Məhkəmə qərarları › İş №2-1(112)-229/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-229/2023

02.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-229/2023 02.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 2017-ci ilin 4-cü rübünə analoji vergi tətbiqi əsasında hesablanmış 758.514,4 manat verginin yenidən hesablanması, hesablanmış 348.772,05 manat faiz borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru tərəfindən “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********81600 saylı və xx.xx.2019-cu il tarixli **********167400 saylı qərarlarının ləğv edilməsinə və ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasına görə Bina tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Daha sonra iddiaçı yenidən iddia tələbinə dəqiqləşmə verərək “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********181600 saylı və xx.xx.2019-cu il tarixli **********167400 saylı qərarların ləğv edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X4 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2016-cı tarixdə ********** saylı, ünvan 2 ünvanına malik olmaqla dövlət qeydiyyatına alınmışdır. İddiaçı fiziki şəxs X3 əsas fəaliyyəti yaşayış və qeyri-yaşayış binalarının tikintisindən ibarətdir. İddiaçı fiziki şəxs X4 ünvan 3 ünvanında 2017-ci ilin 2-ci rübündə 5 mərtəbəli yaşayış binasının tikintisinə başlamış və cavabdeh Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsininə müvafiq bəyənnaməni təqdim etmişdir. Hesablanmış 440336 ( dört yüz qırx min üç yüz otuz altı) manat vergini 10 rübə bölməklə hər rübə 44033,63 manat təşkil edirdi. 2018-ci ilin aprel ayının 20-də (2018-ci ilin 2-ci rübü) fiziki şəxs X4 ünvan 4 ünvanındainşa etdiyi 5 mərtəbəli çoxmənzilli yaşayış binasın 10 mərtəbəli olmasına icazə alaraq inşaatı davam etdirmişdir. Fiziki şəxs X4 cavabdehv Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsininə yaxınlaşmaqla vergi uyğunsuzluğunun yaranmaması üçün ödəyəcəyi verginin hesablanmasını və müvafiq bəyənmaməııin həmin hesablama əsasında verəcəyini bildirmişdir. Bundan sonra cavabdeh Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi heç bir yoxlama xəbərdarlıq edilmədən 2017-ci ilin 4-cu rübünə analoji vergi tətbiq etmiş və 758514,4 ( yeddi yüz əlli səkkiz min beş yüz on dört manat qırx qəp.) vergi hesablamış və əlavə olaraq 348772,05 (üç yüz qır səkkiz min yeddi yüz yetmiş iki manat) əsassız faiz borcu hesablamışdır. Analoji vergini hansi inzibati aktla tətbiq edilməsi barədə heç bir inzibati akt nə yaşadığım üçnava nədə internet vergi Online portala cavabdeh tərəfindən göndərilməmişdir. Bu günədək ümümilikdə 12014036 (bir milyin iki yüz on dört min otuz altı) manat iddiaçı tərəfindən ödəniş edilmişdir. Cavabdeh vergi orqanının bu formada hesablama aparması qanunvericiliyə tamamilə ziddir və vergi orqanının gəldiyi nəticə qanunsuz və əsassızdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh iddia tələbinə münasibətdə etiraz təqdim edərək bildirmişdir ki, aparılmış araşdırmalar nəticəsində vergi ödəyicisi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Qacaq Nəbi kücəsi-9 A ünvanında ümumi sahəsi 10708,5 kv.m olan binanın tikintisinin 2017-ci ilin 4-cü rübündə başlanılmasına baxmayaraq, Vergi Məcəlləsinin 218-ci maddəsinə əsasən həmin hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilməmişdir. Vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********985700 nömrəli AVİS-dən kənar uyğunsuzluq məktubu göndərilmiş və müvafiq sənədlərin vergi orqanına təqdim edilməsi bildirilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən cari vergi bəyannaməsi və ya müvafiq sənədlər təqdim edilməklə ətraflı izahat məktubu vergi orqanına təqdim edilmədiyindən xx.xx.2021-ci il tarixaə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2017-ci ilin 4-cü rübü üçün 758514,38 manat anoloji qaydada vergi məbləği hesablanmış və hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********181600 nömrəli "Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir. Eyni zamanda aparılmış araşdırmalar nəticəsində vergi ödəyicisi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Qacaq Nəbi kücəsi-9 A ünvanında ümumi sahəsi 1066,3 kv.m olan qeyri yaşayış tikintisinin 2019-cu ilin 1 -ci rübündə başlanılmasına baxmayaraq, 2019-cu ilin 1 – ci rübü üçün bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilməmişdir. Qeyd olunanlara əsasən, vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli '**********87100 nömrəli AVİS-dən kənar uyğunsuzluq məktubu göndərilmiş və müvafiq sənədlərin vergi orqanına təqdim edilməsi bildirilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən cari vergi bəyannaməsi və ya müvafiq sənədlər təqdim edilməklə ətraflı izahat məktubu vergi orqanına təqdim edilmədiyindən xx.xx.2021-ci il tarixdə cina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2019- cu ilin 1 -ci rübü üçün ümumi sahə -1066,3 kv.m,o cümlədən yaşayış- 106,3 kv.m qeyri .aşayış-960 kv.m müəyyən edilməklə aşağıdakı qaydada hesablama aparılmışdır: -yaşayış üzrə: 160,3*1,5*45=10820,2 manat -qeyri yaşayış üzrə: 960*1,5*45*1,5=97200 manat Cəmi hesablama: 10820,2+97200,0=108020,2 manat anoloji qaydada vergi məbləği oesablanmış və hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2021 -ci il tarixli **********167400 nömrəli "Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir. Eyni zamanda qeyd edirik ki, İddiaçı barəsində Q2001447 nömrəli 17 noyabr 2000-ci il tarixli qərarla cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Həmçinin, qeyd olunmalıdır ki, vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərdiyi qərarlar elektron imza ilə təsdiq edilməli və elektron sənədin həqiqiliyinin yoxlanması imkanı olmalıdır. Əks halda həmin qərarlar, yəni vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla göndərilmiş elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından, həmin qərarlar vergi ödəyicisinə çatdırılmamış hesab edilməlidir. Bu da o nəticə törədir ki, iddia müddətinin başlanması üçün qanunla nəzərdə tutulmuş hüquqi hadisə baş verməmişdir. Hazırkı iş üzrə də qərarlar elektron imza ilə təsdiq edilməmiş və elektron sənədin həqiqiliyinin yoxlanması imkanına malik olmamışdır. Mübahisələndirilən qərarların elektron imza ilə təsdiq edilmədiyində və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərarlar iddiaçıya çatdırılmamış hesab edilməlidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin bir-çox qərarlarında həmin mövqedən elektron kabinetə göndərilən qərarın çatdırılmamış hesab edilməsi barədə mövqe nümayiş etdirilmişdir. Belə ki, 2-1(102)-462/2021 saylı iş üzrə qəbul edilmiş xx.xx.2021-ci il qərarda məhkəmə kollegiyası qeyd etmişdir ki, inzibati akt olan cavabdehin 21 yanvar 2021-ci il tarixli sözügedən qərarının iddiaçıya çatdırılması məsələsinin tərəflər arasında bağlanmış Elektron sənəd mübadiləsi haqqında müqavilənin müddəaları çərçivəsində apelyasiya instansiyası məhkəməsi tərəfindən məqbul və qanunauyğun sayılması yanlış olmaqla yanaşı, həm də Vergi Məcəlləsinin tələblərinə də ziddir. vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərdiyi qərar elektron imza ilə təsdiq edilməli və elektron sənədin həqiqiliyinin yoxlanması imkanı olmalıdır. Əks halda həmin qərar, yəni vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla göndərilmiş elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərar vergi ödəyicisinə çatdırılmamış hesab edilməlidir. Lakin iş materiallarında olan və mübahisələndirilən qərarlar elektron imza ilə təsdiq edilmədiyindən və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərarlar iddiaçıya çatdırılmamış hesab edilməlidir. Məhkəmə kollegiyası ümumiyyətlə qeyd edir ki, vergi yoxlamasının materiallarına baxılmasının nəticələri üzrə qərarın vergi ödəyicisinə çatdırılması Vergi Məcəlləsinin «Vergi ödəyiciləri ilə yazışma» adlanan 70-ci maddəsi ilə deyil, Vergi Məcəlləsinin 49.4-cü maddəsi ilə tənzimlənir. Belə ki, həmin Məcəllənin 49.4-cü maddəsinə görə vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. Lakin işin təkzibolunmaz faktıdır ki, adıçəkilən sənədlər iddiaçıya sifarişli məktubla göndərilməmişdir. Cünki bu növ qərarların göndərilməsi Vergi Məcəlləsinin 49.4- cü maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2159/20 saylı iş üzrə qəbul etdiyi 04 noyabr 2020-ci il tarixli qərarında da qeyd edilmişdir ki, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasinin Qanununa əsasən informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd elektron sənəd hesab olunur (maddə 1.1.15) Həmin Qanunun 27-ci maddəsinə əsasən Alan aşağıdakı hallarda elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir: 35. elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa (maddə 27.3.1.), elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə (maddə 27.3.2.) 36. elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır. 37. Lakin iş materiallarında olan və mübahisələndirilən qərarlar nə qədər ki elektron imza ilə təsdiq edilmədiyində və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərarlar iddiaçıya çatdırılmamış hesab edilməlidir. Bununla yanaşı, vergi yoxlamasının materiallarına baxılmasının nəticələri üzrə qərarın vergi ödəyicisinə çatdırılması Vergi Məcəlləsinin «Vergi ödəyiciləri ilə yazışma» adlanan 70-ci maddəsi ilə deyil, Vergi Məcəlləsinin 49.4-cü maddəsi ilə tənzimlənir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iddiaçının iddiası üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi barədə nəticəyə gəlməsi yanlışdır, belə ki, iddiaçı hazırkı iddiası üzrə iddia müddətini ötürməmişdir. Göründüyü kimi istər elektron kabinetə yerləşdirilən qərarın gücləndirilmiş elektron imza ilə təsdiq edilmədən göndərilməsi, istərsə də 49.4-cü maddənin tətbiq edilməli olmasına münasibətdə məhkəmə hesab edir ki, qərarlar iddiaçıya çatdırılmamış hesab edildiyindən müddətin bərpasından söhbət gedə bilməz. Belə ki, müddətin bərpası o zaman mümkündür ki, müddət ötürülmüş sayılsın. Hazırkı halda isə müddət ümumiyyətlə ötürülməmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********167400 nömrəli qərarı ilə 2019-cu ilin 1-ci rüb üzrə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 104.375,25 manat sadələşdirilmiş vergi hesablanmışdır. “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********181600 nömrəli qərarı ilə 2017-ci ilin 4-cü rüb üzrə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 758.514,38 manat sadələşdirilmiş vergi hesablanmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi sorğuya cavab məktubunda qeyd etmişdir ki, İddiaçı kameral qaydada 2017-ci ilin 4-cü və 2019-cu ilin 1-ci rübləri üzrə sadələşdirilmiş verginin hesablanması vergi orqanında olan uçot-baza məlumatlarına əsasən həyata keçirilmişdir və vergilərin hesablanması zamanı 2017-ci ilin 2-ci rübü üzrə vergi ödəyicisi tərəfindən bəyan edilmiş vergi məbləği nəzərə alınmışdır. İlkin ekspert rəyində qeyd olunmuşdur ki: -ünvan 6 ünvanında yerləşən 10 mərtəbədən, hər bir mərtəbədə 6 mənzildən ibarət yaşayış binasının yaşayış sahəsi və qeyri-yaşayış sahəsinin ümumi sahəsi 14934,7 kv.m, o cümlədən yaşaış sahəsi 11.413,0 kv.m və zirzəminin əsas sahəsi 1.754,6 kv.m, qeyri yaşayış sahəsinin əsas sahəsi 1.767,1 kv.m təşkil edir. -Tədqiq olunan binanı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin (Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları) 59.2 və 59.3 bəndlərinə əsasən, yaşayış və qeyri-yaşayış sahələrinin vergitutma obyekti olan sahənin ümumi sahəsi 14.934,7 kv.m, o cümlədən yaşayış sahəsi 11.413,0 kv.m, zirzəminin əsas sahəsi 1.754,6 kv.m, qeyriyaşayış sahəsinin əsas sahəsi 1.767,1 kv.m təşkil edir. -Fiziki şəxs X4 tərəfindən ünvan 6 ünvanında inşa edilmiş bina üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi ümumilikdə 1.126.949,63 manat məbləğində müəyyən olunur. Yəni xx.xx.2019-cu il tarixli **********181600 saylı və xx.xx.2019-cu il tarixli **********167400 saylı qərarlarla hesablanmış vergi məbləğlərinin düzgünlüyü müəyyən olunmur. Hazırki tədqiqatla yeni qaydalarla vergilər hesablanmadı. Belə ki, vergi məbləğlərinin hesablanmalı olduğu dövrdə həmin qaydalar qüvvədə olmamışdır. Həmçinin qeyd edilir ki, hazırki hesablamalar vergi orqanı və vergi ödəyicisi tərəfindən istinad olunmuş qaydalar əsasında aparılmışdır. Son ekspert rəyində qeyd olunmuşdur ki: -Tədqiqat zamanı iş materiallarında olan şəxsi hesab vərəqəsindən və vergi ödəyicisinin vergi orqanına təqdim etdiyi 2017-ci ilin 2-ci rübü üzrə bəyannaməsindən göründüyü kimi büdcəyə 440.336,25 manat məbləğində BTFSV hesablanmışdır. Eyni zamanda qeyd edilir ki təqdim edilmiş iş materiallarında olan xx.xx.2019-cu il tarixli **********181600 saylı qərardan və şəxsi hesab vərəqəsindən göründüyü kimi, vergi orqanı tərəfindən əlavə olaraq 758.514,38 manat məbləğində vergilər hesablanmışdır. -Tikinti-texniki ekspertizası ilə müəyyən olunmuş ölçülər nəzərə alınmaqla fiziki şəxs X4 tərəfindən ünvan 6 ünvanında inşa edilmiş yaşayış binasının 5-10-cu mərtəbələrinin bina tikintisi ilə əlaqədar sadələşdirilmmiş vergi məbləği 385.188,75 manat müəyyən edilir,o cümlədən: 5.706,5 (yaşayış sahəsi 5-10-cu mərtəbələr üzrə) x 45 x 1,5 (zona əmsalı) = 385.188,75 manat -xx.xx.2021-ci il tarixli Bakı İnzibati Məhkəməsi tərəfindən ilkin ekspertiza təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə rəy verilmiş və həmin rəydə ünvan 6 ünvanında aparılan tikinti işlərinin sahəsi və hesablanmasını öz əksini tapmışdır. Eyni zamanda qeyd edilir ki, həmin rəydə göstərilənlər nəzərə alınmaqla vergi orqanı tərəfindən xx.xx.2019-cu il tarixli **********181600 saylı və xx.xx.2019-cu il tarixli **********167400 saylı qərarlarla hesablanmış vergilərin və həmin vergilərə görə hesablanmış faizlərin düzgünlüyü müəyyən edilmir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən v vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Bəhs edilən maddələrin müddəalarından göründüyü kimi kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə digər sənədlər əsasında keçirilən yoxlama növüdür. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisinin təqdim etdiyi bəysnnamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı tərəfindən vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair bildiriş göndərilir. Kameral yoxlama aparmaq üçün zəruri olan vergi bəyannaməsi üzrlü əsas olmadan VM-də müəyyən olunmuş müddətdə təqdim edilmədikdə, VM-nin 67-ci maddəsinə müvafiq olaraq vergi hesablanır. Hazırki işin faktiki hallarından da göründüyü kimi iddiaçı tərəfindən mübahisələndirilən qərarlar kameral vergi yoxlaması nəticəsində 2017-ci ilin 4-cü və 2019cu ilin 1-ci rüblərinə əsasən bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış sadələşdirilmiş vergi ilə bağlıdır. Məhkəmə mübahisələndirilən hər bir qərara ayrı-ayrılıqda münasibət bildirilməsini zəruri hesab edir. İlkin olaraq iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2019-cu il tarixli **********181600 nömrəli qərardan göründüyü kimi həmin qərar əsasında iddiaçıya 2017-ci ilin 4-cü rüb üzrə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 758.514,38 manat sadələşdirilmiş vergi hesablanmışdır. Cavabdeh inzibati orqan həmin qərar əsasında hesablama apararkən vergi ödəyicisi tərəfindən ünvan 7 ünvanında ümumi sahəsi 10.708,5 kv.m olan binanın tikintisinin 2017-ci ilin 4-cü rübündə başlanılmasına baxmayaraq, Vergi Məcəlləsinin 218-ci maddəsinə əsasən həmin hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilmədiyinə istinad etmişdir. İddiaçı isə hesablanmış vergi məbləğinin əsassız olduğunu iddia edərək bu halı onunla əsaslandırır ki, ünvan 7 ünvanında inşa olunmuş tikili 10 mərtəbəli bina olsa da, onun 1-5 mərtəbəsi ilə bağlı hesablanmış sadələşdirilmiş vergi məbləği artıq ödənilmiş, digər 6-10 mərtəbəsinin tikintisi xx.xx.2018-ci il tarixdən sonra başladığından həmin tikili ilə bağlı sadələşdirilmiş vergi bəyannaməsinin 2017-ci ilin 4-cü rübü üçün təqdim edilməsi mümkün deyil. Məhkəmə iddiaçının qeyd etdiyi hallar ilə razılaşır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikinti X1 Agentliyi tərəfindən təsdiq edilmiş sınaq nəticələrindən göründüyü kimi ünvan 7 ünvanında yerləşən binanın 1-ci bloku 6-cı mərtəbəsinin betonlaması zamanı əmtəə betonundan götürülmüş nümunələrin texniki şərtlərinə uyğunluğu müəyyən edilmişdir. Göründüyü kimi həmin sınaq nəticələri tikilinin 6-cı mərtəbəsinin betonlanmasının xx.xx.2018-ci il tarixdən həyata keçirildiyini göstərir ki, bu hal öz növbələdiyində cavabdehin iddia etdiklərini təkzib edir və iddiaçının əsaslandırmasının əsaslı olduğunu göstərir. Başqa sözlə desək cavabdeh ünvan 7 ünvanında inşa olunmuş tikilinin 10 mərtəbəsinə görə iddiaçının 2017-ci ilin 4-cü rübü üçün sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməməsinə əsaslansa da, tikilinin 1- 5 mərtəbəsinə görə sadələşdirilmiş verginin ödənildiyini, digər 6-10 mərtəbəsinin tikilməsinin isə xx.xx.2018-ci il tarixdən sonraya aid olduğunu nəzərə almamış, bununla da əsassız olaraq 758.514,38 manat məbləğində sadələşdirilmiş vergi hesablamışdır. Məhkəmə xüsusi ilə bir məqama toxunmağı zəruri hesab edir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, İddiaçı kameral qaydada 2017-ci ilin 4-cü və 2019cu ilin 1-ci rübləri üzrə sadələşdirilmiş verginin hesablanması vergi orqanında olan uçotbaza məlumatlarına əsasən həyata keçirilmişdir və vergilərin hesablanması zamanı 2017ci ilin 2-ci rübü üzrə vergi ödəyicisi tərəfindən bəyan edilmiş vergi məbləği nəzərə alınmışdır. Lakin ekspert rəyində bu hal öz əksini tapmamışdır. Belə ki, son ekspert rəyindən də göründüyü kimi vergi orqanı tərəfindən əlavə olaraq hesablanmış 758.514,38 manat məbləğində vergi ünvan 7 ünvanında inşa olunmuş tikilinin 10 mərtəbəsi ilə bağlı olmuş, yaşayış binasının 5-10-cu mərtəbələrtinin tikintisi ilə əlaqədar sadələşdirilmiş vergi məbləği 385.188,75 manat müəyyən edilmişdir. Göründüyü kimi təqdim olunmuş ekspert rəyindən də aydın olur ki, cavabdeh iddiaçı barəsində 758.514,38 manat vergi hesablarkən yaşayış binasının 1-5 mərtəbəsinə görə vergi məbləğlərinin ödənildiyini nəzərə almamış, əksinə yenidən eyni hesablamanı apararaq təkrarən iddiaçını vergiyə cəlb etmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 53-cü maddəsində qeyd olunmuşdur ki: 53.1. Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. 53.2. Heç bir kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz. Vergi qanunvericiliyin pozulmasına görə məsuliyyət dedikdə hüquq pozuntusu subyektinin Azərbaycan Respublikasının vergi qanunvericiliyinin tələblərini pozmasına görə qanunvericiliklə nəzərdə tutlmuş əlverişsiz tədbir ölçülərinə məruz qalması başa düşülür. Bu cür pozuntulara görə vergi hüquq münasibətlərinin iştirakçıları cinayət, mülki, inzibati məsuliyyətə, habelə intizam məsuliyyətinə cəlb edilə bilər. Nəzərə alınmalıdırı ki, yuxarıda göstərilən norma heç bir kəsin vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb edilməsini imperativ qaydada qadağa etmişdir. Başqa sözlə desək vergi ödəyicisi eyni hərəkətə görə cəlb edilmiş məsuliyyətə görə təkrar cəlb edilə bilməz. Hazırki işin faktiki hallarından isə göründüyü kimi iddiaçı ünvan 7 ünvanında inşa olunmuş tikilinin 1-5 mərtəbəsinə görə 2017-ci ilin 2-ci rübündə 440.336,25 manat məbləğində sadələşdirilmiş vergini ödədiyindən, (bu hal mübahisə doğurmur) vergi orqanı tərəfindən yenidən həmin tikintiyə görə sadələşdirilmiş vergi bəyannaməsinin tələb etməsi və eyni hərəkətə görə onu yenidən vergi məsuliyyətinə cəlb etməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.2-ci maddəsinin müddəalarının pozulmasına səbəb olur. Məhkəmə, ekspert rəyində qeyd etdiyi digər bir xüsusla bağlı bildirir ki, hər nə qədər ekspert 5-10-cu mərtəbələrinin bina tikintisi ilə əlaqədar sadələşdirilmiş vergi məbləğinin 385.188,75 manat müəyyən edildiyini müəyyən etsə də, bu hal mübahisələndirilən qərarın tam ləğv edilməsini istisna etmir. Belə ki, mübahisələndirilən qərardan da göründüyü kimi cavabdeh inzibati orqan iddiaçı barəsində hesablanmış 758.514,38 manat sadələşdirilmiş vergi məbləğini 2017-ci ilin 4-cü rübünə aid etmişdir. Halbuki, bir daha da qeyd olunur ki, tikilinin 6-10 mərtəbəsinin tikintisi xx.xx.2018-ci il tarixdən başlanıldığından, həmin tikiliyə görə sadələşdirilmiş vergi məbləğini 2017-ci ilin 4-cü rübünə aid etmək mümkün deyil. Yəni, iddiaçının 6-10 mərtəbəsinin tikintisi ilə əlaqədar dövlət büdcəsinə sadələşdirilmiş vergi borcunun olubolmamasından asılı olmayaraq, hazırki mübahisələndirilən qərarın mahiyyəti 2017-ci ilin 4cü rübünə görə hesablanmış vergi ilə bağlı olduğundan və məhkəmə məhz qərarın əsaslığını həmin dövrə görə iddiaçının borcunun olub-olmamasından asıllı etdiyindən və iddiaçının həmin dövr üçün sadələşdirilmiş vergi borcu olmadığından, mübahisələndirilən qərarın əsassız olduğu müəyyən edilir. Beləliklə iddiaçı tərəfindən mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********181600 nömrəli qərarın əsassız olduğu müəyyən edildiyindən, həmin qərar tam şəkildə ləğv olunmalıdır. Məhkəmə, iddiaçı tərəfindən mübahisələndirilən digər qərarın əsassız olması ilə bağlı aşağıdakiları bildirir. Belə ki, mübahisələndirilən qərardan göründüyü kimi həmin qərar 2019-cu ilin 1-ci rüb üzrə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 104.375,25 manat sadələşdirilmiş vergi ilə bağlıdır. İlk növbədə nəzərə alınmalıdır ki, cavabdeh mübahisələndirilən qərarlarda sadələşdirilmiş vergi məbləğini hesablanarkən əlaqəli məlumatlara istinad etdiyini göstərmişdir. Halbuki, məhkəmə araşdırılması cavabdehin “əlaqəli məlumatlar” ifadəsinin hansı məlumatları ehtiva etdiyini, ümumiyyətlə bu məlumatların nə ilə bağlı olduğunu sübut edə bilməmişdir. Digər tərəfdən isə cavabdeh 2019-cu ilin 1-ci rübünə görə iddiaçıya 104.375,25 manat sadələşdirilmiş vergi hesablasa da, həmin verginin hansı tikili ilə bağlı olduğunu sübut edə bilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2.Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3.İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4.Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 25.1.Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Qeyd olunmalıdır ki, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Vergi orqanı inzibati orqan kimi sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Lakin hazırkı halda vergi orqanı borc ilə bağlı araşdırma aparmadan, iş üzrə obyektiv həqiqətin üzə çıxarılması üçün əlavə sübutlar toplamağa çalışmadan vergi orqanı “əlaqəli məlumata” əsaslanaraq 2019-cu ilin 1-ci rüb üzrə iddiaçı barəsində 104.375,25 manat sadələşdirilmiş vergi hesablamışdır ki, həmin əlaqəli məlumatın nə olduğu müəyyən edilməmiş, bununla da inzibati orqan kimi öz vəzifələrini düzgün icra etməmişdir. İnzibati Prosessual Məcəlləsinin: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Digər tərəfdən nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə bu mövqeyidən irəli çıxaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərarın əsaslığının təsdiqlənməsi üçün inzibati orqan qərarın qəbul edilməsinin əsasında duran halın hüquqi əsasını sübuta yetirməli, əks halda həmin əsasın mövcudluğundan söhbət gedə bilməz. Hazırki halda isə cavabdeh qəbul edilmiş qərarın əsasında duran halları sübuta edə bilməmişdir. Bundan başqa isə məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq qərarın əsaslı olubolmaması istiqamətində əlavə araşdırma aparmış və qərar üzrə hesablamaların əsassız olduğu müvafiq ekspert rəyi ilə müəyyən olunmuşdur. Qeyd olunmalıdır ki, hər iki ekspert rəyində cavabdeh tərəfindən qəbul edilmiş qərarlarla hesablanmış vergilərin və həmin vergilərə görə hesablanmış faizlərin düzgünlüyünün müyyən edilməməsi konkret olaraq göstərilmişdir. Məhkəmə rəyin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88- ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2105/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Qanunvericiliyin tələblərinə görə mübahisələndirilən borcun yaranma əsaslarını sübut etmək vəzifəsi cavabdehə aiddir. Lakin hazırkı işdə cavabdeh sözügedən borcun mövcudluğunu inandırıcı və mötəbər dəlillərlə sübut edə bilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı istər həmin borcun ödənilməsini tələb edən vergi orqanına, istərsə də borcun hesablanması ilə bağlı informasiya sistemində məlumat yerləşdirmiş orqana sorğular göndərilmiş, lakin borcun yaranma əsasları və hesablanma qaydasına dair sübutlar təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, cavabdeh sadəcə borcun mövcudluğunu bildirməklə kifayətlənə bilməz, o, həm də borcun yaranma əsaslarını mötəbər qaydada sübut etmək vəzifəsi daşıyır. Bu mənada, özözlüyündə borcun mövcud olduğunun bildirilməsi kifayət deyil, həm də onun necə yarandığı və hansı qaydada hesablandığı da əsaslandırılmalı və sübut olunmalıdır. Hazırki işdə mübahisələndirilən borcun yaranması cavabdeh tərəfindən qeyd edilən qaydada əsaslandırıla bilmədiyi üçün iddianın təmin edilməsi ilə bağlı gəlinmiş nəticə düzgündür.” Göründüyü kimi kassasiya instansiya məhkəməsi eyni mövqeyidən çıxış edərək mübahisələndirilən borcun yaranma əsaslarını sübut etmək vəzifəsinin cavabdehə aid olduğunu bildirmiş, bununla da mübahisələndirilən borcun yaranmasının cavabdeh tərəfindən qeyd edilən qaydada əsaslandırıla bilmədiyi üçün iddianın təmin edilməsi ilə bağlı gəlinmiş birinci instansıya məhkəməsinin nəticəsini düzgün hesab etmişdir. Beləliklə Məhkəmə yuxarıda göstərilənləri qanunvericiliyin müddəaları və formalaşmış məhkəmə təcrübəsi ilə birgə qiymət verərək hesab edir ki, cavabdeh hər iki qərarı qəbul edərkən ümumiyyətlə əlaqəli məlumatların, son qərarda isə ümumiyyətlə sadələşdirilmiş vergi məbləğinin hesablanmasının əsasında duran halın nə olduğunu sübut edə bilmədiyindən, ekspert rəyində isə cavabdehin hesablamaların səhv olduğu müəyyən edildiyindən, sözügedən inzibati akt (qərar) ləğv olunmalıdır. Məhkəmə həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İPM-nin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, həmçinin, prosessual xərclər də göstərilməlidir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Yenə həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi təmin olunduğundan, ekspertiza tədqiqatının dəyəri 200 manat (hər iki ekspert rəyi üzrə) cavabdeh tərəfindən tutulmalıdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-nin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********181600 saylı və xx.xx.2019-cu il tarixli **********167400 saylı qərarları ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində prosessual xərcin X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar