsi aşağıdakı ardıcıllıqla həyata keçirilir:4.3.1. kompensasiya, ilk növbədə, proporsional qaydada fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilir; 4.3.2. bu Qaydanın 4.3.1-ci yarımbəndində nəzərdə tutulan kredit borcları ödənildikdən sonra, qalan məbləğ fiziki şəxsin sərəncamına verilir. Həmin Qaydanın 6.1-ci bəndinə əsasən Fərmana əsasən kredit təşkilatları tərəfindən fiziki şəxslərin restrukturizasiya olunacaq əsas kredit borcları aşağıdakı tələblərə cavab verməlidir: 6.1.1. həmin kredit borcunun verilməsinə dair fiziki şəxslə kredit təşkilatı arasında müvafiq kredit müqaviləsi 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1-dək bağlanmalıdır; 6.1.2. fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun (balans və (və ya) balansdankənar hesablarında olan əsas kredit borcları) qalıq məbləğinin cəmi 17 000 manatdan və ya 10 000 ABŞ dollarından (Mərkəzi Bankın 2019cu il martın 1-nə elan etdiyi məzənnəyə uyğun olaraq, 10 000 ABŞ dolları ekvivalentindən) çox olmamalıdır; 6.1.3. fiziki şəxsin bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş olmalıdır. 6.2. Fiziki şəxsin kompensasiya ödəniləcək əsas kredit borcu kompensasiya məbləği qədər azaldıldıqdan sonra əsas kredit borcunun qalıq məbləği bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş qaydada restrukturizasiya olunur. 6.3. Kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. 6.6. Palata kredit təşkilatlarının verdiyi məlumatlar əsasında hər bir fiziki şəxs üzrə restrukturizasiya olunacaq kreditlərin məbləğini və kredit təşkilatlarının restrukturizasiya olunacaq ümumi kredit portfelinin həcmini müəyyən edir. 6.7. Palata restrukturizasiya olunacaq kreditlərlə bağlı Mərkəzi Bank tərəfindən dövlət zəmanəti ilə veriləcək kreditlərin ümumi məbləği, həmçinin hər bir kredit təşkilatı üzrə ayrılacaq kredit məbləği barədə məlumatı Mərkəzi Banka və Maliyyə Nazirliyinə təqdim edir. 6.8. Bu Qaydanın 6.7-ci bəndinə uyğun olaraq, Palatanın təqdim etdiyi məlumatlar əsasında Maliyyə Nazirliyi Fərmanın 9.1-ci bəndinə uyğun olaraq, Mərkəzi Bank tərəfindən verilən kreditlərin ümumi məbləğinə dövlət zəmanəti verilməsini təmin edir. Mərkəzi Bank hər bir kredit təşkilatına dövlət zəmanəti ilə tranşlarla (hissələrlə) ödənilməsi nəzərdə tutulan kredit xətti açır. 6.9. Kredit təşkilatları vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını bu Qaydanın tələblərini nəzərə almaqla təklif edirlər. 6.15. Kredit təşkilatları tərəfindən bu Qaydaya əsasən restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülür. 6.16. Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31də başa çatır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən iddiaçı ilə "xxxx" ASC (indiki "xxxx" BOKT ASC) arasında xx.xx.2015-ci il tarixində bağlanmış 8.140,00 ABŞ dolları dəyərində kredit müqaviləsi kompensasiyaların hesablanması hissəsində Fərmanın təsiri çərçivəsinə düşmüş, iddiaçıya ümumilikdə 4.556,07 manat kompensasiya hesablanmışdır. Həmçinin qeyd edilməlidir ki, digər 4 kredit müqavilələri üzrə də iddiaçıya ümumilikdə 1.168,05 manat kompensasiya hesablanmış və göstərilən bu məbləğlər, yəni cəmi 5.724,12 manat kompensasiya məbləği Fərmanın 2-ci hissəsinə əsasən "xxxx" ASC ilə bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödəniş müddəti keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. İddia tələbinin “kredit borcunun restrukturizasiya” ilə baglı həmin hissədə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi Fərmanın təsiri çərçivəsinə düşməmişdir. Belə ki, məlumat bazalarına əsasən Fərmanın qüvvəyə mindiyi tarixə xx.xx.2019-cu il tarixinə borclunun əsas kredit borcunun cəmi 12.908,87 manat təşkil etməsi göstərilsə də, bazaya borcun ödənilməsinin yalnız 192 gün gecikdirildiyi barədə məlumat ötürülmüşdür. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı ilə "xxxx" BOKT ASC arasında xx.xx.2015-ci il tarixində 8140 ABŞ dolları dəyərində kredit müqaviləsinin bağlanılmasına dair qeyd mövcud olsa da, bu kredit borcu Fərman çərçivəsində restrukturizasiya olunacaq kreditlər siyahısına daxil edilməmişdir. Belə ki, məlumat bazalarına əsasən Fərman xx.xx.2019-cu il tarixdə qüvvəyə minmişdir. Yuxarıda qeyd olunan Fərmana əsasən xx.xx.2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Fərmanın 8.6-cı bəndinə görə bu Fərmanın məqsədləri üçün vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə xx.xx.2012-ci il tarixdən Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir. İddiaçının sözügedən kredit müqaviləsi üzrə borcu 360 gündən az gecikdirildiyindən qeyd edilən məqamlar nəzərə alınmaqla onun adı bu hissədə Fərmanın təsiri çərçivəsinə düşən şəxslərin siyahısına əlavə edilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31də başa çatmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcud deyil. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı "xxxx" BOKT ASC 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmaqla “kredit müqaviləsi üzrə kompensasiya hesablanması və qalıq kredit borcu məbləğinin restruktrizasiya olunması” barədə iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ:
İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mehriban Qarayeva