Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2287/2024 16.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ƏDV borcundan 18665.22 manat pul vəsaitinin əvəzləşdirilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə onunla əsaslandırılmışdır ki, iddiaçı köşkdə tütün məhsullarının satışı ilə məşğul olmaqla vergi ödəyicisi olmuşdur. Sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərmişdir. 2022-ci ilin 1-ci rübündə, həmçinin aprel və may aylarında Sadələşdirilmiş vergi ödəyicisi kimi hesabatını təqdim etmişdir. 2022-ci ilin fevralmay ayları üzrə rəsmi qaydada elektron qaimə faktura ilə mal alınıb, həmin qaimələri bank hesabına bağlı kart vasitəsilə yerində tam şəkildə ödəniş etmişdir. Tütün məhsullarını VEKTOR QSC-dən, SARVAN QSC-dən və SADAF TRADE QSC-dən almışdır. Cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixdə iddiaçıya məktub göndərərək məlumat vermişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdən ƏDV ödəyicisidir. ƏDV ödəyicisi olduğu məlum olduqdan sonra, hesabatları düzəltmək üçün ƏDV bəyannamələrinin əvəzləşmələrini təqdim etmişdir. Lakin, cavabdeh orqan ƏDV bəyannamələrinin əvəzləşmələrini qaimənin ƏDV hissəsi ayrı ödənilmədiyini səbəb gətirərək qəbul etmir və həmin qaimlərin ƏDV hissəsi aylar üzrə borc kimi iddiaçının şəxsi vərəqəsinə vurur. İddiaçı faktiki olaraq qaimədə göstərilən məbləği (ƏDV daxil olmaqla əsas məbləğ) tam şəkildə alqı-satqı etdiyim şirkətlərə təqdim etmişəm. İddiaçı xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə məktubla VEKTOR QSC-nə müraciət edərək, alqı-satqı zamanı ödənilmiş puldan 3912.34 manat ƏDV hissəsini depozit hesaba köçürülməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə məktubla SARVAN QSC-nə müraciət edərək, alqı-satqı zamanı ödənilmiş puldan 8605.92 manat ƏDV hissəsini depozit hesaba köçürülməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə məktubla SADAF TRADE QSC-nə müraciət edərək, alqı-satqı zamanı ödənilmiş puldan 6146.96 manat ƏDV hissəsini depozit hesaba köçürülməsini xahiş etmişdir. Ümumilikdə 3 şirkətdən 18665.22 manat ƏDV əvəzləşdirilməlidir. Bu barədə cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Lakin, cavabeh orqan tərəfindən xx.xx.2023-cü il tarixli imtina məktubu təqdim edilmişdir. İmtina məktubunda qeyd edilmişdir ki, Vergi Məcəlləsinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesablndan həmin malları təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Lakin, iddiaçı cavabdehin imtinasını qanunsuz və əsassızdır. Belə ki, satıcı şirkətlər yanlışlığa yol verib ƏDV hissəsini bölüb büdcəyə keçirməlidir. Çünki tütün məmulatları satışını aparan şirkətlər qaiməni yazıb dərhal ödənişi kart vasitəsilə post-terminaldan aparırlar. Yəni qaimə rəsmi yazılır, ödəniş də rəsmi qaydada olur. Belə olan halda iddiaçı qaimələri əvəzləşdirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, uçot-baza məlumatına əsasən iddiaçının xx.xx.2011-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, əsas fəaliyyətinin “saatların və zərgərlik məmulatlarının təmiri”ndan ibarət olduğu, xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixdən məcburi qaydada ƏDV məqsədləri üçün qeydiyyata alındığı və vergi orqanında qeydiyyatda olan aktiv təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. İddiaçı tərəfindən 2022-ci ilin fevral - iyun ayları ərzində müxtəlif ödəyicilərdən elektron qaimə fakturalar alınmasına baxmayaraq ƏDV məbləğləri ƏDV-nin depozit hesablarına ödənilmədiyi müəyyən olunmuşdur. Ödəyici tərəfindən 2022-ci ilin fevral - iyun ayları üçün təqdim edilmiş ƏDV bəyannamələrində bu səbəbdən, yəni “Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş elektron qaimə-fakturaları (VHFlari) üzrə ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturaları (VHF-lari) üzrə əvəzləşdirmə aparıla bilməz” məzmunlu kənarlaşmalar yaranmışdır. Kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə 31,05.2023-cü il tarixli **********979500, xx.xx.2023-cü il tarixli **********177400 və xx.xx.2023-cü il **********549000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmişdir. Lakin, vergi ödəyicisi məktublarda qeyd olunan müddət ərzində bəyannamələr üzrə yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 175.1-ci maddələrinə əsasən vergi ödəyicisinə kameral vergi yoxlaması ilə 2022-ci ilin fevral ayı üçün ƏDV bəyannaməsi üzrə 3347,73 manat, 2022-ci ilin aprel ayı üçün ƏDV bəyannaməsi üzrə 2453,47 manat, 2022-ci ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 3091,75 manat və 2022-ci ilin iyun ayı üçün ƏDV bəyannaməsi üzrə 3250,84 manat əlavə vergi məbləğləri hesablanmışdır. Hesablanmış vergi məbləğləri barədə vergi ödəyicisinə müvafiq olaraq xx.xx.2023-cü il tarixli **********309100, xx.xx.2023-cü il tarixli **********482800, xx.xx.2023-cü il tarixli **********676600 və xx.xx.2023-cü il tarixli **********692900 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarlar göndərilmişdir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanın Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. Həmin Məcəllənin 37.3-ci maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Göstərilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə verərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********309100, xx.xx.2023-cü il tarixli **********482800, xx.xx.2023-cü il tarixli **********676600 və xx.xx.2023-cü il tarixli **********692900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İnzibati icraat materialları ilə təqdim edilmiş sənədlərin surətlərindən görünür ki: - Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********309100 nömrəli qərarına əsasən fevral 2022-ci il əlavə dəyər vergisi üzrə hesabat dövrü ərzində vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 3.347,73, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləğ 3.347,73 manat müəyyən edilmişdir. - Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********482800 nömrəli qərarına əsasən aprel 2022-ci il əlavə dəyər vergisi üzrə hesabat dövrü ərzində təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 32,06, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 2.453,47, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 2.421,41 manat müəyyən edilmişdir. - Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********676600 nömrəli qərarına əsasən may 2022-ci il əlavə dəyər vergisi üzrə hesabat dövrü ərzində vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 3.091,75, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 3.091,75 manat müəyyən edilmişdir. - Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********692900 nömrəli qərarına əsasən iyun 2022-ci il əlavə dəyər vergisi üzrə hesabat dövrü ərzində vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 3.250,84, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləğ 3.250,84 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati şikayətin baxılmamış saxlanılması haqqında xx.xx.2023-cü il tarixli **********427500 nömrəli qərarı ilə İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə Dövlət Vergi Xidmətinə daxil olmuş xx.xx.2023-cü il tarixli inzibati şikayətləri baxılmamış saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçıya ünvanladığı məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 1.hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 2.vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman mallann (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. İddiaçı cavabdehin onun barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarını məhkəmədə iddia qaldırdığı xx.xx.2023-cü il tarixdən sonra mübahisələndirdiyindən həmin inzibati aktları iddia müddəti daxilində mübahisələndirmişdir. Cavabdeh inzibati orqan xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qərarlarının iddiaçıya təqdim edilməsi ilə bağlı müvafiq sübut təqdim etmədiyindən həmin inzibati aktlara münasibətdə iddiaçı iddia müddətini ötürmüş hesab edilə bilməz. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı uçot-baza məlumatlarına əsasən xx.xx.2011-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmış, əsas fəaliyyəti “saatların və zərgərlik məmulatlarının təmiri”ndən ibarət olmuş, xx.xx.2022-ci il tarixdən qüvvəyə minməklə xx.xx.2022-ci il tarixdən məcburi qaydada ƏDV məqsədləri üçün məcburi ƏDV qeydiyyatına alınmışdır. İddiaçıya xx.xx.2023-cü il tarixli **********309100, xx.xx.2023-cü il tarixli **********482800, xx.xx.2023-cü il tarixli **********676600 və xx.xx.2023-cü il tarixli **********692900 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarlarla 2022-ci ilin fevral ayı üçün ƏDV bəyannaməsi üzrə 3347,73 manat, 2022-ci ilin aprel ayı üçün ƏDV bəyannaməsi üzrə 2453,47 manat, 2022ci ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 3091,75 manat və 2022-ci ilin iyun ayı üçün ƏDV bəyannaməsi üzrə 3250,84 manat əlavə vergi məbləğləri hesablanmışdır. Vergi Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: -154.1. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. -154.2. Qeydiyyatdan keçən şəxs qeydiyyatın qüvvəyə mindiyi andan etibarən vergi ödəyicisi olur. Qeydiyyata dair ərizə verməli olan, lakin qeydiyyatdan keçməmiş şəxs qeydiyyata dair ərizə vermək öhdəliyinin yarandığı dövrdən sonrakı hesabat dövrünün başlanğıcından etibarən vergi ödəyicisi sayılır. -155.1. Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər həmin maddədə müəyyən edilmiş hüquqdan istifadə etdikdə ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatı keçdiyi aydan sonrakı ayın 1-dən etibarən 10 gün ərzində fəaliyyətlərini sadələşdirilmiş vergi ödəyicisi kimi davam etdirəcəkləri barədə vergi orqanına yazılı formada ərizə təqdim etməlidirlər. -157.1. ƏDV-nin məqsədləri üçün məcburi və ya könüllü qeydiyyat haqqında ərizə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə verilməlidir. -157.2. Şəxs ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçərkən vergi orqanı həmin şəxsi ƏDV ödəyicilərinin dövlət reyestrində qeydə almağa və ərizə verildikdən sonra 5 iş günündən gec olmayaraq ona müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə qeydiyyat bildirişi verməyə, həmin bildirişdə vergi ödəyicisinin adını və ona aid olan digər məlumatı, qeydiyyatın qüvvəyə mindiyi tarixi və VÖEN-i göstərməyə borcludur. -157.3. Qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq aşağıdakı tarixlərin birində qüvvəyə minir: 157.3.1. məcburi qeydiyyat zamanı: - ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə; - bir əqd və ya müqavilə üzrə ƏDV-yə cəlb olunan əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda - əməliyyatın aparıldığı günədək; - bu Məcəllənin 154.6-cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslərin dövlət qeydiyyatına və ya vergi orqanında uçota alındığı gündə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı gündə. 157.3.2. könüllü qeydiyyat zamanı - qeydiyyat haqqında ərizənin verildiyi aydan sonrakı hesabat dövrünün birinci günündə. 157.3.3. Bu Məcəllənin 85.4-cü maddəsi ilə müəyyən edilmiş 3 il müddətindən çox olmamaqla, vergi ödəyicisinin qeydiyyat haqqındakı ərizəsində göstərilən tarixdə. Bu Məcəllənin 85.4-cü maddəsində göstərilən 3 illik dövr bitdikdən sonra vergi ödəyicisi tərəfindən ƏDV-nin dəqiqləşdirilməsinə və əvəzləşdirilməsinə yol verilmir - 157.5. ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicisini vergi orqanı öz təşəbbüsü ilə qeydiyyata alır və ona müvafiq qeydiyyat bildirişi göndərir. -85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Sadalanan normalardan müəyyən olunur ki, ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan vergi ödəyicisi növbəti ayın 1-dən ƏDV ödəyicisi kimi qeydiyyata alınması ilə bağlı vergi orqanlarına 10 gün müddət ərzində ərizə verməli və həmin ayın 1-dən ƏDV məqsədləri üçün qeydiyyatdan keçməlidir. Başqa sözlə, qanunvericilik ƏDV qeydiyyatına alınma üçün müraciət etməyi ilkin və bilavasitə olaraq vergi ödəyicisinin özünə vəzifə olaraq həvalə etmişdir. Eyni zamanda ƏDV məqsədləri üçün qeydiyyatdan keçmək üçün ərizə verməyən vergi ödəyicisini isə vergi orqanı öz təşəbbüsü ilə qeydiyyata almaq hüququna malikdir və bu hüququn həyata keçirilməsi üçün qanunla nəzərdə tutulmuş müddət məhdudiyyəti olmadığından qeydiyyatın tarixini vergi orqanı VM-nin 85.4-cü maddəsi ilə müəyyən edilmiş 3 il müddətindən çox olmamaqla əvvələ çəkə bilər. İşin hallarından müəyyən olunur ki, iddiaçı ilkin olaraq sadələşdirilmiş vergi ödəyicisi olmuş, vergi ödəyicisi könüllü qeydiyyat üçün vergi orqanına ərizə təqdim etməmiş, nəticədə vergi orqanı tərəfindən iddiaçı xx.xx.2022-ci ildə məcburi ƏDV qeydiyyatına alınmış, bu zaman ƏDV qeydiyyatının vaxtı xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İddiaçının ƏDV qeydiyyatı mübahisələndirilməmiş, ləğv edilməmişdir. İddiaçı tərəfindən 2022-ci ilin fevral-iyun ayları ərzində müxtəlif ödəyicilərdən elektron qaimə fakturalar alınmasına baxmayaraq ƏDV məbləğləri ƏDV-nin depozit hesablarına ödənilməmiş, bu əsasdan iddiaçı tərəfindən 2022-ci ilin fevral-iyun ayları üçün təqdim edilmiş elektron qaimə fakturaları üzrə ƏDV məbləği ödənilmədiyi üçün həmin elektron qaimə faktuaral üzrə əvəzləşdirmə aparılmamış, nəticədə həmin aylar üzrə iddiaçıya əlavə ƏDV vergisi hesablamışdır. Vergi Məcəlləsinin: -159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. -159.7. Bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. Verilmiş kreditin təminatı kimi bankın və ya digər kredit təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş və hərrac yolu ilə bankın və ya digər kredit təşkilatının mülkiyyətinə keçmiş, habelə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə uyğun olaraq əldə olunmuş əmlakın təqdim edilməsi verilmiş kreditlər üzrə ödənilməyən əsas borc dəyəri həddində vergi tutulan əməliyyat sayılmır -159.8. ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxslərin ƏDV tətbiq etməklə aparılan əməliyyatları, habelə ƏDV-dən azad edilən və ya sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilən, lakin ƏDV tətbiq etməklə aparılan əməliyyatları vergitutma obyektidir. Hazırkı iş üzrə iddiaçının ƏDV ödəyicisi kimi uçota alınmaq üçün müraciət etmək vəzifəsi xx.xx.2022-ci il tarixdən yaranmış, lakin iyun 2022-dekabr 2022-ci il üzrə təqdim etdiyi malları sadələşdirilmiş vergi ödəyicisi olduğu dövrdə təqdim etmişdir. İddiaçı satmış olduğu mallara ƏDV tətbiq etmədiyini, malları alarkən ödədiyi ƏDV-nin əvəzləşdirmək hüququ mövcud olmadığını əsas gətirərək satış əməliyyatının ƏDV məqsədləri üçün vergitutma obyekti hesab edilə bilmədiyinə istinad etsə də məhkəmə iddiaçının mövqeyi ilə razılaşmır. Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən, bu maddənin müddəaları ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan vergi ödəyicisinin ƏDV ödənilməklə apardığı əməliyyatlara tətbiq edilir və şəxsin sadələşdirilmiş verginin ödəyicisi olduğu dövrdə ƏDV daxil ödədiyi malların ƏDV-nin məqsədləri üçün qeydiyyatda alındıqdan sonra təqdim edilməsi ƏDV tutulan əməliyyat sayılır. Başqa sözlə, sadələşdirilmiş vergi ödəyicisi ƏDV ödəyicisinə çevrildikdə həmin mallara ƏDV tətbiq edilə bilər. Məhkəmə o halı da nəzərə alır ki, 1 yanvar 2019-cu il tarixdən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirən (6% dərəcəsi ilə vergi ödəyənlər) pərakəndə ticarətlə məşğul olan vergi ödəyicilərinə şərait yaradılmışdır ki, vergi orqanlarına təqdim etdikləri məlumatlara əsasən, 1 aprel 2019-cu ilədək ƏDV-ni yalnız malların satış və alış qiymətindəki fərqə hesablasınlar. Başqa sözlə, iddiaçı könüllü qeydiyyatla bağlı müraciət etməli olduğu halda müraciət etməməsi onu sadələşdirilmiş vergi ödəyicisi olduğu dövrdə əldə etdiyi malların sonradan ƏDV qeydiyyatının qüvvədə olduğu dövrdə təqdim edildiyi halda həmin malların alış uçotunu aparmaq, ən azından malın alışı ilə satış dəyəri arasında fərqə münasibətdə ƏDV hesablayaraq bəyan etmək imkanı olmuşdur. İş üzrə iddiaçı tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrini boş təqdim etmiş, 3 nömrəli əlavəsində bununla bağlı müvafiq bənddə qeydlərini daxil etməmişdir. VM-in 94.0-cı maddəsinə görə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: -94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; - 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd еdilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əssalı olmadığından təmin edilməməlir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-2287/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2287/2024
16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver