Məhkəmə qərarları › İş №2-1(112)-2288/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2288/2022

11.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2288/2022 11.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1, üçüncü şəxsin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X10) «torpaq sahəsinə və oradakı tikililərə dair reyestrdə aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında aparılmış sonrakı qeydiyyatın silinməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X10) Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsi, 38 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən tikililərin özəlləşdirilməsinə dair aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında dövlət reyestrində sonradan aparılmış qeydiyyatın silinməsinin cavabdehə həvalə olunması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, X6 mərhum atasının adına cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsi, 38 ünvanında yerləşən torpaq sahəsinə və üzərindəki tikililərin mülkiyyət hüququ üzrə ilkin qeydiyyatı aparılmış və bundan sonra həmin qeydiyyat vərəsəlik hüququna dair şəhadətnamə əsasında X6 adına dəyişdirilmişdir. Aşağıda qeyd olunanlar onu deməyə əsas verir ki, aparılmış həmin ilkin qeydiyyat birbaşa onun (iddiaçının) mənafeimə zidd olaraq aparıldığından ləğv edilməlidir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-398/2021 saylı iş üzrə qanuni qüvvəsini almış 5 fevral 2021-ci il tarixli qətnaməsi ilə onun (hazırkı iddiaçının) Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsi 38 ünvanında yerləşən, ümumi sahəsi 36 kv.m olan bir yaşayış otağından, sanitar qovşaqdan ibarət “A” tikilisi adlanan fərdi evdə yaşamaq və bu fərdi tikilinin alaqapıdan ayaqaltı adlanan sahəyədək olan 50 kv.m həyətyanı sahəsindən istifadə etmək hüququ tanınmışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsi 2(103)-398/2021 saylı iş üzrə 5 fevral 2021-ci il tarixli qətnaməsi ilə onun sözügedən əraziyə istifadə hüququnun olduğunu müəyyən edərək göstərmişdir ki, “....işin mübahisəsiz halları ondan ibarətdir ki, D.Rzayeva mərhum X15 ağa oğlu ilə ər-arvad olmuşdur; D.Rzayevanın mərhum əri X7 və alıcı İddiaçı arasında 3 aprel 2004-cü il tarixli daşınmaz əmlakın alqı-satqısına dair beh müqaviləsi bağlanılmışdır; - tərəflərin dəyərini 2.500 ABŞ dolları müəyyən etdikləri fərdi tikiliyə görə alıcı, satıcıya 3 gün müddətində 2.000 ABŞ dolları beh vermiş, alıcı tərəfindən razılaşma pozulduğu halda behin geri qaytarılmayacağı, satıcı tərəfindən razılaşma pozulduğu halda isə, behin ikiqat geri qaytarılacağı barədə tərəflər razılığa gəlmişlər; - X7, ünvan 1 ünvanında yerləşən 1 otaq, 1 şüşəbənd, tualet və arxa qapıdan (alaqapı) şüşəbəndin ayaqaltısına qədər, ümumi ərazisi 50 kv.m olan həyətyanı sahədən ibarət “A”tikilisini İddiaçı 2.500 ABŞ dollarına satmış, həmin məbləğin 2.000 ABŞ dollarını 03 aprel 2004-cü ildə, qalan 500 ABŞ dollarını isə 24 sentyabr 2004-cü il tarixində almışdır; - İddiaçı həmin vaxtdan D.Rzayeva və onun mərhum əri M. Rzayevin razılığı ilə ünvan 2 ünvanında, 0,0443 ha ərazisində yerləşən, “A” tikili adlanan fərdi evə köçərək orada yaşamışdır; - İddiaçı 2008-ci ildə həmin evdə qızı anadan olmuşdur. AR Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı işin yuxarıda qeyd edilən hallarından müəyyən edilir ki, tərəflər arasında evin alqı-satqısına dair müqavilə 03 aprel 2004-cü ildə bağlandığından, hazırkı məsələyə 01 oktyabr 2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin müvafiq müddəaları tətbiq edilməlidir. Həmin Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzviləri icarədarın arvadı (əri) onların uşaqları və valdeyinləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla birgə təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvi hesab edilə bilər. Həmin Məcəllənin 54-cü maddəsinin birinci hissəsində göstərilir ki, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valdeyinlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Göründüyü kimi, icarədar tərəfindən yaşadığı sahəyə başqa şəxsin köçürülməsinin yeganə şərti onunla birlikdə yaşayan ailə üzvilərinin razılığıdır. Beləliklə, işin faktiki halları ilə müəyyən edilir ki, 03 aprel 2004-cü ildə evin alqı-satqısına dair müqavilə bağlandıqdan sonra D.Rzayevanın, eləcə də mərhum əri X3, yəni bu ailənin, ərarvadın razılığı əsasında İddiaçı həmin fərdi yaşayış evinə, yəni “A” tikilisinə köçərək orada yaşamış, bununla da, həmin yaşayış sahəsinə onun istifadə hüququ yaranmışdır. Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan 5 fevral 2021-ci il tarixli qətnaməsi özünün qanuni qüvvəsini almışdır. Bundan başqa ölmüş şəxsin adına dövlət reyestrində ilkin qeydiyyatın aparılmasının özü qanun pozuntusudur. Hətta «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanunun 22.2-ci maddəsində də bildirilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Cavabdeh idarə isə sözügedən əraziyə dair ilkin qeydiyyatı məhz ölmüş şəxsin adına aparmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4cü maddəsinə əsasən Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur.Bu cür əqd'bağlandığı andan etibarsızdır. Bu Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. İddiaçı yuxarıda sadalanan faktlara və qanuni əsaslara görə özünü, aona satılmış “A” tikilisinə istifadə hüququ olan, onun sahibi, mülkiyyətçisi kimi qəbul edir və bu baxımdan da həmin tikiliyə, yerləşdiyi əraziyə onun razılığı alınmadan özəlləşdirilməsini qanunsuz hesab edir. İddiaçı bu qanunsuz qeydiyyatın silinməsi üçün cavabdehyə müraciət etmişdir. Lakin həmin müraciətə cavabdeh tərəfindən hər hansı münasibət bildirilməmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstəriulənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, İPM-in 1.2, 2.1, 2.2.3, 34.1, 45, 46-cı maddələrinə, AR Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsaslanaraq, ünvan 3 ünvanında yerləşən, ümumi ərazisi 0,0443 ha olan torpaq sahəsinin və həmin torpaq sahəsində olan tikililərin ilkin özəlləşdirilməsinə dair aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında dövlət reyestrində sonradan aparılmış qeydiyyatların silinməsinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47 – 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış 12 noyabr 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi ilə bağlı 11 mart 2020-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport əsasında ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi (0.0443 ha torpaq sahəsi üzərində mülkiyyət növü: xüsusi, hüququn növü: mülkiyyət) üzərində mülkiyyət hüquqları mərhum X2 adına ********** qeydiyyat nömrəsi ilə 6 may 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Daha sonra sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X6 adına ********** qeydiyyat nömrəsi ilə 24 iyun 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyyata alınmışdır, hazırda sonuncunun mülkiyyətindədir. Sözügedən əmlakla bağlı Binəqədi Rayon Məhkəməsinin 2-1(001)-1574/2020 saylı bildirişi əsasında daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmışdır. İddiaçı 29 iyul 2021-ci il tarixində İdarəyə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsi, 38 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. Qeyd edilən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-398/2021 saylı iş üzrə 5 fevral 2021-ci il tarixli məhkəmə qərarı ilə İdarə üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Həmçinin, əmlak üzərinə Binəqədi Rayon Məhkəməsinin 2-1(001)-1574/2020 nömrəli qərarı əsasında qadağa qoyulmuşdur. Müvafiq fərdi yaşayış evi digər fiziki şəxsin (X10) mülkiyyətindədir. Ərizəçinin adına «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsində nəzərdə tutulan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə qeyd edilən ünvana texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmadığından ərizənin icrası mümkün olmamışdır. AR Nazirlər Kabinetinin 319 saylı qərarı ilə təsdiq olunmuş «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları»nın və «Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat»ın müddəalarına əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı təqdim edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 11.1, 23-cü maddələrinə, İPM-in 48.2-ci maddəsinə əsaslanaraq, iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş olunur. İşin hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Tərəflər və üçüncü şəxs (nümayəndəsi) məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X8 iddiaya etiraz etdiyini bildirdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 15.6-cı bəndində göstərilmişdir ki, İPM-in 45.5.1 və 78-ci maddələrində təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İPM-in 45.5-ci maddəsinə görə iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: (45.5.1) iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz, (45.5.2) aidiyyətlə əlaqədar şərtlərin dəyişməsinə baxmayaraq iddia ilə bağlı iş iddianın ilkin olaraq verildiyi məhkəmənin icraatında qalır. İPM-in 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanunun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Göründüyü kimi, mövcud qanunvericilik hər hansı daşınmaz əmlaka, o cümlədən torpaq sahəsinə, fərdi yaşayış evinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının mübahisələndirilməsini yalnız məhkəmə qaydasında nəzərdə tutur. Hazırkı iş üzrə müəyyən edilən aşağıdakı xüsusatları məhkəmə diqqətə çəkir: - İddiaçı hazırkı tələblə inzibati məhkəmə icraatında iddia qaldırmaq üçün subyektiv hüququ mövcud deyil, çünki, istər torpaq sahəsinə, istərsə də onun üzərindəki fərdi yaşayış evinə dair iddiaçının adına hər hansı hüquq müəyyənedici sənəd (sərəncam, qərar, reyestrdən çıxarış, hüququn müəyyən edilməsi barədə məhkəmə qərarı və s.) iddiaçı tərəfindən inzibati icraatda və məhkəmə icraatında təqdim edilməmişdir; - iddiaçının eyni əsasla eyni daşınmaz əmlaka hüquqların mübahisələndirilməsi barədə iddiası (eyni cavabdeh inzibati orqana qarşı) qaldırdığı iddia Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4356/2020 saylı 02 iyun 2020-ci il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar