Məhkəmə qərarları › İş №2-1(112)-229/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-229/2022

07.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-229/2022 07.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsinin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı cavabdehin imtinasının qanunsuz sayılması, artıq ödənilmiş gömrük ödənişlərinin qaytarılması barədə rəy tərtib edilməsi, artıq ödənilmiş gömrük ödənişlərinin əlavə xərclərlə birlikdə geri qaytarılması, cavabdehin gələcəkdə belə hərəkətlərdən çəkinməsi və bu hərəkətlərin dayandırılması tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin 22.07.2019-cu il tarixli 160/160-24/015987 nömrəli imtina məktubunun qanunsuz hesab edilməklə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə rəy tərtib edilməklə artıq ödənilmiş 17426.22 manat məbləğində gömrük rüsumunun İddiaçı MMC-yə geri ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Azərbaycan Respublikasının Xarici İqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.11.2017-ci il tarixli 500 nömrəli qərarının əksinə olaraq iddiaçıdan dəmirdən və ya aşqarlanmamış poladdan isti yayılmış, buxtalara sərbəst sıranmış çubuqlar: 7213 91 410 0 XİF MN üzrə kodu ilə, tərkibində kaerbonun miqdarı 0,06 kütlə % və ya daha az olan, 7231 91 490 XİF MN üzrə kodu ilə, tərkibində kaerbonun miqdarı 0,06 kütlə %-dən çox, lakin 0,25 kütlə %-dən az olan 6,5 mm dəmir məftil üçün 15 faiz gömrük rüsumunun ödətdirilməsindən gələcəkdə də çəkinməyə və cavabdehdən qanunsuz hərəkətlərin dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə iddianın dəyişdirilməsini icraata qəbul etmişdir. İşin məhkəmə iclası 25.01.2022-ci il, 01.03.2022-ci il, 19.04.2022-ci il və 07.06.2022ci il tarixlərinə təyin edilmiş, məhkəmə iclaslarının yeri və vaxtı barədə iddiaçının ünvanına «Poçt haqqında» Azərbaycan Respublikası Qanununa əsasən sifarişli poçt göndərişi vasitəsilə məhkəmə bildirişləri göndərilsə də iddiaçı heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddiaçının uzun müddət üzrlü səbəb olmadan məhkəmə iclaslarında iştirak etməməsini nəzərə alaraq müvafiq qərar qəbul edilməsini xahiş etdi. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Məhkəmə tərəfindən iddiaçıya həmin xəbərdarlıq barədə məhkəmə bildirişi göndərilmişdir. Lakin İddiaçı səlahiyyətli nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığından iddia geri götürülmüş sayılmalı və bununla əlaqədar olaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Qanunun mənasına görə məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmaqla hərəkətsizlik göstərərək, onun iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Buna görə də məhkəmə tərəfindən iddia geri götürülmüş sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçıya iddianın geri götürülmüş hesab edilməsi onun yenidən məhkəməyə müraciət etməsi üçün maneə olmaması hüququ da izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3, 55.5, 80, 81.1, 85.1-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı qarşı cavabdehin imtinasının qanunsuz sayılması, artıq ödənilmiş gömrük ödənişlərinin qaytarılması barədə rəy tərtib edilməsi, artıq ödənilmiş gömrük ödənişlərinin əlavə xərclərlə birlikdə geri qaytarılması, cavabdehin gələcəkdə belə hərəkətlərdən çəkinməsi və bu hərəkətlərin dayandırılması tələbinə dair iş üzrə iddia geri götürülmüş sayılsın və inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar